Sədərək rayonu inkişaf dövrünü yaşayır
Tarix: 05.08.2019 | Saat: 14:06:00 | E-mail | Çapa göndər


Ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar müsbət nəticələrə gətirib çıxarır və bu, cari ilin ötən aylarında da özünü göstərib

Bugünlərdə Prezident İlham Əliyev sosial-iqtisadi sahə ilə bağlı müşavirədə çıxışı zamanı da bildirib ki, ölkəmiz inamla inkişaf edir, böyük infrastruktur layihələri icra olunur. Ümumi iqtisadi vəziyyət çox müsbətdir və bu, özünü rəqəmlərdə də əks etdirir. Bu ilin əvvəlində regionların sosial-iqtisadi inkişafı üzrə dördüncü Dövlət Proqramın qəbul edildiyini deyən ölkə başçısı qeyd edib ki, bu, çox genişmiqyaslı proqramdır: “Baxmayaraq ki, son illərdə infrastruktur layihələri ilə bağlı bir çox işlər görülüb, bu günə qədər həllini tapmayan məsələlər də bu proqramın icrası nəticəsində öz həllini tapacaq. Bildiyiniz kimi, bu sahə bizim üçün prioritet sahədir. Həm elektrik enerjisi ilə təchizat, qazlaşdırma, içməli su sahələrində, həm də suvarma layihələrinin icrası istiqamətində bir çox işlər görülüb və gözəl nəticələr var”. Dövlət başçısı onu da vurğulayıb ki, infrastrukturla bağlı bir çox layihələr icra edilib, sosial infrastrukturla bağlı işlər davam etdiriləcək. Onlarla məktəb tikiləcək, 10 şəhərdə mərkəzi xəstəxana yenidən tikiləcək, yaxud da ki, əsaslı təmir olunub istifadəyə veriləcək. Ölkə başçısının sözlərinə görə, digər sosial infrastruktur layihələrinin icrası ilə bağlı konkret proqramlar, planlar var və bunlar Dövlət İnvestisiya Proqramında öz əksini tapır: “Yol tikintisi də Azərbaycanda geniş vüsət alıb. Son 15 il ərzində 15 min kilometr yol çəkilib. Bu il də kənd yollarının, şəhərlərarası yolların çəkilişi nəzərdə tutulur. Təxminən min kilometrə yaxın yolun çəkilişi nəzərdə tutulur. Məndə olan məlumata görə, altı ayda təxminən 400 kilometrə yaxın avtomobil yolu çəkilib. Bu, demək olar ki, Azərbaycanda yol infrastrukturunun tamamilə yenilənməsinə gətirib çıxardı. Kənd təsərrüfatında bu il rekord göstərici əldə edilib. Qeyd etdiyim kimi, bu, aparılan islahatlar nəticəsində mümkün olub”.

Sədərəkdə yeni sosial obyektlər
Son illər inkişafın müşahidə edildiyi regionlardan biri də cəbhə bölgəsində yerləşən Sədərək rayonudur. Sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının daha sürətləndirilməsi və gücləndirilməsi sahəsində həyata keçirilən ardıcıl tədbirlərin nəticəsidir ki, Sədərək bu gün özünün inkişaf dövrünü yaşayır. Rayonda təhsil və səhiyyə obyektləri, inzibati binalar, sənaye müəssisələri tikilir, su qurğuları, rabitə xətləri çəkilməklə, əhalinin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılır. Regionların sosial-iqtisadi inkişafını yaxşılaşdırmaq məqsədilə Prezidentin 29 yanvar 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı ilə təsdiq olunmuş "Naxçıvan Muxtar Respublikasının 2019-2023-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın və “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın qarşıya qoyduğu vəzifələri həyata keçirmək üçün tədbirlər ardıcıl olaraq davam etdirilib.
Hazırda Sədərək rayonunda quruculuq işləri davam etməkdədir. Ümummilli lider Heydər Əliyevin ölkəmizə rəhbərliyinin 50 illiyi ərəfəsində Sədərək rayonunun Heydərabad qəsəbəsində yeni yaşayış binası istifadəyə verilib. İşğalçı ölkə ilə sərhəddə yerləşən Sədərək rayonunda istifadəyə verilən yeni yaşayış binası 48 mənzillidir. Bu, ölkəmizin inkişafının, dövlətin vətəndaşlara qayğısının, göstəricisidir. Yeni yaşayış binasının ilk sakinləri də dövlət qarşısında xidməti borclarını layiqincə yerinə yetirmiş vətəndaşlardır. Bundan başqa, Naxçıvan Muxtar Respublikasında gömrük infrastrukturunun yenidən qurulması istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq, Sədərək Gömrük İdarəsi üçün yeni kompleks inşa olunur. 18 hektar ərazidə inşa olunan kompleks yük xətti və anbarlardan, sərnişinlərin keçid zallarının da yerləşdiyi inzibati binadan, yoxlama-baxış sistemləri bölməsindən və sürətli keçidin təmin olunması üçün nəzərdə tutulan VİP və CİP zallarından ibarət olacaq. Kompleksdə əsas tikinti işləri başa çatdırılıb. Gələcəkdə kompleksdə sərnişin və yük qatarlarının gömrük nəzarətindən keçməsi üçün də lazımi şərait yaradılacaq, kinoloji xidmət fəaliyyət göstərəcək. Yeni gömrük kompleksinin istifadəyə verilməsi gömrük nəzarəti və rəsmiləşdirilməsinin müasir tələblər səviyyəsində həyata keçirilməsinə imkan verəcək. Bu da iqtisadi-ticarət əlaqələrini genişləndirməklə yanaşı, həm də muxtar respublikanın əlverişli tranzit imkanlarından və turizm potensialından səmərəli istifadəyə şərait yaradacaq.
Muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadə olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Son illər ətraf mühitin mühafizəsi sahəsində görülən işlər muxtar respublika ərazisində əlverişli ekoloji şəraitin qorunub saxlanılmasına zəmin yaradıb. Xüsusilə yaşıllıqların artırılması, flora və faunanın mühafizəsi sahəsində görülən işlər öz nəticəsini verib. Muxtar respublikada əhalinin sağlam ekoloji mühitdə yaşamasına xüsusi diqqət yetirilir. Bu tədbirlərin davamı olaraq Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində Sədərək Rayon Su Monitorinq Laboratoriyası yaradılıb, müasir avadanlıqlarla təchiz edilmiş yeni inzibati bina tikilib. Artıq Sədərək rayonunun Heydərabad qəsəbəsində Su Monitorinq Laboratoriyası istifadəyə verilib. Laboratoriyanın yaradılmasında məqsəd muxtar respublikanın su mənbələrinin çirklənməsinin qarşısının almaqdan, eləcə də sularda yaşayan canlıları qorumaqdan ibarətdir. Müasir laboratoriyanın qurulması muxtar respublikanın sərhədləri daxilində tədbirləri vaxtında görməyə və qərar qəbul etməyə imkan verəcək. Su monitorinqlərindən sonra analizlərin cavabı bu sahə ilə məşğul olan beynəlxalq təşkilatlara göndəriləcək. İşğalçı ölkədən keçməklə muxtar respublika ərazisində axan çaylarda çirklənmə qeydə alındıqda isə dərhal beynəlxalq təşkilatlar məlumatlandırılacaq. Ölkə əhəmiyyətli Su Monitorinq Laboratoriyası dünyada yerləşən su monitorinqi laboratoriyalarının xəritəsinə daxil edilib. Laboratoriyanın Ermənistanla sərhəd yaşayış məntəqəsi olan Sədərək rayonunda yerləşməsi həm də müşahidə olunacaq problemlərə vaxtında müdaxilə etməyə imkan verəcək. Binada analiz və nümunələrin hazırlanması otaqları istifadəyə verilib. Yeraltı və yerüstü suların müxtəlif təyinatlar üzrə analizlərinin aparılması üçün laboratoriya müasir avadanlıqlarla təchiz edilib. Laboratoriyada suyun radioaktiv çirklənməsini, suda olan ağır metalları, suyun codluğunu, duzluluğunu, elektrik keçiriciliyini, tərkibində turşuların və qələvilərin miqdarını, suda həll olmuş oksigeni təyin etmək mümkündür. Həmçinin laboratoriyada atom elektrik stansiyalarında istifadə olunan radioaktiv elementlərin nüvə parçalanmasından əmələ gələn tritium izotopunu təyin edən “TRİ CARB” cihazı quraşdırılıb. Yaradılan şərait muxtar respublikada su mühitinin yüksək keyfiyyətlə və dəqiqliklə öyrənilməsinə imkan verəcək.

Rayonda sahibkarlığın inkişafı hesabına məşğulluq artıb


Ölkə başçısının “Kənd təsərrüfatı istehsalçılarına dövlət dəstəyi” haqqında Sərəncamının tələblərinə uyğun olaraq 2019-cu ilin müvafiq dövrü ərzində 1087 hektar sahədə əkin keçirilib. Torpaq mülkiyyətçilərinin 580 nəfərinə 2247 hektar əkin üçün 505 min 186 kq karbamit gübrəsi verilib ki, bu da yüksək məhsuldarlıq üçün zəmin yaradıb. 2019-cu ilin taxıl biçimi yüksək mütəşəkkilliklə başa çatdırılıb və 2472 hektar taxıl biçilib ki, müqabilində 8788 ton taxıl götürülüb, hektarın məhsuldarlığı 35,6 sentner olub. Payız əkini üçün bu günədək 52 hektar sahədə isə şum işləri həyata keçirilib.
Rayonda yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılmasında mütərəqqi suvarma şəbəkələrinin mövcudluğu mühüm əhəmiyyətə malikdir və bu sahədə həyata keçirilən tədbirlər 2019- cu ildə də davam etdirilib. Cari ilin yanvar-iyun aylarında 1342,3 min manatlıq, yaxud 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz çox sənaye məhsulu istehsal olunub. 2019-cu ilin yanvar-may aylarında Sədərək rayonunda sənaye sahəsi üzrə 292 nəfər işçi çalışıb ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çoxdur. Bir işçiyə hesablanmış orta aylıq nominal əməkhaqqı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,1 faiz artaraq 282,1 manata çatıb. 2019-cu il yanvar-iyun aylarında iqtisadiyyatın və sosial sahələrin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 9818,3 min manat və ya 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz çox vəsait yönəldilib. Cari ilin yanvar-iyun aylarında Sədərək rayonunda diri çəkidə 238 ton ət, 1073 ton süd, 934 min ədəd yumurta, 17,1 ton yun istehsal edilib.
Rayonda sahibkarlığın inkişafı, yeni istehsal müəssisələrin yaranması hesabına məşğulluq sahəsi artıb, yeni iş yerləri açılıb. Belə ki, 7 ay ərzində 77 nəfər qeydiyyata götürülüb ki, bunlardan da 69 nəfəri daimi işlə təmin olunub. 2019-cu ilin 7 ayı ərzində rayon üzrə 8 nəfər vətəndaş özünüməşğulluq proqramına cəlb olunub. Bunlardan 6 nəfərinə yanında balası olan iribuynuzlu inək verilib, 1 nəfərə 10 baş xırdabuynuzlu yanıbalalı keçi, 1 nəfərə isə inkubator verilib.
2019-cu ildə rayon ümumtəhsil məktəblərinin maddi-texniki bazası gücləndirilib və görülən tədbirlər təhsilin səmərəliliyinin və keyfiyyətinin yaxşılaşdırılmasına şərait yaradıb. 2018-2019-cu tədris ilində ümumtəhsil məktəblərinin XI sinfindən məzun olmuş 62 nəfərdən 32 nəfəri ali məktəblər üzrə qəbulda keçid balını və 3 nəfər isə 500-600 civarında yüksək bal toplayıb.
Rayonda səhiyyə xidmətinin səviyyəsini müasir tələblərə çatdırmaq, keyfiyyətini daha da yaxşılaşdırmaq məqsədilə müasir üslubda hər cür şəraitə malik inşa edilmiş Sədərək Rayon Mərkəzi Xəstəxanası 2018-ci ildən icbari tibbi sığortanın tətbiqinə başlayıb. Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 2019-cu ilin yanvar və iyul ayı ərzində tələbnamə əsasında 701524.0 manat vəsait götürülüb. Mərkəz tərəfindən, daxil olan sanatoriya-kurort putyovkaları növbəlilik əsasında təyin edilir. Mərkəz rayon ərazisində əlillər arasında protezortopediya məmulatlarına (kreslo- araba), texniki və başqa reabilitasiya vasitələrinə ehtiyacı olanlara rübdə bir dəfə, Nazirliyin əməkdaşlarının da iştirakı ilə, protez vasitələri çatdırıb. Həmçinin sağlamlıq imkanları məhdud 2 nəfərə əlil arabası, 4 nəfərə eşitmə aparatı, 11 nəfərə əsa verilib. Bu dövr ərzində 6 nəfər müalicə üçün sanatoriyalara göndərilib.
Bir sözlə, ötən müddət ərzində Sədərək rayonunda sosial-iqtisadi sahə üzrə xeyli nailiyyətlər əldə edilib. Qarşıdakı 6 ay ərzində də həyata keçirilməsi nəzərdə tutulan sosial-iqtisadi layihələrin uğurla başa çatdırılması gözlənilir.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
15.09.2019
Şəki və Oğuzda mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək
15.09.2019
İsmayıllı rayonunun İvanovka kəndindəki Mədəniyyət Sarayı əsaslı təmirdən sonra istifadəyə verilib
14.09.2019
Masallıda peşə təmayüllü siniflər yaradılacaq
14.09.2019
Birinci vitse-prezident Mehriban Əliyeva İsmayıllı şəhərində uşaq bağçasının açılışında iştirak edib
14.09.2019
Şamaxıda zəlzələdən qəzalı vəziyyətə düşmüş evin yerində inşa edilən evdə yaradılan şəraitlə tanışlıq

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info