“Növbəti tədbirimiz Cocuq Mərcanlıda olacaq”
Tarix: 09.07.2019 | Saat: 20:19:00 | E-mail | Çapa göndər


Tanınmış pəhləvan Nurəddin Beyləqanlı: “Bizim də məqsədimiz odur ki, gənclərimiz idmanla, sağlam həyat tərzi ilə məşğul olsunlar. Azərbaycanın bayrağını ucaltsınlar”

Ölkəmizdə pəhləvanlığın qədim ənənəsi var. Bu gün tanınmış pəhləvan Nurəddin Beyləqanlı bu ənənəni yaşadanlardandır. Redaksiyamızın qonağı olan pəhləvan və onun media üzrə yardımçısı Nisə Yusifqızı son tədbirlərlə bağlı məlumat verdilər.
Pəhləvanlıq kimi el sənətini sevdiyini və onu yaşatdığını deyən Nurəddin Beyləqanlı bildirdi ki, istər ölkədə, istərsə də xaricdə çox sayda tədbirlərdə çıxış edib. Ölkəmizdə reallaşan son tədbir Bakının Dəmir Yol Vağzalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96 illiyi münasibəti ilə musiqili idman tədbiri olub. Bildirildi ki, Azərbaycan bayrağı ilə bəzədilmiş platformada və ətraf ərazilərdə xeyli sayda tamaşaçının toplaşdığı tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb və musiqili şou proqramının aparıcılarından olan telejurnalist yazıçı Kamil Məhərrəmoğlu Ulu Öndər Heydər Əliyevin misilsiz fəaliyyətindən söhbət açıb, bu tədbirin gənclərimizin vətənpərvər ruhda böyüməsində əhəmiyyətindən danışıb.
Proqramın aparıcısı və müğənni Nisə Yusifqızı ifa etdiyi "Azərbaycan" mahnısı ilə tədbirdə xoş ovqat yaradıb. Nizami rayonu 229 saylı tam orta məktəbin şagirdi Rəhilə Rəcəbli, Binəqədi rayonu 182 saylı tam orta məktəbin şagirdləri Əli Hüseynli və Zəhra Hüseynli dahi şəxsiyyət Heydər Əliyevin xatirəsinə yazılmış şeirləri xüsusi məharətlə söyləyiblər və mahnılar səsləndirilib. Vaxtilə məşhur, adlı-sanlı Rəşid pəhləvandan dərs almış və uzun illər pəhləvanlıq etmiş Ağabəy pəhləvan və Müsəllim pəhləvan, dostları ilə qürur hissi keçirdiklərini bildiriblər və Nurəddin Beyləqanlıya uğurlar arzulayıblar. Sonra əyləncəli musiqili şou proqramı başlayıb. Pəhləvanın çıxış etdiyi ilk şou olduqca maraqlı və heyrətləndirici olub. Nurəddin Beyləqanlı 150 millimetrlik mismarı alnı ilə iki həmlədə taxtaya vurduqdan sonra, dişiylə mismarı çıxardarkən alqış sədaları hər tərəfə yayılıb. Olduqca riskli və qeyri-adi hərəkətləri ilə tədbir iştirakçılarını heyrətləndirən pəhləvanımız bu dəfə diametri 15 sm qalınlığında olan dəmir armaturu dişləri ilə iki yerə qatlayıb. Nurəddin Beyləqanlının göstərdiyi bu proqram hər kəsi təəccübləndirib. Sonra acıq havada iki "Niva" markalı avtomobili əks istiqamətə sürməyə cəhd edən sürücülər təmir barmaqlıqlar arasında məngənə kimi sıxılaraq yerindən tərpənə bilməyib. Nurəddin Beyləqanlı hər iki qolu ilə avtomobillərin hərəkətini dayandırmaqla qeyri-adi güc nümayiş etdirib. Hamının dəmir adam adlandırdığı pəhləvanımızın sonuncu proqramı olduqca maraqlı və təhlükəli olub. Təsəvvür edin ki, 64 ton ağırlığında olan vaqonu saçıyla dartaraq yerindən tərpədib və ardınca aparıb. Bu şou proqramının da öhdəsindən uğurla gələn pəhləvanımızın qeyri-adi gücü hər kəsi heyrətləndirib və alqışlarla qarşılanıb. Minlərlə paytaxt sakinləri bu canlı səhnəyə tamaşa edib, Azərbaycan pəhləvanı ilə qürur duyublar. Tədbir geniş ictimaiyyət tərəfindən alqışlarla qarşılanıb.
Bundan sonra da nə qədər gücü varsa bu tədbirləri həyata keçirəcəyini deyən pəhləvan bildirdi ki, bu sahə həqiqətən də lazımdır: “Hazırda pəhləvanlarımız çox azdır. Bizdən əvvəl də pəhləvanlar olub. Bu gün 5-10 nəfər pəhləvanımız var. Bizim Eldar, Rəşid, Əli, Yaşar, Ağabəy, Müsəllim, Qaçay və onun oğlanları Allahverdi və Təvəkkül kimi pəhləvanlarımız olub və hazırda da var. Mən hər zaman çalışıram ki, pəhləvanlarımızı cəlb edim. Bizim də məqsədimiz odur ki, gənclərimiz idmanla, sağlam həyat tərzi ilə məşğul olsunlar. Azərbaycanın bayrağını ucaltsınlar. Mən dünyanın bir çox yerlərində çıxış edirəm və on minlərlə tamaşaçı olur. Ölkəmizdə də tamaşaçı çox olur və hətta xaricdə daha da böyük maraqla qarşılayırlar. Belə tədbirlərlə bağlı məsələn, yerli icra hakimiyyətləri dəvət edirlər gedirik. Xaricə də dəvət olduqda gedirəm. Başqa heç bir dəstək yoxdur. Dəstək olmayanda bir az ruhdan düşürük. Ən çox xarici ölkələrə dəvət edirlər və xaricilər də böyük maraqla qarşılayırlar. Əslində ölkədən kənarda çıxış etmək çox çətindir. Mən istəyirəm ki, bu sənət itməsin. Şəhərdə gedərkən insanlar, xüsusilə də gənclər çox maraqlanırlar. Bir çox ölkələrdə fəxri adlar almışam. Məsələn, Türkiyədə, Qazaxıstanda laureat adına layiq görülmüşəm. Ancaq mənim öz ölkəmizdə heç bir fəxri adım yoxdur. Təqdimat zamanı tədbirlərdə soruşurlar sizi necə təqdim edək? Ancaq olmadığına görə mən deyə bilmirəm. Mənimlə bağlı təqdimat Mədəniyyət Nazirliyindədir. Ümid edirəm ki, tezliklə ölkəmizdə də fəxri ada layiq görüləcəm”.
N.Beyləqanlı onu da vurğuladı ki, ötən il dekabrın 24-də Prezident İlham Əliyevin doğum günü ilə bağlı Ramana qəsəbəsində Əlillər evində tədbir təşkil ediblər: “Həmin ənənəyə yenə sadiq qalacağam. Bu il də mənim təşkilatçılığımla Prezidentin doğum günündə bir sıra pəhləvanların iştirakı ilə sərhəd bölgəsində, Cocuq Mərcanlıda tədbir keçirəcəyik. Bu, həm pəhləvanlıq ənənəsinin davam etməsinin, həm də ölkə başçısına olan hörmətimizin göstəricisidir”.
Nigar






 
Bölməyə aid digər xəbərlər
16.10.2019
70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
16.10.2019
Masallıda Nəsiminin yubileyinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib
16.10.2019
Gənclər Fondunun Müşahidə Şurasının növbəti iclası keçirilib
16.10.2019
Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə müsabiqə keçirilib
16.10.2019
AGAT-a yeni sədr seçilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10916

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info