Müxalifətin siyasi çəkisi niyə artmır?
Tarix: 07.10.2019 | Saat: 17:28:00 | E-mail | Çapa göndər


Məlum olduğu kimi, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) son bir neçə ayda ard-arda neqativ hadisələrlə gündəmə gəldi ki, bu da partiya sədri Əli Kərimlinin onsuz da aşağı səviyyədə olan nüfuzunu daha da endirdi. Bir neçə ay öncə onun tapşırığı ilə ReAl Partiyasına yönəlmiş hücumlar müxalifət düşərgəsində cəbhəçilərə qarşı qıcıq yaratmışdı. Sonradan AXCP sədrinin trol şəbəkəsinin ABŞ-da yaşayan müxalif jurnalistə qarşı qalxması da sosial şəbəkələrdə geniş müzakirəyə səbəb oldu. Həmçinin məlum şəbəkənin “WhatsApp” qrupuna aid səs yazısı da ifşa edildi ki, burada da Kərimlinin “bu məsələnin partiyanın təbliğat işi” olmasını deməsi AXCP-ni daha da gözdən saldı. Bu da azmış kimi, Əli Kərimlinin öz partiyasına yaxınlığı ilə seçilən Ənnağı Hacıbəyliyə qarşı da “trol yürüşü” təşkil etməsi diqqət çəkdi . Bundan öncə isə partiyada əsas fiqurlardan sayılan Fuad Qəhrəmanlının ailəsinə qarşı məlum davranışları ciddi ictimai qınaqla nəticələnmişdi ki, burada da AXCP rəhbərinin birtərəfli mövqe sərgiləməsi insanlarda ona qarşı qıcıq yaratmışdı. Həmçinin onun yaxın ətrafının da Qəhrəmanlı ailəsini “yıxıb-sürüməsi” cəbhəçilərə müsbət heç nə vermədi. Əvəzində, Fuad Qəhrəmanlının həyat yoldaşı bəyan edərək aşkar şəkildə dedi ki, əlində olan faktları açıqlasa, AXCP-nin sonu olar!
Yəni bütün bu anormal proseslər, Əli Kərimlinin, partiyanın onsuz da az olan siyasi çəkisini birə- beş azaltdı. İndi isə sosial şəbəkələrdə qəribə bir tendensiya müşahidə edilir ki, bu da AXCP rəhbərinin süni şəkildə nüfuzunun artırılmasına hesablanıb. Bəzi AXCP-yə yaxınlığı ilə seçilən müxalif şəxslər Əli Kərimlinin tərifi ilə məşğul olmağa başlayıblar ki, bunların arasında da xaricdə yaşayan və yalandan siyasi mühacir adı almış “söyüşcül dəstə”nin üzvlərindən olan Məhəmməd Mirzəli daha çox diqqət çəkdi. Məlum olduğu kimi, Əli Kərimlinin diqtəsi və planı üzrə “milli şura” Bakının mərkəzində icazəli piket keçirəcək. Əlbəttə bu, onların hüququdur, bütün demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da qayda və qanunları pozmadan, toplaşıb piket keçirə, nələrəsə etirazlarını bildirə bilərlər. Amma indiki halda razılaşdırılmış, piket formasında olan kiçik bir aksiyanın keçirilməsi bəlkə də hansısa anormal planlara da hesablanıb. Məsələn, Əli Kərimli status yazaraq, insanları dolayısı ilə öz piketlərinə çağırır ki, bəs “kütləvi şəkildə gəlsəniz, kənardan durub baxın haa”. Yəni adı piket olsa da, o istəyir ki, bu aksiya mitinq formasına çevrilsin, ara qarışsın, yaşana biləcək hər hansı bir insidentdən sonra isə bundan azı bir ay Azərbaycanın əleyhinə istifadə edib, gecə-gündüz statuslar yazsın, Avropaya səslənsin və s. Burada bir məsələni xatırlatmaq yerinə düşər ki, niyə müxalifət ona ayrılan yerdə mitinq keçirmədi, amma piketə razılaşdı? Bu, onların ənənəvi siyasətidir. Mitinq keçirilən meydanı doldura bilmirlər, ona görə də şəhərin mərkəzində aksiyaya meyil edirlər ki, küçədən keçənləri də iştirakçı kimi qeydə alsınlar. O ki qaldı piketdən bir gün qabaq onun nüfuzunun qaldırılmasına hesablanmış addıma- Məhəmməd Mirzəlinin şousuna, bu da absurd və gülünc doğuran siyasi gediş oldu. Guya o sosial şəbəkələrdə obyektiv sorğu keçirib ki, daha çox kimin nüfuzlu siyasətçi olmasının nəticələrini ortaya qoysun. Amma piketdən bir gün qabaq açıqladığı nəticələrdə bir neçə gülməli məqam var. Əvvəla, maraqlıdır ki, sorğu AXCP-nin anormal məsələlərlə gündəmə gəldiyi vaxtlarda başladıldı və piketə bir gün qalmış da nəticələr açıqlandı. İkincisi, guya sorğunun nəticəsinə görə, irəlidə olan şəxs Əli Kərimli oldu. Üçüncüsü isə bu necə sorğu idi ki, digər müxalifətçi siyasətçilərn, partiya rəhbərlərinin adları o sorğunun nəticəsində görünmədi?! Yəni doğrudanmı Müsavat, ReAl Partiyası yaddan çıxıb? Yoxsa bilərəkdən gözə soxmaq üçün yalnız Əli Kərimli ilə iqtidarın üz-üzə qoyulduğu sorğu idi. Ümumiyyətlə, Məhəmməd Mirzəlinin özü də, səhifəsi də zatən ciddiyə alınmırdı. Bu adamın Tural Sadıqlı ilə ötən ilin sonunda ailə səviyyəsində olan söyüşlərə qədər qalxmış münaqişəsi də yaddan çıxmayıb. Ortada bir qrant yeyintisi faktının olduğunu qabardan Məhəmməd Mirzəli öz çörək kəsdiyi dostunu belə, istənilən vaxt uçuruma atmağa hazır olduğunu göstərmişdi. Yəni adam hər an, hər kəsə qarşı müharibə elan edə bilər. İndi isə adam yalnız öz səhifəsində yaydığı dezinformasiyalar, diqqət çəkmək üçün şişirdilmiş, absurd başlıqlarla dolu videolar hazırlamaqdan başqa bir işlə məşğul olmur. Onun hazırladığı sorğudan nə obyektivlik gözləmək olardı axı? Sadəcə olaraq, bu aralar nüfuzdan düşən AXCP və Əli Kərimlinin “vəkil”lərindən olduğunu göstərməyə çalışması diqqətimizi çəkdi ki, burada da o, Sevinc Osmanqızı və Qənimət Zahid “təcrübə”sindən yararlanmağa çalışıb. Bildiyiniz kimi, hər iki müxalif jurnalist az qala hər gün Əli Kərimlini canlı yayıma çıxararaq, sosial şəbəkələrdə bir növ insanlara təbliğ etməyə çalışırlar ki, guya bu adam haqqı deyir, ədalət və demokratiya carçısıdır və s. Əslində isə bu da ayrı mövzunun söhbətidir ki, niyə məhz ABŞ-da oturan bir jurnalistlə Fransada sığınacaq alan jurnalist oxşar addımlar atırlar, onları birləşdirən hansı maddi maraqlar var və s.
İndiki halda isə nə razılaşdırılmış piketə cəbhəçilərin seyrçi kimi kimlərisə dəvət edib kütləvilik göstərməyə çalışması, nə Əli Kərimli və partiyasının reklam etdirilməsi, nə də başqa heç bir amil müxalifətin bu radikal qolunun yerlə bir olan nüfuzunu artırmayacaq. Çünki cəmiyyətimiz siyasi prosesləri dərindən izləyir, xalq gözəl anlayır ki, yeri gələndə öz aralarında qrant, nüfuz savaşına çıxan müxalifətçilərdən nə ədalət carçısı olar, nə də piket keçirməklə hakimiyyətə gəlib ölkəni “Qərb dəyərləri” ilə idarə edən biri. Ha sorğu keçirin, ha piket, ad həmin addır, rəhbər də həmin rəhbər.

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
14.10.2019
Ərdoğan: Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası bütün türklərin birləşdiyi təşkilatdır
14.10.2019
Macarıstanın Baş Naziri Azərbaycana səfərə gəlib
14.10.2019
Əli Həsənov: “Haqq işində Azərbaycan Türkiyənin yanındadır”
14.10.2019
Yeni Azərbaycan Partiyasının İcra Katibliyində “Qarabağ Azərbaycandır!” mövzusunda konfrans keçirilib
14.10.2019
Qazaxıstanın birinci Prezidenti, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev Azərbaycana gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10914

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Azərbaycanda sifilis xəstəliyinə yoluxmuş insanların sayı artıb
3 Ankarada “Buta Bakı“
4 Prezident Əli Əsədovun Baş nazir təyin edilməsi haqqında Sərəncam imzalayıb
5 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info