Proqramsız müxalifət
Tarix: 27.08.2019 | Saat: 15:42:00 | E-mail | Çapa göndər


Son vaxtlar Azərbaycan müxalifətində neqativ məsələlərlə bağlı Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) və onun sədri Əli Kərimlinin adı daha çox hallanır. Bu da təsadüfdən yaranmayıb. Əli Kərimlinin siyasi fəaliyyətinə, sosial şəbəkələrdəki haray-həşirinə nəzər saldıqda, aşkar görünür ki, bütün ölkələrdə olan müxalifətdən fərqli olaraq, AXCP rəhbəri daim radikal çağırışlar edir, yalan və iftira dolu xəbərləri ilə seçilir. Maraqlıdır ki, müxalifətdə bir neçə partiya olsa da daim Əli Kərimli özünü öndə göstərməyə çalışır, müxalifət düşərgəsinə AXCP-ni ana müxalifət kimi təqdim etməyə cəhdlər edir. Sual yaranır, niyə məhz Əli Kərimli? Axı müxalifətin heç vaxt birləşə bilməyən siyasi komandasında Müsavat, KXCP, ReAl və digər partiyalar da mövcuddur axı. Sadəcə olaraq əvvəlki illərdə olduğu kimi, öz kaprizini gizlətməyən, şəxsi ambisiyalarını milli maraqlarla yanaşı, həmkarlarından da üstün tutan AXCP sədri xaricdəki ağalarına “burada əsas müxalifət partiyası mənəm” mesajını verir. Bu gün də Əli Kərimli onun kimi düşünməyənlərə, onun ətrafında olmayanlara, onun liderliyini qəbul etməyənlərə “satqın” damğası vurur, öz trollarını həmin şəxslərin üzərinə salır. Bu cür siyasi xətt artıq AXCP rəhbərində vərdiş halını alıb.... Hətta zamanında müxalifət düşərgəsində ondan da nüfuzlu olan İsa Qəmbərə qarşı hücumlar təşkil etməsi ilə tanınan Əli Kərimli bu gün də eyni ssenarini ReAl Partiyasının rəhbəri İlqar Məmmədova qarşı qurur. Düzü, İlqar Məmmədovun da digər həmkarları kimi, cəmiyyətdə elə bir nüfuzu yoxdur. Amma burada məsələ yuxarıda da qeyd etdiyimiz kimi, mövqe savaşıdır ki, bu işdə də AXCP sədri öz trolları, ixtiyarında olan Qənimət Zahid və Sevinc Osmanqızı kimi media maşınlarından geninə-boluna istifadə edir.
Yeri gəlmişkən Əli Kərimli, az qala, hər gün verilişinə çıxdığı Sevinc Osmanqızı ilə son debatında özünü gülünc vəziyyətdə qoyub. 90-cı illərdən “tezliklə bu hakimiyyəti devirəcəyik”, “tezliklə inqilab edəcəyik”, “az qalıb, hakimiyyətə gəlirik!” kimi anormal, utopik çıxışlar, iddialar ortaya qoyan AXCP rəhbəri yenə də oxşar fikirləri ilə diqqət çəkib. Yəni doğrudanmı 90-cı illər təfəkküründə qaldığını, antikonstitusion üsullarla hakimiyyətə yiyələnməyin daha asan və real olduğunu düşünən biri hələ də ümid edir ki, xalq xaotik Azərbaycan yaradıb, dağılmaqda, parçalanmaqda olan bir ölkə təhvil verənlərə yenidən etibar edəcək? Ümumiyyətlə, özü-özünün dediklərinə, qışqır-bağırla canlı yayımlarda səsləndirdiyi hakimiyyət iddialarına inanırmı? Əgər bir insan iyirmi il davamlı olaraq, eyni şeyi təkrar edib durursa və nəticədə heç nəyə nail ola bilmir, hətta geriləyirsə, ancaq yenə də həmin işi davam edirsə, deməli, onun problemi ilə artıq psixoloqlar məşğul olmalıdır...
Cəmiyyətdə olan nüfuzu bir yana, adam Əbülfəz Elçibəyə xəyanətləri ilə AXCP-də nifrət hədəfinə çevrilməklə, bu gün də müxalifət daxilində ən çox qıcıq yaradan fiqura çevrildi. İş o yerə çatdı ki, AXCP-dən qopmalara səbəb olan bu adam indi də partiyanı “xərcləyə-xərcləyə” gedir... Bu gün onun uzun illərə dayanan partiya rəhbərliyinin, uğursuz fəaliyyətinin və “nüfuzunun” nəticəsidir ki, partiyaya qoşulanların sayı artmaq əvəzinə kiçik bir qrup, təşkilat halına gəlib çıxıb. Başqa vaxt “biz yüz minlərləyik” deyən adamın Xocalı yürüşündə, Rəsulzadənin abidəsi önündə təşkil olunan yürüşündə cəmi yüz, iki yüz müxalifətçi iştirak etdi. İndi yalandan həftədə bir dəfə sosial şəbəkələrdə beş-altı gəncin fotosunu paylaşıb, guya cəbhəçilərin sırasına qoşulmaları ilə bağlı məlumatlar yaymaqla deyil ki... Real durum, əməli işlər fərqli şeyi deyir, göstərir. Əli Kərimli bacarıqlı siyasətçi, partiya idarəçisi olsaydı, imkanlı şəxslərin əmlakını müzakirəyə çıxarmaqla, hakimiyyətin nüfuzuna zərbə vuracağını düşünməzdi. Normal müxalifət partiyası ortaya siyasi konsepsiya, proqram qoyar, xalqın, kütlənin, gənclərin diqqətini çəkən siyasi çıxışlar edərdi. Partlayan kanalizasiya borusundan tutmuş, ABŞ-da baş verən hansısa bir təbii fəlakətə qədər, hakimiyyəti tənqid hədəfi seçmək heç vaxt müxalifətə xal qazandırmayacaq.
Bir ara hakimiyyətin uğurla həyata keçirdiyi sosial islahatlardan əndişələnib, xalq-hakimiyyət birliyinin daha da sıxlaşacağını düşünən Əli Kərimli bu islahatlar və görülən real, müsbət işlərə də çamur atırdı. İş o yerə çatmışdı ki, sosial şəbəkələrdə yalan dolu rəqəmlər paylaşıb, hansısa super dövlətlərlə Azərbaycanı müqayisə edir, iqtisadi durumumuzun, guya ağır olduğunu göstərməyə çalışırdı. Amma nə fayda? Xalqın gözü tərəzidir və insanlarımız gözəl görür və anlayır ki, xaricdən gələn yeni “dalğaların”, yeni sosial eksperimentlərin, internet TV-lər, mühacir dəstələr, troll orduları və s. kimi siyasi sınaqların, təzyiq metodlarının bir hissəsinə çevrilmiş AXCP və onun rəhbəri hakimiyyətə gəlmək üçün ölkəmizə qoşun belə yeridilməsinə razı olar... Təki inqilab, qan-qada, qardaş savaşı, xaos olsun... Konstitusion üsullarla özünü sınamaq isə yalnız güclü müxalifətçi üçündür. İğtişaş həvəskarı, xaricdən idarə olunan zəif, özünə güvənməyən müxalifət rəhbərləri üçün yox...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
10.09.2019
Vladislav Kanevski: “Azərbaycan beynəlxalq aləmdə güclü oyunçuya çevrilib”
05.09.2019
Ayrı-ayrı Avropa ölkəsində oturan iki müxalifətçinin də internetini hakimiyyət kəsdi?
02.09.2019
Norveçdə keçirilən bələdiyyə seçkilərində Azərbaycan əsilli xanım namizəd iştirak edəcək
26.08.2019
Paşinyanın komandasında parçalanma başladı
20.08.2019
“Stokholmda Rəssamlıq qalereyası açmaq planım var”

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info