“Milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında orta təhsilin rolu böyükdür”
Tarix: 16.08.2013 | Saat: 19:42:00 | E-mail | Çapa göndər


Tural Hümbətov: “Bu gün gənclərimiz istər tarixlərinə, istərsə də dövlətçilik və mədəni irslərinə hörmətlə yanaşır”

Şərqi Avropada Təhsil Alan Tələbə və Məzunlar İctimai Birliyi 2011-ci ildən fəaliyyətə başlayıb. Adından da göründüyü kimi, bu təşkilat Şərqi Avropada təhsil alan tələbələri və məzunları öz ictimai fəaliyyət “çətiri” altında birləşdirib. Təşkilatın sədri Tural Hümbətov bizimlə söhbətində dedi ki, günümüzdə ölkəmizdəki gənclərin əksəriyyətinin rus dili haqqında az-çox məlumatlı olması həmin gənclərin Şərqi Avropa ölkələrinə marağını daha çox cəlb edir: “Bu özünü həm mədəni, həm elmi, həm də ictimai fəaliyyət istiqamətlərində göstərməkdədir. Sadaladığımız amillər fonunda Şərqi Avropada təhsil alan, yaşayan azərbaycanlı gənclərin vahid mərkəz altında ictimai fəaliyyətini təşkil etmək təşkilatımızın başlıca prioritet istiqamətlərindəndir. Təhsil aldığımız dövrdə həmin ölkələrdə göstərdiyimiz ictimai fəaliyyət nəticəsində qazandığımız təcrübə bu gün bizim təşkilatın fəaliyyətini uğurla aparmağımıza təkan verən başlıca amillərdəndir”. T.Hümbətov söhbət əsanasında bu və digər məsələlərə daha ətraflı aydınlıq gətirdi.

-Elm və təhsilin inkişafı ölkənin ümumi inkişafının təmin olunması baxımdan nə dərəcədə əhəmiyyətlidir?
- Elm və təhsilin inkişafı ölkənin və onunla birgə cəmiyyətin inkişafında misilsiz rola malikdir. Bu gün savadlı Azərbaycan gənclərinin olması istər ölkənin tanıdılması, istərsə də ölkəmizə qarşı aparılan təbliğatın əngəllənməsində, Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rola malikdir. Elm və təhsilin inkişafı rəqabətə davamlı gənclər ordusu yaradılmasına imkan yaradır ki, məhz belə gənclər Azərbaycanın firavan gələcəyinin təminatçıları rolunu oynayırlar. Dövlətimizin Azərbaycan gənclərinin maarifləndirilməsi məqsədi ilə yeritdiyi aktiv siyasət son dövrlərdə dünyanın müxtəlif ölkələrində azərbaycanlı tələbələrin sayının artmasına səbəb olub. Dövlətimizin artan qüdrəti, beynəlxalq nüfuzu regionda Azərbaycana olan marağı artırıb. Beynəlxalq aləmdə Azərbaycanın dəstəklənməsi yönündə sözügedən gənc intellektual kapitalın rolu danılmazdır. Bu kapitalın düzgün istiqamətləndirilməsi, qiymətləndirilməsi və idarə olunması ölkəmizin başlıca konsepsiyalarındandır. Məhz bu prizmadan yanaşaraq müxtəlif elmi konfranslarda, tədbirlərdə azərbaycanlı gənclərin iştirakının artırılması, elmin müxtəlif sahələri üzrə gənclərimizin səmərəli müzakirələrinin təşkil edilməsi, əldə etdikləri yeni bilik və bacarıqların həmkarları arasında bölüşdürülməsi, yeni elmi texnologiyaların ölkəmizdə tətbiqi istiqamətində səmərəli addımların atılması təşkilat olaraq əsas hədəflərimizdəndir.
- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında orta təhsilin nə kimi rolu var?
- Milli-mənəvi dəyərlərin qorunması və yaşadılmasında orta təhsilin rolu böyükdür. Hətta bütün şagirdlərə Vətənin məhz oturduğu parta arxasından, oxuduğu kitabdan başlanmasının aşılanması da təsadüfi deyil. Məhz orta təhsil müəssisələrində şagirdlər öz gələcək həyatlarının özülünü qazırlar və bu dövrdə onların düzgün yönəldilməsi təkcə təhsil müəssisəsinin deyil, o cümlədən onlarla bilavasitə əlaqədə olan hər bir cəmiyyət üzvünün borcudur. Məhz parta arxasından bizlərə milli-mənəvi dəyərlərimiz aşılanır, Vətənə, millətə sevgi anlamını dərk etməyə başlayırıq. Təsadüfi deyil ki, bu dövrdə sözügedən hisslərin insana düzgün aşılanmaması onların gələcəkdə öz millətinin, dövlətinin tarixini, mədəniyyətini, dəyərlərini dərk etməməsinə və onlara qarşı hörmətsiz yanaşmasına səbəb olur. İnsanın bir növ millətindən uzaq düşməsinə səbəb olur.
- Gənclərin Azərbaycan tarixinə, dövlətçilik ənənələrinə və mədəni irsinə bağlılığını necə dəyərləndirirsiniz?
- Bu gün gənclərimiz istər tarixlərinə, istərsə də dövlətçilik və mədəni irslərinə hörmətlə yanaşır. Müasir dövrdə məhz bizim tarixə öz yalanları ilə kölgə salmaq istəyən mənfur düşmənlərimizə qarşı bir növ gənclərimizin birliyinin yaranması, onların öz tarixi, dövlətçiliyi və mədəni irslərinə bağlılığının bariz nümunəsidir.
Bundan başqa, dünyanın bir çox ölkələrində Azərbaycan gəncləri tərəfindən vətənimizlə bağlı onun tarixi, mədəni və dövlətçilik irsini təbliğ edən müxtəlif məzmunlu tədbirlərin keçirilməsi Azərbaycan gəncliyinin öz millətinə bağlılığının aşkar sübutudur. Sözsüz ki, bu tədbirlər ölkə xarici ilə bitmir, o cümlədən ölkəmizdə müxtəlif təşkilatların gəncləri tərəfindən dəvət olunan qonaqlara Azərbaycanın tarixi və mədəni irsinin məhz əyani olaraq göstərilməsi, onlara Azərbaycanın reallıqlarının çatdırılması, şübhəsiz ki, Azərbaycanın haqq səsinin dünyaya eşitdirilməsində misilsiz rola malikdir.
-Elm və təhsilin inkişafı istiqamətində hansı layihələr keçiribsiniz?
- Bildiyiniz kimi, təşkilatımızda daha çox Şərqi Avropada təhsil alan azərbaycanlı tələbələr və məzunlar birləşib. Təşkilat əsasən potensiallı gənclərin birliyindən formalaşıb və bu gənclər də məhz elm və təhsilin inkişafı istiqamətində əhəmiyyətli tədbirlərdə təşkilati baxımdan aktiv fəaliyyət göstərirlər. Elm və təhsilin inkişafı ilə bağlı 2012-ci ilin iyul ayında Şərqi Avropa ölkələrinin universitetlərinin rəhbərlərinin də qatıldığı “Şərqi Avropa-Azərbaycan təhsil dialoqu” layihəsini həyata keçirdik. Layihə çərçivəsində Azərbaycanlı tələbələrlə görüşən Şərqi Avropa universitetlərinin rəhbərləri öz təcrübələrini bölüşdülər və azərbaycanlı tələbələri maraqlandıran sualları cavablandırdılar. Həmçinin gələcəkdə Azərbaycan universitetləri ilə qarşılıqlı diplomların verilməsi məsələsi də maraqla müzakirə olunan suallar sırasında idi.
Bundan başqa, “Azərbaycan övladları” layihəsi çərçivəsində Ukraynanın Simferopol və Odessa şəhərlərində təhsil alan tələbələrlə görüşlər keçirilib, onların öz ölkələrini ukraynalı həmyaşıdlarına təqdim etmələri üçün təşkilati işlər görülüb. Layihə nəticəsində ukraynalı tələbələrin Azərbaycana olan maraqları artıb, Azərbaycan və azərbaycanlılara qarşı stereotiplərin qırılması prosesinə start verilib.
Sözsüz ki, bu istiqamətdə layihələrimizi sadalamaq uzun zaman aparar, lakin son layihəmizi də qeyd etmək yerinə düşər. Belə ki, Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondu tərəfindən dəstəklənən “Millenium” layihəsi çərçivəsində gözdən əlil uşaqlar üçün Azərbaycan və dünya klassiklərinin əsərləri mp3 formatda audio kitab şəklində səsləndirilib. Hesab edirik ki, məhz bu gənclər üçün dünya və Azərbaycan klassiklərinin əsərləri ilə tanışlıq həyatlarında müəyyən dəyişiklik yaradacaq və onların qqsurlarına baxmayaraq layiqli bir vətəndaş kimi yetişmələrində misilsiz rola sahib olacaq.
-Hazırda bu istiqamətdə hansı işlər görürsünüz?
- Hazırda Azərbaycanımızın təbliğatı yönündə fəaliyyətimizi davam etdiririk və yaxın zamanlarda bir neçə Şərqi Avropa ölkəsində məhz orda təhsil alan tələbələr ilə Azərbaycanın tarixi həqiqətlərini özündə əks etdirən sərgilərin keçirilməsini qarşımıza məqsəd qoymuşuq. Bu sərgilər Azərbaycanın Qarabağ münaqişəsinin bir daha Şərqi Avropa ictimaiyyəti tərəfindən izlənməsinə səbəb olacaq və Azərbaycanın haqq səsinin nəinki o ölkələrdə yaşayan azərbaycanlılar, eyni zamanda da həmin ölkələrin vətəndaşları tərəfindən səsləndirilməsi və Azərbaycanın haqq mövqeyinin qorunması ilə nəticələnəcək.
- Bu işlərin həyata keçirilməsində dövlət və QHT-lərlə əməkdaşlıq edirsinizmi?
- Bəli, sözsüz ki, istər dövlət, istərsə də QHT-lərlə əməkdaşlıq edirik. Biz öz fəaliyyətimizdə digər gənclər təşkilatları ilə də əlaqələrə maraqlıyıq. Bizlər gəncik və biz gənclərin ən ümdə vəzifəsi ölkəmiz Azərbaycanın dünyada tanıdılması yönündə əlimizdən gələnin ən yaxşısını etməkdir. Hamımız azərbaycanlıyıq. Bizim təşkilat olsun, ya qeyrisi-biz gənclər Azərbaycan gələcəyi naminə fəaliyyət göstəririk. Öz fikirlərimizi həmkarlarımızla bölüşürük, onların fikirlərini paylaşırıq, qarşıya qoyulan hər hansı bir işin həyata keçirilməsi üçün birgə fəaliyyət göstəririk. Biz Azərbaycanın təbliği işində bir-birimizlə yarışmırıq, əksinə bu işdə bir-birimizə yardım edirik. Onsuz da beynəlxalq aləmdə bizə mane olan, bizi istəməyən qüvvələr də var. Bizim işimiz 100 metrlik qaçış yarışı deyil ki, tək başımıza qarşıya qoyduğumuz məqsədə çataq və işimiz bununla bitsin. Bizim yolumuz uzundur və bu yarışda bayrağı bir az biz, bir az həmkarlarımız, yəni, hər kəs fəaliyyət göstərməklə daşıyırıq və daşıyacağıq. Fərq sadəcə formadadır, məzmun isə eynidir-Azərbaycan gənclərinin ictimai fəaliyyətinin əlaqələndirilməsi, Azərbaycanın təbliğatı.
-Gənc nəslin elm və təhsilini artırmağa marağı necədir?
- Gənc nəsil öz üzərində işləyir, çalışır, qazandıqları uğurlarla kifayətlənməyərək daha da irəli getməyə can atırlar. Sözsüz ki, bu işdə bizlərin də üzərinə yetərincə məsuliyyət düşməkdədir. Səbəb isə onların biz və bizim kimi digər QHT-lərin ətrafında birləşərək bizlərin təcrübəsindən faydalanmalarıdır. Elm və təhsillərinin artırılması gənc nəslin öz həmyaşıdları olan dünya gəncləri ilə eyni səviyyədə ünsiyyət qurmasına təkan verir və bu səbəbdən onların yeniliyə can atması və qazanılmış nailiyyətləri ilə kifayətlənməmələri bizlər üçün qürurverici bir haldır.
-Tələbələr və gənclərin intellektual səviyyəsinin yüksəldilməsi üçün nələr edilməlidir?
- Tələbə və gənclərimizin intellektual səviyyəsinin yüksəldilməsi üçün ilk növbədə onların potensiallarının düzgün istiqamətdə yönləndirilməsi vacib amillərdəndir. Təcrübəyə əsaslanaraq gənclərin məhz öz istədikləri sahənin arxasınca getdiyi zaman məqsədlərinə çatmaqdan ötrü əllərindən gələni etməyə hazır olduqlarının bir neçə dəfə şahidi olmuşam. Sözsüz ki, gənclərin yeni dövrün çağırışlarına hazır olmaları vacibdir. Bu səbəbdən onların yetərincə mütaliə etmələri, başda Azərbaycan olmaqla dünya klassiklərinin əsərləri ilə tanış olmaları, tariximizi və mədəniyyətimizi mükəmməl bilmələri, digər xalqların mədəniyyət nümunələri ilə tanış olmaları əsas şərtlərdəndir. Analitik düşünmə qabiliyyətinin inkişaf etdirilməsi gənclərin istər öz yaşıdları, istərsə də daha təcrübəli böyükləri ilə müxtəlif istiqamətdə elmi müzakirələr aparmaları onların intellektual səviyyəsinin yüksəldilməsində mühüm amillərdəndir.
- Gələcək üçün hansı planlarınız var?
- Planlar çoxdur. Bu il şüarımız “Lobbiçilik işimizdə diversifikasiya”dır. Yəni, qeyri-standart, insanlara maraqlı olacaq yollarla ölkəmizi tanıtmaqdır. Şəxsən mənim fikrim budur ki, nə ediriksə edək, əsas həmişə pozitiv olmaqdır. Bu il üçün qarşıda bir sıra beynəlxalq təşkilatlarla birlikdə edəcəyimiz layihələr durur.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info