“İctimai birliyimiz məhkumların yeni peşələrə yiyələnməsi prosesində fəal iştirak edir”
Tarix: 19.11.2019 | Saat: 15:38:00 | E-mail | Çapa göndər


Turqut Abbasbəyli: “Biz də yeni ideyaların Azərbaycanda, o cümlədən, ədliyyə sistemində tətbiq olunmasının tərəfdarıyıq”

Bu gün QHT-lərin müxtəlif sahələr üzrə peşəkarlaşması görülən işlərin effektiv olmasına xidmət edir. Bu baxımdan, "Rezonans" Gənclərin İctimаi Birliyinin də fəaliyyəti təqdirəlayiqdir. "Rezonans" son zamanlar məhkum olunmuş gənclərin sosial adaptasiya və peşə hazırlığı işlərinə yardım olunması istiqamətində davamlı olaraq tədbir və layihələr həyata keçirir. "Rezonans" Gənclərin İctimаi Birliyinin gənc sədri Turqut Abbasbəyli “Palitra”ya müsahibəsində görülən işlərin effekti haqqında danışıb. Xatırladaq ki, Abbasbəyli Turqut Əhməd oğlu 2000-ci ildə Bakı şəhərində anadan olub. 20 saylı məktəb-liseyi bitirib. Hazırda Azərbaycan Dillər Universitetinin 4-cü kurs tələbəsidir. 2 ildir "Rezonans" Gənclərin İctimai Birliyinin sədridir. Amma 14-15 yaşından ictimai fəallıq göstərir. "Rezonans"ın və digər ictimai təşkilatların tədbirlərində iştirak edib. Bununla yanaşı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikasının Gənclər Fondunun tədbirlərində çox fəal olub. Bu səbəbdən də "Rezonans" Gənclərin İctimai Birliyinin sədirliyinə namizədliyi irəli sürülüb və bu vəzifəyə seçilib.

- "Rezonans" üçün nə kimi yeni hədəflər düşünürsüz?

- "Rezonans" Gənclərin İctimai Birliyi fəaliyyət göstərdiyi müddətdə bir çox sahələrdə tədbirlər keçirib. Təbii ki, bütün tədbirlər gənclərlə bağlı olub. Həmçinin təhsil sahəsində, korrupsiyanın qarşısının alınması, şəffaflığın artırılması, məhkunların hüquqlarının qorunması və maarifləndirilməsi, Açıq Hökumət təşəbbüsü ilə bağlı fəaliyyət və s. mövzularda layihələr həyata keçirilib. Amma son 4-5 il ərzində ardıcıl olaraq "Rezonans" tərəfindən məhkumlarla bağlı layihələr icra olunub. Düşünürük ki, bu sahə daha aktualdır. Qeyd edim ki, "Rezonans" Gənclərin İctimai Birliyi çox az təşkilatlardan biridir ki, bu sahədə mütəmadi olaraq fəaliyyət göstərir.
Biz bu sahədə fəaliyyətimizi davam etdiririk və kifayət qədər də uğurlarımız var. Bir neçə kitab çap etmişik. Yüzlərlə məhkuma sosial adaptasiyasına kömək etmişik, eləcə də hüquqi yardım göstərmişik. Xüsusi olaraq qeyd edim ki, biz bu işləri yalnız layihələr çərçivəsində etmirik. Yəni layihələr olmadan da biz bu istiqamətdə işlərimizi davam etdiririk.

- Siz hansı dövlət təşkilatları ilə əməkdaşlıq edirsiz?

-Bizim təşkilatın Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə sıx əməkdaşlığı var. Fürsətdən istifadə edib Ədliyyə Nazirliyinə, eləcə də Penitensiar Xidmətə aid müəssisələrdə tədbirlərimizin keçirilməsinə hər cür şərait yaratdıqları üçün bu qurumun rəhbərliyinə və əməkdaşlarına minnətdarlığımı bildirir və onları qarşıdan gələn 22 noyabr peşə bayramı münasibətilə təbrik edirəm.
Ayrıca, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası, Azərbaycan Respublikası Gənclər Fonduna da donor təşkilatları olaraq bizə dəstək göstərdiklərinə görə təşəkkür edirəm.

- Bu təşkilat gənc məhkumların maarifləndirilməsi istiqamətində artıq peşəkarlaşıb. Bu istiqamətdə görülən işlərin nə kimi effekti var?

-Həqiqətən də bu sahədə edilən tədbirlər, sanki monoton, bəzən tənqidçilər tərəfindən effektsiz olan fəaliyyət kimi görünür. Amma əslində, belə deyil. İki məsələni diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, nəzərə almaq lazımdır ki, cəzaçəkmə müəssisələrinin kontingenti daim dəyişir. Yəni hər zaman eyni insanlarla tədbirlər keçirmirik.
İkinci məsələ odur ki, cəzaçəkmə müəssisələrində 4-5 il əvvəlki vəziyyətlə indiki vəziyyət xeyli fərqlidir. Həqiqətən də həm məhkumların şəraiti, həm də onlara xidmət və münasibətlə bağlı ciddi dəyişikliklər var. Ayrıca Penitensiar Xidmətdə şəffaflığın yaradılmasında ictimai təşkilatlar fəal iştirak edirlər. Biz məhkumlarla görüşdükdə fikirlərini daha sərbəst ifadə edirlər. Onların hər hansı problemini rəhbərliyə sərbəst şəkildə çatdıra bilirik. Müqayisə üçün deyim ki, bir neçə il əvvəl cəzaçəkmə müəssisələrində adicə şəxsiyyət vəsiqəsinin dəyişdirilməsi problem idi. Yaxud əlilliklə bağlı komissiyadan keçmək ciddi problem idi. Amma hazırda bu proseslər elektronlaşdırılıb. Onu da deyim ki, bu məsələləri ilk gündəmə gətirən ictimai təşkilatlar oldu. Daha sonra Ədliyyə Nazirliyi aidiyyəti qurumlarla bu problemləri birgə aradan qaldırdılar. Düzdür, hər yerdə olduğu kimi, bu sahədə də hələ bir sıra problemlər var. Amma bu sahədə yeniliklər tətbiq olunduqca problemlər də tədricən aradan qaldırılır.
Bir məsələni də xatırladım ki, cəzaçəkmə müəssisələrində yeni istehsal sahələri yaradılır. Amma bir neçə il əvvəl bu imkanlar yox idi. Hazırda məhkumlar könüllü şəkildə işə cəlb olunur. Bununla, onlar özlərinin təminatını edirlər, eləcə də ailələrinə yatdım göstərirlər. Hazırda cəzaçəkmə müəssisələrində çox keyfiyyətli məhsullar istehsal edilir. Biz, ictimai təşkilatlar da məhkumların işə cəlb olunması, onların yeni peşələrə yiyələnməsi prosesində fəal iştirak edirik. Məqsədimiz budur ki, məhkumlar azadlığa çıxandan sonra işsiz qalmasınlar.

- Gənc QHT rəhbəri olaraq, bu sahəyə hansı töhfələr vermək istərdiz?

-Gənclər bir çox məsələlərə daha kreativ yanaşırlar. Dünya müasirləşir, İKT inkişaf edir. Biz də yeni ideyaların Azərbaycanda, o cümlədən, ədliyyə sistemində tətbiq olunmasının tərəfdarıyıq. Ədliyyə sistemində son dövrlər elektron xidmətlərin tətbiqi ilə bağlı ciddi addımlar atılıb. Penitensiar xidmətin bir çox sahələri elektronlaşıb. Biz gələcəkdə də bu sahənin elektonlaşmasının tərəfdarıyıq. Dünyada qabaqcıl ideyaların ölkədə tətbiq oluması prosesində, bunların ictimailəşməsi və maarifləndirmənin aparılmasında, rəhbərlik qarşısında qaldırılmasında iştirak etmək istəyirik.
Düşünürük ki, bütün sahələrdə olduğu kimi, ədliyyə sistemində də beynəlxalq təcrübə tətbiq olunacaq və bu sahədə problemlərin səviyyəsi minumuma enəcək.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
10.12.2019
“Protokollar tibbi sığortanın uğurlu tətbiqinin ayrılmaz şərtidir”
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
2 Diaspor və ictimai təşkilatlar “Şəhid ailələrinə dəstək kampaniyası“na start verib
3 Prezident parlamenti buraxdı:növbədənkənar seçkilər 2020 ci il fevralın 9-na təyin edildi
4 Azərbaycan Prezidenti İlham Əliyev zəmanəmizin ən uğurlu liderlərindən biridir
5 Naira Zöhrabyan: “Ermənistan ordusunda intiharların sayı azalmır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info