15 iyun - Azərbaycanın inkişafa gedən təməl yolu
Tarix: 12.06.2019 | Saat: 13:05:00 | E-mail | Çapa göndər


Azadlıq, müstəqillik hər bir xalq, dövlət üçün ən müqəddəs nemətdir. Azərbaycan xalqı öz azadlığı, müstəqilliyi uğrunda illərlə mübarizə apararaq, bu yolda minlərlə şəhid verib. Ulu öndər Heydər Əliyevin «Müstəqiliyin əldə olunması nə qədər çətindirsə, onun saxlanılması, daimi, əbədi olması bundan da çətindir» tezisi hər bir dövr üçün öz aktuallığını qoruyur, birliyə, həmrəyliyə bir çağırış kimi önə çəkilir. Bu baxımdan Azərbaycanın müasir tarixinin iki önəmli hadisələrindən biri Azərbaycanın dövlət müstəqilliyinin yenidən bərpa edilməsi və Ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı xüsusilə vurğulanmalıdır.
Xalqımızın müstəqillik tarixində müstəsna yeri olan 15 iyun - Milli Qurtuluş Günü ilə ölkəmizin həyatında yeni dövr başlanmış, dövlətçiliyimizin möhkəmlənməsi, müstəqilliyimizin dönməz və əbədi olması üçün mühüm və səmərəli fəaliyyətin əsası qoyulmuşdur. Xalqımızın tarixi yaddaşına əbədi həkk olunmuş qurtuluş bayramı ölkəmizin hər yerində dahi lider, ölməz şəxsiyyət Heydər Əliyevə dərin hörmət və məhəbbətlə, Onun xalqa göstərdiyi təmənnasız və fədakar xidmətinə böyük minnətdarlıq hissi ilə qeyd olunur. Çünki Ümummilli lider Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycanın siyasi hakimiyyətinə gəlməsəydi, indi nə ümumiyyətlə Azərbaycandan, nə də ölkəmizdəki bugünkü əmin - amanlıqdan, inkişafdan danışmaq olmazdı. Bildiyimiz kimi 1990 - cı illərin əvvəllərində respublikada vəziyyət çox ağır idi. Ölkədə xaos, anarxiya, özbaşınalıq hökm sürür, iqtisadi böhran yaşanırdı. Silahlı qüvvələrin torpaqlarımızın deyil, ayrı - ayrı qrupların maraqlarının müdafiəçisinə çevrilməsi ərazilərimizin biri - birinin ardınca işğalına səbəb olurdu. Məhz belə bir ağır zamanda xalqın israrlı tələbi ilə Bakıya gələn Ulu Öndər Heydər Əliyev Ali Sovetin Sədri kimi fəaliyyətə başladığı ilk aylarda atdığı müdrik addımlar sayəsində qısa müddət ərzində vətəndaş müharibəsi və ölkəmizin parçalanmaq təhlükəsinin qarşısını aldı, hakimiyyəti qeyri-qanuni ələ keçirməyə cəhd göstərən cinayətkar qüvvələri xalqın dəstəyi ilə zərərsizləşdirdi.
Ümummilli liderimizin müdrikliyi, dünyada gedən proseslərə dərindən bələd olması, baş verən hadisələrin səbəblərinin təhlili zamanı əvəzolunmaz məharət və bacarığı, hadisələrin qarşısının alınması üçün qabaqlayıcı tədbirlər görmək səriştəsi öz bəhrəsini verdi və dahi şəxsiyyətin Bakıya gəlişindən bir neçə ay sonra ölkədə siyasi sabitlik yaradıldı. Bu isə hüquqi dövlət quruculuğu sahəsində atılması vacib olan ilk addımlardan idi. Çünki ölkənin gələcək hüquqi inkişafı məhz sabitliyə əsaslanırdı. Belə çətin məqamda Ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı doğrudan da xalqımızın ən ağır problemlərdən, çətinliklərdən, faciələrdən Qurtuluşu oldu. İlk növbədə Azərbaycan məhv olmaqdan, parçalanmaqdan xilas oldu. Heydər Əliyevin dühası, qlobal inkişaf meyllərini irəlicədən görmək, öz ölkəsinin dünya birliyində rolunu, yerini və imkanlarını dəqiq müəyyənləşdirmək qabiliyyəti, çox böyük nüfuzu və insanları öz arxasınca aparmaq bacarığı sayəsində Azərbaycanın başı üstünü almış təhlükələr aradan qaldırıldı. Dövlət çevrilişi cəhdlərinin, terror aktlarının qarşısı alındı. Asayiş və qayda-qanun bərqərar edildi, soyğunçuluğa, vətəndaşların əmlakının qəsb olunmasına son qoyuldu. Qarabağ müharibəsində atəşkəs əldə edildi, münaqişəsinin dinc yolla nizama salınmasına dair danışıqlara başlandı. Azərbaycanın haqq səsi dünya birliyi tərəfindən dəstəkləndi. İdarəetmə sistemi yaradıldı, insanlara öz qüvvələrinə inamı qaytarıldı. 1993-cü il 15 iyunun Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olması da həmin dövrün səciyyəvi xüsusiyyətlərini, eyni zamanda həmin tarixdən başlanan Qurtuluşu özündə əks etdirir. 15 iyun Qurtuluşdan başlanan yol Azərbaycana bugünkü uğurları bəxş etdi. Qurtuluş təkcə Azərbaycanın 90-cı illərin əvvəllərində düşdüyü ağır durumdan, bəlalardan xilas olması ilə ifadə olunmur. Baxmayaraq ki, ulu öndər Heydər Əliyevin həmin illərdə hakimiyyətə qayıdışını təkidlə tələb edən Azərbaycan xalqının ondan gözləntisi ölkəni düşdüyü ağır vəziyyətdən xilas etməsi, sabitlik, əmin-amanlıq yaratması idi. Amma Ümummilli lider Heydər Əliyev özünün missiyasını təkcə Azərbaycan xalqının düşdüyü bu bəlalardan xilas olunmasında görmürdü. Onun qayıdışı ilə başlanan Qurtuluş Azərbaycanı faciələrdən, parçalanmaqdan xilas etməklə yanaşı, ölkəmizin sonrakı sürətli, dinamik inkişafının da çox etibarlı əsasını yaratdı. Bu mənada Qurtuluş təkcə Azərbaycanın müasir tarixinin keçmişi deyil, eyni zamanda bu günü və gələcəyidir. 1995-ci ildən başlayaraq iqtisadiyyatda, mədəniyyətdə, mənəviyyatda dirçəliş dövrü yaşandı. Azərbaycanın dünya birliyinə fəal inteqrasiyası başlandı. Ölkədə siyasi və iqtisadi islahatlar aparıldı. Müstəqil dövlətimizin yeni Konstitusiyası qəbul olundu. Ölkədə dövlətçilik, azərbaycançılıq ideyası formalaşdı.
Bu gün Azərbaycan xalqı gələcəyə böyük inamla baxır. Bu, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə başlanan Qurtuluşun ölkəmizə qazandırdığı ən böyük uğurlardandır. Belə bir böhranlı vaxtda Yeni Azərbaycan Partiyasının yaranma zərurətini də xüsusilə qeyd etmək lazımdır. Belə ki, məhz bu ərəfələrdə ziyalılar, tanınmış siyasi-ictimai xadimlər, eləcə də sadə xalq nümayəndələri Ulu Öndərin ətrafında toplaşaraq dövlətçiliyin xilasını Onun missiyasında, Onun siyasi irədəsində – rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasında görməyə başlamışdı. Bu baxımdan, Yeni Azərbaycan Partiyasının yaranması sonrakı zamanlarda dövlətin qorunması, daxili və xarici düşmənlərdən azad edilməsi istiqamətində çox mühüm siyasi rol oynadı. Əbəs yerə deyil ki, Heydər Əliyev ziyalıların Ona müraciətinə cavabında vurğulamışdı ki, “Azərbaycanın çağdaş və gələcək taleyi ilə bağlı problemlərinə biganə qalmağa heç kəsin haqqı yoxdur”. O, bu haqqından bütün qətiyyəti ilə istifadə etdi və yalnız Yeni Azərbaycan Partiyasının Sədri kimi deyil, eyni zamanda xalqın Ümummilli lideri kimi dövlətçiliyi, ölkəni düşdüyü bəlalardan qorumuş oldu. Əlbəttə ki, bu kimi faktorlar sonrakı illərdə Yeni Azərbaycan Partiyasının güclənməsində, qüdrətlənməsində, beynəlxalq aləmdə ən güclü siyasi təşkilata çevrilməsində çox əhəmiyyətli rol oynadı. Bu gün Yeni Azərbaycan Partiyasının sıralarında 700 mindən çox insanın üzv olması da bu deyilənləri kifayət qədər təsdiq edir.
Müstəqilliyimizdən ötən müddət ərzində Azərbaycan Respublikasının keçdiyi inkişaf yolunun təhlili göstərir ki, artıq Azərbaycanın sosial-iqtisadi inkişafında yeni mərhələnin təməli qoyulub, yüksək iqtisadi artım üçün əsaslı zəmin yaradılıb. Azərbaycan Respublikasının demokratik inkişaf yolu ilə inamla irəliləməsi üçün ölkəmizdə zəruri olan təsisatlar və hüquqi baza formalaşıb. Azərbaycanın Silahlı Qüvvələri qüdrətli bir orduya çevrilib. Sosial iqtisadi və dövlət quruculuğu sahələrində, insan hüquqları və azadlıqlarının təmin edilməsi yolunda qazanılmış uğurlarla yanaşı, digər mühüm nailiyyətlər də ölkəmizdə müstəqilliyin möhkəmləndirilməsinə xidmət edir. Azərbaycan dövlətçiliyi möhkəmlənməkdə, gündən-günə güclənməkdədir. Artıq Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qurulub. Ölkəmiz intensiv inkişaf dövrünü yaşayır.
Bu gün Heydər Əliyev dövlətçilik məktəbinin layiqli yetişdirməsi olan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iqtisadi - siyasi sahələrdə təməli atılmış işləri daha da inkişaf etdirir. Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi, bu siyasi kursun daha da zənginləşdirilməsi nəticəsində Azərbaycan bütün sahələrdə yüksək sürətlə inkişaf edir, dünya dövlətləri arasında öz yerini daha da möhkəmləndirir. Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin dinamik inkişafı, sürətli tərəqqisi, həyata keçirilən əzəmətli layihələr, Azərbaycanın hərtərəfli yeniləşməsi, modernləşməsi, doğma Vətənimizi dünyaya yeni formada təqdim etməyə imkan yaradan müsbət dəyişikliklər ulu öndərin qoyduğu yolun davamının sübutudur. Bu yüksəliş isə Heydər Əliyevin müəyyən etdiyi inkişaf konsepsiyasının alternativsizliyini tam dolğunluğu ilə təsdiq edir.

Hikmət Şikarov

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri




 
Bölməyə aid digər xəbərlər
23.10.2019
“ABŞ əsgərləri 4 həftədən sonra buradan ayrılacaq”
23.10.2019
‘‘Türkiyә terrorla mübarizәdәki qәtiyyәtini dünyaya göstәrdi’’
23.10.2019
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı regionda təhlükəsizliyə təhdid yaradır
23.10.2019
“ABŞ tərəfdən verilən vədlər tam mənada yerinə yetirilmədi”
22.10.2019
“Avropalı müttəfiqlər Türkiyəni daha çox dəstəkləməlidir”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10925

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 “Polşada yeni müstəvidə və daha innovativ fəaliyyətə başlayırıq”
3 SON DƏQİQƏ: Ərdoğan və Putin razılaşdı - Türkiyə tarixi diplomatik qələbə qazandı...
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 Lənkəranda gənclər üçün yeni layihənin icrasına başlanıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info