Bakı və Brüsselin mövqeyi eynidir: Münaqişə Azərbaycanın ərazi bütövlüyü şərti ilə həll edilməlidir
Tarix: 16.07.2019 | Saat: 18:07:00 | E-mail | Çapa göndər


Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər haqqında antiazərbaycançı mərkəzlər və erməni lobbisi tərəfindən əsassız informasiyalar yayılır. Hətta bir sıra hallarda Aİ ilə Azərbaycan arasında ciddi ziddiyyətlərdən bəhs edilir. Lakin bu kimi informasiyalar hər dəfə bu və ya digər tərəfin rəsmi nümayəndələrinin səfərləri zamanı tamamilə puça çıxır. Bu dəfə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun regiona səfəri çoxlarının danışdığı yalanları üzə çıxardı. “Newtimes.az” yazır ki, D.Tusk ikinci dəfədir Aİ Şurasının prezidenti kimi Azərbaycana səfər edib. Artıq onun səlahiyyət müddəti bitib və bu səfər mahiyyətcə vida xarakterlidir. Həmin keyfiyyətdə də səfər, faktiki olaraq, Aİ-nin müstəqil dövlətlərlə əlaqələrinin xarakterini müəyyən mənada qiymətləndirmə məqsədi daşıyır. Yəni, hansı dövlətlə Aİ-nin münasibətləri hansı səviyyədədir və onun perspektivi necədir: “Prezident İlham Əliyevlə D.Tuskun Bakıda apardıqları müzakirələr yuxarıda vurğulanan məqamlar baxımından çox maraqlıdır. Aydın göründü ki, Aİ üçün Azərbaycan Cənubi Qafqazda strateji əhəmiyyəti olan ölkədir. Regionun başqa heç bir dövləti ilə Aİ-nin bu səviyyədə geniş və dərin əlaqələri yoxdur. Azərbaycan müstəqil dövlət və regionun lideri kimi Brüssellə münasibətlərini elə qurub ki, hər zaman konkret proqramların həyata keçirilməsi özünü göstərir. Ümumi vədlərə əsaslanan, gəlişigözəl sözlərlə bəzənən bir münasibət yoxdur. Məsələn, D.Tuskun ermənilərə yanaşması nə qədər yaxşı olsa da (hətta bir sıra məqamlarda o, ermənipərəst siyasətçi təsiri bağışlayır), konkret məsələlər üzrə hansısa praktiki fəaliyyət gözə dəymir. Nikol Paşinyana qədər Aİ ilə Ermənistan arasında münasibətlər ümumi sözlər və dilənçi payı verməklə məhdudlaşırdı, indi isə meydana bunlardan əlavə geosiyasi ziddiyyətlər də çıxıb”.
Rəsmi olaraq prioritet statusu almış bir sənəddə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı konkret göstərilirsə, Aİ üçün bu, bir qanundur
Sayt yazır ki, Azərbaycanın regional inkişaf və təhlükəsizliklə bağlı Aİ ilə yaxın tərəfdaşlığı konkret proqramların reallaşmasına əsaslanır: “Onlar həm Brüsselin, həm də Bakının təşəbbüsü ilə həyata keçirilir. Bu səbəbdəndir ki, Aİ Azərbaycanı enerji təhlükəsizliyinin təminində vacib ölkələrdən biri kimi qəbul edir. Bu prizmadan Prezident İlham Əliyevin vurğuladığı yeni sazişlə bağlı Avropa Komissiyası ilə Azərbaycan arasında aparılan danışıqlar xüsusi önəm kəsb edir. Dövlətimizin başçısı həmin kontekstdə ifadə edib: “Danışıqların perspektivləri ilə bağlı fikirlərimizi ifadə etdik. Danışıqlar uğurla davam edir. Bir çox məsələlər artıq öz həllini tapıb. Hazırda biz yaxşı tərəfdaşlıq ruhunda digər məsələlər üzərində iş aparırıq”. Deməli, Aİ-Azərbaycan münasibətləri kifayət qədər möhkəm təməl üzərində qurulub. Söhbət nəinki bu münasibətlərin pisləşməsindən gedə bilməz, hətta Brüssel onun daha dolğun, uzunmüddətli və mütərəqqi olması üçün təşəbbüs göstərir. Bu isə Bakının təklif etdiyi strateji əməkdaşlıq sənədi üzərində aparılan işdə konkret ifadəsini tapır. Bu baxımdan 2018-ci il iyulun 11-də Aİ ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” adlı sənədin qəbul olunması ayrıca diqqət tələb edir. İlham Əliyev D.Tuskla görüşündən sonra onu ayrıca vurğulayıb. Ölkə rəhbəri deyib: “Bu, çox mühüm sənəddir. Burada Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığına dəstək ifadə olunur”. Mövqe kifayət qədər aydındır: Aİ rəsmi olaraq Azərbaycanla münasibətlərin prioritet istiqamətləri sırasında ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığını qeyd-şərtsiz prioritet məsələ kimi qəbul edir. Bu fikirdə, əslində, son vaxtlar bəzi qüvvələrin Aİ-Azərbaycan münasibətlərinə kölgə salmaq məqsədi ilə ortaya atdıqları iftiralara cavab vardır. Belə ki, onlar Aİ-nin Azərbaycanın ərazi bütövlüyü məsələsini qəbul etmək istəmədiyi kimi cəfəng fikirlər yaymağa çalışdılar. Məsələ təbii ki, dərhal aydınlaşdı. İndi isə Prezident İlham Əliyevin dəqiq ifadə ilə real vəziyyəti əks etdirməsi məsələyə nöqtə qoymuş olur. Çünki rəsmi olaraq prioritet statusu almış bir sənəddə ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı konkret göstərilirsə, Aİ üçün bu, bir qanundur. Ondan kənara çıxmaq mümkün deyil. Və ya bu, Aİ-nin iflası demək olardı”.

Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir
Qeyd edilir ki, əslində, D.Tusk da eyni fikirləri ifadə edib: “O, İrəvanda da açıq bəyan etmişdi ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları və Helsinki Yekun Aktının şərtləri daxilində həll edilməlidir. Yəni, D.Tusk məsələyə Aİ-nin siyasi, ideoloji və hüquqi dəyərləri müstəvisində baxır. Bakıda o, bu mövqeyini daha aydın fikirlərlə ifadə edib. Aİ Şurasının prezidenti deyib: “Azərbaycan çox nadirdir. Ölkəniz özündə ənənə və müasirliyi birləşdirir. Bu günün mürəkkəb coğrafi landşaftındakı strateji mövqeyinizə görə Siz həm Şərqə, həm də Qərbə doğru baxırsınız. Əvvəllər də qeyd etdiyim kimi, cənab Prezident, Avropa İttifaqı Azərbaycanın suverenliyini, müstəqilliyini və ərazi bütövlüyünü dəstəkləyir”. Burada qaranlıq heç bir məqam yoxdur: D.Tusk Aİ ilə Azərbaycan arasında qəbul olunmuş “Tərəfdaşlıq prioritetləri”nin müddəalarına uyğun fikir bildirib. O, 2018-ci ildə müəyyən edilmiş prioritetlər kontekstində Azərbaycanla əlaqələrin perspektivini belə ifadə edib: “Avropa İttifaqı və Azərbaycan hər il bir-birinə yaxınlaşır. Münasibətlərimiz intensivləşib və mənim bugünkü səfərim buna aydın işarədir. 2018-ci ildə biz tərəfdaşlıq üzrə prioritetləri müəyyən etdik və Ümumi Aviasiya Məkanı üzrə Saziş, habelə yeni Aİ-Azərbaycan sazişi üzrə danışıqlar yekunlaşmaq üzrədir. İqtisadiyyatlarımız bunlardan faydalanacaq və bizim siyasi, biznes və mədəni münasibətlərimiz dərinləşəcək”. D.Tusk bundan başqa tərəflər arasında mühüm əhəmiyyət kəsb edən enerji və nəqliyyat layihələrinin xüsusi yer tutduğunu da vurğulayıb. Bütün bunların yekunu olaraq, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyev və D.Tuskun məzmunca bir-birindən fərqlənməyən fikirləri olduqca maraqlıdır. Bakı və Brüssel münaqişənin Azərbaycanın ərazi bütövlüyü şərti ilə ancaq beynəlxalq hüququn normaları çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıblar. Beləliklə, Aİ Şurasının prezidentinin Azərbaycana səfəri iki aspektdə əhəmiyyətli oldu. Birincisi, Brüsselin Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn normaları daxilində həllində maraqlı olduğu bir daha aydınlaşdı. İkincisi, Brüssel Azərbaycanla əlaqələrinin strateji xarakterini tam dərk edir və onun inkişaf etməsi üçün konkret addımlar atır. Aİ ümid edir ki, münasibətlərdəki “müsbət məqam tərəfdaşlığımızı daha yüksək səviyyəyə qaldırmalı, bütün xalqlarımız üçün birbaşa faydalı olmalıdır, Azərbaycanın islahatlar və iqtisadi şaxələnmə prosesini müşayiət etməlidir”.

“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
Yeri gəlmişkən qeyd edək ki, “Visa” beynəlxalq kart təşkilatı Azərbaycanın işğal olunmuş ərazilərində öz brendi ilə ödəniş kartları vasitəsilə bankomatlarda əməliyyatların aparılmasını tam dayandırıb. Bu qərar müəyyən edilmiş faktlardan sonra qəbul edilib. Mövcud problemin həlli istiqamətində əsaslı addımlar atan ilk beynəlxalq kart təşkilatı kimi "Visa" bu ərazilərdə Ermənistan banklarının quraşdırdığı 20-dən çox bankomatda təşkilatın brendini daşıyan ödəniş kartları ilə nağd və nağdsız formada əməliyyatların aparılmasını dayandırıb. Xatırladaq ki, ötən həftə Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib. Həmçinin qondarma Dağlıq Qarabağ respublikasının maliyyə nazirliyinin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı aşkarlanıb. Bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. MBNP tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatların brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.08.2019
“Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir”
08.08.2019
“Görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”
06.08.2019
“Ermənistan tərəfi təxribatçı açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur”
05.08.2019
Qarabağlı qızların toxuduğu Qarabağ xalçaları
01.08.2019
Qoşulmama Hərəkatı Azərbaycanın ədalətli mövqeyini müdafiə edir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10860

1 750 mindən çox vətəndaşın pensiyasında artım olacaq
2 Sabahdan Türkiyə ilə Naxçıvan arasında birbaşa hava dəhlizi açılır
3 Azərbaycana qarşı casusluq edən 128 nəfər aşkar edilib
4 “Dövlət dəstəyi olmadan Belarusda Azərbaycan turizminin təbliği ilə bağlı istənilən nəticə əldə olunmaz”
5 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info