Kəndin inkişafında kooperasiyalaşlamanın rolu
Tarix: 12.07.2019 | Saat: 16:30:00 | E-mail | Çapa göndər


Dünya bazarında neftin qiymətinin kəskin şəkildə azalmasından sonra öz iqtisadiyyatını neft və neft məhsullarının satışı üzərində qurmuş ölkələrin yadına yaxşı unudulmuş “Holland sindromu” düşdü. İqtisadiyyatı şaxələndirmək, qeyri-neft sektoruna investisiya qoymaq, ölkə iqtisadiyyatını xarici idxaldan asılılıqdan xilas etmək üçün yollar axtarmağa, təkliflər hazırlamağa, “yol xəritələri” tərtib edilməyə başladılar.
Bu sahədə torpaqdan səmərəli istifadə etməklə iqtisadiyyatın gücləndirilməsi, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi, kəndlərdə iş yerlərinin yaradılması, emal sənayesinin inkişafı məsələsi xüsusi aktuallıq kəsb etməyə başladı.
İnsanlar torpağa daha böyük ümidlə baxmağa, ondan düzgün istifadə etməklə həyatlarını yaxşılaşdırmağa başladılar. Kəndli torpağa qayıtmağa, insanlar torpağa əyilməyə can atdı...
Bu zaman torpağın kəndli əməyi ilə birləşdiyi, birləşdirilməyə cəhd edildiyi anda məlum oldu ki, torpağı olan kəndlinin, fermerin, kənd ziyalısının illərlə yığılıb qalmış, həllini gözləyən çoxsaylı problemləri var. Bu problemləri həll etmədən kəndlinin torpağa qoyduğu əmək,”Sizif” əməyi olaraq qalacaq-zəhmət çox, bəhrəsi az olacaq.
Kəndliyə paylanmış torpaq hissələrindən səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, gəlir götürmək üçün birgə fəaliyyətə, əməkdaşlığa, əlaqəyə ehtiyac olduğu üzə çıxdı.
Müəyyən edildi ki, fermerlərin sərəncamında kifayət qədər torpaq sahəsi olmadıqda onların müasir kənd təsərrüfatı texnologiyalarını tətbiq etmək, səmərəli melliorasiya sistemi qurmaq, toxumlarla, gübrələrlə, maşın mexanizmlərlə təmin etmək, əlverişli şərtlərlə kredit götürmək imkanları məhdud olur. Bazarlara çıxış, məhsulu səmərəli qiymətə satmaq, sığortalaşmanı həyata keçirmək, ilkin kapital qoyuluşunu təmin etmək mümkün olmur. İl ərzində min əziyyətlə becərilən məhsuldan bütöv bir ailənin əldə etdiyi mənfəət adi bir alverin aylıq mənfəətdən aşağı olur. Aylarla müxtəlif idarələrin qapısında texnika, mexanizm, gübrə, toxum, su gözləyirsən, ala bilmirsən, alanda da gec olur, məhsul zay olub batır. Kənddə deyildiyi kimi, abırın gedir, məhsul batır, əməyin heçə gedir.
Kəndli düşünür ki, gedib şəhərdə kiminsə bağında bağban işləyib ayda 300 manat almaq bundan sərfəlidir. Torpağını dəyər- dəyməzilə satır, şəhərə köçür, urbanizasiyanın bəhrələrindən intensiv şəkildə faydalanmağa başlayır.
Ölkəmizdə bütün bu və digər problemlərin həlli üçün irəli sürülən ilk təkliflərdən biri kimi kiçik kəndli pay torpaqlarının birləşdirilməsi, kooperasiyaların yaradılması ideyası irəli sürülmüşdür.
İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, torpaq sahələrinin səmərəli, intensiv kooperasiyası və onlarda işin düzgün təşkili daha az xərclərlə ölkədə, xüsusilə kənd yerlərində məşğulluğu təmin etməyə, əhalinin rifahını yaxşılaşdırmağa, kəndçinin gəlirlərini artırmağa, əmək məhsuldarlığını yüksəltməyə, bazarları və emal sənayesini bol məhsulla təmin etməyə və s.imkan yaradır.
Azərbaycan kəndinin-fermerlərin, kənd təsərrüfat mütəxəssislərinin, iqtisadçıların tələbatının ödənilməsi və bu sahədə beynəlxalq təcrübənin nəzərə alınması 14 iyun 2016-cı ildə Kənd təsərrüfatı kooperasiyası haqqında Azərbaycan Respublikasının Qanununun qəbul olunmasına səbəb oldu. Bu qanun kənd təsərrüfatı kooperasiyasının formalaşmasının və inkişafının, kənd təsərrüfatı kooperativlərinin təşkili və fəaliyyətinin hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanunun məqsədi Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsulları istehsalçılarının könüllü birləşməsi əsasında iri kənd təsərrüfatı müəssisələri yaratmaq, onların istehsal potensialından səmərəli istifadə etməklə rəqabət qabilliyyətli kənd təsərrüfat məhsulları istehsal etmək, məhsuldarlığı artırmaq, kənd təssərüfat kooperasiyasının formalaşmasına və inkişafına təkan vermək, kooperasiya iştiraçkılarının iqtisadi, sosial və digər maraqlarını qorumaqdır.
Fikrimizcə, qanunun hazırlanması və qəbulu prosesində kənd təsərrüfatı kooperasiyalarının işi ilə bağlı təcrübənin az olması, bu sahədə zəruri praktik biliklərin azlığı nəticəsində, qanunda boşluqların olmasına baxmayaraq, bu qanunla ortaya qoyulan dövlət iradəsi çox faydalı və zəruridir.
Qanuna görə kooperativlərə üzvlük könüllüdür və onun nizamnaməsində müəyyən edilən öhdəlikləri qəbul edən hər kəs üçün açıqdır. Kooperativlər demokratik əsaslarla idarə olunur, onun fəaliyyətinə üzvləri nəzarət edir. Kooperativin yaradılması, kooperativə üzvlük, üzvlərin hüquq və vəzifələri, kooperativin əmlakı, üzvlərin pay haqları və kooperativin mənfəəti və onun bölüşdürülməsi, kooperativin və onun üzvlərinin əmlak məsuliyyəti, kooperativdə idarəetmə, üzvlüyə xitam verilməsi və payın verilməsi, kooperativin yenidən təşkili və ləğvi, habelə kooperativin fəaliyyəti ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinə uyğun olaraq kooperativin nizamnaməsi ilə tənzimlənir.
Qanunda kooperativlərin inkişafına dövlət dəstəyinin əsas istiqamətləri müəyyənləşib.
Bu qanun əsasında ölkəmizdə 14 iyul 2017-ci ildə "Azərbaycan Respublikasında kənd təsərrüfatı kooperasiyasının inkişafına dair 2017-2022-ci illər üçün Dövlət Proqramı" qəbul olunmuşdur.
Qanunun qəbul edilməsi, Dövlət Proqramının fəaliyyət göstərməsinə baxmayaraq ölkədə kooperasiyaların yaranması prosesi ləng gedir.
Bunun başlıca səbəblərindən biri kənd əhalisinin mövcud Qanun və Proqramla yaxından tanış olmaması, onların kooperativlərin yaradılması, ümumiyyətlə kooperativləşmənin mahiyyəti və əhəmiyyəti, təşkili və idarə edilməsi ilə bağlı bilgilərinin az olmasıdır.
Bu boşluğu doldurmaq üçün Kənd Təsərrüfat Nazirliyi QHT-lərlə birgə əməkdaşlığı gücləndirməli, yerlərdə maarifçilik və təşkilatçılıq işi aparılmasına kömək etməlidir.
Hər rayona, hər kəndə, hər bir fermer ailəsilə kooperativin əhəmiyyəti, xarici təcrübə, iş mexanizmi, partnyorluq forması, mənfəətin bölüşdürülməsi, idarə edilməsi izah olunmalıdır ki, insanlar könüllü olaraq bu proseslərdə fəal iştirak etsinlər.
A.Kərimov
“Kooperasiyanın İnkişafına dəstək” İctimai Birliyinin eksperti- hüquqşünas




 
Bölməyə aid digər xəbərlər
15.07.2019
Əlillərin metrodan istifadəsi üçün xüsusi xidmət fəaliyyətdədir
13.07.2019
Bu ilin 6 ayı ərzində Dövlət Məşğulluq Xidməti 54 minə yaxın şəxsi işlə təmin edib
13.07.2019
Ağdamda şəhid ailəsi üçün tikilən ev istifadəyə verilib
13.07.2019
“Kənddən şəhərə” satış mərkəzinin Əhmədli filialı istifadəyə verilib
12.07.2019
Lökbatan qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10827

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
4 Rufiz Qonaqov: “Avropa İttifaqı üçün Azərbaycan vacib strateji tərəfdaşdır”
5 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info