Azərbaycanın Şərqdə önə çıxmasının tarixi kökləri
Tarix: 23.08.2013 | Saat: 23:59:00 | E-mail | Çapa göndər


Bu gün Azərbaycan cəmiyyətində müxtəlif sahələrlə bağlı hüquqi maarifləndirmələrin aktual olduğu bəllidir. Xüsusilə də sosial hüquqlarla bağlı əhalinin lazımi səviyyədə məlumatlandırılması olduqca önəmlidir. Bu sahədə bəzi hallarda məlumatsızlıqların müşahidə edilməsi isə bəzilərinin sui-istifadəsinə yol açmış olur. Bu baxımdan layihə çərçivəsində Azərbaycanda hüquqi mədəniyyət məsələsinə toxunmağı
lazım bilirik.

Məlum olduğu kimi, ölkəmiz bu baxımdan xüsusi və digər müsəlman ölkələrindən fərqlənən bir yol keçib. Azərbaycanda müasir hüquqi dəyərlər və dövlətçilik digər Şərq ölkələrindən daha əvvəl kök salmağa və oturuşmağa başlayıb. Azərbaycan bu baxımdan Şərqlə Qərbin qovşağı və mədəniyyətlərarası körpü rolundan məharətlə yararlanıb. Ona görə də müasir dəyərlərə əsaslanan hüquqi mədəniyyət forması bizdə tarixən formalaşıb. Müsəlman Şərqi ölkələrində Azərbaycan dünyəvi hüquq sistemini və mədəniyyətini ilk dəfə və çox uğurla mənimsəmiş nümunəvi ölkələrdən sayılır. Müasir Azərbaycan dövlətçilik mədəniyyətində bu məqamla bağlı bir sıra fikirləri bölüşmək yerinə düşər. Bir sıra Şərq ölkələrindən bizi bu baxımdan fərqləndirən əsas cəhətlər var. Bir məqamı xüsusi olaraq qeyd etmək olar. Ekspertlərimizin bir çoxunun fikrincə, Azərbaycanın vaxtilə Rusiyanın tərkibinə daxil edilməsi məsələsi çoxsaylı mənfiliklərlə yanaşı, bəzi müsbət nəticələrə də səbəb olub. Bu, eyni zamanda Avropa mədəniyyətinə yiyələnmək imkanlarının əldə edilməsinə səbəb olub. Dünyəvilik imkanlarımız xeyli dərəcədə genişlənib. Bir sıra ölkələrdə ənənəvi despotizm hökm sürəndə bizdə artıq bu cür yanaşmalar geridə qalmışdı. Ona görə də biz bu baxımdan o dövrdə ilkin olaraq dövlət idarəçiliyi və hüquqi mədəniyyət sahəsində bir sıra keyfiyyətlər qazana bildik. Eyni zamanda dünya mədəniyyətinin həm də kütləvi şəkildə istehlakçısına çevrilmək şanslarını qazanmış olduq. Əlbəttə, müstəmləkəçiliyin mənfi nüansları və cəhətləri də çox olub. Bununla yanaşı hüquqi-idarəçilik sferasına rasional yanaşmanın tətbiqi də o vaxtdan başladı. Təbii ki, rus imperiyasının tərkibinə daxil olmağımız, roman-german hüquq sisteminin bu imperiya tərəfindən qəbul edilməsi sonradan bizdə bu hüquq sisteminin tətbiqinə gətirib çıxardı. Sonrakı proseslərdə isə artıq Azərbaycanda roman-german hüquq institutları geniş şəkildə oturuşmağa başladı. Əlbəttə ilk zamanlarda bu institutlar imitasiya xarakteri daşıyırdı. Amma hər halda, bütövlükdə ölkəmizə dünyəvi qanunvericiliyin gətirilməsi hadisəsi baş vermişdi. Bunun istər hüquqçuluq mədəniyyətinə, istərsə də hüquqi dəyərlər sisteminə böyük təsiri olub. Digər Şərq ölkələrindən fərqli olaraq biz bu məsələdə daha tez və uğurlu yol keçə bildik. Deyə bilərlər ki, ərəblər də uzun müddət ingilislərin, ya da fransızların müstəmləkəsi altında olub. Amma bu, həmin ölkələrdə dünyəvi hüquq sisteminin oturuşmasına gətirib çıxarmadı. İngilislər heç vaxt dini idarəetmə sisteminin həmin cəmiyyətlərdə hakim mövqe tutmasına qarşı əsaslı surətdə çalışmamışlar. Çünki bu müstəmləkəçilər başa düşürdülər ki, cəhalət və xurafatla icma idarəçiliyinin aparılması, bu cür idarəetmə forması daha sərfəlidir. Yəni bu yolla həmin ölkələri uzun illər daha asan itaətdə saxlamaq olar. Qərblilər daha asan idarə etmək üçün idarəetmədə və hüquqda müstəmləkə ölkələrini özlərinə bərabər tutmaq istəmirdilər. Buna görə də onlar əksər hallarda ənənəvi ölkələrdə dünyəvi hüquq sisteminin və mədəniyyətinin bərqərar olmasına çalışmayıblar. Burada əlbəttə ki, Türkiyə istisna təşkil edir. Belə ki, Türkiyə həmişə müstəqil imperiya və daha sonra müstəqil dövlət mövqeyini qoruyub saxlayıb. Türkiyə 19-cu əsrdən başlayaraq artıq Avropa institutlarının, hüquq sisteminin mənimsənilməsinə start verdi. Ekspertlər bildirirlər ki, Türkiyə bu baxımdan bir qədər fərqli yol keçib. Türkiyənin də bu baxımdan böyük ənənələri var. Amma nəzərə alaq ki, Azərbaycan müsəlman Şərqində ilk parlamenti yaratmışdı. İlk dəfə biz qadınlara seçki hüququ bəxş etmişik. Parlament idarəetmə forması, respublika dövlət quruluşu 20-ci əsrin əvvəllərində Azərbaycanın sözügedən sahədə böyük nailiyyəti sayıla bilər. Sovet dövründə bu sahədə baş verən dəyşikliklər barədə də bəzi qeydləri etmək olar. Bolşeviklər hakimiyyətə gələndən sonra da bir qədər deformasiyaya uğramaqla bu institutlar yenə də qalmaqda və oturuşmaqda davam etdi. Bu baxımdan hesab edirəm ki, bu cür fərqliliklərinə görə Azərbaycan müsəlman Şərqi ölkələrindən, ənənəvi ölkələrdən fərqli olub və həmişə diqqət çəkib. Xüsusilə də müsəlman Şərqində mövcud olan xalqlardan və cəmiyyətlərdən seçilirik. Azərbaycanda ilk vaxtlardan həmişə ziyalıların, daha doğrusu, mütəfəkkirlərin, intellektualların dünyəviliyə böyük axını olub. Təbii ki, onlar Avropada, Qərb sistemində təhsil alıb formalaşdıqdan sonra ölkəyə də bu dəyərlərin gətirilməsinə, yayılmasına, təşviqinə səbəb olublar. Azərbaycanda kontinental hüquq sisteminin əsaslarının yaranması, möhkəmlənməsinə bu kimi amillər də öz töhfəsini verib. Daha sonrakı dövrlərdə müstəqilliyimizi bərpa edəndən dərhal sonra ən vacib olan məsələ avrointeqrasiya idi. Biz bu prosesi daha da gücləndirərək çox tezliklə Avropa institutlarına daxil olmağa və onların ölkəmizdə tətbiqinə başladıq. Eyni zamanda hüquq sistemimizin onların hüquq sisteminə inteqrasiya etməsi üçün fəaliyyətə keçdik. Avropa hüquq sisteminin elementlərinin yeni dövrdə bütöv halda Azərbaycana idxal edilməsi hərəkatı başlandı. Avropanın insan hüquq və azadlıqlarına aid Xartiyasını qəbul etdik. Avropa Məhkəməsinin yurisdiksiyasına daxil olduq. Bütün bunlar ölkəmizdə hüquq sisteminin inkişaf etməsinə, qanunvericiliyin təkmilləşməsinə və oturuşmasına gətirib çıxardı. İndiyə qədər ölkəmizdə qanunvericiliyin daha sıx surətdə Avropa hüquq sisteminin harmoniyasına uyğun yaranmasını şərtəndirən çoxsaylı tədbirlər həyata keçirilib. Bu baxımdan da Azərbaycan müsəlman Şərqinin digər ölkələrindən əhəmiyyətli dərəcədə fərqlənən bir məmləkətdir. Bizdə qabaqcıl dövlətçilik və hüquqi dəyərlərə daim aparıcı bir meyil olub. Bu sahədə hələ bir sıra hədəflərə çatmasaq da, ümumbəşəri dəyərlər və Avropa dəyərlərinin qəbul etmiş və bunu daha geniş surətdə mənimsəməyə başlayan bir xalqıq. Eyni zamanda ölkəmizdə dəyərlər baxımından Şərqlə Qərbin maraqlı bir sintezi gedir. Azərbaycanda Şərq mədəniyyətinin dövlətçilik və hüquq məsələləri ilə bağlı Qərb dəyərlərinə harmonik sintezinin şahidi olmaqdayıq. Bundan başqa ölkəmizdə həmişə müxtəlif xalqlar və icmalar yaşayıb. Bu xalqlar eyni zamanda da bir-birilərinə çox sıx inteqrasiya olunublar. Ölkəmizdə bu baxımdan həmişə tolerantlıq hökm sürüb. Bu da istər-istəməz bütövlükdə müasir dövlətçilik baxışlarının formalaşması prosesində əhəmiyyətli rol oynayıb.
Eyni zamanda bu məsələdə bizim yaxın qonşularımızla nisbətimizə də baxmaq lazımdır. Qonşu ölkələrimizin əksəriyyəti də Avropa hüquq sistemini tətbiq edirlər. Bu ölkələrin bizimlə birgə müasir dünyəvi hüquq sistemini tətbiq etməsi və bu sahədə aparılan qarşılıqlı əməkdaşlıq məsələləri də bir daha bizim dünyəvi, müasir hüquq məkanında olduğumuzu və Avropaya inteqrasiya etdiyimizi göstərir. Mədəniyyətlərin, institutların və hüquq sistemlərinin qarşılıqlı təsiri bu sahədə inkişafda böyük rol oynayır.
Bir sözlə, Azərbaycan eyni zamanda mədəniyyətlərin qovuşmasında yerləşən aparıcı bir ölkə və mədəniyyətlər arasında qızıl körpü rolunu oynadığına görə bu qarşılıqlı təsir sahəsində də üstün mövqe və statusdadır.
İlkin AĞAYEV





 
Bölməyə aid digər xəbərlər
19.09.2019
“News Blaze” nəşri: “Ermənistanda nasist veteranları “qəhrəman” hesab edirlər”
17.09.2019
“Los-Anceles nasist generalları mədh edən ölkəyə dəyər verməməlidir”
16.09.2019
“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
12.09.2019
Ukrayna XİN: “Dağlıq Qarabağda keçirilən qondarma “seçkilər” beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozur”
10.09.2019
Almaniya Minsk qrupunun üzvü kimi münaqişənin həlli prosesinə qoşulur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10896

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info