“Son 5 ildə 40 tarixi abidə bərpa edilib”
Tarix: 02.07.2019 | Saat: 13:19:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının açılış mərasimi keçirilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, UNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva mərasimdə iştirak edib. 2013-cü ildə UNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasına uğurla ev sahibliyi edən Azərbaycanda eyni müvəffəqiyyətlə hər iki ildən bir UNESKO-nun rəsmi tərəfdaşlığı ilə Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilir.
Ümumdünya İrs Komitəsinin 42-ci sessiyasında qəbul edilmiş qərara əsasən Azərbaycan bu mötəbər qurumun növbəti sessiyasına ev sahibliyi etmək hüququ əldə edib. Prezident İlham Əliyev iyunun 30-dan iyulun 10-dək davam edəcək sessiyanın Bakıda layiqincə keçirilməsini təmin etmək məqsədilə müvafiq sərəncam imzalayıb. Bununla da UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda yüksək səviyyədə keçirilməsi təşkil olunub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva mərasimdə çıxış edib. Birinci vitse-prezident Mehriban Əliyevanın çıxışında deyib ki, bu ayın əvvəlində biz Azərbaycanın UNESKO-dakı üzvlüyünün 27-ci ildönümünü qeyd etdik: “Bu illər ərzində biz mədəniyyət, təhsil, elm, kommunikasiya, gənclər və idman kimi bir çox sahələrdə uğurlu əməkdaşlıq qura bildik. Bu gün biz fəal təmsilçilik və verdiyimiz töhfələrlə UNESKO-nun proqramlarında iştirak edirik. Dünyanın mədəni irsinin qorunması Azərbaycan ilə UNESKO arasında əməkdaşlığın əsas istiqamətlərindən biridir. Eyni zamanda, bizim tarixi, dini və memarlıq abidələrimizin qorunması, bərpası və saxlanması Azərbaycanın dövlət siyasətinin mərkəzində dayanır. 2001-ci ildə dövlət tərəfindən qorunan 6600-dən artıq mədəniyyət abidəsini əhatə edən Milli-Mədəni İrs Siyahısı qəbul edilmişdir. Son 5 il ərzində Azərbaycanda 40 tarixi abidə bərpa edilmişdir. Həmçinin qeyd etmək istərdim ki, Abşeron yarımadasında tapılmış tarixi abidələri və arxeoloji eksponatları özündə əks etdirən açıq səma altında “Qala” Arxeoloji-Etnoqrafik Muzey Kompleksi 2008-ci ildə açılmışdır. Bakıda, Ağcabədidə və Ağdamda muğam mərkəzlərinin tikintisi, məscidlərin, sinaqoqların və kilsələrin yenidən qurulması və inşası, muzeylərin bərpası və açılması - bütün bunlar Azərbaycanın müxtəlif mədəni irsinin qorunması və zənginləşdirilməsi üçün dövlətimizin siyasətinin sadəcə bir neçə elementidir. UNESKO ilə məhsuldar əməkdaşlığın nəticəsi olaraq Azərbaycanda iki sahə - İçərişəhər, o cümlədən Şirvanşahlar Sarayı və Qız qalası, Qobustan qayaüstü rəsmləri UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilmişdir. Zəngin və qədim mədəniyyətimizin digər mühüm elementləri sırasında musiqi xəzinəmizin inciləri - muğam və aşıq sənəti, həmçinin bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Azərbaycanın UNESKO-nun dəyərlərinə və ideallarına bağlılığı onun milli hüdudlarından kənarda da öz təzahürünü tapır. Son 10 il ərzində dünya mədəni irsin qorunması sahəsində apardığımız fəaliyyətin coğrafiyası geniş olmuşdur. Bununla belə, müharibələr və hərbi münaqişələr bəşəriyyətin mədəni irsinə hər zaman ciddi təhdid olmuşdur. Hərbi təcavüz nəticəsində, eləcə də beynəlxalq hüququ və BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini kobud şəkildə pozaraq Ermənistan Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin təxminən 20 faizini, o cümlədən Dağlıq Qarabağı və yeddi ətraf regionu bu gün də işğal altında saxlamaqda davam edir. Bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətində yaşayır. Yüzlərlə tarixi və memarlıq abidəsi, muzeylər, məscidlər və digər dini məbədlər dağıdılıb, yaxud ciddi dağıntıya məruz qalıb. Bu səbəbdən Azərbaycan mədəniyyət mülkiyyətinin qorunmasına aid müvafiq beynəlxalq konvensiyaların səmərəli icrasında çox maraqlıdır. Düşünürəm ki, bu sahədə görüləcək işlər hələ də çoxdur və UNESKO bu baxımdan mühüm rol oynamalıdır. Əziz dostlar, mədəni irs bizi bəşəriyyətin şanlı tarixinə aid olduğumuzu birlikdə düşünməyə vadar edir. Biz qəti şəkildə inanırıq ki, sülh mədəniyyətinin toxumları yalnız dialoq və qarşılıqlı hörmət vasitəsilə cücərə bilər. Mən burada mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqi üçün əsl qlobal platformaya çevrilmiş və Azərbaycanın başladığı “Bakı Prosesi”ni xatırlatmaq istəyirəm. 2008-ci ildə Bakıda ilk dəfə başlanmış beynəlxalq konfrans Avropa Şurasının üzv dövlətlərinin mədəniyyət nazirlərini ümumi narahatlıq doğuran məsələlər ətrafında dialoqa başlamaq üçün İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan həmkarları ilə bir masa arxasında topladı. Ötən ay biz “Bakı Prosesi” çərçivəsində V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna ev sahibliyi etdik. Məmnunuq ki, UNESKO həmin mühüm təşəbbüsdə bizim əsas tərəfdaşımızdır. Xanım Baş direktor, verdiyiniz mühüm şəxsi dəstəyinizə görə sizə minnətdaram. Bu toplantının işinə böyük uğurlar arzulayaraq, yekunda XII əsrin böyük Azərbaycan memarı və filosofu Memar Əcəminin sözlərinə istinad edərək demək istərdim: “Biz gedərik, ancaq qalar ruzigar, biz ölərik əsər qalar yadigar”. UNESKO-nun Baş direktoru Odre AZULE çıxış edərək deyib ki, Bakı dünyəvi bir şəhərdir, zəngin tarixə, UNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil olan sahələrə malikdir. UNESKO-nun İcraiyyə Şurasının sədri Byonq-Hyun Li və Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının sədri, Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada müzakirə olunacaq məsələlərin və qəbul ediləcək qərarların çox əhəmiyyətli olacağını bildiriblər.




 
Bölməyə aid digər xəbərlər
19.10.2020
İşğal edilmiş Azərbaycan ərazilərində 82 növ Qafqaz endemi məhv edilib
19.10.2020
DİN vətəndaşlara müraciət edib
18.10.2020
Ad günün mübarək, Nigar, bağışla ki, qonşumuz qaniçən Ermənistandır
17.10.2020
Azərbaycanın 50 siyasi partiyası beynəlxalq və regional təşkilatlara müraciət ünvanlayıb
16.10.2020
Hər kəs can atır ki, cəbhəyə getsin - Quba Ağsaqqallar Şurasının sədri

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11795

1 Azərbaycanın Xalq yazıçısı Afaq Məsud dünya yazıçılarına müraciət edib
2 “Azərbaycan-Pakistan dostluğu əbədidir və sarsılmazdır“ adlı rəsm müsabiqəsi
3 Бакинские армяне призывают Ереван прекратить оккупацию
4 Sergey Markov: “Paşinyan qorxur ki, onu güllələyəcəklər”
5 Aleksey Fenenko: “Paşinyan KTMT-yə ehtiyac duymadığını və dostlarının Qərbdə olduğunu söyləyirdi”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info