“Uşaqlar üçün ən böyük zərbə ailə münaqişələridir”
Tarix: 07.10.2019 | Saat: 15:33:00 | E-mail | Çapa göndər


Vüsalə Dəmirova: “Uşaqlar real həyatı görməlidirlər, yıxılmaqdan, səhv etməkdən qorxmamalıdırlar”

Uşaqların düzgün tərbiyə edilməsi, şəxsiyyət kimi yetişdirilməsi, bacarıqlarının üzrə çıxarılmasında məktəbdənkənar müəssisələrin də əhəmiyyətli rolu var. Uşaq və gənclərin burada öyrəndikləri onlara hərtərəfli istiqamət verir və əbədi olaraq yaddaşlarından silinmir. Elə müsahibimiz Vüsalə Dəmirova da Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində 10 ilə yaxındır ki, dərnək rəhbəri olaraq məhz bu missiyanı yerinə yetirir. Qeyd edək ki, bu Mərkəz 1957-ci ildə “Pionerlər evi” adı ilə yaradılıb. 2017-ci ildən isə Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi olaraq fəaliyyət göstərir. Məqsəd uşaqların asudə vaxtlarının səmərəli təşkilidir. Mərkəzin direktoru isə “Qabaqcıl təhsil işçisi” olan Əntiqə Rzayevadır.

- Çalışdığınız Mərkəzdə Müəllimlər Gününü necə qeyd etdiniz?

- Fikrimi Ulu Öndər Heydər Əliyevin sözlərilə başlamaq istəyirəm: “Mən dünyada müəllimdən yüksək ad tanımıram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətimizə görə məktəbə, müəllimə borcluyuq”. Fürsətdən istifadə edib müəllim yoldaşlarıma səbir və həvəs dolu təlim-tədrislər, yeni-yeni ideyalar və cansağlığı arzu edirəm. Bir-birimizə həmkar həmrəyliyi diləyirəm.
Sualınızın cavabına gəldikdə isə bəli, oktyabrın 5-də Sumqayıt şəhər 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində təntənəli şəkildə Müəllimlər Gününü qeyd etdik. Tədbirdə bütün kollektivimiz iştirak etdi.

- Pedaqoq-müəllimə kimi sizcə, uşaqların tərbiyəsində hansı metodlara üstünlük verilməlidir?

-Hər bir pedaqoq-müəllim elm və bilik ötürməkdən öncə, cəmiyyətə yararlı insan, sağlam şəxsiyyət, əsl vətəndaş yetişdirməlidir. Bunun üçün uşaqlarla ünsiyyətdə hər zaman milli dəyərləri aşılamalı, ailəyə, valideynə, yaşlı nəslə, ümumiyyətlə, əhatə dairəmizdəki insanlara hörmət göstərməyi öyrətməli, onlara sağlam ünsiyyət prinsiplərini qazandırmalıyıq. Çünki hər şey kommunikasiyadan başlayır. Bununla yanaşı, uşaqlarda özünəinam hissini formalaşdırmalıyıq. Onların öz mənliyinin inkişafı üçün daim iş aparmalıyıq.

- Uşaqların mənəvi inkişafının düzgün qurulması üçün valideynlər, tərbiyəçi və müəllimlərin üzərinə nə kimi məsuliyyət düşür?

- Alim olmaq asandır, insan olmaq isə çətindir. İnsan milli-mənəvi dəyərlərlə zəngin bir şəxsiyyətdir. Hər bir valideyn mənəvi cəhətdən yüksək, mədəni, intellektli övlada sahib olmaq istəyir. Bu insanın yetişməsi üçün isə valideyndən çox, gününün əsas hissəsini birgə keçirdiyi müəllim və tərbiyəçiləri məsuliyyət daşıyırlar. Həmçinin uşaqları səhv addım atmaqdan, yanlışlıqlardan qorumamalıyıq. Çünki mükəmməl şəxsiyyət yanlışlıqların, uğursuzluqların fonunda yetişə bilər. Uşaqlar real həyatı görməlidirlər, yıxılmaqdan, səhv etməkdən qorxmamalıdırlar. Müəllim hər şeydən öncə güclü psixoloq olmalıdır, uşaqları dinləməyi bacarmalı, onlara bir-biri ilə paylaşmağı öyrətməlidir. Biz valideynlərə ən güclü təsir qüvvəsiyik. Bütün valideynlər ziyalı deyil. Onlar uşaqları ilə rəftarı, yanaşmanı bizdən öyrənirlər. Biz onları uşaqlarının təhsilinə, elminə yatırım etməyə səsləyirik. Çünki ən güclü kapital da elə elm və təhsildir.

- Sizin çalışdığınız Mərkəzdə uşaqların nöqsanlarının aradan qalıdırılması üçün tətbiq olunan metodlar nə dərəcədə öz effektini verir?

- Bizim tətbiq etdiyimiz metodlar yüksək səviyyədə öz effektini verir. Bunu uşaqların sonradan təhsil aldığı məktəblərdən gələn səsləri də sübut edir. Biz daim onların uğurları haqqında informasiya alırıq. Eyni zamanda, bunu valideynlərdən gələn razılıq dolu ifadələr, ildən-ilə artan müraciətlərdən də görmək olar. Qeyd etmək istəyirəm ki, nöqsansız uşaq olmur, hər birinin öz genetikası, ailə tərbiyəsinə görə cüzi nöqsanları olur. Bunun üçün, ilk növbədə, müəssisəmizi bir ailə olaraq təqdim edirik və burada etik normalara riayət etməyi öyrədirik. Gigiyenik qaydalardan tutmuş, etik kodekslərədək...

- Uşaqlarda nitqin inkişafı üçün hansı maarifləndirici tədbirlər görülməlidir?

-Nitq vasitəsi ilə insanlar cəmiyyətdə ünsiyyət qururlar. Uşaqlar Mərkəzimizdə fəaliyyət göstərən dərnəklərdə yaşıdları ilə ünsiyyətdə olurlar. Bildiyimiz kimi, uşaqlar daha çox öz həmyaşıdları ilə ünsiyyəti sevirlər. Nitq gələcək karyera üçün ən önəmli vasitədir. Savadlı olmaq yetərli deyil, uşaqlar özlərini ifadə etməyi bacarmalıdırlar. Bunun üçün biz onlara kiçik debatlar qurur, nağıl və hekayə səhnəcikləri və s. hazırlayaraq, Mərkəzimizin akt zalında təqdim edirik.

- Təhsilə maraq olsun deyə, uşaqlarla necə işləmək lazımdır?

- İlk növbədə təhsilin ölkə və cəmiyyət üçün gərəkli olduğunu dərk etməliyik. Daha sonra gələcəkdə fərqli düşünən mütəxəssis olmaq üçün onlara keçəcəyimiz yolun təhsil olduğunu aşılamalıyıq. Yəni “başqaları yaxşı oxuyur”, “sən də onun kimi ol” kimi ifadələrdən uzaq olub, “mən sənə inanıram”, “sən fərqlisən”, “sənə güvənirəm” kimi ifadələr işlətməliyik. Əminliklə vurğulamaq istəyirəm ki, hər şey sevgidən başlayır. Şagird müəllimini ürəkdən sevərsə, ona bağlanarsa, onun məsləhətlərinə də cani-könüldən qulaq asacaq. Eyni zamanda, müxtəlif psixoloji, məntiqi oyunlar, bol çeşidli əyani vəsaitlərlə “əylənərək öyrənmək” metodu vasitəsilə təhsilə marağı artırırıq.

- Ailə münaqişələrinin uşaqların psixikasına və mənəvi inkişafına hansı mənfi təsiri var?

-Uşaqlar üçün ən böyük zərbə ailə münaqişələridir. Sağlam, sevgi dolu ailədə böyüyən uşaqlar özgüvənli böyüyürlər. Ailə münaqişələri isə uşaqlarda konsentrasiyanı pozur, təhsildən yayındırır, onları zərərli vərdişlərə meyilləndirir. Odur ki, ana-ata arasındakı ən kiçik narazılıq belə, uşaqlara bildirilməməlidir.

Fuad Hüseynzadə





 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info