Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
Tarix: 18.07.2019 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Zaqatala rayonunun Muxax kənd 1 nömrəli tam orta məktəbin məzunu: “Məqsədim həkim olmaqdır. Hər zaman özümü həkimlər kimi ağ xalatda və sevgi dolu nəvazişlə xəstələrə qulluq edərkən görmək arzusunu ürəyimdə daşıyıram”

Gənclərin təhsilə olan marağının artması dövlətin bu sahəyə göstərdiyi diqqət və qayğının göstəricisidir. Bu gün ölkədə yeni orta məktəblər tikilir, yaxud bərpa edilir, məktəblərimiz texniki avadanlıqlarla təchiz edilir. Hazırda ali və orta ixtisas məktəblərində çoxsaylı tələbə heyəti təhsil alır. Eləcə də bu gün gənclərimiz xarici ölkələrdə təhsilini davam etdirir. Builki qəbul imtahanlarında da bir çox abituriyent öz biliklərini sınayıb. Müsahibimiz qəbul imtahanında yüksək bal toplayan abituriyentlərdən biri, Zaqatala rayonunun Muxax kənd 1 nömrəli tam orta məktəbin məzunu Pirdovus Abakarovadır:
- Mən Abakarova Pirdovus Mustafa qızı 2002-ci ildə Zaqatala rayonunun Muxax kəndində anadan olmuşam. Təhsilimi də elə bu kənddə - Muxax kənd 1 nömrəli tam orta məktəbdə almışam. Ailədə 2 bacı və 1 qardaşıq. Evin böyük övladıyam. Məktəb illəri həyatımın ən gözəl illəridir. Təhsilə ilk marağım məhz bu məktəbdə formalaşıb. Mənə verdiyi gözəl təhsilə görə oxuduğum Zaqatala rayon Muxax kənd 1 nömrəli tam orta məktəbin müəllim kollektivinə minnətdaram. Çünki mən təhsilim üçün lazımlı təməl bilikləri məhz onların sayəsində almışam. Məktəb müəllimlərimin üzərimdəki əməyi danılmazdır. Əminliklə deyə bilərəm ki, məktəb mənim həyatıma çox gözəl xatirələrlə imza atıb.
- Builki buraxılış imtahanı və ali məktəbə qəbul imtahanları ilə bağlı nə deyərdiniz? İmtahanlara necə hazırlaşmışdınız?
- Bildiyimiz kimi, bu il buraxılış imtahanlarının fərqli formada olması bizim üçün yenilik idi. Məhz buna görə də buraxılış imtahanında daha həyəcanlı idim. Qəbul imtahanının 2 dəfə keçirilməsi ilk imtahanda daha rahat olmağıma kömək etdi. Mən özüm də kursun və repetitor yardımından istifadə etmişəm. “Kainat” tədris mərkəzi ailəsinə, başda kursumuzun direktoru Könül müəllimə olmaqla mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm. Təbii ki, repetitor yardımı abituriyentə kömək edir, amma əsas olan sənin öz potensialın, əzmin və elmə olan marağındır.
- İmtahan sualları sizin üçün çətin idimi, ümumiyyətlə imtahanın gedişindən razısınızmı?
- İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır. Belə ki, situasiya tipli sualların olması şagirdləri daha çox düşündürür. Çünki bu sualları mütləq meyarlara uyğun yazmalıyıq. Belə tipli sualların ilk dəfə salınmasına baxmayaraq çalışdım ki, maksimum doğru yazım. Buna nail olduğuma isə nəticələrin çıxdığında əmin oldum.
Əlbəttə ki, müəyyən qədər belə suallar bütün şagirdlər üçün eyni səviyyədə asan gəlmir. Səbəb olaraq isə illər boyu test üsuluna vərdiş etdikləri üçün açıq sualları cavablandırmaqda çətinlik çəkmələrini göstərmək olar. Ümumiyyətlə isə builki imtahanların gedişindən razıyam. Cavabların çıxması isə tam bir həyəcan idi. İki həftə sonranı səbirsizliklə gözləyirdim. Əslində özümdən daha çoxunu gözləyirdim. Çünki özümə güvənirdim. Sadəcə diqqətsizlik, səhvlərim olduğundan sadə suallarda cavablar səhv gəldi. Amma testlərdə bilmədiyim suallar yox idi. Eyni zamanda biologiyadan olimpiadada iştirak etməyim bu fəndən olan sualları daha asan yerinə yetirəcəyimə əminlik hissi yaradırdı. Olimpiadada 4- cü yerə çıxmışdım. Hazırlığımın da yetərli səviyyədə olduğunu düşünürdüm.
- Hansı ixtisası seçmək qərarına gəlmisiniz və niyə məhz bu peşəni seçirsiniz?
- Məqsədim həkim olmaqdır. Bu yoldakı ilk sınağımı artıq geridə qoydum. Bu peşəni seçməkdə məqsədim tibbə olan marağım və insanların yardıma olan ehtiyacını həyata keçirmək həvəsimdir. Hər zaman özümü həkimlər kimi ağ xalatda və sevgi dolu nəvazişlə xəstələrə qulluq edərkən görmək arzusunu ürəyimdə daşıyıram. Məhz buna görə də müalicə işi ixtisasını seçməyi düşünürəm. Valideynlərimin də arzusu məni həkim kimi görə bilməkdir. Hər zaman onların dəstəyini hiss edirəm və bu məni daha da gücləndirir. Adətən onlar mənim seçimimə hörmətlə yanaşırlar. Bu dəfə istəyimiz ortaqlı olduğu üçün onların dəstəyini daha çox duya bilirəm. Əlbəttə, onların məsləhətləri və öz təklifləri vardır ki, mən mütləq bunları dəyərləndirməyə çalışıram.
- Gələcək abituriyentlərə nə məsləhət görərdiniz?
- Abituriyentlərə daha çox məqsədli olmağı və sistemli çalışmağı məsləhət görərdim. Əsas odur ki, nə istədiyini biləsən. Bundan sonra sadəcə onun üçün bütün gücünü ortaya qoyaraq çalışmaq qalır. Mən ali məktəbə hazırlaşdığım dövrdə ancaq qarşıma yüksək bal toplamaq məqsədini qoymuşdum. Sırf həkim olmaq arzusu məni var gücümlə məqsədimə çatmaq üçün yorulmadan, əzmlə dərslərimə hazırlaşmağa sövq edirdi. Dərsləri sevə-sevə oxuyurdum. Və məqsədə çatmaq arzusu məni bu pilləyə çatdırdı.
- Asudə vaxtlarınızda nə ilə məşğul olursunuz?
- Maraq dairəm genişdir. Daha çox xarici dilləri öyrənməyə maraq göstərirəm. İngilis dili ilə yanaşı, alman dilini öyrənməyə çalışmışam. İdmanı da sevirəm. Hətta atamla bir yerdə futbolu seyr etmək başqa bir həzdir. Şahmat oyununa xüsusi marağım var. Asudə vaxtımı çalışıram ki, daha çox beynin gimnastikası üçün faydalı olan şahmat oyunu ilə keçirim.
- Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istərdinizmi?
- Təhsilimi xaricdə davam etdirmək istəyirəm. Tibbin daha yaxşı inkişaf etdiyi məsələn Türkiyə, Almaniya kimi ölkələr daha çox diqqətimi çəkir. Çalışacağam ki, sonra özümü bu ölkələrdə daha da təkmilləşdirərək Vətənim üçün savadlı həkim olum. Ümumiyyətlə, universitet həyatımın mənə yeni təcrübələr, yeni dostlar həyatımı qurmaq üçün yeni imkanlar verəcəyinə inanıram. Sosiallaşmaq, müstəqil həyata atılmaq üçün universitet böyük bir imkandır. Sonda bütün tələbə adını qazanacaq şagirdlərə uğurlar arzu edirəm. İnanıram ki, hər biri müxtəlif sahələrdə təhsil alsa belə yalnız bir Vətənimiz olan Azərbaycan üçün çalışacağını bir missiya kimi qəbul edəcəyinə inanıram. Qəzetinizdə biz gənclərin fikirlərini çatdırmağa şərait yaratdığınız üçün xüsusi minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.02.2020
“Düz bağırsaq və yoğun bağırsaq xərçəngindən qurtulmaq realdır”
24.02.2020
“Könüllülük fəaliyyəti həm də bir təcrübədir”
24.02.2020
Azərbaycan Prezidentinin İtaliyaya dövlət səfərini mahiyyət və məzmun etibarilə tarixi səfər adlandıra bilərik
21.02.2020
“Necə olub ki, repressiya illərində bütün dostları həbs edildiyi halda, Abdulla Şaiqə toxunan olmur?”
20.02.2020
“Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11454

1 “Qarabağda Ermənistanin heç biri tarixi irsi yoxdur” mövzusunda konfrans keçirilib
2 Tural İsmayılov: “İtaliya Azərbaycanın ərazi bütövlüyünü, münaqişənin ədalətli və beynəlxalq hüquq əsasında həllini dəstəkləyir”
3 “Bu ilin “Könüllü ili” elan olunması gənclərin inkişafı üçün böyük təkandır”
4 Altı il ərzində Ermənistanın dövlət borcu iki dəfə artıb
5 “Gənclərin vətənpərvər, savadlı, yüksək mənəvi dəyərlərə, tərbiyəyə malik olması dövlətin gələcəyi üçün önəmlidir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info