“Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir”
Tarix: 15.08.2019 | Saat: 18:21:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, Ermənistanın Xarici İşlər naziri Zöhrab Mnatsakanyan Baş Nazir Nikol Paşinyanın avqustun 5-də Xankəndindəki çıxışı zamanı səsləndirdiyi avantürist, təhrikedici bəyanatları dəstəkləyib. Mnatsakanyan bu haqda Yerevanda uruqvaylı həmkarı Rudolf Nin Novoa ilə keçirdiyi brifinq zamanı danışıb. Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva buna cavab olaraq AZƏRTAC-a açıqlama verib: “Zöhrab Mnatsakanyan Nikol Paşinyanın Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində səsləndirdiyi absurd bəyanatı bir daha təkrarlaması, əslində, onu beynəlxalq birlik, xüsusilə də ATƏT-in Minsk Qrupu həmsədrləri qarşısında pis vəziyyətə salır. Həqiqətən də, bu cür məsuliyyətsiz ritorika nəinki beynəlxalq hüquqa və beynəlxalq vasitəçilərin mövqeyinə tamamilə ziddir, eyni zamanda, münaqişənin sülh yolu ilə tənzimlənməsinə yönələn bütün səyləri heçə endirə bilər. Ermənistan tərəfinin əsl simasının üzə çıxması və maskalarının atılması danışıqlar prosesinin pozulmasına yönələn Ermənistan hökumətinin rəsmi mövqeyinə beynəlxalq təsisatların diqqətinin cəlb edilməsi üçün ciddi əsas təşkil edir.
Bu gün Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan bu ölkənin Dağlıq Qarabağın mənsubiyyəti ilə bağlı rəsmi mövqeyi nədir sualını şərh edərək, baş nazir Nikol Paşinyanın təxribatçı ifadəsini təkrarlamaqdan başqa bir şey qeyd etmədi. Bununla əlaqədar nə deyə bilərsiniz?” sualını cavablandıran XİN rəsmisi qeyd edib ki, Azərbaycanın Xarici İşlər Nazirliyi BMT və ATƏT-in Baş katiblərinə, habelə ATƏT-in Minsk Qrupunun həmsədrlərinə və bu Qrupun digər üzv ölkələrinin Xarici İşlər nazirlərinə məktublar ünvanlayaraq, N.Paşinyanın bəyanatları səbəbindən meydana gələn təhlükəli vəziyyətlə bağlı artıq mövqe bildirib”.
Leyla Abdullayeva diqqətə çatdırıb ki, Azərbaycan tərəfi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasının, habelə Ermənistan tərəfindən Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərinin işğalının ağır nəticələrini xatırladaraq, Ermənistan baş nazirinin son bəyanatlarını vəziyyətin daha da gərginləşməsinə gətirən “qırmızı xəttin” aşılması kimi qiymətləndirir.
“Biz Ermənistan tərəfinə ATƏM Nazirlər Şurasının 1992-ci il 24 mart tarixli qərarı, həmçinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin mandatı ilə diqqətlə tanış olmalarını israrla tövsiyə edirik. Bu sənədlərdə münaqişənin sülh yolu ilə tənzimlənməsinə nail olmaq üçün lazımi tədbirlər dəqiq təsbit olunur. Münaqişənin sülh yolu ilə həlli silahlı təcavüzün nəticələrinin tanınmasına əsaslanmamalı, əksinə - BMT Nizamnaməsinə, Helsinki Yekun Aktının müddəalarına, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in qərarları üzərində qurulmalıdır. Sonda Şərqdə işlədilən bir atalar sözünü xatırlatmaq istərdim: “Halva, halva deməklə ağız şirin olmaz!” – deyə Azərbaycan XİN-in rəsmisi qeyd edib.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ATƏT-in Minsk qrupu həmsədrlərinə çağırış edib


Yeri gəlmişkən, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal altında olan ərazilərinə səfər etməsi və səfər zamanı səsləndirdiyi təxribatçı bəyanata etiraz olaraq ATƏT-in Minsk qrupu həmsədrlərinə məktub ünvanlayıb. Bu barədə AZƏRTAC-a “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyindən məlumat verilib.
Məktubda deyilir: “2019-cu il avqustun 5-də Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edib, “Pan-Ermənistan” oyunlarının açılışına qatılıb. Açılış “mərasim”ində Nikol Paşinyan təxribatçı bəyanatlar səsləndirərək Qarabağı Ermənistanın tərkib hissəsi adlandırıb. Ermənistan baş naziri bununla da Azərbaycan ərazilərini ilhaq siyasəti yürütdüyünü təsdiq edir”. Məktubda qeyd edilir ki, Paşinyanın bu sayıqlamaları, əslində, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan danışıqların ruhuna zidd olmaqla yanaşı, öz ata-baba yurdlarından didərgin düşmüş yüz minlərlə azərbaycanlının hiddətinə səbəb olub.
Etiraz məktubunda, həmçinin bildirilir ki, XXI əsrdə ölkələrin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin güc yolu ilə dəyişdirilməsi qəbuledilməzdir. N.Paşinyanın münaqişənin sülh yolu ilə həll edilməsinə dair fikirləri isə gözdən pərdə asmaqdan başqa bir şey deyil. Bu, Ermənistanın işğalçılıq siyasətini gizlətmək üçün uydurulmuş bəhanədir. Ermənistanın əsas məqsədi beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunu aldatmaqdan ibarətdir. Paşinyan “Qarabağ Ermənistanın tərkib hissəsidir” deməklə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə gedən danışıqları zərbə altında qoyur və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlara bərpaedilməz zərər vurur. Ermənistan baş nazirinin fikirlərini bu ölkənin xarici işlər naziri də təsdiqləyib.
“Biz, Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri ATƏT-in Minsk qrupunu Ermənistanın baş naziri Nikol Paşinyanın bu ilhaqçı siyasətini pisləməyə çağırırıq”, - deyə etiraz məktubunda vurğulanır.
Qeyd edək ki, bu məktub ATƏT-in Minsk qrupu həmsədrləri ilə yanaşı, Minsk qrupunun digər üzv dövlətlərinə və qurumun Parlament Assambleyasına, BMT-nin Baş katibinə, Avropa Şurasının və Avropa İttifaqının müvafiq qurumlarına, habelə digər beynəlxalq təşkilatların ünvanlarına göndərilib.
Məktubu “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin sədri Tural Gəncəliyev, İdarə Heyətinin üzvləri Flora Qasımova, Asif Cahangirov, Dürdanə Ağayeva, Xatirə Vəliyeva, Samirə Hüseynova, Nigar Mövsümlü və s. imzalayıblar.

“Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün əhəmiyyətli platformadır”

Bu arada oktyabrın 25-26-da Bakıda Qoşulmama Hərəkatına (QH) üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçiriləcək və Azərbaycan Respublikası 2019-2022-ci illərdə bu quruma sədrlik edəcək. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin idarə heyətinin sədri Fərid Şəfiyev AZƏRTAC-a Hərəkatın üzv dövlətlər arasında əlaqələrin intensivləşməsi üçün yaratdığı imkanlardan, bu platformanın Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün əhəmiyyətli rolundan danışıb.
Qoşulmama Hərəkatı 120 üzv ölkəni, 17 müşahidəçi dövləti və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. Hərəkat ilkin olaraq üzv dövlətlərin milli müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qorunması çərçivəsində imperializm, müstəmləkəçilik və post-müstəmləkəçilik, irqçilik və hər hansı xarici müdaxilə, zorakı kənar təsir və təzyiq, eləcə də böyük güclərin münaqişə zəminində yaratdıqları çoxüzvlü hərbi və siyasi bloklara qarşı formalaşıb.
2006-cı ilin sentyabrında Qoşulmama Hərəkatının Kubanın paytaxtı Havanada keçirilən Sammitində üzv ölkələr Qərb və Sovet İttifaqı arasında soyuq müharibənin başa çatması və qütblərdən birinin dağılmasının QH-nin inkişaf etməkdə olan dövlətlər üçün önəmini azaltmadığını bildirib və hərəkatın yeni dövr üçün məqsədlərini müəyyənləşdiriblər. Onlar Hərəkatın inkişaf etməkdə olan dövlətlər üçün siyasi koordinasiya mexanizmi kimi gücləndirilməsinə və qlobal təhdidlərə qarşı üzv ölkələr arasında əməkdaşlığın əlaqələndirilməsində aparıcı rol oynamasını təşviq etməyə qərar veriblər.
Təşkilat tədricən yüksələn dinamizmə malikdir və bu, üzv dövlətlər arasında əlaqələrin intensivləşməsi üçün imkanlar yaradır. Bu, dövlətlərə eyni cəbhədə yer almaq, onların digər platformalarda (məsələn, BMT-də) dəstəyini təmin etmək imkanı verir. Onların ölkəmizin maraqlarına dəstək ifadə edən mövqedən çıxış etmələri və maraqlarımızı əks etdirən beynəlxalq sənədlərin qəbul edilməsində iştirakı Azərbaycan diplomatiyasının qarşısında çox mühüm vəzifələr qoyur və böyük imkanlar təqdim edir.
Qoşulmama Hərəkatı Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi üçün əhəmiyyətli platformadır. Ölkəmizin bu Hərəkatda iştirakı Ermənistan–Azərbaycan münaqişəsində haqlı mövqeyimizin üzv dövlətlərin diqqətinə çatdırılması baxımından çox vacibdir. Bu, artıq praktikada özünü doğrultmuş bir yanaşmadır. Belə ki, Qoşulmama Hərəkatının 2016-cı ildə Venesuelada keçirilən Sammitində qəbul edilmiş yekun sənəddə iştirakçı dövlətlər Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi ilə həll edilməsinin zəruriliyini göstərmiş və BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icra edilməsinə çağırmışdılar. Oxşar mövqe Hərəkat üzvləri tərəfindən bu ilin iyul ayında Venesuela Respublikasının Karakas şəhərində keçirilən Nazirlər Şurasının yekun sənədində də ifadə edilib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.12.2019
Erməni işğalı BMT-də ifşa edilib
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
28.11.2019
“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
4 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
5 Avropada işsizlər ordusu yaranır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info