Qışlaqabbas kəndində yeni sosial obyektlər istifadəyə verilib
Tarix: 01.08.2019 | Saat: 22:13:00 | E-mail | Çapa göndər



Ulu öndərimiz Heydər Əliyevin müəllifi olduğu inkişaf strategiyasının Naxçıvan Muxtar Respublikasında uğurla həyata keçirilməsi nəticəsində qədim diyar gündən-günə çiçəklənir, dövlət proqramlarının və infrastruktur layihələrinin reallaşdırılması yaşayış məntəqələrini abadlığa, inkişaf və tərəqqiyə qovuşdurur. Yeni inkişaf mərhələsinə çıxan Şərur rayonunda da əhalinin rahat yaşayışının təmin olunması sahəsində həyata keçirilən tədbirlərin və insan amilinə verilən dəyərin nəticəsidir ki, quruculuq işləri ilbəil genişlənir. Görülən kompleks işlər rayonun Qışlaqabbas kəndini də əhatə edib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, avqustun 1-də Qışlaqabbas kəndində kənd və xidmət mərkəzlərinin açılışı olub.
Bununla əlaqədar keçirilən tədbirdə Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxış edərək bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan sosial-iqtisadi inkişaf strategiyası bu gün uğurla davam etdirilir. Bunun nəticəsidir ki, istər ölkəmizdə, istərsə də muxtar respublikamızda sosial-iqtisadi həyatın bütün sahələrində dinamik inkişaf qorunub saxlanılıb.
Vurğulanıb ki, 2019-cu il ölkəmizin və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının həyatında əlamətdar ildir. Belə ki, bu il ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlişinin 50 illiyi və eyni zamanda, muxtar respublikanın yaranmasının 95 illiyi tamam olub. 2019-cu ilin birinci yarısının yekunları deməyə əsas verir ki, yubiley ilində də həyata keçirilən irimiqyaslı layihələr və uğurla icra olunan dövlət proqramları muxtar respublikanın bütün bölgələri kimi, Şərur rayonunun da hərtərəfli inkişafında əhəmiyyətli rol oynayıb.
“Ötən müddətdə rayonda quruculuq və abadlıq işləri geniş vüsət alıb, istehsal və xidmət sahələrinin, təhsil, səhiyyə ocaqlarının tikintisi və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılıb”, - deyən Kamal Cəfərov qeyd edib ki, bu ilin əvvəlində Şərur şəhərində uşaq xəstəxanasının, Kərimbəyli kəndində 270 şagird yerlik tam orta məktəb binasının, kənd və xidmət mərkəzlərinin, həkim ambulatoriyasının tikintisi və yenidən qurulması, rayon mərkəzi xəstəxanasının əsaslı təmiri başa çatdırılaraq istifadəyə verilib. Hazırda Şərur şəhərində Mədəniyyət Sarayının, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon filialının inzibati binasının, mərasim evinin, altımərtəbəli 40 mənzilli müasir yaşayış binasının, Qarxun kəndi ərazisində isə Daxili Qoşunlar üçün nəzərdə tutulmuş infrastrukturun tikintisi, təqaüdçülər klubu ilə mərkəzi univermağın isə əsaslı təmiri və yenidən qurulması davam etdirilir. Eyni zamanda, Naxçıvan-Sədərək magistralından Şərur şəhərinə qədər olan, eləcə də şəhərdəki Heydər Əliyev prospektini və altı küçəni əhatə edən 11 kilometrlik avtomobil yolu yenidən qurulur.
Diqqətə çatdırılıb ki, hazırda rayonun yeddi kəndində kompleks-quruculuq işləri həyata keçirilir. Dörd yaşayış məntəqəsində - Muğanlı, Muğancıq-Mehrab, Xələc və Yeni Havuş-Xətai kəndlərində kompleks quruculuq işləri, Məmmədsabir kəndində kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası, Alışar kəndində kənd və xidmət mərkəzləri, Maxta kəndində isə Çernobıl əlili üçün yaşayış binası inşa olunur.
Bütün bunlarla yanaşı, Şərur şəhərinin və ətraf kəndlərin içməli su təchizatının yenidən qurulması layihəsinin davamı olaraq Zeyvə və Düdəngə kəndlərində içməli su sistemlərinin çəkilişi davam etdirilir. Dizə kəndində isə gücü saniyədə 271 litr olan sutəmizləyici qurğunun və 27 min kubmetr həcmində üç su anbarının tikintisinə başlanılıb.

Şərur Rayon İcra Hakimiyyətinin başçısı bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində bu gün Qışlaqabbas kəndində də kənd və xidmət mərkəzləri tikilərək istifadəyə verilir.
Diqqətə çatdırılıb ki, kənd mərkəzində inzibati ərazi dairəsi üzrə nümayəndəlik üçün 3, bələdiyyə üçün 2 otaq, 50 nəfərlik iclas zalı, Yeni Azərbaycan Partiyasının Qışlaqabbas kənd ərazi ilk təşkilatı, kitabxana və klub, baytar, statistika və arxiv işçilərinin hər biri üçün 1 otaq nəzərdə tutulub. Xidmət mərkəzində bərbərxana, gözəllik salonu, dərzi, ət satışı yeri, anbar, ərzaq və təsərrüfat malları mağazaları fəaliyyət göstərəcək ki, burada da 7 nəfər işlə təmin olunacaqdır.

İcra hakimiyyətinin başçısı vurğulayıb ki, muxtar respublikanın dinamik inkişafını xarakterizə edən amillərdən biri də enerji, qaz, yol, su təchizatının və təhlükəsizliyinin təmin olunmasıdır. Qışlaqabbas kənd əhalisinin keyfiyyətli və dayanıqlı elektrik enerjisi və qazla təmin olunması üçün aparılan yenidənqurma işləri zamanı ərazidə 11 elektrik dirəyi basdırılıb, 2 transformator quraşdırılıb, 1200 metrə yaxın izolyasiyalı məftil və kabel çəkilişi aparılıb, 1400 paqonometr uzunluğunda qaz borularında yerdəyişmə, təmir-bərpa işləri həyata keçirilib. Kənd sakinlərinin suvarma suyu ilə təmin edilməsi üçün 1,3 kilometr uzunluğunda suvarma arxları qazılıb, 375 metr əsas yol salınıb, 1 körpü məhəccəri quraşdırılıb, 2 su borusunun başlığı betonlanıb. Bütün bunlarla yanaşı, Qışlaqabbas kəndi ərazisində yerləşən eramızdan əvvəl IV-I minilliyə aid “Şortəpə nekropolu”nun ətrafında da abadlıq işləri görülüb, abidənin ətrafı çəpərlənib.
İstifadəyə verilən sosial obyektlərin kənd sakinlərinin gündəlik qayğılarının vaxtında həllinə imkan verəcəyini qeyd edən Şərur Rayon İcra Hakimiyyətinin başçısı Kamal Cəfərov çıxışının sonunda Qışlaqabbas kəndində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə dərin minnətdarlığını bildirib.
Tədbirdə kənd sakini Bahaddin Qurbanov çıxış edərək deyib ki, muxtar respublikada gedən quruculuq-abadlıq işləri insanların sevincinə səbəb olur. Görülən işlərin davamı olaraq Qışlaqabbas kəndinin siması da tamamilə dəyişib. Əvvəllər həkim ambulatoriyası kimi fəaliyyət göstərən bina mərasim evi kimi istifadə olunması üçün sakinlərin istifadəsinə verilib. Qışlaqabbas və İbadulla kəndlərinin sakinləri bu mərasim zallarından istifadə edəcəklər. Bunların hamısı sakinlərin rahat və firavan yaşayışı üçündür.
Bahaddin Qurbanov vurğulayıb ki, bu il muxtar respublikada “Ailə təsərrüfatı ili” elan olunub. Qışlaqabbas kəndinin sakinləri də çox zəhmətkeş, torpağa bağlı insanlardır. Buna görə də sakinlər bundan sonra da torpaqları əkib-becərəcək, yaxşı məhsul əldə edərək ailə təsərrüfatı festivallarında, yarmarkalarda rayonu layiqincə təmsil edəcəklər
“Muxtar respublikamızın 95 illik yubileyində Qışlaqabbas kəndindəki sosial obyektlər belə gözəl, abad şəkildə bizim istifadəmizə verilir. Bu gün bizim üçün ən böyük bayramdır”, - deyən Bahaddin Qurbanov Qışlaqabbas kəndində yaradılan şəraitə görə kənd sakinləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirib. Qeyd edib ki, göstərilən yüksək qayğı və diqqətin müqabilində qurulub-yaradılanları göz bəbəyimiz kimi qoruyub saxlayacaq, gələcək nəsillərə ötürəcəyik.
Sonra kənd və xidmət mərkəzlərinə baxış olub.
Qeyd edək ki, Qışlaqabbas kəndində kənd mərkəzinin tikintisi yerli inzibati idarəçiliyin daha yaxşı təşkilinə, əhalinin qarşılaşdığı problemlərin operativ həllinə, inzibati orqanlarla əhali arasında ünsiyyətin mobilliyinə təkan verəcəkdir. Xidmət mərkəzində isə sakinlərə göstəriləcək xidmətlərin keyfiyyətinin daha da yüksəldilməsi üçün hərtərəfli şərait yaradılıb. Burada anbarın, ərzaq və təsərrüfat malları mağazalarının fəaliyyət göstərməsi ailə təsərrüfatlarının istehsal etdikləri malların satışının təşkilinə imkan verəcək. Bütün bunlar muxtar respublikada həyata keçirilən və insan amilini ön planda tutan sosialyönümlü siyasətin nəticəsi, kənd sakinlərinin həyat şəraitinin yüksəldilməsinə etibarlı zəmin yaradan konseptual inkişaf nümunəsi kimi diqqəti cəlb edir.




 
Bölməyə aid digər xəbərlər
14.08.2020
Azərbaycanda 103 nəfər koronavirusa yoluxdu, 221 nəfər sağaldı
14.08.2020
Azəriqaz: İstixana sahiblərinə güzəştlər təklif oluna bilər
14.08.2020
Neftçalada 300 ailəyə ərzaq yardımı paylanıb
13.08.2020
Azərbaycanda 91 nəfər koronavirusa yoluxdu, 211 nəfər sağaldı
13.08.2020
Baş Nazir 48 dövlət orqanında işçilərin işə cəlb edilməsi qaydasına dair tapşırıq verib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11586

1 Leyla Abdullayeva: Ermənistan bəzi Yaxın Şərq ölkələrindəki erməni əsilli əhalinin Azərbaycanın beynəlxalq tanınmış Dağlıq Qarabağ və ətraf bölgələrində qanunsuz məskunlaşdırılması cəhdlərinə əl atır
2 Azərbaycanda böyrək transplantasiyası əməliyyatlarına yenidən başlanacaq
3 Tanınmış şair Cəlal Qurbanov: “Sənin önündə əyilirəm Xanlar əmim”
4 Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır
5 Almaniyada həşəratların qorunması haqqında qanun layihəsi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info