Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans
Tarix: 08.07.2019 | Saat: 22:34:00 | E-mail | Çapa göndər



Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun zəngin elmi-fəlsəfi irsə malik görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə imzaladığı 2018-ci il 29 oktyabr tarixli Sərəncam ilə təsdiq olunmuş tədbirlər planına əsasən, “Naxçıvan” Universitetində “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək orta əsrlərdə yaşamış, təsəvvüf və təfsir alimi kimi böyük şöhrət qazanan Nemətullah Naxçıvaninin türk-İslam dünyasının elmi və ictimai fikrinin inkişafına bəxş etdiyi töhfələrdən söhbət açıb. Bildirib ki, Nemətullah Naxçıvani hələ uşaqlıq və gənclik illərində zəmanəsinin bir çox alimlərindən dərs alıb, Naxçıvan mədrəsələrində müəllim işləyib və qısa bir zamanda dövrünün tanınmış alimlərindən birinə çevrilib. Onun elmi dünyagörüşünün formalaşmasında və kamilləşməsində Naxçıvan ictimai-mədəni və elmi mühitinin mühüm təsiri olub, zahiri elmləri tamamladıqdan sonra təsəvvüfə bağlanıb, fəaliyyəti qiymətləndirilərək “Baba” titulu qazanıb.
Bildirilib ki, fəaliyyəti Təbriz, Ağşəhər və Konya ilə sıx bağlı olan görkəmli mütəfəkkir Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi və tədqiq edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov 2018-ci il 29 oktyabr tarixli Sərəncam imzalayıb. Sərəncamla təsdiq olunmuş tədbirlər planına əsasən Nemətullah Naxçıvani yaradıcılığının öyrənilməsi üçün AMEA Naxçıvan Bölməsində tədqiqat qrupu yaradılıb, Gənc Alim və Mütəxəssislər Şurasının “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” layihəsi çərçivəsində Nemətullah Naxçıvaninin adını daşıyan dini məktəb və məscidin fəaliyyət göstərdiyi Ağşəhərə mayın 21-dən 24-dək səfər təşkil edilib. Səfər çərçivəsində Türkiyənin Konya vilayətində Azərbaycan və Türkiyə alimlərinin iştirakı ilə beynəlxalq konfrans keçirilib. Layihə çərçivəsində Nemətullah Naxçıvaninin məzarının bərpası üçün Naxçıvandan gedən memarlar orada tədqiqatlar aparıb, məzarüstü abidələrin bərpası üçün layihə hazırlanıb.
Vurğulanıb ki, Nemətullah Naxçıvani məşhur elmi-fəlsəfi traktat, şərh və risalələrin müəllifi kimi nəinki Azərbaycan və Türkiyədə, hətta bütün dünyada tanınır və böyük ehtiramla anılır. Onun Azərbaycan, ərəb, fars və türk dillərində yazdığı əsərlər hazırda Türkiyənin kitabxana və muzeylərində saxlanılır. Türkiyənin Naxçıvandakı Baş konsulluğunun köməyi ilə Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazma nüsxəsinin elektron variantı AMEA Naxçıvan Bölməsinə təqdim edilib. Bu əsərlər içərisində Mahmud Şəbustərinin “Gülşəni-raz” əsərinə yazdığı şərh, “Risaleyi- Əs`ilə və Əcvibə”, “Risaleyi Məcmueyi Lətaif”, “Hidayetül-İxvan”, “Hidayət”, “İstilahatüs-Sufiyye”, “Risaleyi Nikat”, “Tercümeyi Nakşi Fusus”, “Risaleyi Tahkikat”, “Risaleyi Vücudi Mutlak”, “Risaleyi Mükaşefe” və sair əsərlərin adlarını görmək olar.
Surə Seyid deyib: “Tədbirlər planına əsasən alimin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsərinin I-II cildləri tərcümə olunaraq nəşrə hazırlanıb, görkəmli alim haqqında tədqiqatları özündə əks etdirən “Nemətullah Naxçıvani: taleyi və sənəti” kitabı tərtib edilərək nəşr olunub. Naxçıvan televiziyasında “Təfsir alimi Nemətullah Naxçıvani” filmi hazırlanıb, müxtəlif tematik verilişlər və mətbuat materialları yayımlanıb, bu mövzuda keçirilən tədbirlər işıqlandırılıb. Tədbirlər planında nəzərdə tutulan vəzifələrin icrası davam etdirilir.
Görkəmli mütəfəkkirin türk dünyasının ortaq dəyəri kimi geniş tədqiqə və təbliğə ehtiyacı olduğunu diqqətə çatdıran Surə Seyid keçirilən konfransın Naxçıvani irsinin tədqiqinə yeni cığırlar açacağına, diskussiya və müzakirələrin yeni elmi baxışların və yanaşmaların yaranması ilə nəticələnəcəyinə əminliyini bildirib, konfransın işinə uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli “Nemətullah Naxçıvaninin elmi irsi və müasirlik” mövzusunda çıxış edib. O bildirib ki, dərin biliyə və yüksək mənəvi keyfiyyətlərə malik Nemətullah Naxçıvaninin digər təfsirlərə müraciət etmədən yazdığı, “Qurani-Kərim”in elmi-nəzəri şərhi olan “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” əsəri islamşünaslığa və bütövlükdə, müsəlman dünyasına ən böyük töhfədir. Bütün əsərlərində və təfsirində insanı kamilliyə aparan yol, mənəvi paklıq və təmizlik, uca yaradanın qüdrət və qüvvəti, dinlər və peyğəmbərlər haqqında düşüncələri, dinlərin fəlsəfi və elmi izahından bəhs edən müəllif bəşəri ideyaların vahidliyinin, insanların və dinlərin həmrəyliyinin əhəmiyyətini təbliğ edir. Görkəmli alimin zəngin yaradıcılığı müasir dövrümüzdə də dinlərin, xüsusilə İslam dinin elmi-fəlsəfi cəhətdən öyrənilməsi baxımından aktuallıq kəsb edir.

Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurt “Tarixi və təsəvvüfi bir şəxsiyyət kimi Nemətullah Naxçıvani” mövzusunda çıxış edərək bildirib ki, Şərqin böyük filosofu və din alimi Nemətullah Naxçıvaninin elmi yaradıcılığında qədim türk sivilizasiyası ilə İslam dini dünyagörüşü vəhdət təşkil edir.
AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev “Nemətullah Naxçıvani və Naxçıvan” mövzusunda çıxış edərək diqqətə çatdırıb ki, Nemətullah Naxçıvaninin yaradıcılığında fəaliyyətinin Naxçıvan dövrü mühüm mərhələ təşkil edib.
AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu çıxışında Nemətullah Naxçıvaninin “Gülşəni-raz” əsərini klassik şərhçiliyin dəyərli nümunəsi kimi qiymətləndirib.
Konfransda çıxış edənlər Nemətullah Naxçıvani irsinə göstərilən yüksək diqqətə və bu barədə verilən Sərəncama görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlıq ediblər.
Naxçıvan Televiziyasının hazırladığı “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli filminin nümayişi ilə konfransın plenar iclası öz işini yekunlaşdırıb.
AMEA Naxçıvan Bölməsində davam etdirilən konfransda “Nemətullah Naxçıvani: dövrü və mühiti”, “Nemətullah Naxçıvaninin irsi və tərcümə məsələləri”, “Nemətullah Naxçıvani və təsəvvüf fəlsəfəsi” və “Nemətullah Naxçıvani yaradıcılığında fəlsəfə və din” adlı bölmələr üzrə müxtəlif mövzularda məruzələr dinlənilib.




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
“Şəhərdən Kəndə” aqroekoturizm layihəsinin icrasına başlanılıb
19.07.2019
Milli Mətbuatın 144 illiyi ərəfəsində Nəsimi rayonunda jurnalistlərlə görüş keçirilib
19.07.2019
Naxçıvanda 535 milyon 770 min manatdan çox tikinti-quraşdırma işləri görülüb
19.07.2019
Azərbaycanda hərbi cinayətlərin sayı azalıb
19.07.2019
Yerlər dolduğu üçün Bakıda bəzi hotellər satışı dayandırdı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info