“Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”
Tarix: 28.11.2019 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Noyabrın 28-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun təşkilatçılığı ilə “Qafqazda terror” mövzusunda respublika elmi konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, konfrans Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Konfransı giriş sözü ilə açan Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı diqqətə çatdırıb ki, Qafqaz həssas siyasi duruma malik regiondur. Qafqaz, eyni zamanda, terror hadisələri, risklər və təhdidlərlə doludur. Qafqazdakı münaqişələrin öyrənilməsi davamlı olmalıdır.
O bildirib ki, konfransın keçirilməsində məqsəd tədqiqatçıların diqqətini bu istiqamətə çəkməkdir: “Bunu sübut edən çoxlu arxiv sənədləri və mənbələr var. Konfrans Prezident İlham Əliyevin son vaxtlarda erməni terror təşkilatları və terroru haqqında söylədiyi fikirlərdən irəli gələn elmi-nəzəri məsələlərin həllinə də kömək edəcək. Bəzən yanlış olaraq düşünürlər ki, erməni terror təşkilatları təkcə azərbaycanlılara qarşı terror törədiblər. Qafqaz regionuna terroru erməni siyasi təşkilatları gətirib”.
Musa Qasımlı Qafqazşünaslıq İnstitutunun yarandığı qısa müddət ərzində bu sahədə apardığı işlər haqqında ətraflı məlumat verib. O bildirib ki, konfrans Qafqazdakı problemlərin dərindən araşdırılması, bölgədə cərəyan edən hadisələrin öyrənilməsi və mürəkkəb proseslərin qarşısının alınması üçün elmi əsaslandırılmış proqnozların verilməsi baxımından da əhəmiyyətlidir. Çünki Qafqazda sülhün və sabitliyin bərpa olunması geniş mənada regionda, bütövlükdə isə beynəlxalq miqyasda sülhə və sabitliyə böyük töhfə verə bilər.
AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi Nərgiz Axundova çıxışında qeyd edib ki, Qafqazda terror dünya ictimaiyyətini dərindən maraqlandırır. Qafqazda terrorun tarixi uzundur. Bu gün Qafqazda terror Azərbaycan üçün daha aktualdır, çünki biz erməni terroru ilə dəfələrlə qarşılaşmışıq.
Nərgiz Axundova konfransın qarşısına qoyduğu məqsədə nail olacağına inandığını diqqətə çatdırıb, konfransın işinə uğurlar arzulayıb.
Sonra professor Musa Qasımlı “1903-1904-cü illərdə erməni siyasi terror təşkilatlarının Cənubi Qafqazda Çar Rusiyası hakimiyyət orqanlarının rus və gürcü mənşəli nümayəndələrinə qarşı terroru (Rusiya arxiv mənbələri əsasında)” mövzusunda məruzə edib.
Akademik məruzəsində bildirib ki, Rusiya arxivlərində saxlanılan ən mötəbər mənbələrə görə, erməni siyasi terror təşkilatları yalnız azərbaycanlılara, türklərə və digər müsəlman xalqlarına qarşı deyil, Cənubi Qafqazda çar hakimiyyətinin rus və gürcü mənşəli nümayəndələrinə qarşı da törədiblər.
Musa Qasımlı vurğulayıb ki, erməni terror təşkilatlarının fəaliyyətində erməni kilsəsi mühüm rol oynayırdı. Bütün imperiya ərazisində yazışmalar rus dilində aparıldığı halda erməni kilsəsi dövlət müəssisələri ilə yazışmaları erməni dilində aparırdı, kilsə pullarını istədiyi kimi xərcləyir, hərc-mərclik yaradırdı. Erməni kilsəsi erməni terror təşkilatları ilə sıx bağlı idi.
Konfrans işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclaslarında Qafqaz xalqlarına qarşı həyata keçirilən deportasiyalar, onların siyasi-hüquqi tərəfləri, sosial-iqtisadi nəticələri haqqında məruzələr dinləniləcək və geniş müzakirələr aparılıb.

İƏT-ə üzv ölkələr Ermənistanın ekoloji terror siyasətinə son qoyulması üçün səylərini birləşdirməyə çağırılıb

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanının Ciddə şəhərində İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının 16-cı daimi sessiyası keçirilib. AZƏRTAC xəbər verir ki, noyabrın 24-də başlayan və 28-dək davam edəcək sessiyada Azərbaycanı Müstəqil Daimi İnsan Hüquqları Komissiyasının üzvü, Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı təmsil edib.
Sessiya çərçivəsində insan hüquqlarının müdafiəsi sahəsində müxtəlif problemlər, o cümlədən iqlim dəyişikliyi və ətraf mühitin qorunması insan hüquqları perspektivindən mövzusunda müzakirələr aparılıb. Aydın Səfixanlı müzakirələrdə çıxış edərək, Ermənistanın hərbi təcavüzünün Azərbaycan Respublikasının təbiətinə, bioloji müxtəlifliyinə, ümumilikdə bölgənin ekoloji durumuna ciddi ziyan vurduğunu, ətraf mühitin deqradasiyası ilə nəticələnən fəsadlara gətirib çıxardığını, bölgənin təbii ehtiyatlarının davamlı istismara məruz qaldığını söyləyib. O, hazırda Ermənistan silahlı qüvvələrinin işğalı altında olan ərazilərdə 261 min hektar meşə sahəsinin, o cümlədən qiymətli meşə sahələrinin, təbiət abidələrinin və pasportlaşmış 145 Şərq Çinarının məhv edildiyini, eyni zamanda, bu ərazilərdə Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilən müxtəlif bitki və heyvan növlərinin böyük hissəsinin, xüsusi əhəmiyyətli və mühafizə olunan təbiət ərazilərinin, habelə nadir biomüxtəliflik nümunələrinin məhv edildiyini, Azərbaycanın işğal altında saxlanılan ərazilərində 163 faydalı qazıntı yatağının, o cümlədən qızıl, civə, mis, qurğuşun, sink, daş kömür və digər sərvətlərin ermənilər tərəfindən talan edildiyini bildirib.
İştirakçısı olduğu beynəlxalq müqavilələrə əsasən öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərə baxmayaraq, işğal etdiyi Azərbaycan ərazilərində ətraf mühiti və təbii sərvətləri istismar edən Ermənistanın bu siyasətini bölgənin dayanıqlı inkişaf və tərəqqisinə münasibətdə tutduğu laqeyd və qeyri-konstruktiv mövqenin bir daha bariz şəkildə nümayiş etdirdiyi toplantı iştirakçılarının diqqətinə çatdırılıb. A.Səfixanlı İƏT-in üzvü olan ölkələri Ermənistanın yürütdüyü ekoloji terror siyasətinə son qoyulması və beynəlxalq hüquq normalarına uyğun cəzalandırılması üçün səylərini birləşdirməyə çağırıb.

GUAM PA-nın komitə iclasında Ermənistanın işğalçılıq siyasəti pislənilib

Bu arada Kiyevdə GUAM PA-nın Siyasi məsələlər və regional təhlükəsizlik komitəsinin iclasında çıxışı zamanı Milli Məclisin bu qurumdakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli ermənilərin işğalçılıq siyasətindən danışıb. O deyib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir.
Deputat bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi hələ də öz ədalətli həllini tapmır. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edən A.Kərimli vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo bu cür davam edə bilməz. Çıxış zamanı Ermənistanın işğalçılıq siyasəti pislənilib.
Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibertəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb. İclasda, həmçinin bu sahədə müzakirələrin aparılması və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
“Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün daha optimist işarələrə ehtiyac var”
03.12.2019
Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
02.12.2019
Rusiya XİN: “Biz münaqişənin siyasi-diplomatik yolla həllinin tərəfdarıyıq”
26.11.2019
Münaqişənin həlli üçün Ermənistan qoşunları işğal edilmiş ərazilərdən çıxarılmalıdır
25.11.2019
“Ermənistan münaqişənin həllində tərəf kimi bilavasitə məsuliyyət daşıyır”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
2 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
3 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
4 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi
5 “Başqa ölkələrdə “erkən seçki” olanda, müxalifət sevinir...”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info