“Ermənistan tərəfi danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir“
Tarix: 25.07.2019 | Saat: 18:13:00 | E-mail | Çapa göndər


ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, iyulun 25-də Goranboy rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, monitorinqi Azərbaycan tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Oqnyen Yoviç və Saymon Tiller keçiriblər.
Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş və nəzarət olunan Azərbaycan ərazisində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Gennadi Petrika və Mixail Olaru aparıblar.
Yeri gəlmişkən, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev Dövlət Sərhəd Qoşunlarının Qazax və Ağstafa rayonları ərazisində hərbi hissə və bölmələrinin xidməti-döyüş fəaliyyətini yoxlayıb. DSX-nin mətbuat mərkəzindən bildiriblər ki, Elçin Quliyev sərhəd zastavalarında və sərhəd döyüş məntəqələrində xidmət edən şəxsi heyətlə görüşüb, dövlət sərhədində sərhəd mühafizə və müdafiə infrastrukturunun yaradılması istiqamətində görülən işlərə baxış keçirib, dövlət sərhədinin toxunulmazlığının və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üzrə tapşırıqlar verib.

“Dağlıq Qarabağ problemi üzrə danışıqlar münaqişənin birbaşa iştirakçıları olan Ermənistan və Azərbaycan arasında aparılır”

Bu arada Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı cəfəng fikirlər söyləyib. Bununla bağlı Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, Ermənistan XİN-in mətbuat katibi tərəfindən qondarma "DQR" kimi təqdim edilən ərazi bu gün Ermənistan Respublikasının silahlı qüvvələrinin hərbi işğalı altında olan, beynəlxalq tanınmış Azərbaycan əraziləridir: “Bunu BMT Təhlükəsizlik Şurasının qətnamələri və beynəlxalq təşkilatların çoxsaylı qərar və qətnamələri təsdiq edir. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsindən bəhs edən hər hansı şəxsin birinci növbədə bu sənədlərlə tanış olması vacibdir.
Münaqişənin həlli üzrə aparılan danışıqlara Dağlıq Qarabağın erməni icmasının da daxil edilməsi məsələsi ilə bağlı dəfələrlə mövqeyimiz, həmçinin ən yüksək səviyyədə səsləndirilib. Bir daha təkrar etmək istərdik ki, danışıqlar münaqişənin birbaşa iştirakçıları-Ermənistan ilə Azərbaycan arasında aparılır. O ki qaldı Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarına, danışıqların müəyyən mərhələsində əsas tərəflərin razılığı ilə hər iki icmanın nümayəndələri prosesə cəlb oluna bilər. Bu haqda ATƏT-in qərarı ilə tanış olmaq istəyənləri təşkilatın 1992-ci il Helsinki qərarını oxumağa dəvət edirəm.
Beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq, Azərbaycanın işğal olunmuş ərazilərdən etnik təmizləməyə məruz qalaraq didərgin salınmış azərbaycanlılar öz evlərinə şərəflə geri qayıtdıqdan sonra və Dağlıq Qarabağın hər iki icmasının birgə yaşayışı təmin olunduqdan sonra Dağlıq Qarabağın statusu məsələsinə azərbaycanlı və erməni icmalar tərəfindən birgə baxıla bilər və bu barədə rəsmi Azərbaycanın mövqeyi bəllidir.
Təəssüflə qeyd etməliyəm ki, bu gün məhz işğalçı Ermənistan rəhbərliyi bir tərəfdən münaqişənin yalnız sülh yolu ilə həllindən danışıb, digər tərəfdən azərbaycanlı hərbi qulluqçuların məhv edilməsi əmrini verir.
Sözdə sülhməramlı bəyanatlar verərək, əməldə qanunsuz hərbi işğalı davam etdirən və möhkəmləndirməyə çalışan Ermənistanın əsl niyyəti hamıya bəllidir. Ermənistan tərəfi ilk dəfə deyil ki, bu kimi bəhanələrlə danışıqlarda irəliləyişin əldə edilməsinə maneçilik törədir" (AZƏRTAC).

“Avstraliyanın Rayd şəhər Şurasının qəbul etdiyi sənəd hüquqi baxımdan heç bir əhəmiyyət kəsb etmir”

Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva Avstraliyanın Rayd şəhər Şurasının Azərbaycan Respublikasının Ermənistan Respublikası tərəfindən işğal edilmiş Xankəndi şəhəri ilə “dostluq əlaqələrinin yaradılması” haqqında sənəd qəbul etməsi ilə də bağlı KİV-in sualını cavablandırıb. AZƏRTAC xəbər verir ki, mətbuat katibi deyib: “İlk növbədə qeyd etmək istərdim ki, Rayd Avstraliyanın ən çox erməni əsilli vətəndaşının cəmləşdiyi şəhərdir. Təsadüfi deyil ki, cəmi 2 nəfər tərəfindən qəbul edilmiş sözügedən sənədin layihəsi Rayd şəhər Şurasının məhz erməni əsilli üzvü Sarkis Yedelyan tərəfindən irəli sürülüb və şəhərin meri Cerom Laksal tərəfindən dəstəklənib.
Xatırlatmaq istərdim ki, Avstraliya Federal Hökuməti Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir.
Avstraliyanın inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti və ya qanunverici orqanları tərəfindən ermənilərin lobbiçilik səyləri əsasında qəbul olunan bu kimi sənədlərə gəldikdə isə vurğulamaq istərdim ki, belə sənədlər hüquqi nöqteyi-nəzərdən heç bir əhəmiyyət kəsb etmir, yalnız müəyyən dairələrin və ya lobbi qruplarının maraqlarına xidmət edən kağız parçasıdır”.

Metsamor AES-in dünya və region üçün hansı riskləri var?
Məlum olduğu kimi, Metsamor AES-in dünya və region üçün hansı riskləri var. Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev KİV-ə açıqlamasında təhlükəli vəziyyətdə olan AES-lərin risklərindən danışıb. Ekspert hesab edir ki, regionda və dünyada beynəlxalq təhlükəsizliyin və sülhün, ekologiya təhlükəsizliyinin təmini üçün Atom Elektrik Stansiyalarının təhlükəsizliyi təşkil edilməlidir: “Atom Elektrik Stansiyalarının təhlükəsizliyinin yüksək səviyyədə təşkil edilməsi bəşəriyyət üçün qlobal xarakterli olmaqla, həm region dövlətlərinin, həm də dünyanın bütün ölkələrinin siyasi və iqtisadi maraqları baxımından həmişə diqqət mərkəzində olan məsələdir. Ümumilikdə dünyanın 30-dan çox ölkəsində AES-lər fəaliyyət göstərir. Beynəlxalq Atom Enerjisi Agentliyinin məlumatına görə, 2030-cu ilə qədər dünyada AES-lərin sayı 700-ü keçəcək. Bunların demək olar ki, çoxu inkişaf etmiş ölkələrin payına düşür. Siyahıda ABŞ birinci yeri, ikinci və üçüncü yerləri isə Fransa və Yaponiya tutur. Ümumiyyətlə, dünyada enerji asılılığını aradan qaldırmaq üçün daha ucuz başa gəldiyinə görə nüvə enerjisindən istifadə edilir. Lakin nüvə reaktorunda olan radioaktiv şüalanma həm AES-in yerləşdiyi ölkə, həm region, həm də bütün bəşəriyyət üçün ciddi təhlükə mənbəyidir. Bunu Atom Elektrik Stansiyalarında baş verən qəzaların nəticələrindən də açıq-aydın görmək olar”.
Ekspert vurğulayıb ki, AES-lərdə baş verə biləcək qəzalardan heç bir dövlət sığortalanmayıb: “1948-ci il SSRİ-nin Çelyabinsk rayonunun Mayak kombinatında, 1986-cı ildə Ukraynada Çernobl şəhərində, eləcə də Yaponiyada Fukusima faciəsini xatırlamaqla AES-lərdə baş verən qəzaların necə böyük faciələrə gətirib çıxardığını daha aydın təsəvvür edə bilərik. Təəssüf ki, bütün dünya, o cümlədən Cənubi Qafqaz və ətraf regionlar üçün potensial təhlükə mənbəyi olan Ermənistandakı Metsamor AES qəzalı vəziyyətdə ola-ola fəaliyyətini davam etdirir. Qərb buna görə narahatlığını bildirmir. Hətta region dövlətləri belə, bu məsələyə diqqətsiz yanaşır. Keçmiş Sovet hakimiyyəti bu Metsamor AES-in işləməsinə, onun təhlükəsizlik fəaliyyətinə inanmayaraq onun istifadə olunmasını dayandırmışdı. Ermənistan 1995-ci ildən həm yerli, həm də beynəlxalq dairələrin narazılığına baxmayaraq ölkədə ciddi enerji böhranının olduğunu əsas gətirərək Metsamor AES-i işə saldı”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
22.08.2019
“Ermənistanın növbəti təxribatına cavab olaraq BMT Baş katibinə etiraz məktubu ünvanlanıb”
19.08.2019
“Ermənistan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı düşdüyü xarici siyasət dalanından çıxa bilməyib”
15.08.2019
“Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir”
08.08.2019
“Görünən odur ki, Ermənistan hələ də öz işğalçılıq siyasətindən əl çəkməyib”
06.08.2019
“Ermənistan tərəfi təxribatçı açıqlama ilə regionu yeni təhlükə və risklərlə üzbəüz qoyur”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10868

1 Bakıdan avtobusla Naxçıvana gedənlərə şad xəbər
2 “Məqsədimiz elm xadimləri və tələbələri bir araya toplayaraq “düşünən beyin” komandası qurmaqdır”
3 “Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”
4 Türkiyədən Naxçıvana uçuşlar yeni hava dəhlizi vasitəsilə həyata keçirilir
5 Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info