Son əsər, yaxud ömrün başlanğıcı
Tarix: 23.08.2013 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


|

Azərbaycanın Xalq rəssamı
Hüseyn Əliyevin xatirəsinə

Həyatla ölüm üz-üzə dayanmışdı. Bir tərəfdə heç bir insanın doğru-düzgün, necə varsa, eləcə təsvir edə, sözlə deyə bilmədiyi bir dünya vardı. O biri tərəfdəki isə hələ bir kimsənin görmədiyi, yalnız xəyalına gətirdiyi dünya idi... Sakinlərin ruhlar olduğu dünya...
Müdrik rəssam bu işıqlı aləmin harmoniyasını dərk etmişdi. Bu harmoniyadakı notları rənglərə çevirmişdi. Dünyanın gözəllikləri o rənglərdə yaşayırdı. Onlara həyat vermişdi. Bu həyatda dumduru çaylar axırdı, şəlalələr şaqqıldayıb gedirdi, rəngbərəng güllər açmaqdaydı... Adama elə gəlirdi ki, bu dumduru çaylar əbədi axacaq, heç vaxt dayanmayacaq, şəlalər susmayacaq, güllər solmayacaq...
Həyatla ölüm üz-üzə dayanmışdı. Molbertin üstündə çərçivəyə salınmış kətan vardı, orada müxtəlif cizgilər edilmişdi. Bu cizgilər sağdan-sola, soldan-sağa gedirdi, qıvrılırdı, düzəlirdi. Sonra hardasa itib-batır, yenidən görünürdü. Bu cizgilər ömür yoluna bənzəyirdi. Sanki labirint idi...
Həyatla ölüm üz-üzə dayanmışdı. Qoca rəssam palitrada rəngləri fırça ilə qarışdırmaqdaydı. Onları inadla bir-birinə qatırdı. İstədiyi rəngi axtarırdı... Lakin o rəngi tapa bilmirdi. Ancaq o sakitləşmirdi, axtarırdı. İnanırdı ki, o rəngi tapacaq... Budur, istədiyi rəng alındı. Fırçanı rəngə batırıb kətana toxundurur... Alındı!!! Yeni əsəri çəkmək olar...
Fırçanın ucu kətanın üzərindədir. Nöqtə qoyulub. Yeni bir əsərin çəkilməsinə başlanılıb. Ürəyininsə son akkordları eşidilir: “Tıp-tıp-p-p-p... və dayanır”. Bu da son və başlanğıc...

Bəhruz dünyası


Doğulduğun da, dünyadan köçdüyün yer də qədim Naxçıvandır. Bu dünyada vur-tut otuz il ömür sürdün. Otuz il! Lakin bu otuz il üç yüz ildən də dəyərlidir. Axı sən bu otuz ildə, daha doğrusu, yaradıcılıqla məşğul olduğun yeddi ildə 2000-ə yaxın əsər yaratdın. Möcüzəyə bax, yeddi ildə iki minə yaxın əsər! Bu, xalqa xidmətin,Vətənə sədaqətin gözəl, nəcib bir nümunəsidir.
Bu otuz il fərəhli olmadı sənin üçün. Xəstəlik, digər səbəblər... Amma gör səndən nə qədər əsər qadı?! Azərbaycan türklərinin adət-ənənələrini,sevinc və kədərini,dərd və qayğısını özündə yaşadan əsərlər. “İlanlı dağ ay işığında”, “Ağrı dağı”, “Köhnə qala”, “Əliabad kəndində darvaza”, “Nuhun qəbri”, “Möminə xatun türbəsi” və digər rəngkarlıq əsərləri sənin fırçandan çıxıb. Sənin yadigarlarındandır.
“Qaçqınlar”, “Qaçqın oğlan”, “Qaçqın qız”, “Yurdsuz ailə” və başqa əsərlər 1918-1920-ci illərdə ermənilərin xalqımızın başına açdığı fəlakətlərdən ibrətamiz bir nağıl danışır...
Naxçıvan teatrındakı xidmətlərin də tarixin yaddaşına yazılıb. “Ölülər”, “Hacı Qara”, “Pəri-Cadu” tamaşalarına və geyimlərinə verdiyin eskizlər orijinallığı ilə diqqəti cəlb edir.
Bunlar yaradıcılığının cüzi bir hissəsidir. Bütöv əsərlərinə gəldikdə isə onlar qorunub-saxlanılır. Qiyməli bir xəzinə kimi nəsildən-nəslə ötürülür. Bu xəzinə ölkəmizin hüdudlarını aşıb, dünya miqyasına çıxıb. Xalqımızı heyrətləndirdiyi kimi, bir çox xalqları da heyrətləndirir. Zaman keçdikcə bu heyrət, bu maraq daha da artacaq. Bir gün gələcək, sənin dünyan-Bəhruz dünyası bütün ürəkləri fəth edəcək.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10886

1 Tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam imzalandı
2 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
3 Müəllimlərin dərs yükü norması artırıldı
4 Daxili İşlər nazirindən yeni təyinat
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info