Pərvanə Əhmədova: “Məni öz oyunlarınıza alət etməyin!”
Son illər Azərbaycanın radikal müxalifət partiyaları yarıtmaz fəaliyyətlərinin nəticəsi olaraq özlərinin tənəzzül dövrünü yaşayırlar. Əslində, müxalifətin intibah dövrü də olmayıb ki, həmin zamana dair bir–iki misal çəkib, indiki ağır vəziyyətləri ilə müqayisə edək. Bu gün müxalifətin passiv fəaliyyəti onların təkcə sosial bazalarının zəif olması ilə bağlı deyil, burada onların sosial şəbəkə müxalifətinə çevrilmələrinin də böyük rolu var. Yəni əvvəllər çayxana müxalifəti kimi tanınan radikal müxalifət partiyaları və onların uzun illərdir ki, dəyişməz qalan indiki sədrləri indi az qala bloger kimi fəaliyyət göstərərək, sosial şəbəkələrdə gecə-gündüz dezinformasiyalar yayırlar. Bu səbəbdən də cəmiyyətdə müxalifət düşərgəsinə qarşı qıcıq yaranıb. Qıcıq yaradan əsas səbəblərdən biri də müxalifətin ayrı-ayrı şəxslərdən sui-istifadə etməyə cəhdlər etməsi, tez-tez şayiələr yaymasıdır. Məsələn, sosial şəbəkələrdə son günlərin ən çox danışılan məsələsi son piketdə hakimiyyət əleyhinə danışan qadınla bağlıdır. Təbii ki, onun piketə gəlib fikirlər səsləndirməsi müəyyən mənada başadüşülən idi, çünki müxalifətin anormal iddialarının əksinə olaraq, ölkədə demokratiya var və istənilən şəxs azad şəkildə öz fikirlərini ifadə edə, hər kəsi tənqid edə bilər. Bu mənada, icazəli piketə gələn bir qadının kəskin fikirlər səsləndirməsi haradasa başadüşüləndir. Müxalifət də bu qadının çıxışını şişirdərək ondan qəhrəman düzəldib öz piketlərinin rəmzinə çevirməyə çalışdı. Hətta o qadının-Pərvanə Əhmədovanın kəskin çıxışlarına rəğmən, onu ərazidən uzaqlaşdıran polislər, nə xanımı saxladılar, nə də müxalifətin daim böhtanla iddia etdiyi kimi, sonradan ona fiziki təzyiq göstərdilər. Adam öz evinə getdi, üstəgəl, bəzi saytlara müsahibələr də verdi, əgər təzyiqlə rastlaşsaydı, o, müsahibələrində bunu qeyd edərdi. Yəni onun nə həyatına təhlükə yarandı, nə də başqa narahatlıq yaşandı. Amma son günlər, guya Pərvanə Əliyevanın həyatına təhlükə olması, onun oğurlanması və s. iddiaları ilə müxalifət səhifə və saytları boş-boş yazılar, dezinformasiyalar yaymağa başladılar. Görünür bu səbəbdəndir ki, artıq Pərvanə Əhmədova özü də dilə gələrək müxalifətin bu yalan, dezinformasiya yaymaqla məşğul olan üzünü açıb göstərdi. Belə ki, müxalifətin məqsədli şəkildə istifadə etdiyi və sosial şəbəkələrdə mitinq iştirakçısı kimi təqdim edilən Pərvanə Əhmədova özü videomüraciət yayaraq, müxalifətin ondan istifadə etməsini qəti şəkildə pisləyib. Videomüraciətdə Pərvanə Əhmədova müxalifətə çağırış edərək onunla bağlı şayiələr yaymamağa çağırıb.
O, həmçinin müxalifətin yaydığı söz-söhbətlərdən fərqli olaraq, heç bir təzyiqə məruz qalmadığını, hazırda siyasi proseslərdən kənara çəkildiyini və qohumlarının evində istirahət etdiyini bildirib. Maraqlıdır ki, Pərvanə Əhmədova müraciətində: “Alo, eşidirsiz müxalifət? Məni öz oyunlarınızda alət etməyin!”- deyib, müxalifətə aşağılayıcı tərzdə çağırış edərək fikrini tamamlayıb...
Bu, bir daha onu göstərdi ki, müxalifət düşərgəsində olanların böyük əksəri daim öz işlərini, təbliğatlarını yalan, iftira və dezinformasiyalar üzərində qurublar. Son olaylar, Pərvanə Əhmədovanın öz dilindən səsləndirdiyi fikirlər isə müxalifətin real durumunun nə dərəcədə acınacaqlı olduğunu, dezinformasiyalardan asılı vəziyyətə gəldiklərini təsdiqlədi.
Xatırlayırsınızsa, cəmi bir həftə əvvəl də bir cəbhəçi qadın Əli Kərimlini rüsvay etmişdi. Dilarə Miriyeva adlı qadın AXCP daxilindəki “ədalətsizliyə üsyan edərək, tüpürərək AXCP-dən getdiyini” vurğulamışdı. Onun səsyazısında deyilirdi: “Siz hələ hakimiyyətə gəlməmisiniz, beləsiniz. Hakimiyyətə gəlsəniz mənim kimisini, məni şəxsən ortada "tryapka” kimi istifadə edib atacaqsınız”.
D.Miriyeva AXCP uğurunda hər şeyini qurban etdiyini, lakin qarşılıq görmədiyini dilə gətirib: "Hər şeyimi qurban etmişəm bu yolda. Məni il yarım nəvələrimin üzünə həsrət qoyub qızım, bu partiyaya görə. Oğlumu mənim üstümə qaldırıb, gündə onunla davadayıq buna görə”.
Bu xanımın acı etirafları, ondan istifadə edib dəyərləndirilməməsindən sonra cəbhəçi olmayan bir qadının müxalifətin onun adından istifadə edərək xal qazanmağa çalışması arasındakı əlaqəni yəqin ki, hər kəs gördü. Yəni müxalifət üçün fərq etməz ki, onun silahdaşıdır, ya adi sosial məsələlərdən narazı olan vətəndaş. Əsas odur ki, insanlardan öz maraqları üçün istifadə edib iqtidarı maksimum gözdən salmağa hesablanmış əməlləri ilə məşğul olsunlar. Amma bu əməllər-şayiə və dezinformasiyalar, şər- böhtan kampaniyalarının ömrü uzun çəkmir. Necə ki, Pərvanə Əhmədova bu siyasi şou və oyunların üstünü açıb göstərdi.
Tural Tağıyev
|