Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
Tarix: 23.06.2019 | Saat: 14:45:00 | E-mail | Çapa göndər


Naxçıvan şəhərində kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkası təşkil edilib.
AZƏRTAC-ın Naxçıvan bürosunun əməkdaşları yarmarkada olub, alıcı və satıcılarla söhbət ediblər.
Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunun Danyeri kənd sakini, ailə təsərrüfatı sahibi Cəbrail Abışov qeyd edib ki, yarmarkaya məhsul gətirən torpaq mülkiyyətçilərinə burada hərtərəfli şərait yaradılıb. Bazardakı səliqə-sahman da satıcı və alıcıların ürəyincədir. Yarmarkada məhsullar bazar qiymətindən 15-20 faiz ucuz təklif olunur. Alıcıların mövsümi meyvələrə daha çox maraq göstərdiyini bildirən Cəbrail Abışov deyib: “Mən də həyətyanı sahəmdə və pay torpağımda saldığım meyvə bağlarının məhsullarını yarmarkaya gətirmişəm. Alma, ərik, gilas, alçanın bu mövsümdə alıcısı başının üstündədir. Səhərdən indiyədək gətirdiyim məhsulun demək olar ki, yarıdan çoxunu satmışam. Kənd təsərrüfatı məhsullarının istehsalı və satışı üçün yaradılan şəraitə, göstərilən qayğıya görə dövlətimizə minnətdarlığımı bildirirəm”.

Yarmarkada yerli tərəvəz məhsulları ilə yanaşı, qida kimi istifadə olunan yabanı bitkilər, gündəlik istifadə etdiyimiz göyərtilər də çoxluq təşkil edirdi. Naxçıvan şəhər sakini Gülsüm İsmayılova öz həyətyanı sahəsində yetişdirdiyi göyərtiləri, Şahbuz rayon sakini Nəriman Namazov isə dağlardan topladığı yabanı bitkiləri satışa çıxarıb. Onlar deyirlər ki, alıcılar məzrəyə, nanəyə, reyhana, şüyüdə, keşnişə daha çox maraq göstərirlər. Onlar bu tərəvəzləri alıb qurudaraq qış üçün tədarük edirlər. Satıcılar onu da vurğulayıblar ki, Naxçıvanda qış fəslində də təzə pencər (göyərti) bol olur. Çünki diyarımızda təsərrüfatçılar üçün hər cür şərait yaradılıb, kim istəyir həyətində, pay torpağında istixana yaradır, burada istədiyi qədər göyərti əkir, bir qismindən özü istifadə edir, bir qismini isə bazara çıxarır. Amma elə yeməklər var ki, onlara quru pencər qatanda daha dadlı olur. Ya da ki, bazara gedə bilməyəndə qurudulmuş pencərə ehtiyacımız olur. Ona görə də hər qadın öz mətbəxində cürbəcür pencər qurusu saxlamağa üstünlük verir. Alıcıların çoxu Naxçıvanın səfalı havasında, bərəkətli torpağında bitən bu bitkiləri alıb uzaqda yaşayan qohumlarına sovqat göndərir.
Nərman Namazov Şahbuz rayonunun adla deyilən bitkisi olan uşqun bitkisi haqqında danışaraq deyir: “Muxtar respublikanın dağ və dağətəyi ərazilərindən toplanmış uşqun min bir dərdin dərmanıdır. Naxçıvan mətbəxində ondan geniş istifadə olunur. Rayonumuzda bu bitki Kükü, Aşağı Qışlaq və Yuxarı Qışlaq kəndlərinin qumsal dağ yamaclarında bitir. Onu da deyim ki, əgər il yağıntılı keçərsə, uşqun bol olar. Çünki yağıntı bu bitkiyə, necə deyərlər, can verir. Bu gün dağlardan-daşlardan yığdığımız bu bitkini həm öz ailəmiz üçün tədarük edir, eyni zamanda, bazarlara çıxarmaqla alıcılara təklif edirik.
Yarmarkada alıcılarla da görüşdük. Naxçıvan şəhər sakini Elmira Həsənovanın dedi : “Bu günlərdə biz qadınları düşündürən əsas məsələ qış üçün hazırlıq görmək, yetişən meyvə və tərəvəzlərdən müxtəlif yeməklər, mürəbbələr, kompotlar hazırlayıb qablaşdırmaq, fəsilə uyğun pencərlər alıb qurutmaqdır. Axı, atalar əbəs yerə deməyib ki, yayın yayxantısı qışın yavanlığıdır. Kəndli öz həyət-bacasında əkdiyi meyvə, tərəvəzdən özünə lazım olanını qış azuqəsi edir, qalanını isə gətirib yarmarkada satır. Bu da həm onların ailə büdcəsinə kömək edir, həm də biz şəhər sakinlərinin ehtiyacını ödəyir. Düzdür, bu sahədə vaxtilə mövcud olan problemlər bu gün tamamilə aradan qaldırılıb, dükan-bazarlarımızda ilin istənilən fəslində nə istəsən tapmaq olar. Bununla yanaşı, dövlətimiz süfrələrimizin daha zəngin, daha rəngarəng olması üçün digər məqsədyönlü tədbirlər də həyata keçirir. Belə tədbirlərdən biri də bu cür yarmarkaların təşkilidir. Bu, çox gözəl haldır.
Ruzi-bərəkətli əkin sahələrində artıq digər məhsullar da yetişməkdədir. Önümüzdəki həftələrdə keçiriləcək satış yarmarkalarında Naxçıvan şəhər sakinlərinə həmin məhsullar da təqdim olunacaq. Alıcıların və satıcıların da qeyd etdikləri kimi, belə tədbirlər torpaq mülkiyyətçilərinin min bir zəhmətlə yetişdirdikləri məhsulları rahatlıqla satmalarına və ailə büdcələrini artırmalarına şərait yaratmaqla yanaşı, daxili bazarı yerli məhsullarla da təmin edir. Naxçıvanın yerli məhsulları isə həm dad-tamı, həm keyfiyyəti, həm də qiyməti ilə sakinləri daim cəlb edir.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Naxçıvanda sağlamlıq imkanları məhdud uşaqların sayı nəzərəçarpacaq dərəcədə azalıb
19.07.2019
Qubada polislər qanvermə aksiyasında iştirak ediblər
19.07.2019
Naxçıvan əhalisinin sayı açıqlanıb
18.07.2019
Naxçıvanda aztəminatlı ailələrin məşğulluğu təmin edilir
17.07.2019
Azərbaycanda boşanmaların sayı artıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10834

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
3 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info