“Hepatit olub-olmamağını bilməyin ən düzgün və etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir”
Tarix: 07.11.2019 | Saat: 12:41:00 | E-mail | Çapa göndər


Kamran Beydullayev: “Diş həkimləri alətlərə, aksessuarlara sadəcə antiseptik məhlullar püskürtməklə kifayətlənirlər, halbuki, hər xəstə üçün bunlar dəyişilməlidir”


Yer üzündə hər gün yüzlərlə xəstə insana orqan köçürülərək həyata qaytarılır. Müalicəsi başqa yolla mümkün olmayan xəstələrin həyatda qalması üçün yeganə çıxış yolu orqan transplantasiyasıdır. Bu gün transplantologiya – müasir elmin ən mühüm nailiyyətlərindən biridir, tibb sahəsində əldə edilən ən yüksək zirvədir.
Əgər bir vaxtlar orqan transplantasiyası elmi fantastika sahəsinə aid edilirdisə, bu gün belə əməliyyatların həyata keçirilməsi nəticəsində yüzlərlə insanın həyata qaytarılması reallığa çevrilib.
Transplantologiya perspektiv sahə olub, şübhəsiz ki, nə vaxtsa insanlar tərəfindən adi tibbi əməliyyat kimi qəbul olunacaq. hələlik isə bu sahədə təcrübəli və peşəkar həkimlər sayladır. Belə həkimlərdən biri Mərkəzi Gömrük Hospitalının ümumi cərrahı, cərrah-transplantoloq Kamran Beydullayevdir.
Kamran Beydullayev 1996-cı ildə Azərbycan Tibb Universitetini fərqlənmə diplomu ilə bitirdikdən sonra cərrahiyyə üzrə internatura təhsili alıb və 2002-2007-ci illərdə Səudiyyə Ərəbistanı Prince Nasir Bin Saad Al Sudairi Hospitalında cərrah-rezident kimi çalışıb. 2007-ci ildə İngiltərə Kral Cərrahlar Kollecinin imtahanlarını keçərək ümumi cərrahiyyə diplomunu da alıb. 2008-2009-cu illərdə Türkiyənin İzmir şəhərində orqan transplantasiyası üzrə təlim keçib. Kamran Beydullayev müxtəlif elmi konfranslarda posterlərlə, elmi çıxışlarla iştirak edib və 12-yə yaxın elmi məqalənin müəllifidir. Avropa Orqan Transplantasiyası Cəmiyyətinin və Orta Şərq Orqan Transplantasiyası Cəmiyyətinin üzvüdür. Kamran Beydullayevlə olan müsahibəni oxuculara təqdim edirik:
- Siz artıq 23 ildir cərrah işləyir, 10 ildir ki, orqan transplantasiyası əməliyyatlarını həyata keçirirsiniz. Təcrübənizdə daha çox hansı əməliyyatlar olub? Ən çox hansı orqan transplantasiyası əməliyyatı icra etmisiniz?

-Bəli, mən son 10 ildə ümumi cərrahiyyə əməliyyatları ilə yanaşı, orqan transplantasiyası əməliyyatlarını da icra etmişəm. Bunlara qaraciyər və böyrək transplantasiyası əməliyyatları daxildir. Ümumi cərrahiyyə əməliyyatlarına isə seçim qoymuruq, bütün cərrahi əməliyyatları - qida borusundan başlamış mədə, mədəaltı vəzi, bağırsaqlar, öd yolları, dalaq və s. - hamısını icra edirik. Ümumi cərrahiyyə əməliyyatlarında statistika aparmamışıq, amma yəqin ki, bu statistika digər böyük ümumi cərrahiyyə mərkəzlərinin statistikasından çox da fərqlənməz. Qaraciyər transplantasiyası ilə bağlı olaraq bu sahənin əməliyyatlarında daha dərin biliyə və vərdişlərə malik olduğumuz üçün hepatobiliar əməliyyatlarla bir az daha çox rastlaşırıq. Hazırda qaraciyər, öd yolları, mədəaltı vəzi xəstəlikləri ilə bağlı müraciətlər çox olur.
Mən fəaliyyətimin son 10 ilində 550-dən çox böyrək transplantasiyası, 180-dən çox qaraciyər transplantasiyası əməliyyatlarında iştirak etmişəm. Qeyd edim ki, Azərbaycan üçün bu rəqəm yetərincə böyük rəqəmdir və mən bu rəqəmi söyləməkdən qürur duyuram.

“Mən buradan insanlara səslənirəm ki, vaxtında peyvənd olunsunlar”


- Müalicəsi yalnız orqan transplantasiyası olan bəzi xəstəliklərə yoluxmamaq üçün peyvəndlər mövcuddur. Bu xəstəliklərə qarşı peyvənd olunmaqla, qarşısını almaq mümkündürmü?

-Burada söhbət yəqin ki, hepatit B virusundan gedir. Çünki qaraciyər sirrozuna gətirib çıxaran xəstəliklərdən yalnız hepatit B-yə qarşı peyvənd mövcuddur. Hepatit C-yə qarşı peyvənd hazırda təəssüf ki, mövcud deyil. Situasiya belədir ki, adətən son dönəm qaraciyər xəstəlikləri ilə qarşılaşırıq, onların yeganə yolu transplantasiya qalır ki, biz də onu icra edirik. Son dönəm qaraciyər xəstəliyinə - sirroza qədər qaraciyər uzun müddət xəstə vəziyyətdə olur. Onu xəstələndirən səbəblər çoxdur. Bunların böyük bir hissəsini də virus hepatitləri təşkil edir. Virus hepatitlərinə hepatit A, hepatit B, hepatit C, hepatit D və hepatit E aiddir.
Hepatit A virusuna qarşı peyvənd var. Amma hepatit A virusunun özünün xroniki qaraciyər xəstəliyi yaratması çox nadir halda rast gəlinə bilir. Daha doğrusu, nadir hallarda hepatit A virusu qaraciyər sirrozuna gətirib çıxara bilər. Yalnız kəskin qaraciyər çatışmazlığı dövründə hepatit A-ya görə qaraciyər transplantasiyası edilməsi mümkündür.
Hepartit C üçün vaksin mövcud deyil. Hepatit B-nin isə qarşısını almaq mümkündür. Hazırda dövlət tərəfindən hepatit B-yə qarşı doğum evlərində bütün uşaqlara ilk peyvəndlər vurulur, müəyyən fasilələrlə - 2 aydan, 6 aydan sonra növbəti dozalar vurulur. Həqiqətən, bu peyvəndlər vurulan insanlar hepatit B virusundan tam immun oluna bilir.
Qeyd etmək istəyirəm ki, son vaxtlar sosial mediada peyvəndlərin əleyhinə olan fikirlərə tez-tez rast gəlirik. Bəzən ajiotajmı yaratmaq üçün, populizm xatirinəmi, yoxsa başqa bir səbəbdənmi, tanınmış adamlar və ya həkimlər çalışırlar ki, peyvəndləri pisləsinlər, müxtəlif əlavə təsirləri olduğu haqda miflər uydururlar. Mən burdan insanlara səslənirəm ki, daha rasional düşünsünlər və vaxtında peyvənd olunsunlar.

- Bəs böyüklər necə, onlar da peyvənd olunmalıdırlar?

- Yaşın fərqi yoxdur. Əgər uşaq vaxtı kimsə peyvənd olunmayıbsa, onların immun vəziyyəti yoxlanılır, indiyə qədər bu xəstəliyə yoluxub-yoluxmamaları aşkarlanır, immun statusları müəyyən edilir. Yəni bəzən olur ki, peyvənd olunmadan hepatit B virusu ilə qarşılaşırlar, xəstələnib sağalırlar. Böyüklərdə 18 yaşdan sonra təqribən 40-50 %-i hepatit B virusuna yoluxduqdan sonra virusdan tam təmizlənirlər. Həmin xəstələrdə təbii immunitet olur, onlarda vaksinasiyaya ehtiyac yoxdur. Ona görə də analiz verib immun statusunu yoxlayırlar. Əgər hepatit B-yə qarşı immunitet yoxdursa, vaksin oluna bilərlər. Onlar da eyni qaydada vaksinasiya olunmalıdırlar. Vaksinasiya olunublarsa, amma immun statusları zəifdirsə, bonus doza vaksinasiya ala bilərlər. Uşaq vaxtı hepatitə yoluxanlarda 95% xəstəlik xroniki qalır.
-Vaxtında hepatitlərə qarşı peyvəndlər edilərsə, mütəmadi olaraq analizlər verdikdə qaraciyəri bu xəstəliklərdən sığortalamaq mümkündürmü?
-İnsanlar hepatit B virusundan tam profilaktika oluna bilərlər. Belə ki, peyvəndlə yetərincə yüksək immunitet yarada bilərlər. Biz hamımız, həkimlər və tibb bacıları immunizasiya olmuşuq. Biz hepatitli xəstələrlə işləyir, onlarla kontaktda oluruq. Olur ki, iynə batır, gözümüzə qan sıçrayır, amma biz yoluxmuruq, çünki yetəri qədər immunitetimiz yüksəkdir. Təəssüf ki, hepatit C-yə qarşı isə peyvənd yoxdur.

- Hepatiti vaxtında aşkarlamaq üçün nə etmək lazımdır? Bu xəstəliyə tutularkən hansı əlamətlər özünü göstərir? Analiz vermədən hepatitə yoluxmağı necə bilmək olar?

-Hepatit olub-olmamağını bilməyin ən düzgün, etibarlı yolu tibb müəsisəsinə gedib analiz verməkdir. Burada xroniki qaraciyər xəstəliyi törədən hepatit B və hepatit C-dən söhbət gedirsə, onların B-də 20%-i kəskin formada keçir, yəni saralma ilə müşahidə olunur, C-də isə saralma hallarına daha az rast gəlinir. Digər hallarda hepatitə yoluxma hiss olunmur, yuxarı tənəffüs yollarımın katarı kimi, qrip kimi qısa xəstəlik əlamətləri müşahidə olunur və bunlar qeyri-spesifik əlamətlərdir. Ona görə də yeganə yol analiz verməkdir. Bütün əməliyyat olunan, doğuşa gedən, stasionarda olan xəstələr məcburi yoxlanır, analiz verir, bilmədən bu virus daşıyıcısı olduğu məlum olur.

- İnsanların hepatit viruslarına daha çox hansı səbəblərdən yoluxma ehtimalı var?

-Mən qeyd etmək istəyirəm ki, aşkar etdiyimiz hepatit B və hepatit C virusları daşıyıcalırının çoxu yoluxmalarının hər hansı stomatoloji klinikalarda olduğunu söyləyirlər. Biz özümüz də bir neçə diş klinikasına müraciət edib söhbət edəndə məlum olub ki, həkimlərin böyük əksəriyyəti aseptika, antiseptika qaydalarını bilmir, bir qismi də bu qaydalara laqeyd yanaşır. Onların fikri, diqqəti virusa yoluxmaq təhlükəsizliyindən çox, dişin müalicəsində konsentrasiya olunur. Nəzərə almır ki, xəstəni virusa yoluxdurmaqla bu xəstəyə ömürlük bəla gətirə bilər. Biz tez-tez virusa yoluxmuş xəstənin somatik, psixoloji və maliyyə problemləri yaşadığını görürük, bu tək onun özü üçün yox, bütün ailəsi üçün böyük bir sarsıntıdır. Bəzi ailələr bu xəbərdən şoka düşmüş olur. Bu işin ciddiliyinin prioritet olmasına çalışmalıyıq. Diş klinikalarında həkimlər bəzən tibb bacılarının iştirakı olmadan proseduralar edirlər ki, bu zaman da ümumi setin alətlərinin bulaşması qaçılmaz olur. Diş həkimləri alətlərə, aksessuarlara sadəcə antiseptik məhlullar püskürtməklə kifayətlənirlər, halbuki, hər xəstə üçün bunlar dəyişilməlidir.

- Son vaxtlar tez-tez cavan insanlarda və xüsusən də, uşaqlarda qaraciyər sirrozu, hepatitlər, böyrək çatışmazlığı və s. aşkarlanır. Adətən eşitmişik ki, belə xəstəliklər pis vərdişlərdən əmələ gəlir. Maraqlıdır, erkən yaşlarda bu xəstəliklər necə yaranır? Bundan qorunmaq üçün hansı tədbirləri görməliyik?

-Uşaq vaxtı yaranan sirrozların çoxu irsi, genetik xəstəliklərlə bağlı ola bilər. Onların qarşısını almaq mümkün olmur, yalnız yaranan zaman müalicə etmək mümkün olur. Təbii ki, pis vərdişlərdən bu xəstəlik yarana bilər, məsələn, alkoqollu içkilərə aludəçilik qaraciyər sirrozuna gətirib çıxarır. Necə edək ki, xəstələnməyək? Sağlam həyat tərzi, düzgün qidalanma, gigiyena, hər bir insana lazım olan normal həyat tərzidir. Qorunmaq üçün bundan artıq heç nə lazım deyil. Mütəmadi tibbi müayinədən keçmək, analizlər verib yoxlanmaq, vaxtında peyvənd olunmaq lazımdır. Bəzən xəstəliyin ilk əlamətləri əmələ gələndə insanlar gözləyirlər ki, bəlkə keçdi, bəlkə sağaldı. Amma yaxşı olar ki, elə o müddətdə də həkimə müraciət etsinlər. Xəstəlik vaxtında aşkar edilərsə, daha effektli müalicə edilməklə müsbət nəticə əldə etmək olar.

- İdeal donor necə olmalıdır? Donora qarşı tələblər hansılardır?

-Mən hazırda transplantasiya komandasında donorlarla daha çox məşğul oluram. Donor üçün ilk tələbimiz – qan qrupunun xəstənin qan qrupuna uyğun olmasıdır. Qaraciyər transplantasiyası üçün yaşı 18-dən 55-ə qədərdir, böyrək transplantasiyası üçün isə 18 yaşdan başlayaraq yuxarı yaş həddi qoymamışıq. Hətta 78 yaşında da donorumuz olub. Dünyada 84 yaşında böyrək donoru var.
İkincisi, könüllü, təmənnasız qaraciyərinin bir parçasını verən biri olması. Bu ilk növbədə, qohumlardır, emosional və ya genetik bağlılığı olan insanlar da ola bilər. Bunlar ilkin seçim üçün şərtlərdir. Donorlar gətiriləndən sonra biz onları kliniki, instrumental, laborator müayinə edirik. Belə ki, donor özü də sağlam olmalıdır, çünki o da böyük əməliyyata məruz qalır. Riskləri artıra biləcək xəstəliyi olmamalıdır, viruslu olmamalıdır. Sağlam olmalıdır ki, xəstəyə əlavə xəstəlik keçirməsin.
Üçüncü şərt isə əməliyyatın texniki icrasının mümkünlüyünü aydınlaşdırmaqdır. Başqa müayinələrdə (kompüter tomoqrafiyası və digər müayinələr) qaraciyərin həcminin yetərli olması, xəstəyə bir parça verəndən sonra özünə qalan hissənin yetərli qədər olması, damarlarının bu əməliyyatı icra etməyə imkan verməsi və s. Böyrək transplantasiyasında da eyni şəkildə olur. Bəzən elə olur ki, bir xəstə üçün bir donor tapmaq kifayət edir və əməliyyat icra olunur. Elə hallar da olur ki, 10 namizəd donor kimi yoxlanılır, heç biri uyğun gəlmir...
Hazırda bütün dünyada donor qıtlığı var. Bu səbəbdən də marjinal donorlar istifadə olunur. Dünyada KADAVRA proqramı var. Bizim ölkəmizdə bu istiqamətdə iş gedir. Əgər bu proqramı qurmaq mümkün olarsa, bunun hesabına müəyyən mənada donor qıtlığı məsələsi həll edilmiş olar.

- Bir insan həyatını xilas etmək, bir insanı yenidən yaşatmaq sizin üçün nə deməkdir?

-Həqiqət budur ki, biz bunu adi, gündəlik bir iş kimi qəbul edirik. Bəlkə də karyeramın ilk illərində hər uğurlu əməliyyatdan sonra qürur kimi bir hiss yaşayırdım. Professional vərdişdənmi irəli gəlir, deyə bilmərəm və hazırda elə bir xüsusi hiss keçirmirəm. Qəribə görünsə də, deyərdim ki, bəlkə də bu bir tərəfdən yaxşıdır. O mənada ki, emosiyalar sənin qərar verməyinə təsir etmir. Əslində kənardan görünən odur ki, orqan transplantasiyasına gəlmiş xəstələr çox üzülmüş vəziyyətdə olurlar, görünüşləri acınacaqlı olur. Təsəvvür edin, həyatının son günlərini sayan bir insan əməliyyatdan sonra özünü yenidən həyata qayıtmış kimi hiss edir, görünüşləri tam dəyişir. Kənardan bu möcüzə kimi görünə bilər, amma mən bu prosesdə özümü qəhrəman saymıram...

Tural Tağıyev




 
Bölməyə aid digər xəbərlər
21.11.2019
«Созидающая сила женщин Азербайджана меня восхищает»
21.11.2019
“Tütünçəkmə dünyada ölümə səbəb olan 8 xəstəlikdən 6-sı üçün risk faktorudur”
19.11.2019
“İctimai birliyimiz məhkumların yeni peşələrə yiyələnməsi prosesində fəal iştirak edir”
18.11.2019
Nazim Süleymanov: “Yurçeviçi kim gətiribsə, o da çıxsın cavab versin“
18.11.2019
Cəlil Məmmədquluzadənin nəticəsi: “Babamın Azərbaycan xalqı üçün böyük şəxsiyyət olduğunu bilmirdim” - VİDEO

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10950

1 Prezident Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovu qəbul edib
2 Milli Qəhrəman ailələrinin ödənişsiz müayinə və müalicəsi kampaniyasına başlanılıb
3 Prezident İlham Əliyev Pirşağı dəmir yolu stansiyasının açılışında iştirak edib
4 Nazirlər Kabinetinin mətbuat xidmətinə yeni rəhbər təyin olunub
5 Azərbaycan terrorçuluq səviyyəsinin az olduğu ölkələr sırasında yer alıb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info