AXCP-nin trol şəbəkəsi ifşa edildi
Tarix: 23.09.2019 | Saat: 16:19:00 | E-mail | Çapa göndər


Son zamanlar müxalifətin başı qalmaqallardan açılmır. Bir neçə gün öncə Azərbaycan Xalq Cəbhəsi Partiyasını (AXCP) çalxalayan məlum status olaylarından sonra Fuad Qəhrəmanlı istefa Verdi. Bu dəfə isə partiyada trol qalmaqalı gündəmə gəlib. İndiyə kimi hakimiyyəti, guya xüsusi trol şəbəkəsi yaratmaqda günahlandıran müxalifətçilər əsl şəbəkənin məhz müxalifət daxilində yaradıldığını gizlədə bilmədilər. Belə ki, bununla bağlı yayılan səs yazısından məlum olur ki, cəbhəçilər uzun illər bu işlərlə məşğul olublar.
Sosial şəbəkələrdə AXCP Ali Məclisinin üzvü Rəşid Turabovun trolların idarə olunduğu qapalı “WhatsApp” qrupuna göndərdiyi səs yazısı Əli Kərimlinin trol şəbəkəsinə malik olmasını ortaya qoydu.
Əslində, bu barədə dəfələrlə yazmışıq, sosial şəbəkələrdə aktiv olan hər kəs də bunu müşahidə edib. Yəni adi bir yürüşə min nəfəri toplaya bilməyən biri status yazan kimi, real fotoları olmayan, yaxud da profil fotosunda AXCP loqosu olan yüzlərlə trol profilləri “yaşasın Əli bəy!”, “AXCP-yə eşq olsun” və s. kimi şərhlər yazır. Hətta eyni qeyri-müəyyən profillərin dərhal həmin statusu paylaşması da şübhə doğururdu, Çünki Əli Kərimli status yazmamışdan qabaq trol şəbəkəsinə xüsusi adamlar məlumat ötürürdü ki, “hazır olun, filan vaxt status paylaşılacaq, dərhal layk edib şərhlər yazın və paylaşın”. Yəni bu cür taktika uzun illərdir ki, davam edirdi. Trol şəbəkəsinin olması Əli Kərimliyə və ya “milli şura” üzvlərinə qarşı çıxan hər hansı müxalifətçi, neytral biri, jurnalist və s. şəxslərə dərhal hücumların olmasından da bəlli idi. Bu barədə ReAl Partiyasının funksioneri Natiq Cəfərli də dəfələrlə yazıb, ABŞ-da yaşayan müxalif jurnalist İsmayıl Cəlilov adlı biri də bu günlərdə cəbhəçi trolları ifşa etdi. Yəni bu mövzuda bir neçə misal da göstərə bilərik.
Qayıdaq son ifşaya-məlum səs yazısına. Səs yazısındakı etirafda deyilir: "Çalışmalarımız zəifdir. Bir çox cəbhədaşlarımız var ki, oturub bu qrupda. Əsəblərim artıq partlayır. Kim cəbhəçi ismini daşıya bilmirsə, desin ki, daşıya bilmirəm. Sadəcə protokollarda cəbhəçi adını daşımaqla heç nə əldə edə bilməzsiniz. Zatən biz monitorinq aparırıq və kimin nə iş gördüyünü bilirik. Uşaq oyuncağı ilə oynamırıq burada. Mən, Ayaz Məhərrəmli, Süleyman, Mahir bəy qaçırıq ora-bura. Amma Vasif Müzəffərovu görmürük. Rahad bəyi ildə-ayda bir dəfə görürük. Digər dostlarımız var ki, onları görmürük. Əgər sizi görmürüksə, siz nə üçün varsınız? İsgəndər bəy deyir mən feministəm, çıxır gedir dənizə. Sən burada cəbhəçi ola bilirsənsə ol, ola bilmirsənsə get harada istəyirsən feminist ol. Əgər sizdən bir şey olmayacaqsa, gedim yeni üzvlərə vaxtımı sərf edim, bəlkə onlarla nə isə alındı. Bezdirmisiniz artıq, mən niyə hər dəfə xəbərdarlıq yazmalıyam. Mən səni Əli bəyin səhifəsində görmürəm. Bəs nə işlə məşğulsunuz. İsgəndər bəy feministdir, gedir jurnalist qızlarla pivə vurur. Çox gözəl, heç olmasa gəl Əli bəyin statusunun altında yaz. Vasif bəy, bəs sən haradasan? Heç olmasa gəl Əli bəyin statusunun altında yaz, qisasını al. Şüvəlan qrupundan Natiq, Tahir bəyi görmürük. Rəşad, Lütvi bəy sizi də görmürük. Biz sizin də yükünüzü daşımalıyıq?".
Doğrudan da müxalifət adına faciəli bir durumdur. Təsəvvür edin ki, gələcəyin normal, savadlı, siyasi prosesləri analiz edə biləcək qabiliyyət və bacarığa malik müxalifətçisini yetişdirmək əvəzinə, görün Əli Kərimli AXCP-də gənclərin başını nələrlə qatır. İşini-gücünü atıb feministli, ateistli hər bir gənc sosial şəbəkələrdə Əli Kərimlini gözləməlidir, trolluqla məşğul olmalıdır ki, ay aman, ay dad, birdən hansısa statusu qaçıraram...
Əslində, Əli Kərimli üçün trolluqla məşğul olan, başı bu cür anormal proseslərə qarışan cəbhəçilər, azsaylı gənc müxalifətçilər ona sərf edir. Əks təqdirdə, onun yerinə çoxdan göz dikən savadlı cəbhəçi formalaşmışdı. İkinci bir tərəfdən, belə trol şəbəkəsi olmasaydı, indi Əli Kərimli “Facebook”da özü yazıb, özü oxuyurdu. Yuxarıda da qeyd etdiyimiz kimi, yüzlərlə yazılan şərh və “like” müəlliflərinə nəzər salanda görürsən ki, onların profilləri özləri haqqında heç nəyi demir, saxta fotolardır və uzun müddətdir ki, heç nə də paylaşılmır. Yəni Əli Kərimlinin statuslarında aktiv olan profillər real şəxslər deyillər...
Məsələnin digər sual doğuran tərəfi odur ki, bu qrupda olanlar, bütün günü belə işlərə gərgin əmək sərf edənlər bunu təmənnasızmı edirlər? Bir ildir ki, ortada fakt olmadan hakimiyyətə şər atıb, guya trollara hansısa maliyyə ayrıldığını iddia edən müxalifətçilər indi buna necə cavab verəcəklər?! Konkret trol qrupu və ortada səs yazısı var. Hətta konkret adam adları da çəkilir ki, həmin şəxslər trolluqda aktiv deyillər. Bu isə o deməkdir ki, o adamlara pul verilməyəcək...
Qısa bir xatırlatma da edək. Əli Kərimlinin müavini olmuş Razi Nurullayevin bir neçə il öncə AXCP daxilindəki anormal proseslərlə bağlı açıqlaması Əli Kərimlini hələ o vaxt ifşa etmişdi. Razi Nurullayev deyirdi ki, AXCP-də partiya funksionerlərinə “Facebook”da yüzlərlə saxta profil yaratmaq tapşırılıb: "Bəzilərinin 100-110 saxta profili var idi. “Facebook”da şərtlər sərtləşdirildikdən sonra onların yarısı bağlandı. Amma indi də partiyanın idarə heyətində təmsil olunan şəxslərin 30-40 saxta profili var".
Yeri gəlmişkən, cəbhəçi trolların anormal fəaliyyətləri ilə bağlı ən son misalı göstərək. Avropada sığınacaq alan müxalifətçi Nahid Cəfərov Aslan İsmayılovun Fuad Qəhrəmanlı barədə yazdığı statusu paylaşaraq, bəzi nüansların anormallığından danışması, trollarda hiddət doğurdu. Onun statuslarındakı şərh bölümündə yazılan təhqir və anormal rəyləri oxuyub trol şəbəkəsənin hansı təfəkkürdə olmasını görmək mümkündür. Kimi Nahidi satılmaqda ittiham edir, kimi guya YAP-a qoşulmasında, başqası isə yazıb ki, kaş o hakimiyyətə qarşı da belə mübarizə aparardı. Yəni kim Əli Kərimlinin maraqlarına qarşı gedirsə, fərqi yoxdur, o müxalifətçidir, ya iqtidarı təmsil edən biri, dərhal trol şəbəkəsi ona qarşı səfərbər edilir. Qısası, bu gün müxalifətin başı bir qalmaqaldan ayılmamış digəri ilə qarışır ki, bu da cəmiyyətdə ikrah hissi doğurur. Yəni bu cür dünyagörüşü, təfəkkür və anormal hiyləgər metodlarla ictimai rəyə təsir etməyə çalışanlarmı hakimiyyət iddiasındadırlar? Təəssüf ki bu,belədir! Amma nə trol şəbəkəsi Əli Kərimliyə sosiallıqda nüfuz gətirəcək, nə də sayı heç 2-3 min nəfərə çatmayan real cəbhəçilər...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
22.10.2019
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22.10.2019
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
21.10.2019
Əli Həsənov: “Azərbaycan hakimiyyəti bütün situasiyaya nəzarət etmək gücündə, imkanında və iradəsindədir“
21.10.2019
XİN: Bəzi təşkilatların əsassız bəyanatlar yayması Azərbaycana münasibətdə ikili standartların tətbiqi kimi qiymətləndirilməlidir
21.10.2019
Xalq müxalifətə dəstək vermədi

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
2 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
3 Gələn il əmək pensiyaları bir daha artırılacaq
4 70 saylı Masallı şəhər və 71 saylı Masallı kənd seçki dairələrində seminarlar keçirilib
5 Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info