“Hakimiyyətin siyasi iradəsi prezident seçkilərinin demokratik keçirilməsinə imkan verir”
Tarix: 24.08.2013 | Saat: 00:18:00 | E-mail | Çapa göndər


Bakıda Prezident Administrasiyası, Mərkəzi Seçki Komissiyası(MSK) və ATƏT-in Bakı ofisinin təşkilatçılığı ilə “Seçki prosesinə qeyri-qanuni müdaxilənin yolverilməzliyi” mövzusunda məlumat sessiyalarına start verilib. Tədbirdə MSK sədri Məzahir Pənahov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev, ATƏT Bakı Ofisinin rəhbəri Koray Targay, Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin müvəqqəti işlər vəkili Toralf Piltz və bir sıra rayonların icra başçıları iştirak edirdi.

Azərbaycanda seçkilər hər zaman olduğu kimi çox yüksək səviyyədə
təşkil olunacaq

Bu il ölkəmizin tarixi bir hadisənin astanasında olduğunu deyən MSK sədri Məzahir Pənahov bildirdi ki, bu il tarixdə müstəsna əhəmiyyət kəsb edən bir hal olduğu üçün buna yalnız ölkə daxilində deyil, beynəlxalq qurumların diqqət mərkəzində olan bir hadisə kimi baxılır: “Seçkilər istənilən ölkənin həyatında əhəmiyyət kəsb edən bir hadisədir və xüsusilə də prezident seçkilərini qeyd etmək istərdim. Azərbaycanda da prezident seçkiləri ölkənin növbəti 5 illik taleyini həll edən hadisə olduğu üçün dövlətimiz bu tədbirlərə hər zaman yüksək səviyyədə hazırlaşıb və MSK bu sekilərin keçirilməsinə məsul olan bir qurum olduğu üçün öz üzərinə düşən vəzifələri hər zaman çox dərindən anlayaraq artıq kifayət qədər bu istiqamətdə təcrübə toplamış bir təşkilat kimi özünü göstərib. Hesab edirəm ki, builki seçkilər də həmin qəbildən olan bir tədbir olacaq. Seçkilərin elan edilməsindən əvvəl MSK seçkilərlə bağlı kifayət qədər lazımi tədbirlər həyata keçirib. Ölkədə keçirilən, xüsusilə prezident seçkilərinin qarantı digər ölkələrdə olduğu kimi bizim ölkəmizdə də ölkə başçısıdır”. Ölkədə bu proseslərin nə dərəcədə, hansı səviyyədə keçirilməsinin birbaşa ölkədəki ictimai-siyasi vəziyyətdən, eyni zamanda ölkə başçısının siyasi iradəsindən asılı olduğunu deyən MSK sədri qeyd etdi ki, Azərbaycanda azad, demokratik, şəffaf, ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan bütün şərait mövcuddur. Yəni, ölkədə ictimai-siyasi sabitlik var. Bildirildi ki, ölkədə kifayət qədər öz peşəsinin öhdəsindən gələn, Seçki Məcəlləsinin tələbinə uyğun, səlahiyyətləri olan qurumlar, onların yüksək səviyyədə maarifləndirilmiş, təcrübəsi olan rəhbərləri var. Eyni zamanda bunların hamısının fövqündə ölkə başçısının demokratik seçkilərin keçirilməsi üçün siyasi iradəsi mövcuddur. M.Pənahovun sözlərinə görə, Azərbaycanda seçkilər hər zaman olduğu kimi çox yüksək səviyyədə təşkil olunacaq: “Çünki o prosesə biz artıq başlamışıq. Biz yanvar ayının əvvəlindən siyahıların dəqiqləşdirilməsi ilə məşğul oluruq. Amma bütün bunlarla yanaşı, Seçki Məcəlləsinin tələbinə görə, kifayət qədər dövlət orqanları var ki, onlar da öz səlahiyyətləri çərçivəsində MSK-ya kömək etməlidirlər. Heç şübhə yoxdur ki, seçkilərin həyata keçirilməsinin qarantı kimi ölkə başçısı müstəsna rol oynadığına görə, onun yerlərdəki nümayəndələrinin də bu proseslərdə Seçki Məcəlləsinin tələbinə uyğun vəzifələri var. Bütün beynəlxalq qurumlarda Azərbaycanda seçkilərin keçirilməsinə hazırlıq mərhələsinin çox yüksək səviyyədə olduğu hər zaman vurğulanır. Ümumiyyətlə, prosesin özü bir neçə mərhələdən ibarətdir. Hazırlıq mərhələsi ilə bağlı müxtəlif dövlət qurumları, eləcə beynəlxalq qurumlarla tədbirlər keçiririk. Məntəqələrin ölkə vətəndaşlarının konstitusion hüquqlarını həyata keçirməsi üçün ən yüksək səviyyədə təchiz olunması yenə də ölkə başçısının birbaşa diqqət mərkəzində olduğu üçün nümunə ola biləcək səviyyədədir”. MSK sədri qeyd etdi ki, məntəqələrdə səsvermənin gedişinin müşahidə edilməsi baxımından Azərbaycandakı vəziyyət ən yüksək tələblərə cavab verəcək səviyyədədir: “Bizim 10 minlərlə müşahidəçilərimiz olur, onların arasında kifayət qədər həm beynəlxalq, həm də yerli müşahidəçilər olur. Bu seçkilərdə də həmin müşahidəçilər olacaqlar. Eyni zamanda KİV nümayəndələri seçkilərdə bütün prosesi əvvəldən-axıra qədər izləmək, ictimaiyyətə çatdırmaq baxımından heç bir - nə MSK, nə də hansısa bir dövlət orqanından icazə almağa borclu deyillər. Onlar azaddırlar və Azərbaycandakı KİV-ə yaradılmış bu şərait yenə də nümunə ola biləcək bir məsələdir. Səsvermənin gedişini dünya ictimaiyyətinin müşahidə etməsi üçün analoqu olmayan, 2008-ci ildə ölkə başçısının təşəbbüsü ilə bir tədbir həyata keçirmişik. Bundan sonra dünyada rezonans yaranıb. İndi xarici ölkələr də bu təcrübəmizi tətbiq etməyə başlayıb və bu da vebkameraların quraşdırılması məsələsidir. Biz 5 mindən artıq məntəqəmizin 10 faizində vebkamera quraşdırırıq və bu, bütün ölkənin ərazisini əhatə edir. Ona görə də veb-kameralar MSK-nın saytına birbaşa bağlanır və səsvermə hələ başlamamışdan əvvəl məntəqədə seçki məcəlləsinin tələbinə görə həyata keçirilən tədbirlər də daxil olmaqla məntəqələrin açılış, səsvermə prosesi, gedişi, başa çatması, məntəqələrin bağlanması, nəticələrin sayılması, protokollaşdırılması və protokolların yuxarı seçki komissiyasına çatdırılması mərhələsi daxil olmaqla online rejimində dünyanın istənilən ölkəsindən azad şəkildə müşahidə olunmaq imkanı var. Bu şəffaflığın təmin edilməsi üçün analoqu olmayan bir taktikadır. Bu ildə bu taktika bizdə təkrar olunacaq. İndi ölkə başçısının xüsusi göstərişi ilə məntəqələrin 10 deyil, 20 faizə yaxınında veb-kameralar quraşdırılacaq. Yəni, min məntəqədə veb-kameralar olacaq ki, artıq proses başa çatmaq üzrədir. Bu proses başa çatandan sonra MSK-da bununla bağlı qərar qəbul olunacaq. Bütün bu məntəqələrin siyahısı dərc olunaraq ictimaiyyətə çatdırılacaq və MSK saytında qoyulacaq”. M.Pənahovun sözlərinə görə, yekun olaraq səslərin sayılaraq protokollaşdırılması mərhələsidir ki, Azərbaycanda keçirilən seçkilər ilk növbədə ölkə seçicisini razı salmaqdan ötrü keçirilən seçkilərdir: “Ölkənin vətəndaşının siyasi iradəsini ortaya qoymaq üçün keçirilən bir tədbirdir. Beynəlxalq qurumların ölkəmizdə keçirilən seçkilərə münasibətində seçicilərin iradəsinin ortaya qoyulması, çoxluğun səs verdiyi namizədin seçilməsi baxımından heç vaxt mübahisəli məqam olmayıb. Biz çalışmalıyıq ki, bununla arxayınlaşmayaq. Bəzən müəyyən addımların atılma istiqamətində konstruktiv əməkdaşlıqdan daha çox, hansısa qərəzli münasibətlər də görünür. Bəzi müşahidə missiyalarının haqqıdır, biz də öz fikrimizi deməliyik. Müəyyən məsələlərdə qərəzli münasibət o saat görünür. Hətta Azərbaycan ictimaiyyəti də onu hiss edir. Ona görə də nə qədər diqqətli hazırlaşsaq da, yenə də diqqətli olmalıyıq. Seçkilərdə müəyyən pozuntular olur və bunun olmasından da heç kəs sığortalanmayıb. Milyonlarla insanın iştirakı ilə müşayiət olunan bir tədbir olduğuna görə, seçkilər dünyanın heç bir yerində ideal keçirilməsi mümkün olmayan bir tədbirdir. Amma seçkilərdə baş verən xoşagəlməz hallar adekvat şəkildə qiymətləndirilməlidir”.
MSK sədri qeyd etdi ki, seçki prosesi ilə bağlı məlumat sessiyaları önəmlidir və məlumat sessiyalarının avqustun 27-də Mİngəçevirdə və avqustun 30-da Şirvan şəhərində müvafiq bölgələrin rayon icra hakimiyyəti başçıları və DSK sədrləri üçün keçirilməsi nəzərdə tutulub.

“Seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübəmiz var”

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Ərəstun Mehdiyev isə çıxışında bildirdi ki, Azərbaycan artıq seçkilərin keçirilməsi sahəsində kifayət qədər böyük təcrübə qazanıb: “İstər Mərkəzi Seçki Komissiyası və onun qurumları, istər dövlət orqanları, icra strukturları bu sahədə artıq kifayət qədər yerli və beynəlxalq təcrübəyə malikdirlər”. Ə.Mehdiyevin sözlərinə görə, Azərbaycan hazırda çox mühüm siyasi proseslər mərhələsinə qədəm qoyub və oktyabrın 9-da prezident seçkiləri keçiriləcək: "Məlumdur ki, prezident seçkiləri növbəti beş ildə Azərbaycandakı inkişaf istiqamətlərini və perspektivlərini müəyyənləşdirmək üçün özünün mövqeyini və iradəsini ifadə etmək və qərar vermək şansı yaradır. Bu baxımdan prezident seçkiləri Azərbaycanın sosial-iqtisadi həyatında da çox mühüm bir hadisədir. İndiyə qədər Azərbaycanda keçirilən seçkilər prosesində qazanılmış təcrübə və səriştə, bu prosesə cəlb olunmuş insanların peşəkarlığı imkan verəcək ki, qarşıdan gələn prezident seçkilərini də lazımi səviyyədə keçirək". Onun sözlərinə görə, digər tərəfdən ölkədə bunun üçün yaradılmış şərait, Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hakimiyyətinin siyasi iradəsi və bu sahədə gördüyü zəruri tədbirlər də imkan verir ki, ölkəmizdə növbəti prezident seçkilərini azad, demokratik, şəffaf şəkildə, istər milli qanunvericiliyə, istərsə də beynəlxalq standartlara uyğun şəkildə, mütəşəkkil surətdə həyata keçirək: "Azərbaycan bu sahədə beynəlxalq təşkilatlarla da yaxından əməkdaşlıq edir. Xüsusilə, ATƏT ilə həyata keçirilən seminarlar və tədbirlər seçkilərin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verir".

Koray Tarqay:
“Prezident seçkilərinə beynəlxalq qurumlar
tərəfindən böyük diqqət göstərilir”

ATƏT-in Bakı Ofisinın rəhbəri Koray Tarqay çıxışında bildirdi ki, Azərbaycanda keçirilən hər bir seçkini yerində izləyirik və məqsədimiz seçkilərin demokratik keçirilməsi istiqamətində Azərbaycana yardım etməkdir. K.Tarqay qeyd etdi ki, ATƏT yardımçılıq fəaliyyətini Azərbaycanın dövlət qurumları ilə birgə həyata keçirir. Onun sözlərinə görə, Azərbaycanda keçiriləcək prezident seçkilərinə beynəlxalq qurumlar tərəfindən böyük diqqət göstərilir. K.Tarqayın sözlərinə görə, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun 310 peşəkar müşahidəçisi Azərbaycandakı prezident seçkisi prosesini izləyəcək. ATƏT rəsmisi bildirdi ki, bu günədək uğurlu inkişaf edən Azərbaycanın qarşısında daha böyük vəzifələr durur. Onun sözlərinə görə, Azərbaycanın gələcək rifahı demokratik cəmiyyət quruculuğundan keçir və prezident seçkiləri bu prosesin uğurla aparılmasına bir sübut olacaq.
Avqustun 26-da ATƏT-in qısamüddətli və uzunmüddətli müşahidəçiləri Azərbaycana gələcəklər. Onun sözlərinə görə, Bakıya 30 nəfər uzunmüddətli, 180 nəfər qısamüddətli müşahidə aparan şəxslər gələcək. Həmçinin avqustun 26-dan etibarən 50-55 nəfərin fəaliyyət göstərəcəyi yardımçı ofis fəaliyyətə başlayacaq: "ATƏT-in Bakı Ofisi birbaşa seçkilərlə bağlı fəaliyyət göstərmir, bu səbəbdən yardımçı ofis yaradılacaq".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
23.09.2019
Temperatur 28 dərəcəyə yüksələcək
23.09.2019
“Biz postsovet məkanında müasir qiymətləndirmə sistemini tətbiq edən ilk ölkələrdənik”
23.09.2019
7 ildir bağlı olan yol açıldı
23.09.2019
ADU-da 10 tələbə xüsusi təqaüd alacaq
23.09.2019
Psixi xəstə 42 yaşlı qohumunu qətlə yetirib özünü öldürdü

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10897

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 Krasnoyarskdakı “Odlar Yurdu“ xalq mahnı və rəqs ansamblı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info