“Məcburi köçkünlərə evlərin paylanmasında heç bir neqativ hala yol verilə bilməz”
Tarix: 27.08.2013 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


“Azərbaycanın son illər iqtisadi-siyasi gücünün artması dövlətin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, xüsusilə mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində görülən işlərin miqyasını da genişləndirib.
Dövlətin son 10 ildə bu sahəyə müntəzəm qayğı və diqqəti onu deməyə əsas verir ki, Azərbaycan artıq ölkədəki 1 milyon 200 min qaçqın və məcburi köçkünün bütün problemlərini özü həll edə bilən iqtisadi gücə malik bir ölkəyə çevrilib ki, bunu qeyd olunan sahə üzrə görülən işlərlə tanışlıq məqsədilə ölkəmizdə səfərdə olmuş BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının rəhbəri, eləcə də digər beynəlxalq qurumların təmsilçiləri də dəfələrlə etiraf edib və bu sahədə görülmüş işləri oxşar problemlərlə üzləşən digər ölkələr üçün nümunə kimi dəyərləndiriblər”. “Azadinform” xəbər verir ki, bu barədə açıqlamanı Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən veriblər.
Açıqlamada deyilir: “Təəssüflər ki, onlardan fərqli olaraq daxildəki bəzi qüvvələr görülən işləri görməzliyə vurmaqdan, şəxsi mənafeləri və ambisiyaları naminə şər-böhtan xarakterli fikirlər səsləndirməkdən belə çəkinmirlər. Xüsusilə belə hallar yeni qəsəbələrə köçürmə zamanı özünü daha qabarıq şəkildə büruzə verir. “Yeni Müsavat” qəzetinin 27 avqust 2013-cü il tarixli sayında dərc edilmiş “Məcburi köçkünlər ABŞ səfirliyinə yürüş etdilər” sərlövhəli yazıda Azərbaycan Dövlət Neft Akademiyasının yataqxanasında məskunlaşan məcburi köçkünlərin Masazırda salınmış yeni qəsəbələrə köçürülməsi ilə bağlı verilmiş cızma-qarada da biz bunun şahidi oluruq. Əvvəla qeyd edək ki, həmin məhəlləyə köçürülməsi nəzərdə tutulan məcburi köçkünlərin siyahısı müvafiq qaydalara uyğun olaraq hələ bir neçə il bundan əvvəl məskunlaşma və işğal rayonlarının icra hakimiyyətlərinin məsul işçilərinin, məcburi köçkünlərin nümayəndələrinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış komissiya üzvlərinin birlikdə iştirakı ilə dəfələrlə araşdırılıb, aparılan ardıcıl dəqiqləşdirmələrdən sonra buraya köçürüləcək məcburi köçkünlərin adlı siyahıları, ailə tərkibləri müəyyənləşdirilib. Köçürmə prosesi isə hər yerdə olduğu kimi, burada da məcburi köçkün icmaları, müvafiq rayon İH nümayəndələrinin də daxil edildiyi Dövlətqaçqınkomun köçürmə komissiyası tərəfindən püşkatma yolu ilə həyata keçirilir. Lakin yeni mənzillərə köçürülmədə “problemlərlə üzləşən”, müxtəlif vaxtlardakı siyahıyaalma proseslərində, hətta qeydiyyatda olsalar belə, illərlə faktiki olaraq orada yaşamadıqlarından mənzil almaq üçün növbəyə düşməyən, indi isə nə yolla olur-olsun mənzil almaq üçün dəridən-qabıqdan çıxan bəzi məcburi köçkünlərin şər-böhtan xarakterli fikirlərini əsas gətirərək mətbuat səhifəsinə çıxaranlar özləri də nə dediklərini başa düşmədən reallıqdan uzaqlaşırlar”.
Açıqlamada qeyd olunur ki, yeni mənzil almaq hüququ olub-olmamasına, yeni salınmış məhəllə və qəsəbələrə kimlərin köçürülməsinin nəzərdə tutulub-tutulmamasına baxmayaraq, bütün məcburi köçkünlər hər cür şəraiti olan istər bu məhəllədə, istərsə də digər ərazilərdə tikilmiş yaraşıqlı və müasir tipli evlərdən mənzil almaq istəyindədirlər və onlar bu istəklərinə çatmaq üçün hər cür yola əl atmaqdan belə, çəkinmirlər: “Dövlətqaçqınkomun köçürmə komissiyasının təcrübəsində belə hallar çox olub və müxtəlif ərazilərdə salınmış qəsəbələrdən mənzil almaq hüququ olmayanların bu cür “cəfakeşlərinin” şər-böhtan dolu iftiraları heç vaxt heç nəyə yaramayıb. Ona görə də bir daha təkrar etməyi özümüzə borc bilirik ki, digər ərazilərdə olduğu kimi, Masazırdakı mənzillər də təyinatı üzrə inşa edilib və buraya 1993-cü ildən ADNA-nın yataqxanalarında faktiki yaşayan məcburi köçkünlər köçürülüblər”.
Komitə adıçəkilən yazıda Zəngilan rayonundan olan və özlərinin şər-böhtan dolu qarayaxmaları ilə həqiqətdən uzaq düşən, bu qəsəbələrdəki şəraitdən daha çox yararlanan, lakin haqqı-ədaləti tapdalayaraq daha çox qamarlamağa çalışan Təranə və Yeganə Əliyeva bacıları ilə bağlı məsələyə aydınlıq gətirib: “Dövlətdən onlar üçün tikilən evləri istəyən” bu bacılar umduqlarını əldə etdikdən sonra iştahaları daha da artmış, bütün nəsil-nəcabətləri üçün buradan mənzil almaqdan ötrü hər cür iftiralara əl atmaqdan belə çəkinməmişlər. Bütün bunların fonunda haqlı bir sual doğur: görəsən, qəzetə açıqlamasında “20 ildir bu ağır şəraitə dözüb yaşamışıq. Daha dözə bilmirik” deyə özünəməxsus şəkildə həşir qoparan Təranə Əliyeva şəhid ailəsi olduğundan müstəsna hal kimi 4 nəfərlik ailə üzvü ilə yeni qəsəbədə 3 otaqlı mənzillə təmin olunmasına baxmayaraq indi nə istəyir? Niyə köçüb rahat mənzilində yaşamaq əvəzinə, bir ağacda oturub min bir budaq silkələyir? Təranə Əliyeva bacısı Pərvanə Fərəcovanın (Əliyevanın), qardaşı arvadı Simnarə Talıbovanın, bacısı qızları Xəyalə və Mətanətin və digər qohumlarının burada mənzillə təmin olunmalarından sonra indi kimlər üçün “canfəşanlıq” edir, haqq-ədalətə yox, riyakarlığa, şantaja söykənir. Bunları bilə-bilə “rüşvət”dən, “evlərin satılması”ndan onlarla “heç kimin maraqlanmaması”ndan dəm vuraraq ona sərf edən formada əndazəni aşmaqla vicdanının səsini də unudur. Hətta yazıda adı keçən, özünə məxsus formada ifadə etdiyi fikirlərlə bacısından heç də geri qalmayan, adıçəkilən ərazidə qeydiyyatda olmayan və faktiki yaşamayan bacısı Yeganə Əliyeva üçün də mənzil almaq istəyində bulunan T.Əliyeva görünür, iştahasını şəxsi ambisiyaları, qarayaxmaları, şər-böhtan dolu sərsəmləmələri ilə reallaşdırmağa çalışır. Ancaq o unudur ki, bununla heç nəyə nail ola bilməyəcək. Çünki Zəngilandan məcburi köçkün Təranə Əliyeva və onun kimi düşünən bəzi məcburi köçkünlər bu cür çirkin əməlləri ilə bütün məcburi köçkünlərin adına xələl gətirirlər. Ona görə də Təranə Əliyeva kimiləri də, onun şər-böhtan dolu fikirlərini qəzet səhifələrinə çıxaran yazı müəllifləri də bir həqiqəti dərk etməlidirlər ki, ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan bütün məsələlər, xüsusilə onlara mənzillərin paylanılması kimi daha vacib önəm daşıyan bir məsələ birbaşa Dövlətqaçqınkomun rəhbərliyinin gündəlik nəzarətində olduğundan və bu sahədəki işlər sistemli şəkildə həyata keçirildiyindən burada heç bir neqativ hala yol verilə bilməz. Görülən işlərin üzərinə kölgə salmaq, şəxsi mənafe naminə heç bir fakta, həqiqətə söykənməyərək kimlərinsə diktəsi ilə ağa qara demək, heç təsəvvürləri belə olmayan bu cür ciddi məsələni müvafiq qurumlarla araşdırıb dəqiqləşdirmədən sensasiya xatirinə mətbuat səhifələrinə çıxarmaq, bununla da çaşqınlıq yaratmaq istəyənlər heç olmasa öz vicdanları qarşısında cavab verməlidirlər”.
Günay




 
Bölməyə aid digər xəbərlər
25.06.2019
Azərbaycanda bu şəxslərə verilən pul təminatı artırılır
24.06.2019
Xarici diplomatlar DOST mərkəzi ilə tanış olublar
24.06.2019
Azərbaycanda ilk dəfə olaraq minimum əmək haqqı yaşayış minimumunu üstələyir
23.06.2019
Naxçıvanda kənd təsərrüfatı məhsullarının satış yarmarkasında bolluq və ucuzluqdur
22.06.2019
Naxçıvan Muxtar Respublikası əhalisinin sayı 457 min nəfərə çatır

Şərh əlavə olunmayıb

    ,    
Tural Tağıyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10815

1 Minimum aylıq əməkhaqqı artırıldı- Prezident Sərəncam imzaladı
2 Müəllimlərin maaşı artdı - 20 faiz
3 “Balımı daha da artırıb Prezident təqaüdü almaq niyyətindəyəm”
4 Yeni naziri kollektivə Ramiz Mehdiyev təqdim etdi
5 Masallının Lürən kəndində yeni tibb məntəqəsi açılıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info