“Azərbaycan kaskadyorları Hollivudun kaskadyorlarından heç nə ilə geri qalmırlar”
Tarix: 20.08.2013 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


Murad Abdullayev: “Hər kanalda üç-dörd serial çəkildiyindən kaskadyor işinə tələbat çoxalır”

Layihə çərçivəsində müsahibimiz aktyor-kaskadyor Murad Abdullayevdir:
-Mən 1980-ci il iyun ayının 10-da Bakıda anadan olmuşam. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsini bitirmişəm. 2006-cı ildən kino sahəsində aktyor-kaskadyor kimi çalışmışam. Filmoqrafiyamda “Sirat körpüsü”, “Silah”, “Qarabağdır Azərbaycan”, “Cavad xan”, “Ruhların qovuşan yeri” , “Kabusun gözü ilə”, “Əlavə təsir”, “Bəxt”, “Onun ürəyi”, “Mən evə qayıdıram”, “Mahmud və Məryəm”, “Bakı, mən səni sevirəm” filmləri yer alır.
İlk dəfə 1903-cü ildə səssiz filmlərdə kinoya təhlükəli elementlər gətirməyə cəhd edilsə də, bu istək yalnız 1908-ci ildə baş tutub. Tamaşaçıda maraq və həyəcan yaratmaq üçün həmin il təhlükəli tryuk edən insanlar ekranda peyda oldu. “The Count of Monte Christo” filmində ilk tryuka əl atan cəsarətli adam isə sirk artisti idi. Amma bu tryuk onun bütün həyatı bahasına başa gəldi. Beləliklə, kino tarixində ilk tryuk uğursuz sonluqla nəticələndi. İllər ötdü, kino inkişaf etdi və saysız-hesabsız cəhdlər incəsənətin bu növünə tamaşaçını valeh edəcək dinamizm gətirdi. Hazırda təhlükəli və riskli iş ayrıca sənətdir. Kinoda çətin-vuruşma, hündürlükdən tullanma, maşın çarpışdırma, təhlükəli nə varsa, deməli, orada tamaşaçının üzdən belə tanımadığı və bəlkə heç təsəvvürünə gətirə bilmədiyi, rejissorların tamaşaçıdan gizlətdikləri insanlar - kaskadyorlar var. Artıq dünyada uğurla tətbiq olunan bu sənətin öz biliciləri, ustaları və öz məktəbləri yetişib. Kaskadyorluqla bağlı ölkəmizə gəldikdə isə nə deyə bilərəm? Mən həmişə aktyor olmaq istəmişəm. Təfsilatına getsəm, pərəstişkarı olduğum Van Damın filmlərinə baxa-baxa aktyor olmaq istəyi yarandı içimdə. O vaxt mənim 15 yaşım olardı. Məktəbdə hazırladığımız tamaşalarda da aktyor kimi obrazlar yaradardım. Yadımdadır, bir dəfə Qacar rolunu oynamışdım. Amma qismət elə gətirdi ki, Mədəniyyət və İncəsənət Universitetinin Rejissorluq fakültəsinə daxil oldum. Təhsilimi bitirəndən sonra Xüsusi Təyinatlı Kəşfiyyat Batalyonunda qulluq etdim. Əsgərlikdən sonra Gənc Tamaşaçılar Teatrında işləməyə başladım.
Teatrda cəmi 1 həftə tab gətirdim. Başa düşəndə ki, mən ancaq kinoda çalışmaq istəyirəm, teatrdan həmişəlik ayrıldım. Sonra Əli Məmmədovla tanış oldum. Onun qrupunda kaskadyorluğu öyrəndim. Bir çox filmlərdə birgə çalışdıq. Ardınca “Murad Kaskadyor Qrupu”nu yaratdım. Hazırda “İMAGE” Azərbaycan Kaskadyor qrupu adı altında fəaliyyət göstərir. Qrup kimi ilk filmimiz “Onun ürəyi” filmi oldu. Ardınca isə “Mən evə qayıdıram”, “Bakı, mən səni sevirəm”, “Mahmud və Məryəm” filmində çalışdıq. Qismət olsa, yaxınlarda yeni bir filmdə də çalışacağıq. Onu da deyim ki, adını çəkdiyim filmlərdə kaskadyorluqla yanaşı, aktyor kimi rollar ifa etmişəm.
- Son filmlərdən biri kimi oynadığınız “Mahmud və Məryəm” filmində istədiyiniz rolu canlandıra bildinizmi?
- Bəli. Filmdə Mahmudun atası Ziyad xanın cavanlığını canlandırıram. Yaşlı Ziyad xanı isə mənim uşaqlıq kumirim Fəxrəddin Manafov oynayıb. Əgər indiyə qədər Fəxrəddin müəllimi bir aktyor kimi çox istəyirdimsə, bu filmdən sonra onun özünə də vurğunluğum artdı. Onun bir filmdə tərəf-müqabili olmaq, həqiqətən, böyük xoşbəxtlikdir. Sevinirəm ki, bu arzuma çatdım.
- Bəs niyə kaskadyor olmaq istədiniz?
- Filmlərdə öz tryuklarımı özüm etmək istədiyimdən kaskadyor oldum. Həm də bu sənətə marağım vardı. Hər zaman idmançı-aktyor kimi tanınmaq istəmişəm. Bir də ki, aktyor kimi ildə bir dəfə rol ala bilirsənsə, kaskadyor kimi mənə hər zaman tələbat var. Sovet hakimiyyəti dövründə çəkilən filmlərdə Azərbaycana kaskadyorlar Rusiyadan dəvət olunublar. Bütün tryukları onlar qurublar. Məsələn, “Qorxma, mən səninləyəm” filmində tryukları Muxtarbəy Kantemirov qurub və icra edib. 80-90-cı illərdə Azərbaycanda Nizami adlı bir kaskadyor olub. O, “Bəyin oğurlanması”, “Gecə qatarında qətl” kimi filmlərdə işləyib. Ancaq bizdə heç vaxt kaskadyor məktəbi olmayıb. Həm də ölkəmizdə filmlər az çəkildiyindən heç bu sahəyə fikir verən də olmayıb. Nizamidən sonra bu işə can yandıran Əli Məmmədov idi. 90-cı illərdən bu yana çəkilən filmlərə o quruluş verib və tryukları da icra edib. Mən də onun qrupunda işə başlamışam. Elə o dövrlərdə də filmlər az çəkildiyindən əlavə kaskadyora ehtiyac olmayıb. Ancaq bir neçə ildir filmlər çoxalıb, əlavə kaskadyorlara və quruluşçulara ehtiyac olduğundan, mən “Murad Kaskadyor Qrupu”nu yaratdım. Və Əli Məmmədovun qrupundan ayrıldım.
Bilirsiniz, bir qrup uzağı ancaq iki filmdə işləyə bilər. Eyni vaxtda 2-3 film çəkilirsə, artıq bir qrup onların öhdəsindən gələ bilməyəcək. Yəqin, gələcəkdə mənim qrupumdan da kimsə özünü tam hazır bilib, ayrılacaq. Bu, normaldır. Kim daha yaxşı işlər görəcək, inkişaf da olacaq. İndi mən həm quruluş verirəm, həm də tryukları icra edirəm. Bir sözlə, Azərbaycanda kaskadyor məktəbi elə çəkiliş meydançası olub. Amma bu məktəbi yaratmaq lazımdır və mən bunun üzərində çalışıram.
-Son vaxtlar milli seriallarımız çəkilməyə başlanıb ki, burada təhlükəli səhnələrə geniş yer verilir…
- Bəli, milli serialımız çəkildiyindən, ən adi melodram serialı olsa da, orada kaskadyora ehtiyac yaranır. Kimsə kiməsə şillə vurub yıxırsa, bu, artıq kaskadyor işidir. Kaskadyorluq ilk növbədə düzgün yıxılmaqdan başlayır. Yəni, sən elə yıxılmalısan ki, gülməli olmasın. Hər kanalda üç-dörd serial çəkildiyindən kaskadyor işinə tələbat çoxalır. Kaskadyor əsl əsgər olmalıdır. Əmrlərə və quruluşçunun dediklərinə məsuliyyətlə və ciddi yanaşmalıdır, çünki söhbət onun həyatından gedir. Bir səhv ömürboyu əzab deməkdir. Kaskadyorun nə və necə etməli olduğunu quruluşçu düşünür. Kaskadyorun tryuku dəqiq və zədəsiz yerinə yetirməsindən ötrü isə düzgün fiziki hazırlıq və elastiklik tələb olunur. Quruluşçu kaskadyor isə yaradıcı işdir. O, düşünməli, rəsmini çəkməli və tryukun dramaturji həllini tapmalıdır. Məsələn, o, elə düşünməlidir ki, tryuk gülünc alınmasın, inandırıcı olsun və kaskadyorun ağrısını tamaşaçı da hiss etsin. Bu baxımdan hər kaskadyor quruluşçu kaskadyor ola bilməz. Mən Əli Məmmədovla 7-8 filmdə birgə işlədim. Döyüş səhnələrinin çoxunu mən qururdum. Amma bu işimi layiqincə qiymətləndirmədilər. O qrupdan ayrılmağımın bir səbəbi də bu idi. Biz də hər sahədə olduğu kimi, xarici təcrübə-dən bəhrələnirik, ancaq bu, o demək deyil ki, birbaşa köçürürük. Düşünüb, özümüzünkünü tapırıq. Azərbaycan kinosunda hələ o qədər inkişaf yoxdur ki, kaskadyorlar da tamaşaçıları heyrətləndirsin. Amma inanın, Azərbaycan kaskadyorları Hollivudun kaskadyorlarından heç nə ilə geri qalmır.
-Ümumiyyətlə, bizdə kaskadyorlarımızın problemi nədir?
- Bu, çox çətin və təhlükəli peşədir, gərək hər gün məşq edib tryukları təmizləyəsən. Bunun üçün qrupun özünün bazası olmalıdır, bu insanlar başqa heç bir işlə məşğul olmamalıdırlar, onlar ancaq kino üçün çalışmalıdırlar. Bundan ötrü də onlar gərək aylıq məvacib alsınlar ki, sənətdən getməsinlər. Belə insanları tapmaq çox çətindir. Tapanda da maddi sıxıntıya görə çıxıb gedirlər. Bu sənətə həvəsi olanlar çoxdur, sadəcə dövlət tərəfindən dəstək olmalıdır ki, bir baza yaradıb, həmin insanları bir yerə yığaq, onlardan daha yaxşı kaskadyor hazırlayaq. Mütləq dövlət dəstəyi olmalıdır. Bu gün kaskadyorlara kinoda nə qədər çox tələb olsa da, qiymətləndirmə anında ən aşağı pillədə qərarlaşır. Kaskadyorun kino üçün gördüyü iş böyükdür. Filmlərdən kaskadyor kimi xaricilərə və bizə verilən məbləğə baxanda fərqi açıq-aydın görmək olar. Kaskadyor aldığı məvacibə görə ailəsini saxlaya bilmir. Axı bu sənət həyatla riskdir, o, sənədə qol çəkir ki, başına nə gəlsə, özü cavabdehdir. Ona görə də istədiyi məbləği almalıdır ki, tryukdan sonra maddi tərəfinin düzələcəyini düşünüb, bu hərəkəti etsin.
-Belə riskli bir peşəni nə vaxtsa tərk etməyi düşünürsünüzmü?
- “Onun ürəyi” filminin çəkilişləri idi. Mağaradan sürətlə qaçdığım səhnəni çəkirdik. Meşənin içi ilə qaçdığım an hündür məsafədən atılmalı idim. Trossuz atıldım. Dabanım sürüşdü, yıxıldım, durub yenidən qaçanda başı üstə qabağa getdim, sürüşdüm və qayalığa dəydim. Qulağımın içindən qan axırdı. Ayağımdan ciddi zədə aldım və iki ay gəzə bilmədim. Düşünürdüm ki, bir daha kaskadyorluğa qayıtmaram. Lakin görünür, riskə getməyi xoşladığım üçün yenə də bu sənətdəyəm. Amma etiraf edim ki, kaskadyorluq insandan çox böyük enerji tələb edir. O baxımdan aktyorluqla idmanı bir araya gətirmək çətindir, eyni zamanda maraqlıdır. Bir də ki yaş ötdükcə bədəni formada saxlamaq da asan olmur.
Nigar Abdullayeva





 
Bölməyə aid digər xəbərlər
04.06.2020
Atəşkəs dövründə 34 uşaq erməni terrorunun qurbanı olub
02.06.2020
“Qarabağ savaşı yüz minlərlə uşağı insani şərtlərdə böyümək haqqından məhrum etdi”
01.06.2020
“Fransa Dağlıq Qarabağ münaqişəsində status-kvonun uzadılması ilə bağlı hər hansı bir istəyə qarşıdır”
21.05.2020
“Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
18.05.2020
Pakistan saytları Qarabağ həqiqətlərindən yazıb

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 Badımcan sırdağı - VİDEO
2 ATƏT Parlament Assambleyasının sədri Prezident İlham Əliyevi təbrik edib
3 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
4 “Ali Baş Komandan Azərbaycan Ordusunun döyüş qabiliyyətini yüksək qiymətləndirir”
5 Möcüzələr adası və bir az da vahiməli məkan-VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info