“Ermənistanın münaqişəsinin nizamlanması məsələsində mövqeyi Düşənbə razılaşmasını təhlükə altına qoyur”
Tarix: 01.07.2019 | Saat: 18:51:00 | E-mail | Çapa göndər


Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində mətbuat konfransı keçirilib. Mətbuat konfransında UNESKO-nun baş direktorunun müavini Ernesto Toni deyib: “Biz Dağlıq Qarabağ münaqişəsi üzrə tərəflərdən xahiş edirik ki, təhlükəsizliyi təmin etsinlər. Belə olan halda, UNESKO-nun nümayəndələri Dağlıq Qarabağa ekspert qismində gedə bilərlər”.
O qeyd edib ki, ekspert missiyasının keçirilməsi üçün şərtlər var: "Birincisi, təhlükəsizlik təminatı olmalıdır. Bu razılaşma olmazsa, UNESKO müdaxilə edə bilməz" (Trend).
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev isə mətbuat konfransında deyib ki, 20 ildən artıqdır Azərbaycanın işğal olunmuş ərazilərində mədəni abidələrimiz dağıdılır.
Ə.Qarayev bildirib ki, bununla bağlı məsələ UNESCO-da qaldırılıb: “Biz bu sessiya çərçivəsində də bu məsələni qaldırmışıq, mən bunu çıxışlarımda da dedim. Uzun illərdir araşdırıcı missiyanın işğal olunmuş ərazilərə gətirilməsi istiqamətində iş aparırıq, ancaq Ermənistan tərəfi bu missiyanın gəlməsini əngəlləyir. Bu məsələyə beynəlxalq ictimaiyyətin qoşulmasını istəyirik. Bu istiqamətdə iş aparırıq”.
Pakistanlı siyasi ekspert Malik Əyyub Sumbal isə Azernews-a müsahibəsində deyib ki, Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində mövqeyi MDB dövlət başçılarının sammiti zamanı imzalanmış Düşənbə razılaşmalarının reallaşdırılmasını təhlükə altına qoyur.
Onun sözlərinə görə, regional və qlobal qüvvələr Cənubi Qafqazda genişmiqyaslı müharibəyə çevriləcək bu münaqişənin nizamlanması məsələsinə daha məsuliyyətlə yanaşmalıdır.
Son dövrlərdə qeydə alınmış erməni təxribatları, xüsusilə də cəbhə xəttində azərbaycanlı hərbçilərin öldürülməsi barədə danışan ekspert qeyd edib ki, Azərbaycan hər zaman müdafiə mövqeyi tutub və erməni mövqelətinə hücum etməyib.
Ermənistanın Naxçıvana hücum etmək planının mümkünlüyünə gəldikdə isə ekspert vurğulayıb ki, Ermənistan maddi və maliyyə ehtiyatlarının məhdudluğu səbəbi ilə yeni cəbhə açmaq iqtidarında deyil.

Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin saytında erməni təcavüzkarlığı barədə məqalə yayımlanıb

Yeri gəlmişkən, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) rəsmi saytında “İki yüz illik erməni təcavüzkarlığının əsasları” sərlövhəli məqalə yayılıb. AZƏRTAC-ın Türkiyə bürosunun rəhbəri Sabir Şahtaxtının müəllifi olduğu məqalədə ermənilərin Azərbaycan torpaqlarına köçürülməsinin məqsəd və nəticələrindən, saxta “böyük Ermənistan” iddiasından bəhs olunur. Həmçinin erməni millətçi dairələrinin ayrı-ayrı ölkələrdə törətdikləri mütəşəkkil cinayətlər tədqiqata cəlb olunub.
Müəllif elmi və rəsmi mənbələrə istinadla ümummilli lider Heydər Əliyevin tarixi xilaskarlıq missiyası, Ulu Öndərimizin saxta “erməni məsələsi”nin ifşa olunması istiqamətində qəbul etdiyi mühüm qərarlar və onların uğurlu nəticələri barədə türkdilli oxucuları məlumatlandırır. Həmçinin ermənilərin Azərbaycanda və Türkiyədə törətdiyi ağır cinayətlər, eləcə də Xocalı soyqırımı, Sumqayıt hadisələri, Naxçıvanın işğal edilməsi planları, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü barədə çoxsaylı faktlar tədqiqata cəlb olunub.
Məqalədə AZƏRTAC-ın materiallarından da istifadə olunub.
Qeyd edək ki, Türkiyənin Avrasiya Araşdırmalar Mərkəzi saxta “erməni məsələsi”nin araşdırılması ilə məşğul olan ixtisaslaşmış ən nüfuzlu təşkilatdır.

BMT-nin İnsan Hüquqları Şurasının sessiyasında Azərbaycanın qaçqın və məcburi köçkün problemindən danışılıb
Bu arada Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov BMT-nin İnsan Hüquqları Şurasının 41-ci sessiyasında iştirak edib.
Dövlət Komitəsinin mətbuat xidmətindən bildiriblər ki, F.Hüseynov sessiya çərçivəsində yüksəkvəzifəli şəxs qismində çıxış edib.
Sədr müavini Azərbaycanın əhalinin sayına nisbətdə ən çox məcburi köçkün və qaçqın əhalisi olan ölkələr sırasında olduğunu diqqətə çatdırıb. O, yurd-yuvalarından didərgin düşmüş şəxslər mövzusunun beynəlxalq ictimaiyyətin gündəliyində duran ən vacib məsələlərdən biri olduğunu və bu məsələnin köklü səbəblərinin aradan qaldırılması istiqamətində bütün səviyyələrdə konkret tədbirlər və böyük diqqət tələb etdiyini vurğulayıb. Hazırda dünyada məcburi şəkildə köçürülmüş şəxslərin sayının 71 milyona çatdığına diqqəti çəkən F.Hüseynov insanların acısına səbəb olan bir çox münaqişələrin hələ də həlli yolunun tapılmadığını təəssüf hissi ilə qeyd edib.
Azərbaycanın bu mövzuya həssaslığının anlaşılan olduğunu vurğulayan sədr müavini, ölkəmizdə məcburi köçkün probleminin Ermənistan tərəfindən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və ətraf yeddi rayonunun işğalından qaynaqlandığını bildirib. Bu xüsusda, sədr müavini Ermənistanın həyata keçirdiyi hərbi təcavüz, işğal və etnik təmizləmə siyasəti nəticəsində 250 min azərbaycanlının Ermənistandakı ata-baba yurdlarından qovulduğunu və 700 min insanın Azərbaycanın işğal olunmuş ərazilərindən məcburi köçkün vəziyyətinə düşdüyünü vurğulayıb.
Ölkə başçısının rəhbərliyi altında Azərbaycan dövlətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlər, o cümlədən onların yaşayış şəraitinin təkmilləşdirilməsi sahəsində aparılan fəaliyyət, eləcə də bu sahədə icra olunan dövlət proqramları barədə məlumat verən F.Hüseynov xüsusi vurğulayıb ki, 300 min məcburi köçkün soydaşımızın mənzil-məişət şəraiti yaxşılaşdırılıb, görülən tədbirlər nəticəsində məcburi köçkünlər arasında yoxsulluq həddi 75 faizdən 12 faizədək azalıb. Ümumilikdə, ötən müddət ərzində bu sahəyə 7,4 milyard ABŞ dollar məbləğində vəsaitin ayrıldığını qeyd edib. O, bu tədbirlərin məcburi köçkünlərin öz yurd-yuvalarına qayıtmaq hüququnun bərpasına imkan yaradacaq Ermənistan-Azərbaycan Dağlıq-Qarabağ münaqişəsinin siyasi həllinin tapılmasına qədər müvəqqəti tədbirlər kimi xarakterizə oluna biləcəyini deyib. Sədr müavini BMT-nin məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçilərinin hesabatlarına istinad edərək, Azərbaycanda məcburi köçkünlərin problemlərinin yeganə davamlı həllinin yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad olunması və beləliklə, məcburi köçkünlərin öz doğma yurdlarına ləyaqətli, könüllü və təhlükəsiz şəkildə beynəlxalq hüquqda təsbit olunmuş qayıtmaq hüququnun təmin edilməsindən sonra tapılmasının mümkünlüyünü vurğulayıb.
F.Hüseynov azərbaycanlı məcburi köçkünlər adından onları gündəlik narahat edən məsələlərə Şuranın diqqətini çəkərək, nə zaman öz yurdlarına qayıdacaqları, nə vaxtadək məcburi köçkün olaraq qalacaqları və hansı səbəbdən beynəlxalq ictimaiyyətin azərbaycanlı məcburi köçkünlərin pozulmuş insan hüquqlarının bərpası məsələsinə laqeyd qaldığını sorğu edib.
Sonda o, məcburi köçkünlər üçün ədalətin bərpa olunmasının istənilən uzunmüddətli sülhün və təhlükəsizliyin təməli olduğunu bəyan edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı törədilmiş təcavüz aktlarını qınamaq üçün vahid bir yanaşma yoxdur”
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info