“Mənəvi dəyərlərin qorunmasında ən yaxşı vasitə təbliğat və təhsildir”
Tarix: 12.08.2013 | Saat: 21:54:00 | E-mail | Çapa göndər


Aqşin Atalızadə: “Milli-mənəvi dəyərlərin yaşadılması qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunmasına xidmət edir”

“Müasir İnkişaf” İctimai Birliyi yaradıldığı gündən etibarən başlıca məqsədlərini vətənpərvərliyi, milli-mənəvi dəyərləri təbliğ etmək, bu istiqamətdə maarifçilik fəaliyyətini həyata keçirmək təşkil edir. Hazırda təşkilat “Milli Mənəvi Dəyərlər və Milli Kimlik” layihəsini icra edir. İctimai Birliyin sədr müavini, tədqiqatçı Aqşin Atalızadə ilə görüşüb bu layihə və digər məsələlərlə bağlı fikirlərini öyrəndik.

- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılması ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
-Fikrimizcə, olduqca əhəmiyyətlidir. Artıq heç kimə sirr deyildir ki, son illərdə ölkəmizdə sürətli inkişaf tendensiyası müşahidə edilməkdədir. Bir çox sahələrdə böyük nailiyyətlər əldə edilmiş, əhalinin sosial rifah halında nəzərə çarpacaq dəyişikliklər baş vermişdir. Dövlətimiz də dünya siyasi sistemində öz yerini möhkəmləndirmiş, ölkəmizin ümumi beynəlxaq nüfuzu artmışdır. Lakin, insanların mənəvi həyatı, milli-mədəni dəyərlərin qorunması, vətəndaşların, xüsusən gənclərin milli vətənpərvərlik ruhunda tərbiyəsi olmadan bu inkişafın davamlı olmasını gözləmək çətindir. Milli mənəvi dəyərlərin yaşadılması qloballaşma prosesi zəminində milli özünümövcudluğun qorunmasına xidmət edir. Bu həm Azərbaycan xalqının istəklərinə, həm də dövlətimizin maraqlarına uyğundur.
- Milli-mənəvi dəyərlərin qorunması istiqamətində hansı layihələr həyata keçirmisiniz?
-“Müasir İnkişaf” İctimai Birliyinin fəa liyyətində milli-mənəvi dəyərlərin qorunması və təbliği prioritet təşkil edir.
Təşkilat 2008-ci ildə həyata keçirdiyi “Türk yenilməz, Çanaqqala keçilməz” layihəsi çərçivəsində Osmanlı tarixinin şərəf səhifəsi olan Çanaqqala savaşını ilk dəfə sistemli şəkildə araşdımışdır. Bununla bağlı disk hazırlanaraq paylanılıb.
2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin formalaşdırılması sahəsində kompleks tədbirlər” layihəsi həyata keçirmişdir. Layihə nəticəsində “Gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin gücləndirilməsi” konsepsiyası hazırlanmış və müvafiq qurumlara göndərilmişdir. Daha sonra Azərbaycanda Atatürk Mərkəzi və “Qismət” mətbəəsi ilə birlikdə “Türk Qafqaz İslam Ordusu və ermənilər”, “Missioner” kitablarının çapını, geniş ictimaiyyətin iştirakı ilə təqdimatını, onun Azərbaycan vətəndaşlarına çatdırılmasını təmin etmişdir.
2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirılmiş “Azərbaycan tarixi dərsliklərinin monitorinqi” layihəsi çərçivəsində “Milli tarix dərslikləri, milli şüur və milli maraqlar” adlı konsepsiya hazırlanmış və müvafiq qurumlara göndərilmişdir.
- Hazırda bu istiqamətdə hansı işləri görürsünüz?
-Hazırda “Müasir İnkişaf” İctimai Birliyi milli mənəvi dəyərlərin qorunması ilə bağlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi, Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumunun iştirakı ilə “Milli Mənəvi Dəyərlər və Milli Kimlik” adlı layihənin və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Milli dövlətçilik ideologiyası haqqında araşdırma və tədqiqatlar” adlı layihənin icrası ilə məşğuldur. Layihələr çərçivəsində artıq həm təqdimetmə ilə bağlı, həm də ayrı-ayrı məsələlərlə bağlı tədbirlər keçirilmiş, bu tədbirlər ictimaiyyətdə maraq doğurmuşdur. Məqsədimiz cari ilin sonuna qədər hər iki layihə üzrə vahid konseptual sənədi formalaşdıraraq aidiyyəti qurumlara göndərməkdir.
- Bildiyimiz kimi bu gün Azərbaycan dünyada həm də tolerant ölkə kimi tanınır. Azərbaycandakı tolerantlıq ənənələrini də milli-mənəvi dəyərimiz hesab etmək olarmı?
- Tolerantlıq, belə demək mümkünsə bizim əsrlərdən bəri gələn milli xüsusiyyətimizdir. Dünyada müxtəlif qruplardan olan insanların bir-biri ilə bu dərəcədə dostcasına və mehribanlıq şəraitində yaşadığı oxşar ölkə tapmaq çətindir. Hazırda bir çox müsəlman ölkələrində məzhəb fərqliliyinə görə kütləvi toqquşmaların baş verməsi adi haldır. Ancaq, Azərbaycan cəmiyyəti üçün məzhəb fərqliliyi olsa da, bugünə qədər bu mövzuda yadda qala biləcək belə bir hal qeydə alınmayıb. Əksinə bir təriqətdən olanlar digərlərinin əqidəsinə hörmətlə yanaşırlar. Məscidlər bütün məzhəbdən olanlar üçün ümumidir.
Təkcə dində deyil mill, siyasi və s. məsələlərdə də bu dözümlülük qorunur. Məsələn, antisemitizm bəşəriyyətin bəlası olsa da Azərbaycanda bir dənə də olsa bu cür hala rast gəlməzsiniz. Ölkəmizdə onlarla xalqın nümayəndəsi dostcasına yaşayaraq öz milli mədəni xüsusiyyətlərini qoruyurlar. Hər bir dini, milli qrup ümumi milli mənəvi dəyərlərin formalaşmasına töfhə vermişdir. Tolerantlıqla bağlı çox misal gətirmək olar. Ancaq, bunun səbəbini izah etmək çətindir. Ola bilər bu, Azərbaycanın coğrafiyasından və əhalinin özünəməxsusluqlarından irəli gəlir.
- Milli kimliyin formalaşmasında milli-mənəvi dəyərlərin nə kimi rolu var?
- Əslində elə milli-mənəvi dəyərlər milli kimliyin mahiyyətini təşkil edən kateqoriyadır. Milli kimlik mürəkkəb daxili sistemə malik olan, özünü idarə edən mexanizmdir. Milli-mənəvi dəyərlər onun bazasını, fundamentini təşkil edir. Bu dəyərlər sayəsində kənar təsirlərə məruz qaldığı halda özünü qoruma mexanizmi vasitəsilə yad ünsürləri kənarlaşdırır. Bunu elə Azərbaycan cəmiyyətinin timsalında görmək olar. Müstəqillik qazandıqdan sonra dövlətimiz və cəmiyyətimizdə qloballaşma tendensiyası müşahidə etmək olardı. Lakin, son dövrlər qloballaşmanın milli kimliyə təsiri daha çox cəmiyyətə yad dəyərləri qəbul etdirmək cəhdi kimi qəbul edilir və artıq cəmiyyətin özündə ona qarşı əks reaksiya başlamışdır. Hətta dövlət səviyyəsində milli kimliyin əsasını təşkil edən milli və mənəvi dəyərləri qorunması və yaşadılması istiqamətində daha məqsədyönlü fəaliyyəti görə bilərik. Deməli, milli mənəvi dəyərlərimiz yaşadıqca milli kimliyimiz də mövcud olacaqdır. Bu dəyərlər dəyişdikdə isə artıq qarşımızda fərqli milli kimliyi görəcəyik.
- Milli-mənəvi dəyərlərin qorunması ücün nələr edilməlidir?
-Bunun üçün ən yaxşı vasitə təbliğat və təhsildir. Gənclər arasında milli-mənəvi dəyərlərin qorunması istiqamətndə işlər görülməli, onlarda vətənpərvərlik və vətəndaşlıq hissləri gücləndirilməlidir. Xüsusən bu istiqamətdə təhsil prosesinin keyfiyyətini artırmalı, elmi-nəzəri və metodiki tövsiyələr işləyib hazırlanmalı, normativ-hüquqi bazanın yaradılmasına nail olunmalıdır. Qanunverciliyin ifrat dərəcədə beynəlmiləlləşdirilməsinə də son qoyulmalı, qanunvericilik aktlarında xüsusən ailə-nikah münasibətləri sferasında milli xüsusiyyətlər nəzərə alınmalıdır. Gənclərin yad təsirlərdən qorunması üçün həm ailə daxilində, həm də təhsil ocaqlarında tərbiyəvi işlər aparılmalıdır. Bütün bunlar hamısı dövlətin bilavasitə nəzarəti altında məqsədyönlü şəkildə aparılmalıdır. Bunun üçünsə vahid konseptual sənəd olmalıdır ki, bizim hazırda həyata keçirdiyimiz layihələr üzrə də əsas işimiz məhz bundan ibarətdir.
- Qloballaşma gənclərin milli şüuruna necə təsir edib?
-Ümumiyyətlə, götürdükdə hər zaman bunu qeyd etmişik ki, qloballaşma dünyada cərəyan edən labüd bir prosesdir. Onun əsl mahiyyətinə gəldikdə isə, bu proses dünya miqyasında inteqrasiya anlayışından daha çox dünyanın bir qütbünün öz xüsusiyyətlərini, dəyərlərini digərlərinə qəbul etdirmək xarakteri daşıyır.Bu isə istər-istəməz ünvanlandığı təbəqəyə, xüsusən gənclərə öz mənfi təsirini göstərir. Qeyd etdiyimiz kimi, artıq uzun illərdir kənardan gənclərin milli-mənəvi dəyərlərdən uzaqlaşdırılması, istiqamətində məqsədyönlü iş görülür. Qloballaşma və beynəlxalq inteqrasiya zəminində kənar qüvvələr tərəfindən milli və mənəvi dəyərlərin aşındırılması, gənclərin öz dəyərlərinə qarşı qoyulması, daha çox deformasiyaya uğraması ilə seçilən Qərb dəyərlərinə meyil etdirmək, bütün bunların nəticəsi kimi, öz dövlətinə və cəmiyyətinə qarşı bəzi hallarda düşmən münasibətə keçən ifrat kosmopolitizm toxumlarının səpilməsi müşahidə edilməkdədir. Xarici qüvvələrin maraqlarına xidmət edən təlim-tədris mərkəzləri yaradılaraq, xüsusən bilikli, intellektual gənclər mərkəzlərdəki təlimlərə cəlb edilirlər. Bu istiqamətdə informasiya texnologiyalarından olduqca səmərəli şəkildə istifadə edilir. Hesab edirəm ki, daha əvvəlki sualınıza cavabımda qeyd etdiyim işlər görülərsə, bu prosesin qarşısını almaq mümkün olacaq, əks halda gələcəyimiz üçün böyük təhlükə potensialı mövcuddur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info