Erməni mifomaniyası: Paşinyanın yeni xülyaları
Tarix: 04.10.2019 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Ermənistan hökumətinə başçılıq edən Nikol Paşinyan bir iranlı jurnalistə müsahibəsində "tarixi həqiqətləri" açıb. O, Ermənistanın Dağlıq Qarabağla bağlı yanaşmasının "yeni məqamlarını" dilə gətirib. Onun dediklərinə diqqətlə nəzər saldıqda, tamamilə absurd və reallığa qətiyyən uyğun olmayan şərtlərdən bəhs etdiyi aydın görünür. Əgər onun dedikləri doğrudan da hazırkı hökumətin rəsmi mövqeyidirsə, deməli, Ermənistana siyasi-diplomatik cəhətdən çox səriştəsiz adam rəhbərlik edir. Ən azından bu adamın beynəlxalq hüquqdan başı çıxmır, siyasi təfəkkürü çox dayazdır və konkret olaraq Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan danışıqların məzmunundan xəbəri yoxdur. Onun təsəvvürləri ilə reallıq arasında o qədər uzun məsafə var ki, belə getsə, N.Paşinyan tarixə ən uğursuz baş nazir kimi düşəcək.

"Üç ölkə" xəyalı: erməni baş nazirin siyasi səriştəsizliyi

Sən demə, Nikol Paşinyan heç küçə siyasətçisi də deyilmiş. Bu adamın siyasi məntiqlə reallıq arasında hansısa uyğunluq görmə qabiliyyəti sıfır imiş. Bunu təsdiq edən misallar çoxdur. Sonunculardan biri iranlı jurnalistə verdiyi müsahibədə ifadə etdiyi fikirlərdir. Normal insan üçün onun dedikləri xəyal dünyasının tör-töküntüləridir. Lakin bir halda ki, bu zat Ermənistan adlanan bir dövlətin baş naziridir, deyilənlərin nə dərəcədə absurd olduğunu göstərmək gərəkdir.
N.Paşinyan, hər şeydən öncə, özünü Ermənistanın xüsusi qabiliyyəti, ustalığı və uzaqgörənliyi olan başçısı kimi təqdim edir. Çox "təvazökarmış"! Yəni Levon Ter-Petrosyan, Robert Koçaryan və Serj Sarkisyan ya axmaqdırlar, ya da qeyri-vətənpərvər! Çünki onların heç birinin ağlına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini üç ölkənin (Ermənistan, Azərbaycan və "Arsax"ın) ixtilafı kimi beynəlxalq səviyyədə təqdim etmək gəlməyib ki, bütün dünya da bunu qəbul etsin.
N.Paşinyanın ikinci "ixtirası" siyasətdə "ilkin şərt qoymamaq" anlayışına yeni "məzmun" gətirməsi ilə bağlıdır. Dığa deyir ki, Türkiyə ilkin şərt qoymadan Ermənistanla diplomatik münasibətlər qurmalıdır. Türkiyənin ilkin şərti işğalçı erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarından çıxmasıdır (əslində, bu, BMT-nin Nizamnaməsi əsasında qəbul edilən Təhlükəsizlik Şurasının dörd qətnaməsində qoyulan şərtdir). Sonra sayıqlamalarına davam edərək deyir ki, Ermənistan "soyqırımı"nı Türkiyənin qəbul etməsi şərtini aksiom kimi qəbul edir və bu, tək iki ölkə arasında olan məsələ deyil, bütövlükdə, dünyanın təhlükəsizlik məsələsi imiş.
Bunların ən yaxşı cavabı: "zavallı, yazıq, zəif və ağıldankəm siyasətçi" cümləsidir. Ancaq bir az da gülmək üçün onun məntiqsizliyinin dərinliyinə baş vurmaq olar. Adam hazırda, dünyanın və hər bir normal insanın gözü qarşısında baş verən işğal faktını "görməyin!" deyir, lakin 100 il bundan əvvəl baş vermiş hadisələrdən əsassız və düşməncəsinə nəticələr çıxarmaqla onları mövcud fakt kimi dünyanın və ayrıca Türkiyənin qəbul etməsini umur. Bu məxluqda siyasi şüur deyilən şey varmı?
Reallıq necədir, hamı bilir, lakin təkrarına ehtiyac vardır. Ermənistan havadarının böyük hərbi yardımı, siyasi təzyiqi və ideoloji-kəşfiyyat təxribatları ilə özündən qat-qat güclü olan Azərbaycanın torpaqlarının 20 faizə qədərini keçən əsrin 90-cı illərinin əvvəllərində işğal edib. Bunu BMT TŞ məlum sənədlərində təsbit edib. Həmin sənədlərdə Ermənistandan tələb edilir ki, işğal etdiyi əraziləri tərk etsin. Sonra Avropa İttifaqı, NATO, Avropa Şurası, ATƏT, İƏT, Qoşulmama Hərəkatı eyni faktı təsdiq edib və Azərbaycanın ərazi bütövlüyünü tanıdıqlarını açıq ifadə ediblər. Münaqişənin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu Helsinki Yekun Aktına, Madrid prinsiplərinə uyğun olaraq problemin dinc yolla həllinə üstünlük verməyi qərara alıb. Bütün bunlar müvafiq qərar və qətnamələrdə öz təsbitini tapıb.
Dünyanın böyük dövlətlərinin başçıları dəfələrlə bəyan ediblər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi şərti ilə həll oluna bilər. Bunları təsdiq edən kifayət qədər sənəd vardır. Yeri gəlmişkən, Ermənistanın N.Paşinyana qədər olan başçıları öz xoşlarına mifik "üç ölkə" (və ya "üç xalq") şərtini qoymayıblar. Onlar az və ya çox dərəcədə anlayıblar ki, fantaziyanın, qərəzin, riyakarlığın da bir sərhədi var. Danışıqlar masasında konkret sənədlər var və orada aydınca göstərilib ki, söhbət hansı dövlətlərdən gedir. Yəni Ermənistan Azərbaycan torpaqlarını başqa dövlətlərin hərtərəfli dəstəyi ilə işğal edib və münaqişə bundan yaranıb. Bu real faktlar ola-ola, hansı axmaq hansı məntiqlə "üç ölkə"dən danışa bilər?

Həqiqətdən uzaq: Ermənistan iflasın yeni səviyyəsində
Əlbəttə, N.Paşinyan kimi siyasi səriştəsi olmayan adam meydana çıxar və deyər. Ancaq inqilabçı baş nazir məsxərə hədəfinə çevrilib və bütün dünya ona gülür. Təsəvvür edin: əgər münaqişənin həllinə N.Paşinyanın sayıqlamalarına uyğun yanaşmalı olsalar, onda gərək Abxaziyanı, Cənubi Osetiyanı, Donbası, Kataloniyanı (İspaniya), Korsikanı (Fransa) və başqalarını müstəqil ölkə və xalq kimi tanısınlar.
Eyni zamanda, Dağlıq Qarabağda yaşamış azərbaycanlıların izlərini tarixdən silsinlər, İrəvanın azərbaycanlı əhalisinin mövcudluğunu tarixi arxivlərdən yox etsinlər, ermənilərin Rusiya imperiyası tərəfindən Qarabağa köçürülmələri haqqında bütün tarixi sənədləri məhv etsinlər (o cümlədən Qriboyedovu rus tarixindən silsinlər), ermənilərin son min ildə dövlətinin olmadığı haqqındakı tarixi həqiqəti şüurlardan çıxarsınlar. Fikir verirsinizmi ki, bir sərsərinin məntiqsiz fikirləri nə qədər tarixi həqiqətin üstündən xətt çəkməyə təhrik edərdi? Biz hələ hamısını demirik. Ehtiyac yoxdur, çünki N.Paşinyanın səsləndirdiyi fikirlər o qədər absurddur ki, onun dərci belə gülünc doğurur.
Burada təbii ki, sırf primitiv təbliğat vardır. Şübhə etmirik ki, ermənilərin özləri belə bunları absurd sayırlar. Erməni cəmiyyətinin N.Paşinyanın 2050-ci il "strategiyası"na münasibətini bilirik. Ağlı olan ermənilər baş nazirin planlarını cəfəng və gülünc adlandırırlar. Onun Dağlıq Qarabağ və Türkiyə ilə bağlı dedikləri daha böyük gülünclükdür. Baxın, N.Paşinyan jurnalistə deyir: İlham Əliyevə dedim ki, əgər Dağlıq Qarabağ məsələsinin həllində dramatik bir şey axtarmaq istəmirsinizsə, Ermənistanın təkliflərinə baxın.
Bir daha xatırladaq ki, N.Paşinyan "təklif" dedikdə, mifik "üç ölkə, üç xalq" şərtini nəzərdə tutur. İlham Əliyev kimi yüksək səviyyəli peşəkar siyasətçi, milli maraqları hər şeydən üstün tutan lider-Prezident bu cəfəng, sərsəm sözlərə nə cavab versin? Əslində, Azərbaycan Prezidenti dəfələrlə mövqeyini çox aydın və dəqiq ifadə edib. Onları bir daha xatırlatmağa ehtiyac vardır.

Ermənistan müstəqil Azərbaycan Respublikasının ərazilərini işğal edib. Qeyd-şərtsiz həmin ərazilərdən çıxmalıdır. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Onun bir qarışı belə Ermənistana verilə bilməz. Azərbaycan Minsk qrupunun vasitəçiliyi ilə münaqişənin sülh yolu ilə həllinə çalışır. Danışıqlarda fəal iştirak edir. Lakin süründürməçi vəziyyətin sonsuza qədər davam etməyəcəyini də qətiyyətlə bildirir. Əgər danışıqlar bir nəticə verməsə, Azərbaycan Ordusu torpaqları azad etməyə hazırdır.

Azərbaycan var gücü ilə regional əməkdaşlığın inkişaf etməsinə çalışır. Bu istiqamətdə uğurlu addımlar atmaqdadır. Ancaq Ermənistan qeyri-konstruktiv mövqe tutduğuna görə, bütün layihələrdən təcrid olunub. Onun regional miqyaslı layihələrdə iştirakı tutacağı mövqedən asılıdır. Əgər rəsmi İrəvan reallıqları nəzərə alıb, siyasətində dəyişiklik edərsə, onda onunla bağlı mövqe də dəyişə bilər
Azərbaycanın bu cür humanist, ədalətli və müasir beynəlxalq hüquq normalarına tam uyğun olan mövqeyinə Ermənistan rəhbərliyi konstruktiv yanaşa bilmirsə, bütün günahlar onların özündədir. Düşdükləri təcrid quyusundan Ermənistanı kimsə çıxara bilməz.
Bütövlükdə, münaqişənin həlli perspektivinə gəldikdə isə, burada N.Paşinyanın kimə nə deməsinin elə bir əhəmiyyəti yoxdur. Obyektiv proseslər mövcuddur və onların məntiqi nəticəsi də şübhə doğurmur. Uyğun zaman gəldikdə, Dağlıq Qarabağ azad olunacaq. Burada Ermənistana havadarlıq edənlərin də düşünməsi gərəkdir. Təcavüzkarı müdafiə etmək, ona dəstək vermək bumeranq effekti ilə özlərinə qayıdacaq. Tarix bu həqiqəti dəfələrlə sübut edib.
Azərbaycan öz müstəqil dövlət quruculuğunu davam etdirir. Onu kimsə yolundan döndərə bilməz. N.Paşinyan kimilərin də dedikləri havaya boş güllə atmaqdır. Bütün dünya görür ki, Azərbaycan Cənubi Qafqazın lideri kimi sürətlə inkişaf edir, Ermənistan isə bataqlıqda çapalayır. Bunun əhəmiyyətini və mənasını anlaya bilməyənlər reallığı görməyi bacarsalar faydalı olardı!
newtimes.az




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14.10.2019
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilir
14.10.2019
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14.10.2019
Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib
14.10.2019
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info