Elektron ticarət və elektron müqavilə sahəsində məlumat azlığı var
Tarix: 05.09.2013 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


|

Ankara Universitetinin kommersiya hüququ üzrə magistrantı

Son illərdə informasiya texnologiyaları sahəsində gedən sürətli inkişaf, insan həyatını inanılmaz dərəcədə rahatlaşdırmış, istər vaxt, istər insan gücü, istərsə da iqtisadi baxımdan xeyli sərfəli olub. İnformasiya texnologiyalarının ən vacib yeniliyi, şübhəsiz ki, kompyuter texnologiyasının məhsulu olan internet şəbəkəsinin yaranmasıdır. Hazırda internet şəbəkəsinin yaradılması ilə ticarət də internet vasitəsilə həyata keçirilməyə başlanmış, elektron ticarət və bu ticari əlaqələrin həyata keçirilməsində istifadə olunan elektron müqavilə məfhumları bu inkişafın nəticəsi olaraq meydana çıxıb.
Elektron ticarət və elektron müqavilə məfhumlarının meydana gəlməsi bu ticari əlaqələrin hüquqi formasının necə olacağı problemini də özü ilə bərabər gətirib. Çünki bu münasibətlərin həyata keçirilməsi üçün etimad yaradan hüquqi bazanın olması vacibdir.
Bu problemləri həll etmək məqsədi ilə bir çox ölkələrdə elektron ticarət və elektron müqavilələrin hüquqi bazasını yaratmaq sahəsində bir sıra işlər görülməkdədir. Xüsusilə də ABŞ və Avropa Birliyi hüquq sistemində, eyni zamanda bəzi beynəlxalq təşkilatlar tərəfindən (Ümumdünya Ticarət Təşkilatı, Birləşmiş Millətlər Beynəlxalq Ticarət Komissiyası kimi) həyata keçirilmiş tənzimləmələr bu sahədəki işlərə kömək edir. Müxtəlif ölkələrin və təşkilatların bu sahədəki qanunvericilik aktlarının təhlili nəticəsində elektron ticarət və elektron müqaviləyə verilmiş aşağıdakı anlayışı qeyd edə bilərik: Elektron ticarət, yazı, səs və ya görüntü şəklində verilənlərin elektron mühitdə işlənməsi və göndərilməsi formasında həyata keçirilən ticarət əməliyyatların məcmusudur.
Elektron müqavilələri isə elektron mühitdə internet vasitələrindən istifadə edilərək bağlanan müqavilələr olaraq qiymətləndirmək olar. Daha əhatəli başqa bir təriflə desək, müqavilənin hər iki tərəfinin və ya tərəflərdən birinin iradə bəyanının yazı, görüntü, səs və ya digər verilənlərin rəqəmsallaşdırılması şəklində yaradıldığı və bu şəkildə əks tərəfə göndərildiyi müqavilə formasıdır.

Bu sahədə BMT və AB-nin əsas tənzimləmələri
Birləşmiş Millətlər Təşkilatı aspektindən elektron müqavilələrlə bağlı vurğulanmalı olan əsas tənzimləmə Birləşmiş Millətlər Ticarət Hüququ Komissiyası (UNCİTRAL) tərəfindən hazırlanan 1996-cı il tarixli Elektron Ticarət Model Qanunudur. Elektron Ticarət Model Qanununun məqsədi, qanun qoyuculara elektron ticarət və elektron müqavilələrin qarşısında dayanan maneələrin aradan qaldırılması üçün vahid qaydalar toplusu tövsiyə etmək yolu ilə ölkələrin qanunvericilikləri arasında uyğunluğu təmin etməkdən ibarətdir.
Elektron müqavilələrlə bağlı Birləşmiş Millətlər Təşkilatının tənzimləmələrindən digəri isə 2001-ci il tarixli UNCİTRAL Elektron İmza Model Qanunudur. Model Qanun elektron imza məsələsini bir çərçivəyə salmaq məqsədilə hazırlandığı üçün elektron müqavilə məfhumu ilə bağlı hər hansı bir açıqlayıcı qaydanı əks etdirmir. Lakin Elektron İmza Model Qanunu Elektron Ticarət Model Qanununa uyğun şəkildə hazırlanıb.
Avropa Birliyi Parlamenti və Şurasının 8 iyul 2000-ci il tarixli və 2000/31 nömrəli Daxili Bazarda, İnformasiya Cəmiyyəti Xidmətlərinin Xüsusilə də Elektron Ticarətin Müəyyən Hüquqi Tərəfləri haqqında Direktivi (Elektron Ticarət Direktivi) elektron ticarətlə bağlı əhatəli tənzimləmələr edib. Nizamnamə çərçivəsində elektron müqavilə informasiya xidmətləri barədə və geniş mənada elektron əlaqə vasitələri ilə bağlanan müqavilələri ifadə edir.
Elektron müqavilələr baxımından qeyd olunmalı olan ikinci tənzimləmə Avropa Birliyi Parlamenti və Şurasının 20 may 1997-ci il tarixli və 97/7EC nömrəli Məsafəli Müqavilələrdə İstehlakçıların Qorunması Haqqında Direktividir. Məsafəli Müqavilələr Direktivinin məqsədi 1-ci maddədə üzv dövlətlərin istehlakçılar ilə təminatçılar arasında məsafəli müqavilələrdə tənzimləmələrini uyğunlaşdırmaq olaraq qeyd edilib.

Türkiyə hüququnda elektron ticarət
4822 nömrəli İstehlakçıların Qorunması haqqında Qanuna Dəyişiklik edilməsinə dair qanunun 14-cü maddəsi ilə 4077 nömrəli İstehlakçıların Qorunması haqqında Qanuna “Məsafəli Müqavilələr” adı altında 9/A maddəsi əlavə edilmişdir. Bu qanunla da məsafəli müqavilə kimi elektron müqavilələr Türkiyə hüquq sisteminə daxil olub. Daha sonra Türkiyə Dövlət Gömrük və Ticarət Nazirliyi tərəfindən məsafəli müqavilələrin tətbiqinin üsul və əsaslarını tənzimləmək məqsədilə Məsafəli Müqavilələrin Tətbiqinin Üsul və Əsasları Haqqında Nizamnamə qəbul olunub. Elektron müqavilələr məsələsində bilavasitə təhlil edilməli olan ikinci tənzimləmə 5070 nömrəli “Elektron İmza Qanunu”dur. Bu tənzimləmə elektron imzanın nə olduğunu, imzanın yaradılma üsullarını, sertifikat xidməti təminatçılarının yaradılması, imzanın funksiyası və məsuliyyət məsələlərini özündə ehtiva edir. Türkiyə Yeni Borclar Qanununda da elektron müqavilələrlə bağlı tənzimləmələrə yer verilib.

Azərbaycan hüququndakı tənzimləmələr
Azərbaycan Respublikasında müqavilələrdən irəli gələn hüquq münasibətləri Mülki Məcəllə ilə, elektron müqavilələrdən irəli gələn hüquq münasibətləri isə əsas etibarilə “Elektron imza və Elektron sənəd haqqında” 9 mart 2004-cü il tarixli qanun və “Elektron ticarət haqqında” 10 may 2005-ci il tarixli qanun ilə tənzimlənir. Belə ki, “Elektron ticarət haqqında” qanun maliyyə bazarı, o cümlədən sığorta və qiymətli kağızlar bazarı istisna olmaqla, Azərbaycan Respublikasında bütün digər sahələrdə həyata keçirilən elektron ticarətə şamil olunur. Maliyyə bazarında, o cümlədən sığorta və qiymətli kağızlar bazarında elektron ticarətlə bağlı münasibətlər isə Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə tənzimlənir. Eyni zamanda, “Elektron ticarət haqqında” qanun Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, notarial qaydada təsdiqlənməli və ya dövlət qeydiyyatında alınmalı olan müqavilələrə şamil edilmir.
“Elektron ticarət haqqında” qanunda elektron ticarətin tənzimlənməsinin əsas prinsipləri, elektron müqavilə, onun bağlanması, icrası, elektron ticarətdə vasitəçi və onun məsuliyyəti, “Elektron ticarət haqqında” qanunun pozulmasında görə məsuliyyət və elektron ticarətin iştirakçıları arasında mübahisələrin həlli qaydası əks olunub. Elektron sənəd dövriyyəsinin əsasları isə “Elektron imza və elektron sənəd haqqında” qanunda öz əksini tapıb. Bu qanun elektron imzanın və elektron sənədin istifadəsinin, onların elektron sənəd dövriyyəsinin tətbiqinin təşkilati, hüquqi əsaslarını və əlaqədar subyektlərin hüquqlarını müəyyən edir, aralarında yaranan münasibətləri tənzimləyir.
Müqayisəli təhlilimizin nəticəsi olaraq bunu qeyd edə bilərik ki, elektron müqavilələrlə bağlı Azərbaycan və Türkiyə hüquq sistemindəki tənzimləmələr beynəlxalq təşkilatların hazırladıqları model qanunlardan və ümumi prinsiplərdən faydalanaraq həyata keçirilib. Lakin Azərbaycan hüquq sistemində elektron ticarət və elektron müqavilə məfhumları olduqca yenidir. Belə ki, təcrübədə elektron müqavilələr olduqca məhdud şəkildə tətbiq olunur. İnsanlarda elektron müqavilə və elektron imzanın nəticələri ilə bağlı güvənsizlik var ki, bu da bu sahədə məlumatsızlıqdan irəli gəlir.
Fikrimizcə, əvvəlcə insanları məlumatlandırmaq üçün etimadlı təşkilatlar tərəfindən müxtəlif təlimlər verilməli, seminarlar, konfranslar təşkil olunmalı və elektron müqavilələrdən təcrübədə daha geniş istifadə təmin edilməlidir. Bundan sonra elektron müqavilələrin təcrübədə istifadəsi zamanı yarana biləcək problemlərin həlli üçün mövcud hüquqi tənzimləmələrə yenidən baxıla bilər.








 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Tural TAĞIYEV
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11532

1 “Azərişıq“ bayram günlərində gücləndirilmiş iş rejimində çalışacaq
2 “Karantin dövründə evdə qalanlara pozitiv ruh vermişik”
3 “Təcavüzkar Ermənistan beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır”
4 “Bu gün dövlətlə fermer arasında sıx bağlılıq yaranıb”
5 Rusiya turizm sektoru iyunun 1-dən karantindən mərhələlərlə çıxmağa başlayacaq


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info