Tural Gəncəliyev: “İşğal edilmiş Dağlıq Qarabağda keçirilən növbəti “seçki şousu” demokratiya və seçki adına böyük təhqirdir”
Tarix: 09.09.2019 | Saat: 18:36:00 | E-mail | Çapa göndər


“Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur”

“Azərbaycan Respublikasının işğal edilmiş Dağlıq Qarabağ bölgəsində 2019-cu il 8 sentyabr tarixində “yerli özünüidarəetmə orqanlarına seçkilər” adı altında növbəti “seçki şousu” təşkil edilib. Reallıq hissini itirmiş təcavüzkar Ermənistan və əlaltısı olan cinayətkar Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur, heç bir hüquqi əsası yoxdur, demokratiya və seçki adına böyük bir təhqirdir”. Bu fikirlər Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyevin işğal edilmiş ərazilərimizdə keçirilmiş “yerli özünüidarəetmə orqanlarına seçkilər” ilə bağlı bəyanatında yer alıb. “Qondarma xuntanın saxta “rəhbərləri” olan Bako Saakyan, Aşot Qulyan və onların ətrafındakı digər demokratiya “əzabkeşləri”nə bildiririk ki, onların demokratiya pərdəsi altında gizlənmək niyyətləri istehza doğurur və Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edildiyi və etnik təmizləmənin həyata keçirildiyi bir şəraitdə bu “seçkilər” nəticəsi beynəlxalq ictimaiyyət tərəfindən tanınmayan və təcavüzkarı növbəti dəfə ifşa edən bir şoudur. Əslində, işğalçı Ermənistan və qanlı xunta belə “seçkilər” keçirməklə beynəlxalq ictimaiyyəti deyil, yalnız özü-özlərini aldatmaqla məşğul olur. Saxta “seçkilər”, həmçinin Ermənistan hakimiyyəti və qondarma rejim arasında ixtilafların mövcudluğunu bir daha açıq şəkildə büruzə verdi. Bundan isə əziyyət çəkən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması ilə bərabər, həm də elə erməni icmasıdır. Tam əminik ki, Dağlıq Qarabağda yaşayan ermənilər, Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri bərpa olunduqdan sonra geriyə dönəcək azərbaycanlılarla birlikdə ölkəmizin konstitusiyası və bələdiyyələr haqqında qanunlarına uyğun olaraq yerli özünüidarəetmə orqanlarına keçiriləcək qanuni seçkilərdə iştirak edəcək”- deyə bəyanatda vurğulanır. Qeyd edək ki, bundan əvvəl Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva da bəyan etmişdi ki, hər kəsə çox yaxşı bəlli olan bir reallıq var; hərbi təcavüz, işğal, etnik təmizləmə, qanunsuz əməllər halında hansı “seçki”dən danışırsansa danış, nə bu hazırlanan tamaşa, nə də onun nəticələri beynəlxalq ictimaiyyət tərəfindən tanınmır və tanınmayacaq. Azərbaycanın işğal olunmuş torpaqlarında işğalçı ölkə olan Ermənistan tərəfindən yaradılmış oyuncaq rejimlə də bağlı bu, eynilə belədir: “Xatırladıram, bu günə kimi keçirilmiş dırnaqarası seçkilərlə bağlı beynəlxalq ictimaiyyət, o cümlədən həmsədr ölkələri, bu qanunsuz əməlləri və onların nəticələrini tanımadıqlarını birmənalı şəkildə qeyd ediblər. Ermənistan tərəfinin müxtəlif ölkələrdə erməni diaspor təşkilatları və lobbist qruplarının dəstəyi ilə təşkil olunan tədbirlərdə ölkəmizin Dağlıq Qarabağ bölgəsindəki oyuncaq rejimi təbliğ etmək səylərinə, təşkil edilən qanunsuz səfərlərə, təxribat xarakterli əməllərinə rəğmən həqiqət birdir və dəyişilməzdir. Bu həqiqətin nədən ibarət olduğunu konkret misallara istinadən qeyd edim. Avstraliya timsalında, bu yaxınlarda Avstraliyaya qanunsuz rejimin agentlərinin səfəri təşkil olundu və bu, sanki qondarma rejimin “tanınması” kimi qələmə verməyə çalışıldı. Avstraliya federal hökumətinin Azərbaycanın ərazi bütövlüyünə dəstəyi əlbəttə bəllidir, eyni zamanda, bu son hadisələrdən sonra Avstraliya XİN-i rəsmi internet səhifəsində Azərbaycanın ərazi bütövlüyünün bu ölkə tərəfindən dəstəkləndiyini və Dağlıq Qarabağın “müstəqil dövlət” kimi tanınmadığını bəyan etdi. Başqa bir misal, Almaniya XİN-i erməni mətbuatında, guya ki, qondarma rejimin Almaniyadakı torpaq seçkilərində müşahidəçi qismində iştirakına dair məlumata cavab olaraq yazılanların əsassız olduğunu səfirliyimizə bildirib və Almaniyanın nə Dağlıq Qarabağı, nə də orada keçirilən “seçkiləri” tanımadığını vurğulayıb”. Deməli, ermənilərin növbəti seçki oyunu özünü aldatmaqdan başqa bir şey deyil və onlar bununla münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə ancaq mane olurlar. Həqiqət ondan ibarətdir ki, Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu bütün beynəlxalq sənədlərdə öz əksini tapır.

“Tarix boyu qana doymayan ermənilər sabitliyin təmin olunmasına imkan vermirlər”
Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündar AZƏRTAC-a açıqlamasında deyib ki, yüz illərdi türk xalqlarının mehriban qonşuluq siyasətindən istifadə edən ermənilər daim bu coğrafiyada qətliamlar ediblər: “Birinci dünya müharibəsi zamanında Osmanlı imperiyasının süqutundan istifadə edən erməni terrorçuları bu ərazidə yaşayan müxtəlif xalqlara qarşı amansız vəhşiliklər törədiblər”. O qeyd edib ki, sonrakı dövlərdə də analoji terror azərbaycanlılara qarşı edilib. Dağlıq Qarabağ ərazisində Xocalı rayonunda erməni cinayətkarları tərəfindən törədilən soyqırımı dünya tarixinin ən böyük vəhşiliyidir. B.Dündarın sözlərinə görə, Xocalıda və Dağlıq Qarabağın müxtəlif şəhər və rayonlarında baş verən cinayətlərin həyata keçirilməsində ASALA terror təşkilatının bir nömrəli qatilləri iştirak edirdi. Həmin cinayətkarlar 1980-ci illərdə dünyanın fərqli ölkələrində onlarla türkiyəli diplomatı qətlə yetirdi. Federasiya sədri əlavə edib ki, Türkiyə və Azərbaycan bölgədə sülh və sabitliyin təmin olunması üçün çalışsa da, erməni təxribatı bu gündə davam edir. Bilal Dündar qeyd edib ki, Yerevanda terrorçu Soqomon Tehrleryanın heykəlinin ayaqları altında Tələt Paşanın kəsik başını qoyan ermənilər gələcək nəslə türk düşmənçiliyini təbliğ edirlər. B.Dündar vurğulayıb ki, tarix boyu münaqişələrə və qana doymayan ermənilər sülh və sabitliyin təmin olunmasına imkan vermirlər.

Niderlandlı tələbələrə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib
Onu da qeyd edək ki, Niderlandın Leyden Universitetinin beynəlxalq münasibətlər, dövlət idarəetməsi və politologiya ixtisası üzrə təhsil alan bir qrup tələbəsi ilə Azərbaycanın bu ölkədəki səfirliyində görüş keçirilib. Səfirlikdən verilən məlumata görə, görüş çərçivəsində tələbələrə Azərbaycanın müasir xarici siyasətinin əsas istiqamətləri ilə bağlı təqdimat edilib. Təqdimatda 2019-cu ildə Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyinin qeyd edildiyi bildirilib, bu dövrdə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, həyata keçirilən transregional layihələrdən, iki dövlət arasında qarşılıqlı əməkdaşlığın hazırkı vəziyyətindən və bu istiqamətdə səfirliyin fəaliyyətindən bəhs olunub. İnteraktiv şəkildə keçən görüş zamanı tələbələr Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, ölkəmizin məsələ ilə bağlı mövqeyi, BMT və digər beynəlxalq təşkilatlar çərçivəsində bu münaqişə ilə bağlı qəbul edilən əsas sənədlər, ATƏT-in Minsk qrupunun həmsədrliyi ilə həyata keçirilən danışıqların vəziyyəti barədə məlumatlandırılıblar. Sonda tələbələr Azərbaycan milli mətbəxinin təamları və musiqisi ilə yaxından tanış olublar.

A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”
08.10.2019
Terrorçuluq siyasətindən əl çəkməyən erməni təxribatçıları çirkin əməllərini idman sahəsində də nümayiş etdirirlər
07.10.2019
“Qarabağ Azərbaycandır!” beynəlxalq ictimai dəstək kampaniyasına başlanılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
5 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info