“Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil”
Tarix: 17.10.2019 | Saat: 18:57:00 | E-mail | Çapa göndər


Ermənistan Şahbaz Quliyevi və Dilqəm Əsgərovu əsirlikdə saxlamaqla beynəlxalq humanitar hüququ kobud surətdə pozur

Parlamentlərarası İttifaqın Serbiyanın paytaxtı Belqrad şəhərində keçirilən 141-ci Assambleyasında İttifaqın Beynəlxalq Humanitar Hüququn Təşviqi üzrə Komitəsinin Cenevrə Konvensiyalarına həsr olunmuş açıq sessiyası keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə iştirak edən nümayəndə heyətimizin üzvü, Milli Məclisin deputatı Kamran Bayramov çıxış edərək ölkəmizin beynəlxalq humanitar hüquqa hörmətlə yanaşdığını, müvafiq Cenevrə Konvensiyalarına tərəfdar çıxdığını və müddəalarına ciddi şəkildə əməl etdiyini bildirib. Deputatımız beynəlxalq humanitar hüququn təşviq edilməsində Beynəlxalq Qırmızı Xaç Komitəsinin səylərini və xidmətlərini xüsusilə qeyd edib.
Kamran Bayramov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrindən danışaraq işğal siyasətini həyata keçirən Ermənistanın beynəlxalq humanitar hüququn prinsiplərinə məhəl qoymadığını, Şahbaz Quliyevi və Dilqəm Əsgərovu beş ildən artıq əsirlikdə saxlamaqla və onlara işgəncələr verməklə beynəlxalq humanitar hüququ kobud surətdə pozduğunu sessiya iştirakçılarının diqqətinə çatdırıb. O, tədbirdə iştirak edən Ermənistan nümayəndələrini qeyd edilən mülki şəxslərin əsirlikdən tezliklə azad olunmasına çağırıb.
Assambleya çərçivəsində deputatımız, həmçinin “Beynəlxalq hüquqa BMT-nin Nizamnaməsi və qətnamələri əsasında əməl olunması” mövzusunda keçirilən panel müzakirələrdə iştirak edib.
Çıxışında Kamran Bayramov BMT-nin Təhlükəsizlik Şurasının sülhməramlı missiyalar yaratmaq, müvafiq sanksiyalar tətbiq etmək, gücün tətbiq edilməsinə icazə vermək hüququna malik olduğuna baxmayaraq, onun dörd qətnaməsini 25 ildən artıq müddət ərzində yerinə yetirməyən Ermənistanın hələ də cəzasız qaldığını təəssüflə qeyd edib. Sonda deputatımız panel müzakirələrin iştirakçılarına müraciət edərək təmsil etdikləri dövlətləri hüququn aliliyinə sadiq qalmağa çağırıb, BMT-nin və digər beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra olunmamasına görə dövlətlərin məsuliyyətinin gücləndirilməsini təklif edib.

Polşalı diplomat Azərbaycanla bağlı yanlış mövqeyini düzəltmək məcburiyyətində qalıb
Yeri gəlmişkən, Polşanın Jeşuv şəhərində “Qafqaz: Keçmişin təcrübəsi, gələcəyin perspektivləri” mövzusunda elmi konfrans keçirilib. Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10-cu ildönümünə həsr edilmiş konfrans Polşa Xarici İşlər Nazirliyi ilə Jeşuv Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Elmi konfransda Polşa, Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və Ermənistandan nümayəndələr iştirak ediblər.
Konfransda “Dağlıq Qarabağ - qlobal siyasətin girovu” mövzusunda çıxış edən Polşanın Ermənistandakı sabiq səfiri Yerji Novakovski Dağlıq Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətə uyğun olmayan, tamamilə təhrif edilmiş məlumatlar verib.
Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev Yejı Novakovskinin məlum çıxışından dərhal sonra söz alaraq həmkarının çıxışından onun missiyasının Polşanın Ermənistanda təmsilçiliyi yox, əksinə olduğu təəssüratı yarandığını vurğulayıb.
Çıxışın əvvəldən sonadək Ermənistan tərəfinin yalan mövqeyinə əsaslandığını deyən diplomat 1805-ci ildə Çar Rusiyasının nümayəndəsi Sisyanov ilə Qarabağ xanı İbrahim xan arasında bağlanmış “Kürəkçay” müqaviləsini qeyd edərək bildirib ki, orada ermənilərlə bağlı heç bir ifadə mövcud deyil. Bununla yanaşı, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrinin şərtlərinə əsasən ermənilərin kütləvi şəkildə Qarabağ və İrəvan xanlıqlarının ərazisinə yerləşdirildiyi, bununla da bölgədə demoqrafiyanın ermənilərin xeyrinə dəyişdiyi vurğulayıb. Qarabağ bölgəsi 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasının ərazisinin tərkib hissəsi olub. O dövrdə İrəvan şəhəri, sovet dönəmində isə Zəngəzur bölgəsi Ermənistan tərəfindən Azərbaycana olan bütün əsassız ərazi iddialarına son qoyulması şərti ilə Ermənistana güzəştə gedilib.
Geniş auditoriya qarşısında Yejı Novakovskiyə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın ölkəmizə olan ərazi iddiaları və işğalçılıq siyasətidir və Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla ərazilərimizin 20 faizi hazırda işğal altındadır. BMT-nin bu faktı təsdiqləyən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərarları mövcuddur. Beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri, o cümlədən Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Yejı Novakovski onun fikirlərini ifşa edən bu dəlillərdən sonra bütün auditoriyanın önündə çıxış edərək bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquqla qəbul edilmiş ərazisidir.

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər
Bu arada oktyabrın 17-də Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının nümayəndələri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüblər. İcmanın rəhbəri Tural Gəncəliyev görüşdə Azərbaycan cəmiyyətinin Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsindən narahatlığını diqqətə çatdırıb. Qeyd edib ki, Minsk qrupu münaqişənin həlli istiqamətində fəaliyyət göstərsə də, heç bir nəticə yoxdur. Azərbaycan konkret nəticələr gözləyir. Ermənistan münaqişənin sülh yolu ilə həllində maraqlı deyil. Azərbaycan isə tam əksinə olaraq, münaqişənin sülh yolu ilə həllini istəyir. Dağlıq Qarabağın erməni icması birgə sülh şəraitində yaşamaqdan imtina edir.
ATƏT-in Minsk Qrupunun Rusiyadan olan həmsədri İqor Popov isə həmsədrlərin regiona səfərinin nəticələri ilə bağlı məlumat verib. Trend-in məlumatına görə, İ.Popov bildirib ki, həmsədrlərin regiona səfəri bu gün yekunlaşır: “Biz srağagün əvvəl İrəvanda olduq, Xarici İşlər naziri, Müdafiə naziri ilə görüşdük. Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev ilə görüşdük, eyni zamanda, gördüyünüz kimi, biz Dağlıq Qarabağın Azərbaycanlı icması ilə görüşürük. Biz görüşlərdə danışıqlar prosesi ilə bağlı vəziyyəti müzakirə etdik, tərəflərin istəklərini dinlədik. Biz, eyni zamanda, Azərbaycan Prezidenti və Ermənistan Baş nazirinin Aşqabadda baş tutan danışıqlarının nəticələrini müzakirə etdik. Hesab edirik ki, nəticələr pis deyil”.
İ.Popov, həmçinin nazirlər səviyyəsində görüşlərin təşkil edilməsi məsələsinə toxunub: “Biz hələ ki xarici işlər nazirləri səviyyəsində görüşlərinin təşkil edilməsini davam etdirməyi planlaşdırırıq. Bu görüşləri beynəlxalq tədbirlər çərçivəsində təşkil etmək mümkündür. Dekabr ayında ATƏT-ə üzv olan dövlətlərin xarici işlər nazirlərinin görüşü olacaq. Tərəflər istəklərini ifadə etsələr, biz görüşü təşkil edə bilərik”.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”
07.11.2019
İsveç parlamentində Dağlıq Qarabağ məsələsi qaldırılıb
05.11.2019
“Ermənistan münaqişənin tezliklə sülh yolu ilə həllini tapmaq səylərini sarsıdır”
04.11.2019
Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edib
31.10.2019
ABŞ-da erməni yalanlarını ifşa edən etiraz aksiyası keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10942

1 Prezident icra başçılarını qəbul edib: “Elə işləməlisiniz ki, xalq sizdən razı olsun”
2 Prezidentdən Bayraq Günü paylaşımı - Video
3 Dövlət Departamenti “erməni soyqırımı”nın tanınmasına qarşıdır
4 “Türkiyə qəzetlərində və xəbərlərdə Azərbaycan alimləri təriflənir”
5 “Cəlil Məmmədquluzadə 150 il - məqalələr, esselər, müsahibələr, şeirlər” kitabının təqdimatı olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info