“Kitab oxumağı təbliğ etmək lazımdır”
Tarix: 19.08.2013 | Saat: 20:50:00 | E-mail | Çapa göndər


Saməddin Nəsirov: “Yeniyetmələri kitab oxumağa yönləndirməliyik ki, onların pis vərdişlərə yiyələnməsinin qarşısını ala bilək”

İnternet əsrini yaşadığımız müasir dövrdə kitaba olan maraq azalıb. Əksəriyyətimiz vaxtımızın çoxunu kompyuter qarşısında keçirdiyimizdən kitab oxumaq ikinci plana keçib. Yəni, bu gün bizə lazım olan informasiyanı kitabdan deyil, internetdən alırıq. Bəs kitaba olan marağı saxlamaq, kitab oxumağı təbliğ etmək üçün nə etmək lazımdır? Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Saməddin Nəsirovla layihə çərçivəsində müsahibəmiz də elə bu haqdadır:

-Müasir dövrdə inkişaf elə sürətlə gedir ki, texnologiya ilə ayaqlaşmaq çətin olub. Kompyuter əsrində yaşadığımızdan müasir texnologiya olmadan keçinmək də mümkün deyil. Amma bu, o demək deyil ki, kitabı unutmalıyıq. Elm, texnika nə qədər inkişaf edirsə, etsin, kitabsız keçinmək mümkün deyil. Kitab yenə də əvəzolunmaz bilik, informasiya mənbəyidir. Sadəcə müasir dövrümüzdə kitabı insanlara sevdirmək lazımdır. Elə təbliğati vasitələrdən istifadə etmək lazımdır ki, insanlarımızı yenidən kitab oxumağa cəlb edə bilək. Quba rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi 1 mərkəzi, 1 şəhər, 90 kənd kitabxanası-cəmi 92 kitabxananı özündə birləşdirir. Biz rayonumuzda sakinlər arasında kitabı sevdirmək üçün müxtəlif üsullardan istifadə edirik. Ay ərzində çoxlu mədəni-kütləvi tədbirlər keçiririk ki, rayon sakinlərini kitabxanalara cəlb edə bilək. Bu mənada yay vaxtı açıq havada keçirdiyimiz kitab sərgiləri böyük önəm kəsb edir. Elə bu yaxınlarda Quba rayon mərkəzləşdirilmiş kitabxana sisteminin təşkilatçılığı ilə Bəşir Səfəroğlu adına rayon Mədəniyyət evinin qarşısında açıq havada oxucuların kitaba və kitabxanaya olan maraqlarını daha da artırmaq məqsədi ilə ümummilli lider 90 illik yubileyinə həsr olunmuş “Mütaliə həftəsi” adlı aksiya keçirdik. Aksiyada “Heydər Əliyev 90”, “Zərifə Əliyeva 90”, “Tarix yaradan şəxsiyyət”, “Heydər Əliyevin layiqli davamçısı”, “Müstəqilliyimiz əbədidir”, “Doğma Qarabağım”, “2013-cü il İKT ilidir”, “Kitabxanalarımız bu gün”, “Müasir Quba yazarları”, “Azərbaycan folkloru”, “Dünyanı dolaşan mədəniyyətimiz”, “Müəllif hədiyyəsi”, “Tarix keçmişdən gələcəyə”, “Uşaqların nağıl dünyası”, “Uşaqların sevimli yazıçıları”, “Bacarıqlı əllər” və s. başlıqlı sərgilər nümayiş etdirildi. Həmçinin aksiyada ədəbiyyatımızın görkəmli nümayəndələrinin əsərlərindən ibarət sərgilər də nümayiş olundu. Buna misal olaraq Mikayıl Müşfiq 105, Qara Qarayev 95, İslam Səfərli 90, Əliağa Kürçaylı 85, İsa Muğanna 85, Məmməd Araz 80, Cabir Novruz 80, Anar 75 və s. sərgiləri göstərmək olar. Ümumilikdə aksiyaya 1000-ə yaxın latın qrafikalı Azərbaycan ədəbiyyatı, 19 adda qəzet, jurnal və xeyli sayda müxtəlif xarici dillərdə çap məhsulları çıxarılmışdı. Sərgilərlə yanaşı, burada “Mütaliə stolu” təşkil edilmiş və yeni oxucuların kitabxanaya üzv olması üçün şərait yaradılmışdı. “Mütaliə həftəsi” adlı aksiyada çıxış edən rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Elxan Məhərrəmov və digərləri cəmiyyətdə mütaliənin qlobal problem olduğu bir dövrdə bu kimi tədbirlərin keçirilməsinin vacibliyindən danışdılar. Tədbirdə Qubalı şair və yazıçılardan Azərbaycan Yazıçılar Birliyi Quba bölməsinin və “Ay işığı” ədəbi məclisinin sədri, şair Ramiz Qusarçaylı, Azərbaycan Yazıçılar və Jurnalistlər birliyinin üzvü, “Araz” ali ədəbi mükafatı laureatı, “Gülüstan” ədəbi məclisinin sədri, şair, yazıçı, publisist Şıxəmməd Seyidməmmədov, məclis üzvlərindən şair, Cabir Albantürk, üç kitab müəllifi, “Qızıl qələm” mükafatı laureatı Pirəli Rüklü, yazıçı-publisist, ədəbi tənqidçi Kərim Dünyamalı, şair Abdulla Məmməd, Tahir Saleh və başqaları iştirak edirdilər. Həmçinin tədbirin açılış mərasimində mədəniyyət işçiləri, rayon ağsaqqalları, ziyalılar, yeniyetmələr, gənclər, kiçik yaşlı oxucular və rayonumuza təşrif buyurmuş qonaqlar da iştirak edirdilər. Aksiya bir həftə davam etdirildi. Bu kimi aksiyanın keçirilməsində əsas məqsəd oxucuların kitaba və kitabxanaya olan maraqlarını daha da artırmaqdır.
- Qeyd etdiniz ki, tədbirinizdə gənclər, kiçik yaşlı oxucular da iştirak edib. Belə tədbirlər gənc nəslin kitaba münasibətinə necə təsir edir?
- Bəli, “Mütaliə həftəsi” adlı aksiyamıza qatılanlar arasında royonumuzun gənc sakinləri çoxluq təşkil edirdi. Onların belə tədbirlərə qatılması çox böyük əhəmiyyət kəsb edir. Biz əsasən elə onları kitabxanamıza cəlb etməyə çalışırıq ki, gənclərimiz boş vaxtlarını kitab oxumağa sərf etsinlər. Bu, onların gələcək həyatlarının formalaşmasına da müsbət təsir edəcək. Bilirsiniz ki, müasir dövrümüzdə yeniyetmələri milli-mənəvi ruhda tərbiyə etmək çətin olmaqla yanaşı, çox vacibdir. Gənc nəsli Vətənə, torpağa məhəbbət ruhunda tərbiyələndirməliyik. Dövlətimizin həyata keçirdiyi siyasət də bunu tələb edir. Bu gün ölkəmizdə gənclərin inkişafı, milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində genişmiqyaslı siyasət həyata keçirilir. Biz də öz növbəmizdə bu siyasətə dəstək olmağa çalışırıq. Yeniyetmələri kitab oxumağa yönləndirməliyik ki, onların pis vərdişlərə yiyələnməsinin qarşısını ala bilək. Ona görə də keçirdiyimiz tədbirlərdə gənc nəslin nümayəndələrinin çoxluq təşkil etməsi bizi sevindirir. Mərkəzi kitabxanamızın Uşaq şöbəsi kiçik yaşlı oxuculara abonement və oxu zalı vasitəsilə kitabxana xidməti göstərir. Şöbədə müxtəlif mövzularda sərgilər təşkil olunur. Şöbənin oxu zalı uşaqları maraqlandıran rəngarəng uşaq sərgiləri, fotostentlərlə zəngindir. Oxu zalı 16 adda qəzetin, 3 adda jurnalın abunəçisidir. Sərgilərdə 350-yə qədər müxtəlif mövzularda kitab və jurnallar nümayiş olunur. “Zəka” aylıq divar qəzeti hər ay şagirdlərin yaxın köməyi ilə yenilənir. Uşaq şöbəsinin işçiləri tərəfindən kiçik yaşlı oxucuların kitab və mütaliəyə olan maraqlarını daha da artırmaq məqsədilə müxtəlif tədbirlər təşkil olunur ki, bunlar da ucadan oxular, şeir gecələri, səhərciklər, söhbətlər, kitab müzakirələri və s. təşkil edir.
-Şair və yazıçılarımızın yubileylərinin keçirilməsi bu istiqamətdəki təbliğata təsir edirmi?
- Şübhəsiz. Ölkəmizin tanınmış şəxslərinin, şair və yazıçılarının yubileylərinin qeyd edilməsi, onların həyat yolunun gənclərə çatdırılması formalaşmaqda olan nəslin dünyagörüşünə təsirsiz ötüşmür. Yay ərzində müxtəlif yubiley tədbirəri keçirmişik. Məsələn, MKS-nin Xucbala kənd kitabxanasında Mikayıl Müşfiqin anadan olmasının 105 illik yubileyi münasibətilə tədbir keçirildi. Xucbala kənd kitabxanasının filial müdiri Günel Vəliyeva Mikayıl Müşfiqin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verərək bildirdi ki, 1908-ci il iyunun 5-də Bakı şəhərində, ziyalı ailəsində anadan olmuş İsmayılzadə Mikayıl Əbdülqadir oğlu (Mikayıl Müşfiq) ibtidai təhsilini inqilabdan əvvəl rus-tatar məktəbində alıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Bakı darül-müəllimində və 12 saylı II dərəcəli məktəbdə oxuyub. Mikayıl Müşfiq əmək fəaliyyətinə pedaqoq kimi başlayıb. Bakı orta məktəblərində yeddi il müəllimlik edib. Daha sonra Xucbala kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəlliməsi Baxşəliyeva Məlahət şairin əsərləri barədə tədbir iştirakçılarına məlumat verdi. Tədbirdə məktəb şagirdlərindən Gülzaman Məmmədova, İmran Məmmədov, Nazxanım Həsənova, Əlvanə Xanbabayeva və başqaları “Məktəbli sərgisi”, “Sənətkar”, “Məktəbli qız” şeirlərini söylədilər. Sonra şagirdlər Mikayıl Müşfiqin 105 illik yubileyi münasibətilə təşkil olunmuş sərgi ilə tanış oldular. Belə tədbirlər şagirdlərimizdə şairlərimiz, yazıçılarımız haqqında daha dolğun təsəvvür formalaşdırır. Bu yaxınlarda rayon MKS-nin mərkəzi kitabxanasının Oxuculara xidmət şöbəsinin oxu zalında yazar Varislə görüş keçirildi. Görüşdə qubalı yazar və şairlər, kitabxanaçılar, gənclər və yazıçının oxucuları iştirak edirdi. Tədbirdə çıxış edən-qubalı yazar Kərim Dünyamalı, şair Cabir Albantürk və mərkəzi kitabxananın Uşaq şöbəsinin oxu zal müdiri, şairə Rima Saçlı ədəbiyyatımızın bu günündən bəhs edib, Varisin daha çox oxunmasını günün nəbzinə uyğun əsərlər yazmaqla əlaqələndirdilər. Belə görüşlər yazıçı-oxucu arasındakı münasibətlərin inkişafında, eləcə də gənclərin kitaba marağının artmasında böyük rol oynayır.
Anar Miriyev





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info