Əvəz Zeynallıdan “milli şura”ya sual: “Allah göstərməsin, sizmi hakimiyyətə gəlib, demokratik cəmiyyət quracaqsınız?!”
Tarix: 13.09.2019 | Saat: 14:48:00 | E-mail | Çapa göndər


Jurnalist Əvəz Zeynallı Fərman Dəmirqoldan müsahibə alandan sonra “milli şura” və AXCP-nin trolları gözlənilmədən ona hücuma keçiblər. Belə ki, müxalif fikirləri ilə seçilən jurnalisti hökumətə işləməkdə ittiham edən radikallar müsahibənin bəzi acı həqiqətləri ortaya qoymasından hiddətləniblər. Müsahibəyə ilk reaksiya verənlərdən olan “milli şura” adlı qondarma qurumun sədri Cəmil Həsənli Əvəz Zeynallı barədə status da yazıb. Statusda deyilir: “Jurnalist Əvəz Zeynallının Fərman Demirqolla müsahibələrinə baxdım. Çox detallara varmadan, Əvəz Zeynallının Fərman Demirqolla müsahibəsinin iki mühüm məqsədini qeyd etmək olar: birincisi, mühüm hadisələr ərəfəsində müxalifəti aşağılamaq, xüsusi ilə xalq cəbhəsi və Əli Kərimlini hədəfə almaq. İndi isə Fərman Demirqolun ifasında və Əvəz Zeynallının aranjımanında Elçibəyin olmayan məktubunu müzakirəyə çıxarıb, xalq cəbhəsini 25 il bundan öncənin darbesinə "ortaq" etmək”.
Əvəz Zeynallının cavab statusu da özünü çox gözlətməyib. O, axşam yazdığı statusda bunları qeyd edib: “Diqqət Cəmil Həsənliyə! İnsan obyektivlik hissini itirəndə ölür - hər zaman bu cür düşünmüşəm. Allah eləməsin, Cəmil Həsənli haqqında belə düşünmürəm. Ancaq 5 saat bundan əvvəl yazdığı, mənim indi oxuduğum statusu mənə münasibətdə obyektiv deyil. Obyektiv olmadığı üçün də mənim üçün Cəmil Həsənli tamam. Hadisə isə nədən ibarətdir?
Hamının bildiyi səbəblə İstanbuldayam. Qızları İstanbul Universitetinə qeyd etdirməyə gəlmişəm. Bu işlərlə məşğul ola-ola da təbii ki, dostlarla görüşmüşəm, bəzi müsahibələr almağa çalışmışam. Mənim planımda Fərman Dəmirqolla müsahibə olmayıb - o, heç bir zaman tanıdığım və maraq göstərdiyim adam da olmayıb.
Çox cəhd elədim ki, Sürət Hüseynovla müsahibə alım. Hətta Mübariz Mənsimova da gəlməmişdən yazmışdım, amma alınmadı. Sürət Hüseynov İstanbulda deyil, Mübariz Mənsimovdan da xəbər çıxmadı. Təbii ki, başqa müsahibələrimiz oldu, hələ bir neçə müsahibə də var, olacaq. Amma Azərbaycan əsilli bir dost, çay söhbətində tamam təsadüfən "Fərman Dəmirqolla müsahibə ala bilərsənmi?" deyəndə çox məmnun oldum. "Onu tanıyırsan? Müsahibə verər? Müsahibə verərsə, təbii ki" dedim. Danışdıq, Sonra birlikdə yenə həmin dostumun iş yerində görüşdük, bir çay içdik.
Mən Fərman Dəmirqolu ilk dəfə görür, danışırdım. Söhbətimiz boyu da incik tonunu hiss etdim. Ona müsahibə təklif etdim, "mən Azərbaycan mətbuatına müsahibə vermərəm" dedi. Səbəbini soruşdum, "çox müsahibə vermişəm, amma verməyiblər" dedi. O zaman canlı yayım təklif etdim. "Buyurun, canlı çıxın danışın, dediyiniz hər sözün getdiyinə əmin olun" dedim. Vəssalam. Belə oldu müsahibənin tarixi. Doğurduğu rezonans böyük olduğu üçün yaranan suallara cavab vermək məqsədi ilə təkrar müsahibə götürdüm. Rekord baxış oldu. Bir həftəyə 1-ci müsahibəyə 65.000, 2-ci müsahibəyə 13.000 adam baxıb. Bu, bizim kanal üçün böyük göstəricidir. Təbii ki, gələnə qədər ehtiyac olsa, 3-cü müsahibəni də edə bilərəm”.
Daha sonra o, əsas mətləbə keçərək Cəmil Həsənliyə tikanlı sözatmalarla yazır:
“Bir neçə gün əvvəl Cəmil Həsənlinin dəstəsinə aid olan və Amerikada fəaliyyət göstərən bir kanalda da bu haqda danışmışdılar. Elçibəyin "elə edin ki, gözüm bu adamı görməsin" dediyi bir adam nəfəsi tıncıxa-tıncıxa mənim hansı pullarla İstanbula gəldiyimdən danışırdı. Fikir vermədim. Bir cümlə cavabla kifayətləndim. Amma Cəmil Həsənlinin dolayısı yolla bu cəfəngiyyatı təkrar etməyi mənim üçün ona görə cavaba layiqdir ki, deməli, tezis ya Cəmil Həsənlinindir, ya da Cəmil bəy deyilənlərə şərikdir. Olsun, bu da Cəmil müəllimin haqqıdır.
Amma və lakin Cəmil Həsənli mənim haqqımda belə fikir yaratmağa haqlı deyil. Anlamıram, onsuz da bu adamlar dəli kimi hərəkət edirlər, mənə çatmır, niyə hamını özlərinə düşmən etmək üçün dəlicəsinə çalışırlar ki. Etsinlər, can onların, cənnət Tanrının, amma mən belə şeylərdən qorxmuram axı. Mənim bütün ömrüm savaşlarda keçib və bu, indi də davam edir, bunu bilməlidirlər. Ancaq bu savaş hakimiyyətlə savaş olub. Bunlar Əliyevlərin stolunun başında oturanda mən zindanlarda oturmuşam. Mən zindanda olanda, Cəmil Həsənli Əlimərdan Topçubaşovun kitabını - Anar Məmmədlinin həbs olunduğu gün nəşrə verib. Bilirsinizmi, kimin patronajlığında və aranjimanında!”. O daha sonra Cəmil Həsənlini ifşa edən faktları ortaya qoyaraq konkret adlar da çəkərək deyir ki, kimsə ona ağıl öyrətməyə qalxmasın:
“Günümüzə bax, hakimiyyətdə kimə, nə sual verməyimizi müzakirə-qadağan edir, bunlar da. Rüstəm Usubov da mənimlə nəyi, necə yazmağım haqqında kabinetində danışır, Cəmil Həsənli də kimə, nə sual verəcəyimi müzakirə edir. Allah göstərməsin, sizmi hakimiyyətə gəlib demokratik cəmiyyət quracaqsınız?! İnanmıram, belə hərəkətlərinizdən sonra isə sizi Azərbaycan üçün təhlükəli görürəm.
Hər şey bir tərəfə, Cəmil Həsənlinin məni hədəf göstərib səhifəsində söydürməsini tam ona yaraşdırdım. Bir neçəsini də tanıdım. Allah qollarına qüvvət versin. Kim mənə nə deyir, nə yazırsa, iki mislini özünə qaytarıram, kim mənə nə arzulayırsa elə onun da iki misli özünə qismət olsun.
Cəmil Həsənli isə narahat olmasın, Bakıya qayıdan kimi onu "Qaynar Qazan"a dəvət edəcəyəm. Bir neçə dəfə etmişəm, gəlməyib, bu dəfə də edəcəyəm. Ona çoxlu suallarım var mənim də...
Hə, başda yazmışdım - insan obyektivlik hissini itirəndə ölür. Allah hamının ölənlərinə rəhmət eləsin!”.
Xatırlayaq ki, bir neçə gün öncə oxşar hal ABŞ-da yaşayan başqa bir müxalif jurnalistin də başına gəlmişdi, o, Əli Kərimlini trol ordusunu haqsız olaraq onun üzərinə salmasından gileylənərək, özlərinə demokrat deyən bu radikal müxalifət rəhbərlərinin hakimiyyətə gələcəkləri təqdirdə hansı dəhşətli oyunlardan çıxacaqlarını qeyd etmişdi. Bütün bunlardan bir daha belə qənaətə gəlmək olar ki, doğrudan da radikal müxalifət nəinki hakimiyyətlə düşmənçilik aparır, yeri gələndə, onların quyruqlarını tapdalayan istənilən şəxs-dost, qardaş, həmkar, hətta azad sözlə də ağır formada mübarizə aparıb kin saxlaya bilir!

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
06.06.2020
Naxçıvan qarnizonu qoşunlarında gənc əsgərlərin andiçmə mərasimi keçirilib - VİDEO
06.06.2020
“Tarixi reallıqları deməkdən çəkinməməliyik“
05.06.2020
“Onsuz da çətin vəziyyətdəyik“
05.06.2020
Almaniya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üzrə səyləri dəstəkləyir
05.06.2020
“Prezidentin çıxışı siyasi və tarixi cəsarət idi”

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Tez bir zamanda mükəmməl təhsil sisteminə malik dövlətlərdən biri olacağıq”
2 “Türkiyə-Almaniya-Azərbaycan dostluğunu gücləndirmək üçün çalışırıq”
3 Uşaqların layiqli vətəndaş kimi formalaşması prioritet istiqamətdir Azərbaycanda uşaq hüquqlarının müdafiəsi: inkişaf və perspektivlər
4 “Kolizey“ yenidən ziyarətçiləri qəbul etməyə başladı
5 “Ənənəvi mətbəximizə qayıtmalıyıq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info