“Nəhayət ki, Qarabağın azərbaycanlı icması beynəlxalq arenaya çıxdı. İlk görüşlərini ABŞ-dan başlaması uğurlu seçimdir. Çünki ABŞ-da erməni lobbisi daha güclüdür və burada qəbul edilən qərarlar digər dövlətlərdə də presedent olur”.
Bunu Cebhe.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
ABŞ-ın yəhudi lobbisindən Azərbaycana dəstək
Politoloq qeyd edib ki, Qarabağın azərbaycanlı icmasının Los-Anclesdə Yəhudi dini kəsimi ilə əməkdaşlığı müsbət bir addımdır:
“Yəhudi lobbisi ilə əməkdaşlıq onlarla birgə çalışmaq ABŞ-da Qarabağ azərbaycanlı icmasının ermənilər üzərində üstünlük qazancağına gətirə bilər.
Gecikmiş olsa da, Azərbaycan icmasının beynəlxalq fəaliyyəti və görüşləri təqdirəlayiqdir. Bu proses Avropa və Rusiyanı da əhatə etməli, ermənilərin yalan maşınının qarşısına mütləq çıxmalı idik. Çünki Qarabağ icmasının siyasi və hüquqi legitimliyi beynəlxalq müstəvidə tanınması mütləqdir.
Minsk qrupunun həmsədrləri təktərəfli Qarabağda referendumun keçirilməsini qaldırır, Azərbaycanlı icmanı görməzlikdən gəlirdi. Ona görə də Azərbaycan icmasının fəaliyyəti lazım idi. Bundan sonra Qarabağ münaqişəsinin nizamlanmasında Qarabağın azərbaycanlı icması həlledici faktor olacaq”.
|