Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür
Tarix: 10.09.2019 | Saat: 20:05:00 | E-mail | Çapa göndər


Ölkədə davamlı olaraq həyata keçirilən sosial siyasətin əsasında insan amili, Azərbaycan ailəsinin rifahı amili durur. Son illər reallaşdırılan sosial islahatlar əhalinin müxtəlif təbəqələrinə şamil olunur. Ölkə başçısı bildirib ki, “Biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Çünki sosial sahə bizim üçün prioritet sahədir və hər zaman bu sahə diqqət mərkəzində olub, bu gün də belədir. Azərbaycan vətəndaşlarının rifahı, onların yaşayış səviyyəsi daim diqqət mərkəzindədir və imkan daxilində biz bu məsələləri həll edirik”.

Azərbaycanın artan maliyyə imkanları vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə yönəldilir

2019-cu il ölkə əhalisi, xüsusilə, elmi işçilər, elmi-pedaqoji sahədə çalışanlar və doktorantlar, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrinin tələbələri üçün yaddaqalan olub. Belə ki, fevral ayının 14-də Prezident İlham Əliyevin imzaladığı “Doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə təqaüdlərin verilməsi haqqında” Sərəncamına əsasən, müvafiq kateqoriyalar üzrə təhsilalanların müəyyən edilmiş təqaüdlər artırıldı. Nəticə olaraq bu il martın 1-dən təqaüd alan tələbələrin sayı yeni tədris ilində 45 faiz olmaqla qarşıdakı tədris ilindən 50 faizdən az olmayan səviyyəyə çatdırılmasının hüquqi bazası yaradıldı. Hazırda elmlər doktoru hazırlığı üzrə doktorantlara - 300 manat, fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara - 180 manat, magistratura səviyyəsi üzrə təhsil alanlara akademik göstəricilərinə əsasən, 75 manatdan 170 manatadək, orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələrə 50 manatdan 75 manatadək, peşə təhsili müəssisələrinin tələbələrinə isə 50 manat təqaüd verilir. Sərəncamın 110 minə yaxın tələbəyə şamil olunduğunu nəzərə alsaq, bu, 110 minə yaxın təhsil alanın sosial müdafiəsinin gücləndirilməsi deməkdir. İndiki anda rayonlardan olan tələbələrin böyük hissəsinin kirayənişin yaşadığını yada salaraq qeyd edək ki, təqaüdlərin artırılması tələbələrin sosial yükünün azaldılması baxımından əhəmiyyətlidir.
İyun ayının 18-də dövlət başçısının imzaladığı növbəti sərəncamlar sosial sahənin daim diqqətdə olduğunu bir daha təsdiqlədi. Azərbaycanın maliyyə imkanlarının əhəmiyyətli dərəcədə artdığı dövrə təsadüf edən bu mərhələ isə vətəndaşlarımızın sosial rifahının yüksəldilməsinə real zəmin yaradır. O cümlədən, “Dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqının artırılması haqqında” Sərəncamı ilə müəllimlərin aylıq vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 20 faiz artırıldı. Ümumilikdə isə yeni sərəncam 160 minə yaxın müəllimin rifahına mühüm dəstəkdir və onların orta aylıq əməkhaqqının 605 manata çatmasına imkan verir.
Ümumiyyətlə, təhsil istiqamətində həyata keçirilən tədbirləri statistik rəqəmlərdə də aydın görmək olar. 2019-2020-ci tədris ilinin əvvəlinə olan proqnoz göstəricilərinə əsasən, yeni tədris ilində respublikanın ümumi təhsil müəssisələrində ümumilikdə 1 milyon 525 min 16 şagird təhsil alacaq. Hazırda respublikada 322 ibtidai məktəb, 3 min 307 tam orta məktəb, 795 ümumi orta məktəb, 16 xüsusi tipli ümumi orta məktəb və 7 əyani-qiyabi (axşam) tam orta məktəb, o cümlədən 59 məktəb-lisey, 49 lisey, 15 gimnaziya və 14 inteqrasiya təlimli internat tipli gimnaziya olmaqla, ümumilikdə 4 min 447 məktəb fəaliyyət göstərir. Yeni tədris ilinin əvvəlində Təhsil Nazirliyi tərəfindən təmir-tikinti işləri yekunlaşdırılmış 43 məktəb binası şagirdlərin istifadəsinə veriləcək. 2019-cu ildə ümumilikdə respublika üzrə 25 yeni məktəb binasının tikintisi, 9 məktəbin əsaslı, 253 məktəbin cari təmiri, 24 rayonda isə 3520 şagird yerlik 50 modul tipli məktəbin istifadəyə verilməsi nəzərdə tutulur.


5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır


Ölkə başçısı tərəfindən bu günlərdə imzalanan 2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Sərəncam sosial islahatların davam etməsi, əhalinin rifahının və gənclərin təhsil şəraitinin daha da yaxşılaşmasına yönələn növbəti addımdır. Sərəncama əsasən, 2019/2020-ci tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.
Hər il tələbə qəbulu müsabiqəsində xüsusilə fərqlənərək, ən yüksək nəticə əldə edənlər gəncliyimizin intellektual elitasını təmsil edirlər. Onların təcrübəsi həm cəmiyyətdə, həm də məktəblərdə güclü təsirə malik örnək, nümunə rolunu oynayır. Bilik öncüllərinə qayğı göstərmək, onları həvəsləndirmək, inkişaflarına və potensial imkanlarının gerçəkləşməsinə kömək etmək, şərait yaratmaq dövlət tərəfindən daim diqqət mərkəzində saxlanılır.
Məlum olduğu kimi, hələ 2001-ci il sentyabrın 3-də ulu öndər Heydər Əliyev təhsil sahəsində yüksək nəticələr əldə etmiş tələbələrə dövlət qayğısını gücləndirmək, onların təhsil alması üçün daha əlverişli şərait yaradılmasını təmin etmək və təhsilə olan həvəslərini artırmaq məqsədilə “Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında” Fərman vermişdi. Həmin Fərmana uyğun olaraq, o vaxtdan hər il ölkəmizin ali məktəblərinə qəbul imtahanlarında ən yüksək nəticə göstərmiş gənclərimiz Prezident təqaüdünə layiq görülür. Çox fərəhli haldır ki, Prezident İlham Əliyevin 2004-cü ildə verdiyi Sərəncamla Prezident təqaüdçülərinin sayı və onlara verilən təqaüdlərin məbləği daha da artırılmışdı. Xatırladaq ki, təqaüdün məbləği sonradan bir neçə dəfə də artırılıb və hazırda 210 manat müəyyən edilib.
Azərbaycan gəncliyinin intellektual elitasına göstərilən bu diqqət maddi stimuldan çox güclü mənəvi dəstək, ruhlandırıcı amil rolunu oynayır, təhsildə sağlam yarış mühitinin yaranmasına təsir göstərir.
Bu il Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Prezident təqaüdünə layiq görülən abituriyentlər respublikanın 27 müxtəlif şəhər və rayonlarını təmsil edirlər. Təqaüdçülərin demək olar ki, yarısı regionlarda fəaliyyət göstərən məktəblərdən (o cümlədən 8 nəfər kənd məktəblərinin məzunlarıdır), 1 nəfər internat tipli məktəbdən, 5 nəfər bir valideyni olmayan ailədən, eləcə də hərbçi, həkim, müəllim, aşpaz, balıqçı, satıcı və s. ailələrdən olan məzunlardır. Siyahıda olan 30 nəfərin valideynlərindən ən az biri müəllimlik fəaliyyəti ilə məşğul olur.
Təqaüdçülərdən 47 nəfər Bakıda yerləşən məktəblərin məzunlarıdır. Daha sonra Sumqayıtda yerləşən məktəblərin məzunlarından 8, Abşeron, Biləsuvar, Naxçıvanda yerləşən məktəblərin hər birindən 4 nəfər olmaqla bilik öncüllərini siyahıda görmək olar. Ümumilikdə 5 nəfər isə işğal altında olan rayonlara aid məktəblərin məzunlarıdır.
Ayrıca fərqlənən məktəblərə gəldikdə isə, Bakı Türk liseyinin (Türkiyə Dəyanət Vəqfi) 6, Akademik Zərifə Əliyeva adına liseyin 5, Biləsuvar rayonu M. İbrahimov adına Biləsuvar lisey-məktəb kompleksinin 4, Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyinin 4, BDU-nun nəzdində “Gənc istedadlar” liseyinin 3 məzunu Prezident təqaüdçüləri siyahısındadır.
Qeyd edək ki, Prezident təqaüdçülərindən 25 nəfər Azərbaycan Tibb Universitetinə, 23 nəfər Bakı Ali Neft Məktəbinə, 21 nəfər Azərbaycan Dövlət İqtisad Universitetinə, 15 nəfər Bakı Dövlət Universitetinə, 7 nəfər ADA Universitetinə, 7 nəfər Dövlət İdarəçilik Akademiyasına, 1 nəfər Azərbaycan Dillər Universitetinə, 1 nəfər UFAZ-a, 2 nəfər isə xüsusi təyinatlı ali təhsil müəssisəsinə qəbul olunub.


Prezident təqaüdçüləri: “Bu humanist addım tələbələrin daha yaxşı oxumasına stimul verəcək”


Qəbul imtahanlarında uğurlu nəticə göstərərək UFAZ-a qəbul olunan, Prezident təqaüdçüsü Taleh Tağıyev deyib: “Bu il mən Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinə (UFAZ) qəbul olunmuşam. Çox sevinirəm ki, Prezident təqaüdünə layiq görülmüşəm. Ölkəmizdə gənclərin təhsili üçün bütün lazımi şərait yaradılıb. Göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdaram”.
Azərbaycan Dillər Universitetinin (ADU) Tərcümə fakültəsinə (Koreya dili üzrə) qəbul olunan və Prezident təqaüdünə layiq görülən Ləman Ağazadə bildirib ki, Prezident təqaüdünün verilməsi haqqında 9 sentyabr tarixli Sərəncamı təhsilə dövlət qayğısının daha bir təzahürüdür: “Bu sərəncam tələbələrin maddi çətinliklərinin aradan qaldırılması, onlarda elmə marağın yaradılması məqsədi daşıyır. Məncə, bu humanist addım tələbələrin daha yaxşı oxumasına stimul verəcək. Adımı Prezident təqaüdçülərinin siyahısında görəndə çox sevindim. Buna görə dövlətimizin başçısına ailəmiz adından minnətdarlığımı bildirirəm”.
Qəbul imtahanlarında III ixtisas qrupunda yüksək nəticə göstərərək Prezident təqaüdünə layiq görülən Kamaləddin Fərəcli isə deyib ki, ölkəmizdə təhsilin inkişafı, gənclərin təhsilə marağının artırılması və tələbələrin sosial vəziyyətinin yaxşılaşdırılması hər zaman dövlətimizin diqqətində olub: “Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” Sərəncamı biz gənclərə ölkə rəhbəri tərəfindən göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bunun üçün dövlətimizin başçısına minnətdarlığımı bildirirəm”.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
16.09.2019
Dialektologiyanın ən böyük təəssübkeşi
16.09.2019
Rektor tələbələrə səsləndi: “Dinin mahiyyətini və əsaslarını, adət-ənənələrimizi dərindən öyrənin”
16.09.2019
“Əhsənüt-təvarix” əsərinin I cildi Azərbaycan dilində nəşrə hazırlanır
16.09.2019
Cəfər Cəfərov: “Yeni tədris ilində tələbə qəbulunda uğurlu nəticələr əldə edilib”
16.09.2019
Bakı Dövlət Universitetində “Bilik günü“ keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Müəllimlərin dərs yükü norması artırıldı
3 Daxili İşlər nazirindən yeni təyinat
4 Sami Yusifdən möhtəşəm “Nəsimi” kompozisiyası
5 Prezident təqaüdü alacaq tələbələrin yarısı regionların payına düşür


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info