Putinin Bakı səfəri Ermənistanı qarışdırdı
Tarix: 12.08.2013 | Saat: 22:43:00 | E-mail | Çapa göndər


Rusiya dövlət başçısı Vladimir Putin işçi səfər çərçivəsində Azərbaycana səfərə gəlir. «RİA-Novosti»nin yaydığı məlumata görə, Bakıda keçiriləcək danışıqlardan sonra ikitərəfli münasibətlərin inkişafı, o cümlədən nəqliyyat və energetika sahəsinə aid 5-6 sənədin imzalanacağı gözlənilir.
Rusiya prezidenti Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə açıqlamasında qeyd edib ki, prezidentin başçılıq etdiyi nümayəndə heyətinin tərkibi ikitərəfli münasibətlərin kompleks şəkildə müzakirə ediləcəyini göstərir. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə xarici işlər naziri Sergey Lavrov, enerji məsələləri üzrə nazir Aleksandr Novak, fövqəladə hallar üzrə nazir Vladimir Puçkov, nəqliyyat naziri Maksim Sokolov, iqtisadi inkişaf naziri Aleksey Ulyakaev, Rusimüdafiəixrac-ın baş direktoru Anatoli İsaykin, Xəzər dənizinin statusu ilə bağlı danışıqlarda Rusiyanı təmsil edən İqor Bratçikov, «Rosneft»in rəhbəri İqor Seçin və «Lukoyl»un prezidenti Vahid Ələkbərov daxildir. Uşakov qeyd edib ki, avqustun 13-də tərəflər arasında danışıqlar aparılarkən Rusiyanın Xəzər donanmasının gəmiləri Bakıya dost səfəri edəcəklər. Onun sözlərinə görə iki ölkənin fövqəladə hallar üzrə nazirlikləri arasında da müvafiq sənədin imzalanması nəzərdə tutulub. Rusiya dövlət başçısının Azərbaycana səfəri Ermənistanda ciddi rezonans doğurub. İşğalçı ölkə mətbuatı Putinin Bakı səfərinə çox qəzəbli münasibət göstərir. Son vaxtlar Rusiya ilə Ermənistanın münasibətlərində müşahidə olunan sərinlik fonunda bu səfər erməniləri özündən çıxarıb. Rusiyanın Ermənistana satdığı qazın qiymətini artırması, Azərbaycana müasir hücum silahları satması onsuz da İrəvanda ciddi gərginliklər yaratmışdı. Belə bir vaxtda Rusiya dövlət başçısının Azərbaycana səfər etməsi və müvafiq sənədlərin imzalanmasının nəzərdə tutulması Moskvanın Bakıya verdiyi önəmin göstəricisidir ki, bu da İrəvanda ən azı xoş qarşılanmır.

“Bakı ilə münasibətləri genişləndirən Kreml Ermənistana daha böyük qüvvə ilə təzyiq edəcək”

Rəsmi Kreml bu addımla müstəqil dövlətlə «forpost»a yanaşmasını ortaya qoyur. Yəni, Kreml üçün Cənubi Qafqazın lider dövləti olan Azərbaycanla münasibətlər çox böyük əhəmiyyət kəsb edir. Azərbaycan ötən illər ərzində etibarlı tərəfdaş kimi özünü doğrultmuş dövlətdir. Digər tərəfdən Azərbaycanın iqtisadi inkişafı, dünyanın enerji xəritəsində tutduğu mövqe, fəal və rasional xarici siyasət kursu, BMT Təhlükəsizlik Şurasının üzvlərindən biri seçilməsi kimi amillər Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayını artırır. Rusiya da təbii ki, Azərbaycanla strateji tərəfdaşlıq münasibətlərinə malik olan dövlət kimi Bakının bu uğurlarını dəyərləndirir. Putinin Bakı səfəri də bu dəyərin nümayişidir. Ermənistan isə bu münasibətlər mənzərəsinin içərisində o qədər kiçik elementdir ki, diqqət cəlb etmir. Rusiya Ermənistana əyalətlərindən biri kimi və yaxud, ondan aşağı səviyyəli subyekt kimi baxdığından İrəvana müstəqil dövlətə göstərilən münasibəti göstərmir. Onsuz da Kremlin işğalçı Ermənistana münasibəti həmişə belə olub. Sadəcə Azərbaycanla münasibətlərin inkişafı fonunda saymazyana münasibət daha qabarıq şəkildə görünür. Ermənilər də rusların onlara «forpost» münasibətinə öyrəşiblər. Çünki özləri də yaxşı bilirlər ki, müstəqil dövlət deyillər və bir çox paytaxtdan, əsasən də Moskvadan tam asılı vəziyyətdədirlər.

“Ermənistan rəhbərliyinin nüfuzu çatmır ki, Putini İrəvana apara bilsin”

Sadəcə Rusiyanın bunu açıq şəkildə göstərməsi, üstəlik Putinin İrəvana yox, Bakıya səfər etməsi həqiqətin, reallığın Ermənistan cəmiyyətinin üzünə sillə kimi vurulması effektini yaradıb. Elə erməni ekspert Qalust Qriqoryanın məqaləsini oxuyanda Putinin Bakı səfərinin necə ox olub ermənilərin gözünə batdığını şahidi oluruq. Görün bu Qriqoryan səfərlə bağlı yazısında nə yazır: «Biz anlamağa çalışırıq ki, Putin nəyə görə, rəsmi səfərini xristian Ermənistanına, onun üçün çox vacib, etibarlı və səbrli olan tərəfdaş dövlətə yox, Türkiyə ilə birlikdə ordu quran müsəlman Azərbaycana edir. Bu suala indi cavab tapmalıyıq ki, sonra necə davranacağımızı müəyyənləşdirə bilək. Beləliklə, Putin Ermənsitana səfərini dəfələrlə təxirə salıb və həmişə də fərqli bəhanələr göstərilib. Gah dedilər kürəyi ağrıyır, gah dedilər təyyarədə uça bilmir və s. İndi onun kürəyi ağrımır və digər bahənələr də heç kimə lazım deyil. Amma o, Ermənistana yox Azərbaycana səfər edir.

Qalust Qriqoryan:
“Bu səfərdən sonra Rusiya ilə Azərbaycanın münasibətləri daha da dərinləşəcək və genişlənəcək”

Cüdo üzrə sevimli məşqçisinin ölümü belə, onu bu səfərdən saxlaya bilmədi. Aydındır ki, bu səfərdən sonra Rusiya ilə Azərbaycanın münasibətləri daha da dərinləşəcək və genişlənəcək. Bu o anlama gələ bilərmi ki, səfərdən sonra Kremlin Ermənistana təzyiqləri artacaq? Cavab belədir-təzyiq Putinin Bakı səfərindən asılı olmayaraq olacaq. Amma Bakı ilə münasibətləri dərinləşdirən və genişləndirən Kreml Ermənistana daha böyük qüvvə ilə təzyiq edəcək. Bu təzyiqlərin məqsədi təkcə Ermənistanın Gömrük İttifaqına üzv olmağa məcbur etmək deyil, eləcə də Avropa İttifaqı ilə münasibətlərin inkişafına imkan verməməkdir. Təzyiq üçün vaxt çox deyil. Bu ilin noyabr ayında Vilnüsdə keçiriləcək sammitdə Ermənistanla Avropa İttifaqı arasında sənədin paraflanması gözlənilir. Avropalılar sənədlərin imzalanması üçün hər şey edirlər. Eyni şeyi rəsmi İrəvan da istəyir. Rusiya isə hər şey edir ki, bu imzalanma baş tutmasın. Təkrarlayıram-hər şeyi. Ermənistana satılan qazın qiymətinin artırılması və Azərbaycana müasir hücum silahlarının satılması sadəcə görünən tərəflər, çiçəklərdir. Meyvənin necə olacağını isə Putinlə Əliyevin müzakirəsindən sonra biləcəyik. Burada ortaya belə bir sual çıxır-Avropalılar bu meyvənin qarşısında Ermənistanı qorumağa hazırdırlarmı? Suala cavab vermək üçün Rusiyanın Gürcüstanı sülhə məcbur edən zaman Avropanın özünü necə aparmasını xatırlamaq lazımdır. Onlar çəkilib bir kənarda dayandılar. Onlar qaza görə Rusiyadan asılıdırlar və balaca Gürcüstana görə Moskva ilə münasibətlərini korlamaq istəmədilər. Ona görə də, İrəvan addım atmazdan əvvəl Rusiyanın verəcəyi cavabı nəzərə almalıdır. Amma bu nəzəriyyədir. Real həyatda görürük ki, bizim ölkənin rəhbərliyinin nüfuzu çatmır ki, Ermənistana səfərin vacib olmasını Putinə sübut edə bilsin. Sərkisyan bunu edə bilməsə bizi gələcəkdə nəyin gözlədiyini təsəvvür belə, etmək istəmirəm. Amma hiss edirəm ki, belə getsə bizim üçün xoş olmayan xəbərlər eşidəcəyik».

Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
23.08.2019
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23.08.2019
Makron Amazon meşələrindəki yanğını beynəlxalq böhran adlandırıb
23.08.2019
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür
23.08.2019
Los Ancelesdə atışma olub, yaralananlar var
22.08.2019
Türkiyədən xaricə avtomobil satışında rekord artım

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
5 Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info