“KTMT ölkələrinin Xarici İşlər nazirləri Şurasının elə bir iclası yoxdur ki, orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməsin”
Tarix: 04.07.2019 | Saat: 20:03:00 | E-mail | Çapa göndər


“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələrinin Xarici İşlər nazirləri Şurasının elə bir iclası yoxdur ki, orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilməsin”. APA-nın xəbərinə görə, bunu KTMT-nin baş katibi vəzifəsini icra edən Valeri Semerikov Moskva-Yerevan-Minsk-Nur-Sultan-Bişkek video konfransı zamanı bildirib.
“Nazirlər Şurasının elə bir iclasını xatırlamıram ki, orada bu məsələ qaldırılmasın. Biz Dağlıq Qarabağ münaqişəsinə dair müxtəlif səviyyələrdə bir neçə bəyanat qəbul etmişik. Əlaqədar bəyanatlar fərqli vəziyyətlərdən asılı olaraq hər il qəbul olunur”, - deyə V. Semerikov qeyd edib.
Yeri gəlmişkən, iyulun 4-də Milli Məclisdə təmsil olunan siyasi partiyaların rəhbərləri AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak ilə görüşüblər.
AZƏRTAC xəbər verir ki, görüşdə Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov, Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev, Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Vəhdət Partiyasının sədri Tahir Kərimli, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev iştirak ediblər.
YAP icra katibinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov qonaqları salamlayaraq bu cür görüşlərin fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olduğunu söyləyib. Qeyd edilib ki, Azərbaycan AŞPA ilə əlaqələrə böyük önəm verir və gələcəkdə əməkdaşlığı daha da genişləndirmək niyyətindədir. Deputatlarımız təşkilatın keçirdiyi müxtəlif tədbirlərdə fəal iştirak edir, qurum çərçivəsində müzakirəyə çıxarılan məsələlərə obyektiv münasibət bildirirlər.
Görüşdə siyasi partiyaların rəhbərləri ölkənin ictimai-siyasi həyatındakı fəaliyyətləri barədə məlumat verib, qanun yaradıcılığı prosesində fəal iştirak etdiklərini söyləyiblər.
Deputatlar Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini bildiriblər.

“Ermənistanın Azərbaycan həqiqətlərini dünyadan gizlətmək cəhdləri bəhrəsini vermir”
Avropa Şurasının Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə APA-ya deyib ki, proseslər gedir, girovlar mübadilə olunur:”Bu, normaldır. Dilqəm Əsgərov və Şahbaz Quliyevlə bağlı məsələdə isə Ermənistan cinayət törədib, bütün mövcud qanunları pozub. Dilqəm Əsgərov və Şahbaz Quliyev dərhal və qeyd-şərtsiz azad edilməlidirlər”.
S. Seyidov xatırladıb ki, AŞPA-nın yay sessiyası çərçivəsində Azərbaycan nümayəndə heyəti Ermənistan tərəfindən girov götürülmüş azərbaycanlı mülki şəxslərlə bağlı məsələyə həsr edilən tədbir keçirib.
O vurğulayıb ki, Avropa Şurası və beynəlxalq ictimaiyyət qarşısında Ermənistanın D. Əsgərov və Ş. Quliyevin dərhal azadlığa buraxması, onların Azərbaycana qaytarılması məsələsinin təmin olunması tələb edilib: “Azərbaycandan gəlmiş qeyri-hökumət təşkilatlarının üzvləri, rəsmilər, girovlardan birinin övladı həmin tədbirdə iştirak etdi. Onlar ermənilərin uzun müddət gizlətmək istədiyi həqiqətləri söylədilər. Hesab edirəm ki, bu, insan haqlarının müdafiəsi üçün vacib bir məsələdir. Belə bir tədbirin Avropa Şurasında keçirilməsi və Avropa ictimaiyyətinin diqqətinə çatdırılması nöqteyi-nəzərdən bu, Ermənistanın siyasətini ifşa edən bir məsələ kimi qiymətləndirilməlidir. Ən əsası da odur ki, Ermənistanın artıq uzun illərdir Azərbaycan həqiqətlərini dünyadan gizlətmək cəhdləri artıq öz bəhrəsini vermir”.
Onun sözlərinə görə, Şahbaz Quliyev və Dilqəm Əsgərov qeyri-qanuni həbs olunublar, onların barəsində saxta “məhkəmə hökmü” çıxarılıb.
AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, tədbirdə Rusiyaya da müraciət olunub. “Bildiyiniz kimi, girovlardan biri Dilqəm Əsgərov Rusiya vətəndaşıdır. Rusiya isə yenicə Avropa Şurası Parlament Assambleyasına qayıdıb və yəqin ki, bu məsələni də onlar diqqətə alacaqlar. Bütün bunlar isə onu göstərir ki, Azərbaycan yalnız öz vətəndaşlarının yox, dünyadakı bütün azərbaycanlıların müdafiəsinə qalxır”.
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı D. Əsgərov və Azərbaycan vətəndaşı Ş. Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. H.Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyev üzərində qanunsuz "məhkəmə” qurulub. "Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev 22 il müddətinə azadlıqdan məhrum edilib.

“Ermənistanın Bakı sessiyasında iştirak üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərində məqsəd tədbirdən yayınmaqdır”
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Leyla Abdullayeva isə UNESKO-nun Bakıda keçirilən Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında bəzi iştirakçılara Azərbaycan tərəfindən təhlükəsizlik zəmanətinin təmin edilməməsinə dair KİV-in sualını cavablandırıb. AZƏRTAC xəbər verir ki, Leyla Abdullayeva hazırkı sessiyanın təşkil edilməsi ərəfəsində ev sahibi qismində Azərbaycan və UNESKO arasında müvafiq saziş imzalandığını bildirib. O deyib ki, qeyd olunan sazişdə hər hansı istisna olmadan tədbirin bütün iştirakçılarının təhlükəsizlik zəmanəti ilə təmin edilməsi də daxil olmaqla, müvafiq təşkilati məsələlər öz əskini tapıb. Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək niyyətində olan və Azərbaycan tərəfindən müvafiq təhlükəsizlik zəmanətini əldə edən UNESKO-nun bütün iştirakçı dövlətləri tədbirdə iştiraklarını təmin ediblər.
Ermənistan tərəfinin öz nümayəndələri üçün əlavə təhlükəsizlik zəmanəti tələb etməsi cəhdlərinə gəldikdə isə bu, Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil edilən növbəti beynəlxalq tədbirdə iştirakdan yayınmaq məqsədilə bu ölkənin siyasi qərarından başqa bir şey deyil. Əgər Ermənistan XİN-i hələ də Ümumdünya İrs Komitəsinin sessiyasının keçirilməsinin texniki qayda və prosedurları barədə məlumatlı deyilsə, o zaman onların bu kimi tədbirlərin bütün iştirakçılarına ümumi və universal zəmanətlərin verildiyi və ölkələrə ayrılıqda xüsusi qeyd-şərtlərin tətbiq edilmədiyini öyrənmək məqsədilə UNESKO Katibliyinə müraciət etmələri yaxşı olardı.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”
4 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
5 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info