Bir amalın iki qəhrəmanı
Tarix: 07.10.2019 | Saat: 17:19:00 | E-mail | Çapa göndər


Telefonuma tanımadığım bir nömrədən zəng gəldi. Xəttin o biri başında illərin ağırlığı çökmüş yorğun səsli bir qadın özünü belə təqdim etdi: “Mən şəhid Zamin Məmmədovun anasıyam. Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”,- dedi.
Ertəsi gün Zaminin dünyaya göz açdığı kəndə-Babək rayonunun Nehrəm kəndinə üz tutdum. Nərgiz ana elə qapıda gözləyirdi. Övladının həsrəti bəyaz qar kimi saçlarına hopmuş, ürəyində düşmənə nifrəti, gözlərində qələbəyə ümid qığılcımı gəzdirən,bu torpağa, bu elə qəhrəman yetişdirən ana ilə görüşmək, onunla həmsöhbət olmaq həm çətin, həm də şərəfli idi mənim üçün. Azərbaycan qadınının bütün keyfiyyətlərini özündə əxz etmiş Nərgiz ananın söhbətini dinlədikcə gözümdə bir tablo canlanırdı: Vətənpərvər, vətənpərvər olduğu qədər məğrur, məğrur olduğu qədər də cəsarət sahibi olan bir qəhrəman ana. Ali təhsillidir. Sovet dövründə kolxozda briqadir olub. Fəaliyyət göstərdiyi müddətdə Qırmızı əmək bayrağı ordeni alıb, yaxşı işinə görə dəfələrlə fəxri fərmanlara layiq görülüb. Ailə qurduqdan sonra əmək fəaliyyəti sonlanıb. Digər missiyasını-analıq missiyasını layiqincə yerinə yetirib. 4 övlad böyüdüb. 4-ü də ali təhsilli, cəmiyyətimizə yararlı. Zamin 3-cü övladıdır. Nərgiz ana övladının şəkillərini göstərir, haqqında qürurla danışır. Danışdıqca fərəhlənir, gözlərinə işıq gəlir. Düşünürəm ki, nəinki şəhidləri, şəhidlik zirvəsinə yüksəlmiş oğul yetişdirən anaları da unutmaq olmaz. Onların ziyarətinə getmək, həmsöhbət olmaq bizim ən azından vətəndaşlıq borcumuzdur. Nərgiz ana danışdıqca artıq hazırlayacağım yazının baş qəhrəmanını deyil, baş qəhrəmanlarını müəyyənləşdirmişdim. Bunlardan biri şəhid Zamin Məmmədov, digəri qəhrəmanı yetişdirən Nərgiz ana idi.
“Ailə qurmağa tələsmirdi. Atası Allahverdi kişinin və mənim təkidimdən sonra qohumlardan birinin qızı ilə nişanladıq. Toy hazırlıqlarına başladıq. Otağını bəzədik. İndi bu otaq onun xatirəsilə dolub”. Divardan asılan üçrəngli bayrağımız, Zaminin hərbi forması, şəkilləri... Sanki bir muzeydir, vətənpərvərlik muzeyi. Nərgiz ana bu otağı elə muzey kimi də qoruyur. “Hər gün işdən gəlib ilk bu otağa keçirəm. Ana-bala söhbət edirik”, -deyir Nərgiz ana.

Qəhrəman doğulurlar, qəhrəman olmurlar!
Kim idi Zamin Məmmədov? Zamin Məmmədov 1985-ci il oktyabrın 5-də Nehrəm kəndində zəhmətkeş bir ailədə dünyaya göz açıb. Bu kənddən başlayıb Vətən sevgisi. Əvvəl Nehrəmi, Naxçıvanı, sonra bütünlüklə Azərbaycanı sarıb. Nehrəm əsasən muxtar respublikanın daha çox ziyalılar yetirmiş yaşayış məskəni kimi tanınır. Anasının arzusu da Nehrəm kənd 2 nömrəli orta məktəbdə dərslərini əla qiymətlərlə oxuyan Zamini həkim görmək idi. Lakin o qəhrəman doğulmuşdu. Onun missiyasi daha ali idi. Bu missiyanın ilk işartıları da elə uşaq yaşlarından görünürdü. Əlinə keçən aliminium məftilləri əyib gah tank, gah da avtomat düzəldirdi. Nərgiz ana: “O, artıq öz yolunu seçmişdi. Bunun qarşısını almaq günah olardı. İnsan yalnız sevib seçdiyi sahədə müvəffəqiyyət qazanar. Ona görə də oğlumun seçiminə hörmətlə yanaşdıq”. Orta məktəbdə oxuyarkən artıq Sovet İttifaqı dağılmış, Azərbaycan şəhidlərin qanı bahasına əldə etdiyi müstəqilliyini qorumaq uğrunda mübarizə aparırdı. Vətənpərvərlər bu mübarizənin ön cərgələrinə qoşulurdular. Bu ərəfədə ulu öndər Heydər Əliyevin sərəncamı ilə 1998-ci ildə Naxçıvanda ilk hərbi təhsil ocağı-Cəmşid Naxçvanski adına Hərbi liseyin Naxçıvan filialı yaradılır. Böyük qardaşı Zaur Məmmədov bu liseyin ilk məzunlarından olur. 2000-ci ildə Zamin Məmmədov da Hərbi liseyin kursantı olmaq şərəfinə nail olur. Artıq o, məqsədinin astanasında idi...
Liseyi bitirdikdən sonra məqsədinin ardınca Bakıya üz tutan Zamin Məmmədov Heydər Əliyev adına Ali Hərbi məktəbi də uğurla başa vurur. Leytenant rütbəsi ilə ordu sıralarında xidmətə başlayan Zamin Məmmədov öz istəyi ilə Ağdama-cəbhə bölgəsinə göndərilir. Mənfur ermənilərin atəşkəsi tez-tez pozduğu bu bölgədə onun üzərinə daha artıq məsuliyyət düşürdü. Tağım komandiri kimi əsgərləri yetişdirmək, qayğısına qalmaq, eləcə də ayıq-sayıq Vətənin keşiyində dayanmaq.

Vətəni qorumaq peşəsini seçən oğullara eşq olsun!
14 yaşında, hələ yeniyetmə ikən ailədən ayrılmaq, ata qayğısı, ana nəvazişindən kənar qalmaq hər oğulun işi deyil. Və bilərəkdən ki, bu yolun dönüşü olmaya bilər. Zamin 2008-ci ildə ayağından güllə yarası alsa da, tezliklə ayağa qalxıb yenidən səngərə qayıdır. Bu yoldan onu ölüm qorxusu belə döndərə bilməzdi. Sevərək seçdiyi yolda inamla, qətiyyətlə addımlayan Zamin illər idi ki, ad gününü qeyd etmirdi. Evlərinə məzuniyyətə gələndə belə 10 gündən artıq qalmazdı. Bütün fikri, xəyalı qısa zamanda geriyə-xidmətinə dönmək idi. Sonuncu məzuniyyəti 2010-cu ilin oktyabrına təsadüf edir. Anasının xahişi ilə sinif və kursant yoldaşlarını ad gününə dəvət edir. Bu onun həyatında təmtəraqlı qeyd olunan ilk və sonuncu ad günü olur.
2011-ci il yanvarın 25-dəErmənistan silahlı qüvvələrinin cəbhənin Ağdam rayonunun Cəvahirli kəndi istiqamətində açdığı atəş nəticəsində Zamin Məmmədov şəhidlik məqamına qovuşur.
Yeni il ərəfəsində Azərbaycan televiziyasının əməkdaşları Zamin Məmmədovdan müsahibə alır və ona “Arzuların varmı?”,- sualını ünvanlayır.
“Tağım komandiri, leytenant Zamin Allahverdi oğlu Məmmədov”,- deyə özünü təqdim edən vətənpərvərin cavabı belə olur: “Yeni ili işğaldan azad olunacaq torpaqlarda qeyd etmək”. “Səngərdə zabit kimi xidmət etmək mənim ən böyük arzum idi. Torpaqlarımızın işğalı ilə barışa bilmərik. Tam silahlanmış, döyüş gücünə malik bir ordu olaraq Ali Baş Komandanın əmrini gözləyirik. Bu əmri layiqincə yerinə yetirəcəyimizə əminəm. Biz uduzmamışıq. Əsgər anaları rahat olsunlar, qürur hissi keçirsinlər ki, bizim övladımız səngərdə düşmənlə üz-üzə torpağımızı, millətimizi, xalqımızı qoruyur”-deyir Zamin Məmmədov.

O bayrağı öz əlimlə torpağa sancacağam
“Divara asılmış bayrağı görürsən, qızım? O bayrağa bükülüb gəlib şəhidim. Məzarı üstünə sancmaq istədilər, qoymadım. Tanrıdan nə var, nə dövlət, heç nə istəmirəm, ömür payı istəyirəm. Tanrı mənə ömür versin, torpaqlarımızın azad olunmasını görüm. O bayrağı öz əllərimlə Zaminin uğrunda şəhid olduğu Ağdam torpaqlarına sancacağam. Qocalıb əldən düşsəm də, sürünə-sürünə də olsa, o torpaqlara gedəcəyəm”-deyir qəhrəman yetişdirən qəhrəman ana.
Lələtəpə yüksəkliyinin alınması xəbərini eşidəndə işdən çıxıb qaça-qaça evə gəldim. Bu şad xəbəri Zaminə yetirmək üçün. Saatlarla dayandım şəklinin qarşısında. Ana-bala söhbət etdik. Sanki mənə dünyaları vermişdilər. Oğlumun ruhu az da olsa, dinclik tapırdı axı. Həmin gün cəmi şəhidlərin ruhu şad idi. Bundan iki il sonra Günnüt zəfəri mənə qol-qanad verdi. Oğlumun itkisindən sonra hər iki zəfər müjdəsi mənim üçün əvəzedilməz pay idi. Elə gün olmaz ki, xəbərləri izləməyəm. Dövlətimizə, ordumuzun günü-gündən artan qüdrətinə, həyatını Azərbaycan Respublikasının müdaifəsinə həsr etmiş oğullara güvənirəm. Əminəm, əminəm ki, bu bayraq divarda qalmayacaq.

Yüz-yüz itən olsun, min-min də bitən var
“Nəvəm Ramal Abbasov bu il Heydər Əliyev adına Hərbi Liseyə qəbul olundu. Çox sevindim. Özüm də liseyə getdim. Liseydə şəhid məzunların xatirəsinə həsr olunmuş lövhədə Zaminin də şəkli var. Əlindən tutub ora apardım. Bax, dayınla öyün dedim. Onun getdiyi yolun davamçısı ol. O yolu yarımçıq buraxmaq olmaz. O yol Vətən yoludur, namus yoludur. Bu yola girdinsə, geri dönüşü düşünmə. Geridə buraxdıqlarını düşün. Ananı düşün, atanı düşün, ailəni düşün. Bil ki, Vətən anadır. İrəli bax və cəsarətlə yürü. Biz haqq yolundayıq. Kimsənin torpağında gözümüz yox. Öz haqqımız uğrunda, Vətənimiz yolunda lazım gəlsə, hamımız əlbir olub savaşa gedəcəyik. Bu yolda yüz-yüz itən olacaq, Zaminlər itəcək, Ramallar bitəcək. Bu eşq yoludur: Vətənə məhəbbət, dövlətçiliyə sədaqət yolu. İnamla irəli!”
Bir amalın iki qəhrəmanı- ana və oğul! Vətən aşiqi yetişdirmiş ana da qəhrəmandır. “Oktyabrın 5-i onun doğum günüdür. Yad etsəniz, sevinərəm”,- demişdi Nərgiz ana. Biz heç onu unutmadıq ki! Şəhidlər ölmür, şəhidlər unudulmur. Şəhidlər elə bir mərtəbədədirlər ki, yoxluqları ilə belə illərə meydan oxuyurlar. Onlar uğrunda şəhid olduqları bu torpağa, bu elə, bu obaya adlarını öz qanları ilə yazıblar. Bu torpaq şəhid qanları ilə müqəddəsləşib.
Şəhid varsa, torpaq da var, Vətən də.
Şəhidlərə ölüm yoxdur Vətəndə!

Ruhiyyə Rəsulova
Naxçıvan Televiziyasının baş redaktoru




 
Bölməyə aid digər xəbərlər
04.12.2019
Erməni deputat: “Maaşların artacağı barədə deyilənlər mifdir”
03.12.2019
Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”
02.12.2019
Artur Xaçatryan: ”Nə iqtisadi tərəqqimiz var, nə də xarici siyasətdə uğurlarımız”
29.11.2019
Ermənistandan Rusiyaya köçənlərin sayı artıb
27.11.2019
Ermənistanın borc yükü artır: Dünya Bankının növbəti krediti hara xərclənəcək?

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info