Dünya bazarına “Made in Azerbaijan” brendi ilə biyan məhsulları ixrac ediləcək
Tarix: 04.11.2019 | Saat: 19:29:00 | E-mail | Çapa göndər



Yeni açılan Biyan Sənaye Parkı ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin ixracını planlaşdırır


Bitki mənşəli məhsullar və dərman vasitələri son illər ərzində dünya miqyasında bütün iqtisadi böhrana baxmayaraq dəyər artımı yaşayıb. Beləliklə dünyada 2000-ci ildə 50 milyard həcmində olan tibbi və aromatik bitkilər bazarı yaşlanan əhali sayı, səhiyyə problemləri, istehlakçı fikirləri sayəsində 2015-ci ildə 165 milyard, 2016-cı ildə isə 180 milyard dollara çatmışdısa, 2020-ci ildə bu məbləğin 200 milyard dollara çatması gözlənilir.


Çin biyan kökündən əldə etdiyi maddənin tonunu 6 milyon dollara satır

Təbabətdə ən çox istifadə edilən bitkilərdən biri biyan köküdür. Biyan kökü və ya "şirin kök" kimi tanınan bu bitkidən əldə edilən çay təbii bir dərmandır. Bitki şirniyyatdan tutmuş dərmanlara qədər bir çox məhsulun əsas tərkib hissəsidir. Ondan müalicə məqsədilə əsrlər boyu istifadə edilib. Biyan çoxillik, ot və kol bitkisidir. Elmi adı "Glycyrrhiza glabra"dır ki, paxlalılar ailəsinə aiddir. Bitkinin kökü bir çox məqsəd üçün istifadə olunur. Ana vətəni Rusiya və Çin olan biyan, Türkiyədə Şanlıurfada geniş olaraq yetişdirilir. Cənub-Şərqi Avropada, Aralıq dənizi və bəzi Asiya ölkələrində də rast gəlinir. Türkiyədə Mərmərə bölgəsi, Qara dəniz sahil bölgəsi və Anadoluda çay sahilində geniş yayılıb. Biyan istehsal edən digər ölkələrə Hindistan, İran, İtaliya, Əfqanıstan, Çin, Pakistan, İraq, Azərbaycan, Özbəkistan və Türkmənistan daxildir.
Biyan kökü ekstraktından əldə olunan müxtəlif məhsullar qədim dövrlərdən bəri tibdə və qida sənayesində istifadə edilib. Qədim dövrdə çinlilərin “panzehir” kimi istifadə etdiyi biyan kökü dərman sənayesində mühüm yer tutur. Bitkinin kökündən alınan çay qidalandırıcı xüsusiyyətlərə malikdir. Bu gün məşhur bitki çaylarından biridir. Biyan kökü çayında- A, B1, B2, B3, B5, B6, B9, C və E vitaminləri var. Həmçinin buraya dəmir, fosfor, manqan, maqnezium, kalsium, kalium və natrium da daxildir. Eləcə də efir yağları, qatranlar, saponinlər, alkaloidlər, taninlər, flavonoidlər, fenollara malikdir.
Şimali Avropada çərəzlərdə istifadə olunan biyan kökü məhsullarının 70 faizindən çoxu Amerikanın “M&F Worldwide” şirkəti tərəfindən istehsal olunur. ABŞ-dakı siqaret şirkətləri bir müddət tütünə ləzzət və ətir vermək üçün biyan kökü istifadə edib. 2009-cu ildə tütündə istifadəsi qadağan edilib. Qədim Yunanıstanda tənəffüs yolu xəstəliklərini müalicə etmək üçün istifadə olunan biyan kökündən qədim misirlilər, e.ə. 3-cü əsrdə öskürək, asma və digər ağciyər problemləri üçün istifadə ediblər. II Dünya müharibəsi dövründə Avropada mübarizə aparan ölkələrin həm qida, həm də şəkər tapmaqda çətinlik çəkdiyi zaman biyan kökü yaşamaq üçün istehlak edilən az sayda şirin bitkilərdən biri idi. Çində, bütün orqanizmin canlanmasına kömək edən çoxillik bir bitki hesab olunur. Çində reseptli bitki mənşəli müalicə məhsullarından biri olan biyan kökü eyni zamanda ədviyyat kimi də istifadə olunur. Yaponiyada xroniki virus hepatitini müalicə etmək və nəzarət etmək, Hindistanda bəlğəmgətirici kimi üstünlük verilir.
Türkiyə ən çox biyan kökü ixracatını Çinə edir. Çin bu biyan kökünü bir çox sahədə istifadə edir. Kosmetika və yaşlanma əleyhinə kremlər biyan yağının aparıcı sahələridir. Türkiyə ən çox Çinə biyan kökü ixrac edir. Çin biyan kökünü bir çox sahələrdə istifadə edir. Lakin Çinə ixracda biyan kökünün tonu 900 dollardan satılır. Çin Türkiyədən aldığı bu məhsulun ekstraktını çıxarır və yaşlanma əleyhinə kosmetika məhsullarının istehsalında istifadə edilən bu maddənin tonunu 6 milyon dollara satır.


Doğranmış biyan kökünə və biyan tərkibli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var

Biyan bitkisinin dünyada 18 növü yayılıb. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda biyan yetişir. Bu bitkiyə Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, inzibati rayonlardan Kürdəmirdə, Ucarda, Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılıb. Ölkəmizdə də biyan kökü istehsalı artmaqdadır. Azərbaycanda bir il ərzində oxratoksin A göstəricisi 20-dən aşağı olan 6-7 min ton qurudulmuş və preslənmiş yüksək keyfiyyətli biyan məhsulu əldə edilir. Əldə olunan məhsul, əsasən, Çin, Sinqapur, Hindistan, İsrail, İran kimi ölkələrə ixrac edilməklə yanaşı, daxili tələbatın ödənilməsi məqsədi ilə də istifadə olunur. Qeyd edək ki, bu yaxınlarda İsrailin ən böyük biyan və ekstraktı idxalçısı, həmçinin bu sahədə dünya üzrə ilk onluqda yerləşən "F&C Licorice Group" şirkətinin nümayəndələri Bakıda səfərdə oldular. Qonaqlar Azərbaycandan biyan kökü ixrac edən şirkət nümayəndələri ilə görüşdülər ki, burada növbəti mövsümdə ölkəmizdən illik müqavilə üzrə 2.5-3 min ton yüksək keyfiyyətli biyan məhsulunun İsrailə ixrac olunması haqqında ilkin razılıq əldə edildi.
Bu günlərdə Ağdaşda Prezident İlham Əliyevin iştirakı ilə “Biyan Products” MMC-yə məxsus Biyan Sənaye Parkının açılışı oldu. Ölkə başçısı açılış zamanı qeyd edib ki, demək olar ki, ölkəmizdə yeni bir sənaye sahəsi yaradılıb: “Bizim ümumi inkişafımızı təmin edəcək, iş yerlərinin yaradılmasına xidmət göstərəcək. Təsadüfi deyil ki, bu ilin 9 ayının yekunlarına görə bizim qeyri-neft sənayemiz 15 faiz artıb, məhz belə müəssisələrin hesabına. Belə müəssisələrin yaradılması neft-qazdan asılılığı azaldır, iş yerləri, ixracyönümlü məhsul yaradır, ölkəmizə valyuta daxil olur. Yəni, görün, bunun nə qədər böyük əhəmiyyəti və faydası var”.
Biyan Sənaye Parkı Azərbaycan brendi ilə istehsal olunan məhsullara yeni nümunələr əlavə edəcək. Müəssisənin yaradılmasında məqsəd müasir texnologiyalardan istifadə edərək, emal olunmuş biyan kökü və biyandan hazırlanan 100 faiz bitki mənşəli, bioloji fəallığa malik qida əlavələrini dünya bazarına çıxarmaqdır. Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə biyan tədarükü və emalı zavodu, bitki ekstraktı və sirop zavodu və digər yardımçı binalar daxildir. Müəssisə saatda 2300 kiloqram biyan kökü emal etmək gücündədir. İstehsal olunan müalicəvi şərbətlər öskürək, iltihab, qrip və zökəm əleyhinə, bəlğəmgətirici, immuniteti, hemoqlabini artıran, sinir sistemini sakitləşdirən təsirlərə malikdir. İstər doğranmış biyan kökünə, istərsə də biyan tərkibli bitki mənşəli şərbətlərə həm daxili, həm də xarici bazarda böyük tələbat var. Məhsulun ilk nümunələri İrana göndərilib. Gələcəkdə məhsulların ABŞ, Koreya, Hindistan, Misir və Avropa ölkələrinə ixracı da nəzərdə tutulur. Qeyd edək ki, Biyan Sənaye Parkının nəzdində fəaliyyət göstərən, İsveç və İtaliyan şirkətlərinə məxsus ən müasir standartlara cavab verən avadanlıqlarla təchiz olunmuş Bitki Ekstraktı və Sirop Zavodunda bioloji fəallığa malik qida əlavələri istehsal edilir. İstehsal edilən məhsullar elmi patentlər əsasında hazırlanır. Bu patentlərdən biri 2019-cu ildə Cənubi Koreyada keçirilən Beynəlxalq İxtiraçı Qadınlar Forumunda xüsusi mükafat və qızıl medal qazanıb.
Biyan Sənaye Parkının tərkibində biyan əkilməsi üçün nəzərdə tutulmuş 1000 hektar sahəyə malik plantasiyanın su ilə təmin olunması üçün Şirvan kanalından əraziyə 7,5 kilometr uzunluğunda boru çəkilib. Sahələrin suvarılması üçün 924 hektar ərazidə 16 ədəd suvarma qurğusu (pivot) qurulub. Biyan əkin sahələrinin və müəssisənin işə salınması Ağdaş rayonunda 220 nəfəri daimi iş yeri ilə təmin etməyə imkan verir. Parka daxil olan zavodların istehsal xətlərinin avtomat sistemlərini idarə etmək üçün gələcəkdə yerli gənc kadrların hazırlanması da planlaşdırılır.
Ümumi sahəsi 11 hektar olan Biyan Sənaye Parkının ərazisinə Biyan Tədarükü və Emalı Zavodu, Bitki Ekstraktı və Sirop Zavodu, 10 məhsul anbarı, qazanxanalar, elektrik yarımstansiyaları, inzibati ofis binası, aqrotexnikalar üçün qaraj, tədarük məntəqəsi daxildir. Biyan Sənaye Parkında ildə 7500 ton biyan kökünün və 100 min ədəd biyan şərbətinin “Made in Azerbaijan” brendi altında ixracı planlaşdırılır.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
12.12.2019
İndiyədək BTC ilə 396 milyon ton Azərbaycan nefti nəql olunub
12.12.2019
TANAP-la Türkiyəyə 3,5 milyard kubmetr “Şahdəniz” qazı göndərilib
12.12.2019
“Şahdəniz”dən indiyədək 115 milyard kubmetr qaz və 27 milyon tondan çox kondensat hasil edilib
12.12.2019
“Mastercard”la nağdsız Azərbaycana doğru
12.12.2019
“Azəri-Çıraq-Günəşli” yataqlarından bu vaxtadək 498 milyon ton neft çıxarılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
2 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
3 Avropada işsizlər ordusu yaranır
4 Nazirlər Kabineti Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsinə aydınlıq gətirib
5 Erməni deputat: “Ermənistana böyük sərmayə cəlb etmək mümkün deyil”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info