Astarada çəltik emalı zavodu istifadəyə verilib
Tarix: 24.09.2019 | Saat: 19:56:00 | E-mail | Çapa göndər


Çəltik əkini sahələri 10 min hektara catdırılacaq: fermerlər hər hektara görə 280 manat subsidiyası alacaqlar


Kənd təsərrüfatının inkişafı istiqamətində həyata keçirilən tədbirlər ərzaq təhlükəsizliyinin yüksək səviyyədə təmin edilməsində mühüm əhəmiyyət kəsb edir. Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Dünya üzrə dənli bitkilərin əkin strukturunda və insanların qida rasionunda düyü buğdadan sonra ikinci yeri tutur. Düyüyə tələbat ilbəil artım dinamikasına malik olduğundan, çəltik istehsalı kənd təsərrüfatının ən perspektivli sahələrindən biridir. Dünya üzrə çəltik istehsalının 50 faizi Çin və Hindistanın payına düşür.


Dünya düyü istehsalı 2019-2020-ci il mövsümündə 503 milyon ton olması proqnozlaşdırılır

Beynəlxalq Taxıl Şurasının son hesabatında, 2018/19-cu il mövsümünün sonunda 499 milyon ton miqdarında olması təxmin edilən dünya düyü istehsalı, 2019-2020-ci il mövsümündə, ötən mövsümdən 4 milyon ton yüksək - 503 milyon ton miqdarında olması proqnozlaşdırılır. Həmçinin qeyd edilir ki, 2018/19-cu il mövsümünün sonunda 492 milyon ton olduğu təxmin edilən dünya düyü istehlakının bu mövsümdən 6 milyon ton çox olmaqla 2019/20-ci il dövründə 498 milyon ton olacağı proqnozlaşdırılır.
2018/19-cu il mövsümünün sonunda 46 milyon ton olaraq qiymətləndirilən dünya düyü ticarəti, 2019/20-ci il dövründə 1 milyon ton artım göstərərək 47 milyon ton olacağı proqnozlaşdırılır.
2018/19-cu il mövsümünün sonunda 157 milyon ton olduğu təxmin edilən dünya düyü ehtiyatlarının, 2019/20-ci il dövründə 162 milyon tona çatacağı gözlənilir ki, bu da 2018/19 mövsümü ilə müqayisədə 5 milyon ton çoxdur.
Əsas ixracatçıların (ABŞ, Hindistan, Pakistan, Tayland və Vyetnam) 2018/19-cu il mövsümünün sonunda 36 milyon ton düyü ehtiyatı olacağı proqnozlaşdırılır. 2019-2020-ci ildə mövsümündə isə bu ölkələrin ehtiyatı 2 milyon ton yüksək, 38 milyon ton olacaq.
Dünya çəltik istehsalçılarından biri də Türkiyədir. Türkiyə Ticarət Evinin icraçı direktoru Şemsi Bayraktar ölkədə son 10 ildə çəltik istehsalının 24,8 faiz artdığını bildirib: “ Ölkəmizdə çəltik istehsalı müəyyən səviyyəyə çatıb, həcmi ötən illərə nisbətən artıb. Bu, istehsal səviyyəsinin qorunması və daha da artırılması əkinçimizin çəltikdən əldə etdiyi gəlirə bağlıdır. Cari ildə çəltik istehsalının ötən ilə nisbətən 3,7 faiz artımla 975 min tona çatacağını təxmin edirik. Ötən il də istehsalda 4,4 faiz artım var idi. Bu səviyyədə ölkəmizdə çəltik istehsalı müşahidə edilməyib. Buna baxmayaraq, istehlakdakı artımla bağlı düyü ehtiyacını təmin edə bilmirik. İdxala 2018-ci ildə 145 milyon dollar, 10 ildə 1 milyard 667 milyon dollar valyuta ödənilib”.

Düyü istehsalının artmasi nəticəsində idxal azalacaq

Ölkəmizdə kənd təsərrüfatının şaxələndirilmiş şəkildə inkişaf etdirilməsi də qarşıda duran əsas vəzifələrdən biridir. Ənənəvi sahələrin, o cümlədən çəltikçiliyin inkişafına da dövlət səviyyəsində ciddi diqqət yetirilir. Belə ki, Nazirlər Kabinetinin 2007-ci il qərarı ilə təsdiq edilmiş “Buğda və çəltik istehsalçılarının maddi marağının artırılması və buğda və çəltik istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi Qaydaları”na əsasən istehsalçılara dövlət büdcəsinin vəsaiti hesabına hər hektar buğda və çəltik səpininə görə 40 manat məbləğində yardım verilir. Ölkə başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə bu sahəyə marağın artmasında önəmli rol oynayıb. Ötən il ilk dəfə olaraq cənub bölgəsinin iqlim şəraitinə uyğun yeni texnologiyalar əsasında yetişdirilmiş çəltik şitilləri Koreya Respublikasından gətirilib, ən müasir maşın və mexanizmlərdən istifadə edilməklə əkilib. Əsas məqsəd daxili bazarda məhsul bolluğu yaratmaq və ölkəyə idxal olunan düyü məhsullarının miqdarını azaltmaqdır. Son iki ildə ölkəmizdə çəltik sahələri əvvəlki illə müqayisədə iki dəfədən çox artırılaraq 5 min 100 hektara, düyü istehsalı isə 16,2 min tona çatıb. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40 sentner/hektar olmaqla, çəltik əkini sahələri 10 min hektara, istehsalın həcmi 40 min tona çatdırılacaq.
2020-ci ildən etibarən çəltik sahələrinə görə 1,4 əkin əmsalı ilə subsidiya veriləcək. Çəltik əkən fermerlər hər hektar çəltik sahəsinə görə 280 manat əkin subsidiyası alacaqlar. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, Aqrar Subsidiya Şurasının qərarı ilə çəltik üzrə əkin əmsalı Ağdaş, Ağsu, Astara, Biləsuvar, Göyçay, Lənkəran, Masallı, Salyan, Samux, Ucar, Yevlax, Şəki və Zərdab rayonlarına şamil edilir. Bu o deməkdir ki, subsidiya yalnız adları çəkilən rayonlarda əkilmiş çəltik sahələrinə görə veriləcək. Hazırda ölkədə çəltik yalnız qeyd olunan 13 rayonun ərazisində əkilir. Gələcəkdə digər rayonların ərazisində də çəltik əkini aparılarsa, Aqrar Subsidiya Şurası 1,4 əmsalının həmin rayonlara da şamil edilməsi barədə qərar qəbul edə bilər. Qeyd edək ki, 2018-ci ildə Azərbaycanda 4054 hektar sahədə çəltik əkini aparılıb. Ötən il ölkə üzrə 12 min 413 ton çəltik istehsal olunub. Çəltik üzrə orta məhsuldarlıq 30 sent/ha təşkil edib.

Gündəlik emal gücü 40, çəltik qurutma gücü 10 ton olan zavod

Bu günlərdə Prezidentin sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında çəltikçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na müvafiq olaraq Astarada çəltik emalı zavodu istifadəyə verilib.
“İmanna” MMC-nin inşa etdiyi çəltik emalı zavodunun ümumi ərazisi 500, tikinti sahəsi isə 300 kvadratmetrdir. Müəssisənin inşasına 2018-ci ilin iyununda başlanılıb. Zavodun gündəlik emal gücü 40, çəltik qurutma gücü isə 10 tondur. Çəltik emalı zavodu Çin Xalq Respublikasından gətirilmiş ən müasir avadanlıqla təchiz olunub. Çəltik məhsulunun emalının başlıca tələblərindən biri nəzərdə tutulan bütün texniki proseslərin vaxtında və keyfiyyətlə həyata keçirilməsidir. Əvvəllər kifayət qədər qurumayan çəltiyin xeyli hissəsi sıradan çıxır, düyünün keyfiyyəti aşağı düşürdü. İstifadəyə verilən çəltik emalı zavodunda isə emal prosesi müasir tələblərə cavab verir və bu kimi hallar olmayacaq.
Zavodun məhsul yığımı kampaniyası dövründə istifadəyə verilməsi fermerlər və məhsul istehsalçıları tərəfindən böyük razılıqla qarşılanıb. Onlar çəltik sahələrindən yığılan məhsulları birbaşa emal müəssisəsinə gətirirlər.
“İmanna” MMC-nin, həmçinin 100 hektar çəltik sahəsi var. Bu il müəssisənin çəltik sahələrinin hər hektarından 35-40 sentner məhsul götürülməsi proqnozlaşdırılıb.
Rayonda çəltikçiliklə məşğul olan fermerlər və təsərrüfat sahibləri yeni emal müəssisəsinin istifadəyə verilməsini ölkəmizdə aqrar sahənin, o cümlədən çəltikçiliyin inkişafına göstərilən dövlət dəstəyi kimi dəyərləndirirlər.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
11.10.2019
Paşinyan “pripiska”nı bərpa edir: “Ermənistanda dövlət qurumları iflic vəziyyətindədir”
09.10.2019
Paşinyanın sərsəm bəyanatının qurbanı: xarici işlər naziri işdən qovulur
07.10.2019
Bir amalın iki qəhrəmanı
02.10.2019
Ermənistanda kişi qıtlığı yaranıb
01.10.2019
Paşinyanın komandasında təmizləmə əməliyyatı çox erkən başladı

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info