“Türkiyə Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi
Tarix: 16.09.2019 | Saat: 20:06:00 | E-mail | Çapa göndər


bütövlüyü və suverenliyi çərçivəsində həllini hər zaman dəstəkləyir”
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, sentyabrın 16-dan Müdafiə nazirinin rəhbərliyi ilə Azərbaycan Ordusunun müxtəlif qoşun növləri, qisimləri, hərbi birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı əməliyyat-taktiki təlimləri başlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 20-dək davam edəcək təlimlərə 10 min nəfərədək şəxsi heyət, 100-dən çox tank və digər zirehli texnika, 120 müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 20-dək ordu və cəbhə aviasiyası və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.
Bundan başqa Naxçıvan Qarnizonu qoşunlarında da ikitərəfli üçpilləli komanda-qərargah təlimi keçirilib. Təlimin birinci mərhələsində qoşunların müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi üçün birləşmə və hissələr “Təlim-döyüş həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılıb.
Təlimin döyüş atışlı mərhələsində ən müasir rabitə və idarəetmə vasitələri ilə təchiz edilmiş bölmələr döyüş atışlarını yerinə yetiriblər. Təlim rayonlarında hava hücumundan müdafiə və raket-artilleriya bölmələrinin təyin edilmiş hədəfləri məhv etmələri topçu və zenitçilərin peşəkarlığını bir daha nümayiş etdirib.
Komanda-qərargah təliminin üçüncü mərhələsində qəbul edilmiş qərarlar kompüterlər üzərində xüsusi proqram vasitəsilə icra olunub.
Keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.

“Hərbi təlimlərin keçirilməsi həm də bir mesajdır”
Bununla bağlı SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib ki, Naxçıvan Qarnizonu qoşunlarının növbəti komanda-qərargah təliminin keçirilməsini qarnizonda xidmət edən hərbiçilərin peşəkarlığının artırılması baxımından çox əhəmiyyətli hesab edir. Deputatın sözlərinə görə, hər bir hərbi təlim şəxsi heyətin yeni silahlardan istifadə təcrübəsini artırır: "Azərbaycan Milli Ordusu davamlı olaraq elmi əsaslarla idarə olunan yeni silahlar alır. Hərbi təlimlər orduya silahlardan bacarıqla istifadə etmək, qarşıya qoyulmuş tapşırığı yüksək səviyyədə icra etmək təcrübəsini qazandırır. Azərbaycan müharibə şəraitindədir və böyük problemimiz olan torpaqlarımızın işğal edilməsi üçün hərb yolu istisna olunmur. Ona görə də silahlı qüvvələrimiz hər zaman buna hazır olmalıdır və belə təlimlərin keçirilməsi ordumuzun hazırlıq səviyyəsini artırır. Həm də hərbi təlimlərin aparılması böyük xərc tələb edən məsələdir. Düşmənimizdən fərqli olaraq ölkəmizin iqtisadi gücü ordumuza yeni silahların alınmasına və mütəmadi olaraq hərbi təlimlərin keçirilməsinə imkan verir. Hərbi təlimlərin keçirilməsi həm də düşmənə bir mesajdır".
Yeri gəlmişkən, ötən gün keçirilən Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışlarda Dağlıq Qarabağ münaqişəsinə də toxunulub. Baş Nazir Novruz Məmmədov bu iclasdakı çıxışında deyib ki, Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə böyük töhfə verir.
Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrindən danışan Novruz Məmmədov bildirib ki, dövlətlərimizin başçılarının bir-birinə göstərdiyi səmimi dəstək və qardaşlıq münasibətləri hər birimiz üçün örnəkdir. Bunun nəticəsidir ki, hər iki dövlətin imza atdığı iri beynəlxalq layihələr uğurla həyata keçirilir. Birgə həyata keçirdiyimiz layihələr bizi daha da gücləndirir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP, Bakı-Tbilisi-Qars dəmir yolu və eləcə də digər layihələr təkcə ölkələrimiz üçün deyil, bütün regionumuz üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycan-Türkiyə birliyi, dostluğu və strateji müttəfiqliyi regional sabitliyə və tərəqqiyə də töhfə verir.
Baş Nazir qeyd edib ki, indiyədək Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın keçirilən 7 iclasında həllini gözləyən bir çox məsələlər üzrə qərarlar qəbul edilib, onların icrası təmin olunub. Həmçinin ali və yüksək səviyyəli görüşlərdə bir çox mühüm məsələlər müzakirə edilib və imzalanan sənədlərdə nəzərdə tutulmuş müddəalar bizə daha fəal çalışmaq üçün geniş imkanlar yaradıb. Azərbaycan-Türkiyə əlaqələrinin bütün sahələrdə ildən-ilə daha da genişlənməsi və möhkəmlənməsi bunun bariz nümunəsidir.
Novruz Məmmədov deyib: “Bildiyiniz kimi, ticarət-iqtisadi, nəqliyyat, rabitə, kənd təsərrüfatı, humanitar, turizm, maliyyə, vergilər, bank işi, sənaye və energetika, ekologiya, su təsərrüfatı, təhsil və digər sahələrdə daha da dərinləşən münasibətlərimiz iki qardaş ölkənin mənafeyinə və xalqlarının gələcəyinin firavan olmasına xidmət edir”.

“Türkiyə hər zaman Azərbaycanı müdafiə edib”
Baş Nazir diqqətə çatdırıb ki, qarşılıqlı sərmayə qoyuluşunun səviyyəsi bizi məmnun edir. Azərbaycandan Türkiyəyə, Türkiyədən Azərbaycana milyardlarla dollar həcmində sərmayə qoyulur. Bu mənada Petkim neft-kimya kompleksini və Star neft emalı zavodunu xüsusi qeyd etmək istərdim. Məncə, dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın və etibarlı tərəfdaş olsun.
“Azərbaycanın müstəqilliyinin bərpasının ilk günlərindən Türkiyə daim bizim yanımızdadır”, - deyən Novruz Məmmədov bildirib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qardaş Türkiyə hər zaman Azərbaycanın ədalətli mövqeyini dəstəkləyir. İndiyədək bütün sahələrdə göstərilən yardımlara, xüsusən də Azərbaycan üçün çox böyük önəm daşıyan müdafiə, müdafiə sənayesi, tibb və təhsil sahələrində köməyi yüksək qiymətləndiririk. Ermənistanın hərbi təcavüzü nəticəsində blokada şəraitində yaşayan Naxçıvan Muxtar Respublikasına göstərilən daimi dəstəyə görə dərin təşəkkürümüzü bildiririk.
Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın 8-ci iclasındakı çıxışında vurğulayıb ki, Türkiyə və Azərbaycan ortaq tarixə malik, hər zaman sevincləri və kədərləri birgə bölüşən qardaş ölkələrdir. Biz iki dövlət, bir millətik.
Dost, qardaş Azərbaycana səfərindən məmnunluğunu ifadə edən Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay Hökumətlərarası Komissiyanın 8-ci iclasının Türkiyə-Azərbaycan iqtisadi əlaqələrinin hazırkı vəziyyətinin dəyərləndirilməsi və əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsi baxımından uğurlu olacağına əminliyini bildirib. “Biz Azərbaycan və Türkiyə arasında mövcud dostluq münasibətlərini iqtisadi-ticari sahədə daha da genişləndirmək niyyətindəyik”,- deyə Vitse-prezident diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan Fuat Oktay Türkiyənin bu problemin qardaş Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllini hər zaman dəstəklədiyini vurğulayıb.
Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
21.10.2019
“Ermənistanda faşizim, nasizm, terrorizmin qəhrəmanlaşdırılması artıq bir siyasi mədəniyyətə çevrilib”
17.10.2019
“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
15.10.2019
“Özbəkistan həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”
14.10.2019
“Dağlıq Qarabağ erməni icmasının yeganə çıxış yolu bayrağımız altında yaşamağa razılıq verməkdir”
10.10.2019
“Münaqişə nizama salınana qədər əsas birləşdirici ideya “Qarabağ Azərbaycandır“ olmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 “Zəngəzurun Ermənistana birləşdirilməsi böyük Türk Dünyasını parçaladı”
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info