“İbrahimbəyovun ciddi psixoloji problemləri var”
Tarix: 22.08.2013 | Saat: 23:37:00 | E-mail | Çapa göndər


Seymur Orucov: “O, antiazərbaycan təfəkkürlü bir şəxsdir”

Araz Əlizadə: “Bu adamın təxəyyülünə nə gəldisə, o cür də uydurur və heç bir məsuliyyət hissi daşımadan fikirlərini yayır”

Ənvər Ağazadə: “İbrahimbəyovla bağlı problemlər faktiki olaraq “milli şura”nı uçuruma apardı”

Cümşüd Nuriyev: “O da istədiyini etdi-müxalifətin olmayan boyunu yerə soxdu”

“Milli şura”nın əhli-kef namizədi Rüstəm İbrahimbəyovun buraxdığı “quş”larının sayı durmadan artmaqdadır. Rusiya Federal Miqrasiya Xidmətinin verdiyi məlumat da təsdiq etdi ki, İbrahimbəyovun seçkidə ciddi bir namizəd kimi iştirak etmək fikri və qabiliyyəti yoxdur.
Belə ki, o, yalnız avqustun 13-də Rusiya vətəndaşlığından imtina etmək barədə müraciət edib və sənədlərinin baxılması üçün ondan alınması barədə qəbz verilib. Bundan başqa RMX təsdiq edib ki, bu adamın ABŞ-da da daimi vətəndaşlığı varmış. Bu isə İbrahimbəyovun “öz aləmində” olduğunu, başının öz kefinə, problemlərinə qarışdığını, nəinki namizəd, hətta şəxsiyyət kimi də ciddilik, məsuliyyət və cavabdehlik baxımından axsadığını ortaya qoydu. Məlum oldu ki, bu adam Rusiya vətəndaşlığından çıxmaq üçün çoxdan ərizə ilə müraciət etdiyini yalandan iddia edirmiş. Halbuki o, yalnız 13-də “xala xətrin qalmasın” prinsipi ilə ərizə verməklə, prosesin yubanmasına, sonda da namizədliyinin alınmamasına bais olubmuş... Müxalifətin radikal qanadı isə belə bir əhli-kef adamın əlində oyuncağa çevrilibmiş...
“Palitra”ya bu barədə danışan YAP Gənclər Birliyinin sədri Seymur Orucov belə dedi: “Mən bunu deyim ki, Azərbaycan müxalifəti müxalifət olmağı öyrənməlidir. Tənbəl bir tələbə 20 il oxusa, məzun ola, diplom ala bilər. Müxalifət isə 20 illik siyasi fəaliyyəti ərzində heç nə öyrənə bilmədi. Bu baxımdan müxalifət indiyə qədər siyasətçi olmaq baxımından heç orta məktəb attestatını da ala bilməz. Bu cəhətdən onların özlərində problem var. İbrahimbəyov kimi erməni mövqeli, antiazərbaycan təfəkkürlü bir şəxsi onlar lider seçdilər. Sonra da məlum oldu ki, bu “lider”in ciddi psixoloji problemləri var. O, ssenarist kimi uğursuz olduğuna, ssenariləri satılmadığına görə nevrotikliyə uğrayıb, indi də özünü siyasətçi sayır, gəlib deyir ki siyasətçi olacağam. Bu cür insanların gün tənzimi normal deyil. Bu adam siyasətə də fantazyor, utopist kimi yanaşır. Bütün bunlara görə də müxalifət Rüstəm İbrahimbəyovu başçı seçməklə Azərbaycan vətəndaşlarını təhqir etmiş olurlar. İbrahimbəyovun sən demə, üçlü öhdəliyi varmış. Bu cür adamın namizəd olması da qanunaziddir. İbrahimbəyov isə o qədər korşalıb ki, Konstitusiyaya, qanunlara da bu qədər barmaqarası baxır”.
ASDP sədri Araz Əlizadə “Palitra”ya açıqlamasında bu məsələyə belə münasibət bildirdi: “Mən siyasətçiyəm, o isə dramaturqdur. Onun təxəyyülü necə imkan verirsə, o cür uydurur. Bir gün deyir ki, ikinci vətəndaşlığım yoxdur, bir gün deyir ki, var. Sonra isə aşkara çıxır ki, hətta üçlü vətəndaşlığı var. Bir gün deyir ki, namizəd olmayacağam, sonrası gün deyir ki, olacağam. Bu adamın təxəyyülünə nə gəldisə, o cür də uydurur və heç bir məsuliyyət hissi daşımadan fikirlərini yayır. O, Azərbaycan xalqına kütlə kimi baxır. İbrahimbəyov ətrafına yığışan “şurik”ləri də beləcə Ostap Bender kimi “idarə” edir”.
Ümid Partiyası sədrinin müavini Ənvər Ağazadə isə qəzetimizə bu barədə bildirdi ki, İbrahimbəyovun bu cür tez-tez fikir dəyişikliyinə uğraması onun öz işidir və daha yaxşı olardı ki, onun sədri olduğu “milli şura” üzvləri də bu işlərə münasibətlərini bildirsinlər: “Amma İbrahimbəyovun namizədliyini irəli sürən təşkilatlar, qurumlar öncədən bu addımlarla qarşılaşacaqlarını görməli idilər. Əvvəldən də İbrahimbəyovun bu məsələlərlə bağlı adı hallanırdı, onlar bu məsələləri təftiş etməli idilər. Ona görə də onun namizədliyini irəli sürən insanlar bu problemləri əvvəlcədən göz altına almalı idilər və onun üzərində dayanmamalı idilər. İbrahimbəyovla bağlı problemlər faktiki olaraq “milli şura”nı uçuruma apardı. Artıq bu gedişlə onlar normal namizədlə seçki prosesində iştirak etməyəcəklər və seçkidən kənarda qalmalı olacaqlar”.
“Palitra”ya bu barədə fikir bildirən politoloq Cümşüd Nuriyev belə dedi: “İbrahimbəyovun nəinki namizədlik eşqi var idi, ümumiyyətlə, o, şəxsi gəlirlərini düşünürdü. Yəni bu şəxs maddi maraqlara görə siyasətə qatıldı. Bu işdə ona ən yaxın yardımçı Eldar Namazov oldu. Rusiyadan yayılan İbrahimbəyovun ABŞ-da vətəndaşlığının olması və qəbzlə bağlı sensasiyalı xəbər isə bir daha göstərdi ki, kinodramaturq və biznesmen olan bu şəxs fırıldaqçıdır və müxalifəti də barmağına doladı. Dəfələrlə demişdim ki, onun ABŞ-da evi olduğu üçün bu adam bəzi öhdəliklər də daşıyır və buna görə Rusiyaya açıqlamalar verməlidir sənəd şəklində. Bu isə baş verməyib və Rusiyadan da nə qəbz, nə də arayış gələ bilməzdi. Vətəndaşlıqdan çıxmaq üçün o, evi də adından çıxarmalı idi. Çünki onun əmlak vergisi ilə bağlı öhdəliyi var idi. Bu tamamilə ayrı bir prosesin başlanğıcı olacaq. Azərbaycan müxalifətində ilginc olaylar, bu “barmağa dolamaq” siyasətinin kəskin formaya keçməsindən sonra qalmaqallar çoxalacaq. “Milli şura” kimlərinsə gözünə kül üfürə bilmişdi. Bəziləri buna aldanmışdılar. Təşkil olunan mitinqdə isə məlum oldu ki, bunların heç min nəfər tərəfdarı da yox imiş. Həm də ki, onların güc məsələsinin zəif olması ortaya çıxandan sonra göründü ki, qurmda ağız ağıza yatmış canavarlar siyasəti yürüdülür. Bu siyasətin də həmişə sonu iflasla qurtarır. Necə ki qurum yarananda bəyan etmişdik ki, o, siyasi cəhətdən ölü doğulub. Çiçəyi burnunda olan Rüstəm İbrahimbəyov özünü sadəcə cəmiyyətə sırımaq istəyirdi. Bu adam öz ailəsini idarə edə bilmir, müxalifəti necə idarə edəcəkdi? Onun bir ad-soyadı azərbaycanlıdır. Bir qədər araşdırsaq, görərik ki, onun qanında bir neçə millətin geni qarışıb. Belə şəxsdən də fırıldaqçılıqla yanaşı hər şey gözdəmək olardı. O da istədiyini etdi-müxalifətin olmayan boyunu yerə soxdu. Müxalifətə məlum oldu ki, onlar siyasi cəhətdən kordurlar və hələ də 90-cı illər səviyyəsində qalıblar. “Milli şura” ideyası xarici ölkənin siyasi texnoloqlarınının hazırladıqları ideya idi. Onun başında isə belə bir fırıldaqçı durdu”. Qeyd edək ki, İbrahimbəyov həm də iddia edib ki, iyulun 8-də vətəndaşlıqdan çıxmaqla bağlı Rusiyaya müraciət edib, amma avqustun 13-də onun müraciəti qeydə alınıb. Amma bu, ağ yalan və məntiqsiz iddiadır. Çünki istənilən dövlət qurumuna edilən müraciət həmin müraciət gününün tarixi ilə qeydə alınır. Bu, bir prosedur qaydasıdır və bu da İbrahimbəyovun növbəti fantaziyasını, əslində isə Azərbaycan cəmiyyətini saymazyana bir şəkildə aldatmağa çalışmasını ortaya qoyur.

İlkin AĞAYEV
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
22.09.2019
“Tapa” qasırğası Koreya Respublikasında insan tələfatına səbəb olub
22.09.2019
Bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb
22.09.2019
Azərbaycanın ərazi sularında gəmilərin hərəkətinə icazə verilib
22.09.2019
Erməni qadınların ağuşundakı avropalı deputatlar
22.09.2019
Fuad Qəhrəmanlının timsalında Əli Kərimli daha bir dəfə ifşa olundu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info