Qəbələ festivalı Azərbaycan mədəniyyətinin təbliğində böyük rol oynayır
Tarix: 05.08.2013 | Saat: 22:19:00 | E-mail | Çapa göndər


Festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin də böyük marağına səbəb olub
Məlum olduğu kimi Qəbələdə böyük musiqi bayramı keçirilir. Bayram çərçivəsində turizm mərkəzi də olan rayona dünyanın müxtəlif ölkələrindən çoxlu qonaqlar təşrif buyurub. Dünya musiqi mədəniyyətinin öndə gələn simalarının Qəbələyə toplaşması ölkəmizin mədəniyyətinin, dəyərlərinin, adət-ənənəsinin təbliği baxımından böyük önəm kəsb edir. Müxtəlif ölkələrdən gəlmiş qonaqlar Azərbaycandakı inkişafla, bölgələrimizdə həyata keçirilən nəhəng layihələrlə yaxından tanış olaraq Azərbaycanı yenidən kəşf edirər. Belə tədbirlər Azərbaycan həqiqətlərinin dünyada yayılması baxımından da müstəsna əhəmiyyətə malikdir. Layihə çərçivəsində təqdim etdiyimiz bu yazıda Qəbələ festivalının Azərbaycan mədəniyyətinin təbliğində oynadığı rola toxunacağış. Qəbələ rayon Mədəniyyət və Turizm Şöbəsindən verilən məlumata görə, MDB ölkələrinin təmsilçiləri V Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində rayon Mədəniyyət Mərkəzi ilə tanış olublar. Qonaqlara məlumat verilib ki, nəhəng “Ağ royal” formasında tikilən bina ətraf ərazi ilə ahəngdar mühit yaradır. Binanın alt qatında avtomobillər üçün xüsusi qaraj inşa olunub. Mərkəzin foyesi genişliyi və müasirliyi ilə diqqəti cəlb edir. Foyedə, həmçinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə mədəniyyətin inkişafına göstərdikləri diqqət və qayğını əks etdirən fotoguşə də yaradılıb. Mərkəzdə teatr tamaşalarının, konsert proqramlarının, yeni texnologiya ilə təqdim olunan kinofilmlərin nümayişi və digər müxtəlif tədbirlərin keçirilməsi üçün hər cür imkan mövcuddur. Bildirilib ki, üç qrim, bir məşq otağının fəaliyyət göstərdiyi mərkəzdəki 400 yerlik əsas tamaşa salonu nümunəvi tərtibatı ilə diqqəti cəlb edir. İkinci mərtəbədə müşavirə zalı, iki VİP, üç dərnək, rejissor və aktyorların istirahəti, həmçinin teatr kostyumlarını saxlamaq üçün otaqlar yerləşir. Bu binanı fərqləndirən cəhət daxili divarların ekoloji baxımdan təmiz və nəfis şəkildə işlənmiş taxta materiallarla üzlənməsidir. Bina ən müasir akustik texnologiya və dünya standartlarına uyğun teatr texnikası avadanlığı, Avropanın aparıcı şirkətlərinin istehsalı olan üzlük və tamamlama materialları ilə, məxsusi çıraq və mebellərlə təchiz edilib. Tikinti zamanı müasir texnologiyadan, yüksək keyfiyyətli tikinti materiallarından istifadə olunması binanın xarici və daxili görüntüsünü daha cəlbedici edib. Diqqətə çatdırılıb ki, Qəbələdə tez-tez mədəniyyət tədbirlərinin keçirilməsi və rayonda bir çox incəsənət kollektivinin fəaliyyət göstərməsi nəzərə alınaraq yeni binada rejissor, qrim, istirahət otaqları, dekorasiya və tikiş sexləri də yaradılıb. Daha sonra qonaqlar Rayon İcra Hakimiyyətində olublar. Bildirilib ki, MDB-yə üzv dövlətlərin humanitar sahə üzrə Əməkdaşlıq Şurasının və təşkilata üzv ölkələrin Dövlətlərarası Humanitar Forumunun ötən il Aşqabadda keçirilən birgə iclasında qəbul edilən qərara görə, 2013-cü ildə Qəbələ MDB-nin mədəniyyət paytaxtı elan olunub. Görüş zamanı Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev Qəbələdə keçirilən V Beynəlxalq Musiqi Festivalı haqqında məlumat verib. Bildirilib ki, festival günlərində dünya şöhrətli musiqiçilərin bir-birindən maraqlı çıxışları yerli sakinlərlə yanaşı, festivalda qonaq qismində iştirak edən əcnəbilərin də böyük marağına səbəb olur. Qəbələ V beynəlxalq musiqi festivalı sərhəd və rəqabət tanımayan musiqi dünyasında gözəl bir bayrama çevrilib.

Tanınmış türkiyəli pianoçu və Kubanın məşhur
“Santiaguero” qrupu


Festival çərçivəsində dünya şöhrətli musiqi qruplarının çıxışları böyük maraqla qarşılanır. Onlardan biri də türk pianoçusu İdil Biretdir. Pianoçunu məşhur fransalı musiqiçi Jean Bernard Pommierin dirijorluğu ilə Yerusəlim Simfonik Orkestrinin müşayiət etdiyi konsertdə klassik Avropa bəstəkarlarının əsərlərindən parçalar səsləndirilib. Orkestrin müşayiəti ilə görkəmli alman bəstəkarı Robert Şumanın əsərlərini təqdim edən xanım İdil Biret gözəl çıxışı ilə dinləyicilərin qəlbinə yol tapıb. Paris Konservatoriyasında təhsil almış İdil Biret 16 yaşından Boston, London, Drezden orkestrləri ilə xarici ölkələrdə geniş konsert proqramı ilə çıxış edib. İdil Biret dünya vətəndaşıdır. O, yorulmadan qastrol səfərlərinə çıxaraq musiqisini dünyanın, demək olar ki, hər bir guşəsində tanıdıb. Ötən əsrin 80-ci illərinin ortalarından başlayaraq məşhurlaşan İdil Biret əsasən caz-pop üslubunda ifa edən pianoçu kimi tanınır. Milyon yarımdan artıq tirajla satılmış albomları və bütün dünya üzrə onlarla konsertləri ilə tanınan İdil Biret instrumental musiqinin ən parlaq ulduzlarından biridir. Azad ruhu və yaradıcılıq dühası ona tanınmış musiqiçilərlə, istedadlı sənətkarlarla eyni səhnədə çıxış etmək imkanı yaradıb. Bir çox nüfuzlu beynəlxalq mükafatlara layiq görülən İdil Biret klassik musiqi, caz və yeni əsr musiqisinin qlobal ritmlərinin ahəngi və təsiri ilə dolu olan coşqun, emosional və ekzotik melodiyaların çox maraqlı kolleksiyasını tamaşaçılara təqdim edə bilib.
Türkiyəli xanım pianoçu Şərqin musiqi mədəniyyətinə sədaqətini qoruyub saxlayıb, orijinal bəstəkar, özünəməxsus ifaçı kimi uğur qazanıb. Eyni sözləri Kubanın məşhur “Santiaguero” caz qrupu haqqında da demək olar. Öz ifası və bəstələri ilə dünyaya səs salan “Santiaguero” caz qrupu Azərbaycan tamaşaçılarına unudulmaz anlar bəxş edib. Yeddi virtuoz ifaçıdan ibarət olan “Santiaguero” qrupunun musiqisi bir çox məşhur rok və caz musiqiçilərinin və qruplarının yaradıcılığından qaynaqlanıb. Qrup 2011-ci ildə “Ən yaxşı ənənəvi tropik albom” nominasiyasında “Latın Qremmi” mükafatına layiq görülüb. Dünya arenasında ənənəvi Kuba musiqisini təmsil edən “Santiaguero” qrupunun repertuarı özünəməxsusluğu ilə seçilir. Qrup Azərbaycan bəstəkarlarının əsərlərindən parçalar səsləndirib.

“Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah”
tamaşası xalq teatrının təqdimatında


Yeri gəlmişkən qeyd edək ki, Qəbələ Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrı uzun illər fasilədən sonra yenidən fəaliyyətə başlayıb. Xalq teatrının yeni kollektivi ilk dəfə olaraq böyük həcmli tamaşa hazırlayaraq təqdim edib. Qəbələ Mədəniyyət Mərkəzinin səhnəsində M.F.Axundovun “Hekayəti Müsyo Jordan və Dərviş Məstəli Şah” tamaşasının təqdimatı böyük marağa səbəb olub və alqışlarla qarşılanıb. Səhnə əsərinə 500-dən çox rayon sakini baxıb və tamaşaçılar xalq teatrının yeni fəaliyyətini yüksək qiymətləndiriblər. Bir saatdan artıq davam edən tamaşadan sonra teatrın yaradıcı heyəti ilə görüş keçirilib, onları təbrik edərək yeni-yeni uğurlar arzu edilib. Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev teatrın kollektivinə yeni səhnə geyimlərinin veriləcəyini və bir neçə nəfərin Bakıdakı teatrlarda təcrübə keçməsi üçün imkan yaradılacağını bildirib. Görüşdə məlumat verilib ki, Qəbələ xalq teatrı 1964-cü ildə yaradılıb və müxtəlif vaxtlarda xırda səhnəciklər nümayiş etdirib. İlk dəfə iri həcmli səhnə əsərini təqdim edən xalq teatrının kollektivi Qəbələdə dövlət dram teatrının formalaşmasına çalışırlar. Hazırda xalq teatrının aktyor heyəti 2-si ali, 4-ü orta ixtisaslı incəsənət işçisi və 9-u həvəskar olmaqla 15 nəfərdən ibarətdir. Hazırda teatr daha iki tamaşanın təqdimatına hazırlaşır.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info