Mühacirlərin internet TV-ləri haradan maliyyələşir?
Tarix: 21.08.2019 | Saat: 14:57:00 | E-mail | Çapa göndər


Həmin internet TV-lər xüsusi layihələrdir və ciddi maliyyə tələb edən bu eksperimentlərin arxasında ölkəyə təzyiq etməklə özlərindən asılı vəziyyətə salmaq kimi planlar dayanır

Son illər xaricdəki bəzi Anti-Azərbaycan dairələr tərəfindən təşkilatlandırılan və maliyyələşdirilən mühacirlər, eləcə də bəzi radikal müxalifətçilər sosial şəbəkələr vasitəsilə ictimai rəyə mənfi yöndən təsir etməyə çalışırlar. Bu cür fəaliyyətlərdə isə daha çox diqqət çəkən yağışdan sonra göbələk kimi artan radikal təbliğatları ilə seçilən internet televiziyalardır.
Ümumiyyətlə, öncə onu deyim ki, Qərbdəki bəzi dairələrin qarmaqlarına asan yem kimi görünən mühacirlərin əksəriyyətinin fəaliyyət tarixçəsinə baxanda görürsən ki, bu adamlar siyasətə təsadüfdən gələnlərdilər. Ya da ki, illər öncə xaricdən problemsiz qrantlar, maliyyə yardımları alan radikal müxalifət partiyaları bu istiqamətdə əlləri daha uzun olmadığı üçün indi “mühacir biznesinə” qol qoymağa başlayıblar ki, bu gün meydanda olan “müxalif mühacirlər” də buradan peyda olublar. Bununla bağlı elə müxalifətin içindən olan şəxslər də sosial şəbəkələrdə ciddi qalmaqala səbəb olacaq açıqlamalar edirlər. Məsələn bir-iki əvvəl Azərbaycan Xalq Cəbhəsi Partiyasının(AXCP) fəallarından biri belə bir iddia ilə çıxış edərək Avropaya sığınacaq üçün üz tutanların bəzilərində müəmmalı şəkildə, “peçatlı”, imzalı AXCP sənədlərinin olmasını tənqid etmişdi. Sonradan bəlli oldu ki, bu mühacir biznesində birbaşa olaraq Əli Kərimlinin də əli varmış... Hətta AXCP sədri bu qalmaqalın üstündən hiyləgərliklə keçib getməyə çalışdı. Son bir ayda isə oxşar hal Müsavatda yaşandı ki, bununla bağlı partiyanın funksionerlərindən biri olan Gülağa Aslanlı status da paylaşdı. Amma elə status paylaşmağına peşman oldu ki, onun statusu altında bəzi sonradan “dönük” adlandırılan müsavatçılar saxta sənəd qalmaqalı ilə bağlı tutarlı cavabların verilməsini tələb etdilər. Həmin status və şərhlər hələ də Gülağa Aslanlının profilində qalır və o məsələ Müsavatın gündəmindən də düşməyib. Uzun sözün qısası, anormal mühacir dəstələrin peyda olmasında radikal müxalifət partiyalarının da rolunun olmasını, özü də pul ilə xüsusi sənədlər satmasını artıq kimsə şübhə etmir. O ki, qaldı bu mühacir biznesinin nəticəsi kimi ortaya çıxan bəzi satqın, agentura şəbəkəsinin üzvü, “5-ci kolon”un aktiv üzvlərinin təhqiramiz, təhlükəli mübarizə üsullarına bunu da elə həmin şəxslərdən gözləməyə dəyərdi. Çünki yuxarıda da qeyd etdiyim kimi həmin qruplar məhz Qərbdəki ağalarının tapşırıq və planları əsasında hərəkət edirlər ki, onlar da hər cürə radikal davranışlar tövsiyyə edilir.

Ölkənin bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidirlər

İnternet televiziyaları açıb gecə-gündüz Azərbaycanın gözdən salınması üçün fəaliyyətlər bu qruplara verilən bir nömrəli tapşırıqlardandır! Yəni, hətta balaca uşağa da sual versən ki, təmənnasız bu cürə işlərlə məşğul olarsanmı - internet TV açıb gününü kompüter arxasında keçirərsənmi? “Yox” cavabını verər. Qısası, müxalifət partiyalarının təqdimatı əsasında bir sıra Avropa ölkələrində onlarla insana yaşamaq hüququ verilməsi, onlardan təbliğat məqsədilə vətəndaşı olduğu ölkəyə qarşı istifadə edilməsi artıq heç kimə sirr deyil. İnternet TV-lər açanlar isə yaxşıca maliyyə ilə təmin edilirlər. Ümumiyyətlə sosial şəbəkələr meydana çıxandan bəzi ölkələrdə ictimai fikrə mənfi yöndən təsir etmək üçün “Facebook”, “YouTube” kimi sosial şəbəkə platformalarından geninə-boluna istifadə etməyə başladılar. Yəni, Qərbdə bəzi dairələr “qıra” bilmədiyi, tam öz təsiri altına ala bilmədiyi ölkələrin daxili işlərinə qarışmaq üçün sosiallıq amilini bir silah kimi istifadə etməyə başlayıblar. Bəzi ərəb ölkələrində sosial şəbəkələrdən istifadə etməklə başlayan süni ajiotajlar sonradan böyük mitinqlərə, xaosa səbəb oldu. Nəticə - sonu görünməyən müharibələr, vətəndaş qarşıdurması, dövlətlərin siyasi-iqtisadi əsaslarının məhv edilməsidir. Dövlətçilik əsasları möhkəm, cəmiyyəti ayıq-sayıq, xalqa əsaslanan hakimiyyətlərin olun ölkələrdə bu ssenariləri tətbiq etmək asan deyil. Əksər halda isə mümkün deyil. Elə Azərbaycana qarşı da uzun müddətdir ki, mühacir qruplardan, radikal müxalifətdən bu istiqamətdə istifadə etməyə cəhdlər edirlər. Orduxanlar, Məhəmməd Mirzəlilər, “MeydanTV”-lər, Sevinc Osmanqızı və ya Qənimət Zahid kimi AXCP sədrinin “media əlləri” hazırda özlərini o qədər ifşa ediblər ki, müəyyən dairələrin əlində ölkəmizə qarşı “antitəbliğat maşınına” çevrilmələri cəmiyyətdə ən yüngül desək, ikrah hissi oyadır...
Yəqin onların ağaları düşünürlər ki, bu cür üsullarla gələcəkdə seçki proseslərinə müdaxilə edə, xalqın iradəsinə təsir edə biləcəklər, gənclərin beynini Orduxanın mübtədası ilə xəbəri bilinməyən cümlələri, Məhəmməd Mirzəlinin, Vidadinin söyüşləri Qənimət Zahidin hətta xalqın qürur yeri olan ordumuz haqqında gecə gündüz uydurma aşağılayıcı ifadə və ittihamları ilə xalqın dəstəklədiyi hakimiyyətə qarşı qaldıra biləcəklər.
Müxalifəti dəstəkləməyin və maliyyələşdirməyin yeni forması kimi internet televiziyalardan və digər texnologiyalardan geniş istifadə edənlər unudurlar ki, bu xalq 90-cı illərin əvvəllərində satqın, səbatsız, Orduxanlar kimi siyasətə təsadüfdən gələnləri bir dəfə görüb, ikinci dəfə onlara meydan verməyəcək!
Bəlkə də sosial şəbəkələrdə bu TV-lər maraq üçün izlənilir. Amma bu o anlama gəlmir ki, həmin şəxslər bu radikallarla həmrəydilər! Çünki xalqımız gözəl anlayır ki, bu qruplar, internet TV-lər xüsusi layihələrdir və ciddi maliyyə tələb edən bu eksperimentlərin arxasında ölkəyə təzyiq etməklə asılı vəziyyətə salmaq kimi planlar dayanır. Yalnız sadəlövh adamlar düşünə bilər ki, internet TV-lər məhdud maliyyə resursları ilə yaradılır və işlədilir. Sığınacaq tapdığı ölkədə heç bir işlə məşğul olmayan insanların malik olduğu resurslar internet TV işlətmək kimi heç də az vəsait tələb etməyən məşğuliyyətlə adekvat deyil. Bir daha qeyd edirəm ki, həmin adamlara lazımınca maliyyə dəstəyi edilir. Hətta sözügedən TV sahiblərindən biri təkcə reklamına ayda 10 min dollar pul xərcləyir...
Məsələnin ən pis tərəfi isə odur ki, Azərbaycana qarşı geniş təbliğat şəbəkəsinin yaradanlar bu işdə Azərbaycanın ənənəvi müxalifətinin bəzi təmsilçilərindən də geninə-boluna istifadə edirlər. Özgə vaxtı vətənpərvərlikdən, əqidədən, milli maraqlardan dəm vuranlar dövlətə, xalqa xəyanətdən çəkinmirlər. Əslində isə ölkənin bütün sağlam, milli mövqedə dayanan siyasi qüvvələri Azərbaycana qarşı xarici təbliğata və təsirlərə, ilk növbədə isə siyasi proseslərə və seçkilərə müdaxilələrə qarşı vahid cəbhədə birləşməlidirlər.
Milli mənafeləri hər şeydən üstün tutan partiyalar, şəxslər siyasi baxışlarından asılı olmayaraq ölkənin suverenliyinə, Azərbaycanın müstəqilliyinə qarşı çıxış edənlərə qəti və layiqli cavab verməli, maraqlı xarici qüvvələr tərəfindən şirnikdirmə, satınalma, şübhəli maliyyələşdirmə yolu ilə Azərbaycan müxalifətinin səbatsız nümayəndələrinin Azərbaycan dövlətinə qarşı çıxmasına imkan verməməlidirlər. Xalq ona və dövlətinə xəyanət edənləri heç vaxt bağışlamayacaq.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Əli Kərimli indi də Müsavatı idarə etməyə hazırlaşır?
18.09.2019
İki qardaş ölkənin dövlət bayraqları Təkaltı dağının zirvəsində
17.09.2019
AİDA ilə Pontifik Şərq İnstitutu Anlaşma Memorandumu imzalayıb
17.09.2019
Gültəkin Hacıbəylinin 2 maşınına və mənzilinə həbs qoyuldu
17.09.2019
Aslan İsmayılov və oğlu erməni casusun “qolları arasında“ - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 В Великобритании перешли на систему образования СССР
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar
5 Vilayət Eyvazovdan yeni təyinat


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info