Prezident: Azərbaycan və Rusiya beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm məsələlərdə bir-birini dəstəkləyir
Tarix: 04.10.2019 | Saat: 22:30:00 | E-mail | Çapa göndər


Azərbaycan və Rusiya beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayır, ən mühüm məsələlərdə bir-birini dəstəkləyir.
Trend-in məlumatına görə, bunu Prezident İlham Əliyev Soçidə “Valday” Beynəlxalq Diskussiya Klubunun XVI illik iclasının plenar sessiyasında çıxışı zamanı deyib.
Azərbaycan Prezidenti bildirib:
"İlk növbədə, “Valday” Diskussiya Klubunun növbəti iclasında iştirak etməyə dəvət üçün Vladimir Vladimiroviç Putinə dərin təşəkkürümü bildirmək istərdim. Qeyd etmək istərdim ki, klubun fəaliyyətini Azərbaycanda böyük maraqla izləyirlər. O, müasir dünyanın aktual məsələlərinin müzakirə edildiyi və əməkdaşlığın dərinləşməsi üçün tövsiyələr verilən ən mühüm beynəlxalq məkanlardan birinə çevrilib.

Mən Vladimir Vladimiroviçin çıxışını böyük maraqla dinlədim və hər məsələdə onunla razıyam. Minilliklərin sərhədində Rusiyada yaranmış vəziyyətdən bəhs edərkən onun demədiyi yeganə məsələ budur ki, Rusiyanın çox ağır sınaqlardan şərəflə çıxmasında əsas amil Vladimir Putin amilidir. Bu, həqiqətdir, bunu hamı bilməlidir. Məhz onun cəsarəti, qətiyyəti, müdrikliyi, vətənpərvərliyi sayəsində Rusiya ən çətin sınaqlardan çıxdı və bu gün dünyanın aparıcı böyük dövlətidir. Bu gün Vladimir Vladimiroviçlə bizim görüşümüz oldu. Bizim görüşlərimiz müntəzəm xarakter daşıyır və hətta bir neçə aylıq kiçik fasilə bizə pauza kimi təsir bağışlayır. Ölkələrimiz arasında münasibətlər strateji əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, biz bir-birimizi strateji tərəfdaşlar adlandırırıq. Bu gün biz ikitərəfli münasibətlərin çox geniş gündəliyini nəzərdən keçirdik və gələcək qarşılıqlı fəaliyyətin yollarını müəyyənləşdirdik. Ölkələrimiz arasında çox fəal siyasi dialoq mövcuddur. Dövlət başçılarının və digər rəsmi şəxslərin müntəzəm görüşləri əməkdaşlığımızın dərinləşməsinə şərait yaradır. Biz beynəlxalq təşkilatlar çərçivəsində fəal qarşılıqlı əlaqə saxlayırıq, ən mühüm, ümdə məsələlərdə ənənəvi olaraq bir-birimizi dəstəkləyirik. Avropa Şurası Parlament Assambleyasının iyun sessiyasında Rusiyanın bu təşkilata qayıtması məsələsi müzakirə edilərkən Azərbaycan nümayəndə heyəti tam tərkibdə çıxış edərək Rusiyanın AŞPA-ya qayıtmasının lehinə səs verdi. Mən bu münasibətlə həmkarlarımızı təbrik etmək istərdim.
Ticari-iqtisadi münasibətlərimizin inkişafında müsbət dinamika müşahidə olunur. Biz əmtəə dövriyyəsini hər il artırırıq. Bu, get-gedə çətinləşir, çünki keçən il biz təqribən 20 faiz artım barədə danışırdıqsa, bu il artım daha çox olub. Beş “Yol xəritəsi” çərçivəsində əməkdaşlığın prioritet istiqamətlərinin müəyyən edilməsi, şübhəsiz ki, ticari əlaqələrin daha da genişlənməsinə səbəb olacaq. Azərbaycanda Rusiya kapitallı 700-ə yaxın şirkət fəaliyyət göstərir. Azərbaycan Rusiyada 1,2 milyard dollar, Rusiya Azərbaycanda 4,6 milyard dollar həcmində sərmayə qoyub. Burada biz geri qalırıq, lakin bunun obyektiv səbəbləri var. Onu da qeyd etmək istərdim ki, sənayeləşmə məsələsində Rusiya bankları bizə çox kömək edir. Onlar iqtisadiyyatın real sektorunda həyata keçirilən layihələr üçün təqribən 1 milyard dollar kredit ayırıblar.
Hərbi-texniki əməkdaşlıq fəal inkişaf edir. Bu gün biz bu istiqamətdə işi davam etdirmək barədə razılığa gəldik. Hərçənd, Rusiyadan texnika alınması çərçivəsində bizim aramızda artıq imzalanmış kontraktların məbləği 5 milyard dollar təşkil edir, bunun 3 milyard dolları artıq reallaşıb. Dediyim kimi, biz bu istiqamətdə işi davam etdirmək niyyətindəyik.
Bizim əməkdaşlığımızın mühüm istiqamətlərindən biri də nəqliyyat sahəsidir. 2018-ci ildə Şimal-Cənub dəhlizi vasitəsilə daşınmış yüklərin həcmi əvvəlki ildəkindən 8 dəfə çox olub. Həcmlər hələlik böyük deyil, lakin dinamika güclü təsir bağışlayır. Onu da qeyd etmək istərdim ki, Şimal-Qərb dəhlizi də işə düşüb. Rusiyadan yüklər Azərbaycan ərazisindən keçməklə, həm cənub, həm də qərb istiqamətində göndərilir. Bu, çox cəhətdən onun sayəsində mümkün olur ki, biz tarif siyasətimizi razılaşdırmışıq və son vaxtlar Azərbaycanda müasir nəqliyyat infrastrukturuna böyük sərmayə yatırılıb.
Bizim əlaqələrimizin bir göstəricisi həm ölkələrimiz, həm də xalqlarımız arasında münasibətlərin ruhu və xarakteri barədə parlaq təsəvvür yaradır. Keçən il 880 min rusiyalı Azərbaycana səfər edib. Bu il onların sayı daha çoxdur. Sirr deyil ki, turistlər təkcə görməli yerlərə baxmaq və milli mətbəx təamlarını dadmaq üçün getmirlər. Onlar o yerə gedirlər ki, orada özlərini təhlükəsiz, rahat, öz evlərində olduğu kimi hiss edirlər. Zənnimcə, bu fakt turizmin sürətlə artmasına dəlalət edir.
Təhsil sahəsində böyük uğurları qeyd etmək istərdim. Artıq neçə ildir ki, Azərbaycanda Moskva Dövlət Universitetinin filialı, habelə Birinci Moskva Dövlət Tibb Universitetinin filialı fəaliyyət göstərir. Azərbaycanın bütün dövlət ali məktəblərində rus dili bölmələri var. Ölkəmizdə 25 min tələbə rus dilində təhsil alır. Təhsilin rus dilində olduğu 338 məktəbdə 130 min şagird də rus dilində oxuyur".




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib
14.10.2019
“Qlobal medianın inkişaf trendləri: Risklər və imkanlar” mövzusunda Bakı Beynəlxalq Media Konfransı keçirilir
14.10.2019
Bakıda Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılışı olub
14.10.2019
Faşizm ideologiyası Ermənistanın dövlət siyasətinə çevrilib
14.10.2019
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10913

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info