Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edib
Tarix: 04.11.2019 | Saat: 19:27:00 | E-mail | Çapa göndər


“Gerçək soyqırımının nə olduğunu bilmək istəyənlər ermənilərin Xocalıda törətdiklərinə baxsınlar”

ABŞ Konqresinin Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qərəzli qətnamə qəbul etməsi Türkiyə ictimaiyyətinin sonsuz hiddətinə səbəb olub. Türkiyənin aparıcı KİV-ləri mövzu ilə bağlı davamlı məlumatlar yaymaqdadır. Ölkənin çoxmilyonlu tamaşaçı auditoriyasına malik “HABER TÜRK” televiziya kanalı da ictimaiyyəti maraqlandıran suallara cavab vermək üçün “ABŞ “erməni kartı”ndan nə üçün istifadə etdi?” mövzusunda geniş veriliş yayımlayıb. Verilişdə müxtəlif sahələri təmsil edən ekspertlər fikir və mülahizələrini tamaşaçılara çatdırıblar. Canlı yayımda tarixi faktlar və məntiqi mülahizələrlə əsaslandırılıb ki, hazırda böyük güclərin “erməni kartı”ndan istifadə etməsi siyasi ənənəyə çevrilib. Diqqətə çatdırılıb ki, zaman-zaman Türkiyəni beynəlxalq siyasi proseslərdən kənarlaşdırmaq üçün “erməni kartı”ndan bəhrələnən böyük güclər bu dəfə də uydurma “erməni soyqırımı” mövzusu ilə siyasi təzyiq göstərməyə çalışırlar. Hazırkı vəziyyət konkret olaraq, Türkiyəni Suriya böhranının tənzimləmə prosesindən kənarlaşdırmaq məqsədilə ortaya çıxıb. Mövcud fakt bir daha təsdiq edir ki, 1915-ci il hadisələri, sadəcə olaraq, yalan və böhtan əsasında siyasi gündəmdə saxlanılır. Türkiyədə fəaliyyət göstərən “Tarixdaş – Millətlər və Cəmiyyətlər” Dərnəyinin sədri Əhməd Baba AZƏRTAC-a açıqlamasında deyib ki, ABŞ Konqresi Nümayəndələr Palatasının 1915-ci ildə Osmanlı imperiyasında baş vermiş hadisələrlə bağlı qəbul etdiyi qətnamə dünyadakı ikili standartlara daha bir nümunədir. Bu məsələnin Türkiyə Respublikasının 96-cı ildönümü günündə ortaya çıxdığını xatırladan Əhməd Baba bildirib ki, məhz 29 oktyabr tarixinin seçilməsi təsadüfi deyildi. Məqsəd bayram sevincini təlx etmək idi. Lakin tarixin bütün dövrlərində türklər möhkəm olublar. Məzlumlara, etnik və dini azlıqlara himayədarlıq etməyin Osmanlı dövlətinin təməl ənənəsi olduğunu diqqətə çatdıran Ə.Baba deyib: “Soyqırımı törətmək türk xalqının mentalitetinə ziddir. Əksinə, biz hər zaman əzilənə, darda olana, köməksiz qalana əl uzatmışıq. Türkiyəyə qarşı bu iddiada olanlar və onları dəstəkləyənlər öz gerçək tarixlərinə baxsalar daha yaxşı olar. Tarixdə gerçək soyqırımının nə olduğunu bilmək istəyənlər varsa, çox uzağa getməsinlər, ermənilərin 1992-ci ildə Xocalıda azərbaycanlılara qarşı törətdikləri soyqırımına baxsınlar. Bu soyqırımının dəhşətləri günümüzdə də, tarixdə də kimin kim olduğunu aşkar şəkildə göstərir”.

Njdenin faşist düşüncələri 1998-2018 illərdə Ermənistanda dövlət ideologiyasına çevrilib
Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) saytında isə “Njdeizm Ermənistanda hələ də rəsmi olaraq yaşadılmaqdadır” sərlövhəli elmi məqalə yayılıb. Tanınmış fransız tarixçi Maksim Qauinin müəllifi olduğu məqalədə belə bir fikir yer alıb: 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Njde kimi faşistləri dəstəkləyənlərə sayğı göstərdiyi üçün Nikol Paşinyanı ittiham edəndə, o, müqavimət göstərməyə çaşdısa da, özünü təkzib etdi. Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən terrorçu Qaregin Ter-Arutyunyanın cinayət dolu həyat və fəaliyyəti barədə türkdilli oxuculara məlumat verən müəllif adıçəkilən cinayətkarın əməllərini təhlil edərək əsaslandırır ki, Njde təkcə faşistlərlə əməkdaşlıq edənlərdən deyil, həm də alman əsilli olmayanlar üçün faşist doktrinasının hazırlanmasında ən çox səy göstərənlərdən biri olub. Tədqiqatçı təəssüflə qeyd edir ki, faşistlərlə əməkdaşlıq edən tanınmış şəxslər arasında təkcə Njde dövlət qurumları (Ermənistan) tərəfindən “milli qəhrəman” kimi təqdim olunur. Məqalədə faktlarla əsaslandırılır ki, Njdenin faşist düşüncələri 1998-2018 illərdə Ermənistanda dövlət ideologiyasına çevrilib. Buna qədər isə 1991-ci ildə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Yerevanın ən böyük ikinci meydanına və onun altında yerləşən metro stansiyasına Njdenin adını verib. Qeyd edək ki, Maksim Qauin 1915-ci il hadisələrini ədalətli şəkildə araşdıran avropalı tədqiqatçılardan biri kimi erməni saxtakarlığının ifşa edilməsində böyük işlər görüb. Tədqiqatçının ifşaedici yazıları hər zaman Ermənistan hakimiyyətini və erməni millətçi dairələrini narahat edib.

Avstraliyanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün dəstəkləməsinə dair rəsmi mövqeyi avstraliyalı deputatın diqqətinə çatdırılıb

Bir məqamı da xatırladaq ki, dünyanı soyqırımı yalanına inandırmağa çalışan erməni separatçıları Azərbaycan torpaqlarının işğalının davam etdirilər. İşğal faktının ört-basdır etmək üçün müxtəlif yollara əl atırlar. İşğal olunmuş ərazilərimizə qanunsuz səfərlər buna ən bariz nümunədir. Təsir altına düşənlərdən biri də Avstraliyanın Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermotdur. Avstraliyada yaşayan Azərbaycan icmasının nümayəndələri Yeni Cənubi Uels ştatı parlamentinin üzvü Hyu MakDermot ilə görüşüblər. Görüşdə Avstraliya Azərbaycanlıları Assosiasiyasının (AAA) rəhbəri Mikayıl Oyta, Azərbaycan Ticarət-Sənaye Palatasının Avstraliya üzrə nümayəndəsi Nizami Cəfərov və digər soydaşlarımız iştirak ediblər. Deputat Hyu MakDermot seçildiyi ərazidə yaşayan ermənilərin təsiri altına düşərək bu yaxınlarda işğal olunmuş ərazilərimizə səfər etməsi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Yeni Cənubi Uels parlamentində səsləndirdiyi qərəzli bəyanatları ilə Azərbaycan mətbuatında tanınıb. Məsələ ilə əlaqədar, Avstraliya Azərbaycanlıları Assosiasiyasının rəhbəri Mikayıl Oyta sentyabr ayında deputata etiraz məktubu göndərərək onun Azərbaycan icmasının nümayəndələri ilə görüşməsini xahiş edib.
Məktuba cavab verən deputat Yeni Cənubi Uels ştatında yaşayan Azərbaycan və erməni icmalarının həyatı ilə bağlı məsələlərin onu ciddi şəkildə maraqlandırdığını bildirib. Qeyd edib ki, ona ünvanlanmış məktubda qaldırılan məsələləri müzakirə etmək üçün o, AAA rəhbərliyi ilə görüşməyə hazırdır. Belə ki, deputatı olduğu ərazidə yaşayan Azərbaycan icmasının üzvləri ilə görüş onun üçün çox maraqlıdır. Noyabrın 1-də baş tutan görüş barədə Mikayıl Oyta və Nizami Cəfərov bildiriblər ki, Azərbaycan icmasının səkkiz nəfər üzvü görüşdə iştirak edib. Hyu MakDermotun işğal olunmuş ərazilərimizə səfəri və ölkəmizlə bağlı səsləndirdiyi qərəzli fikirlərin Avstraliyada yaşayan Azərbaycan icmasının ciddi narahatlığına və narazılığına səbəb olduğu bildirilib. Həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilərək erməni silahlı qüvvələrinin ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ona bitişik yeddi rayonu işğal etmələri və münaqişə nəticəsində bir milyona yaxın azərbaycanlının öz dədə-baba torpaqlarından didərgin salındıqları deputatın diqqətinə çatdırılıb. Qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasının, digər beynəlxalq təşkilatların erməni qoşunlarının Azərbaycan ərazilərini tərk etməsi barədə qəbul etdiyi qətnamələrə və digər sənədlərə baxmayaraq, Ermənistan rəhbərliyi heç bir konstruktiv addım atmır. Görüşdə, eyni zamanda, Avstraliya hökumətinin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qəti şəkildə dəstəklənməsinə dair rəsmi mövqeyi də avstraliyalı deputatın diqqətinə çatdırılıb. Bununla yanaşı, avstraliyalı deputata ölkəmizin tarixi, xalqımızın qonaqpərvərliyi, qədim və zəngin mədəniyyəti, Ermənistandan fərqli olaraq multikulturalizm dəyərləri ilə seçilməsi barədə ətraflı məlumat verilib. Avstraliyada yaşayan Azərbaycan icması barədə deputata məlumat verən soydaşlarımız bildiriblər ki, onlar bu ölkədə sülh və əmin-amanlıq şəraitində yaşamaq niyyətindədirlər. Qeyd olunub ki, icma üzvləri Avstraliya ilə Azərbaycan arasında sıx dostluq münasibətlərinin formalaşmasına və əlaqələrin genişlənməsinə çalışırlar. Azərbaycan icmasının nümayəndələri ilə görüşdən çox məmnun olduğunu qeyd edən Hyu MakDermot bildirib ki, bu görüş ona Azərbaycan, bu ölkədə baş verən proseslər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi barədə daha geniş məlumat əldə etmək imkanı yaradıb. Bilmədiyi məsələlər barədə məlumatları Azərbaycan icmasının çatdırması onu çox məmnun edər. Deputat bundan sonra soydaşlarımızın onunla sıx əlaqə saxlamasını xahiş edib. Görüşdə gələcəkdə baş verə biləcək narazılığın və informasiya səhvlərinin qarşısını almaq üçün tərəflər arasında təmasların bundan sonra mütəmadi olaraq təşkili barədə razılıq əldə edilib.
A.Miriyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
19.11.2019
“Ermənistan tərəfindən işğala son qoyulmaqla bu haqsızlıq tezliklə aradan qaldırılmalıdır”
18.11.2019
Ankarada Xocalı soyqırımına aid abidə kompleksi tikiləcək
14.11.2019
UNESKO-nun Baş Konfransında erməni yalanları ifşa olunub
12.11.2019
Türkiyə Prezidentinin müşaviri: “Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarını qeyd-şərtsiz qaytarmalıdır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info