Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
Tarix: 02.12.2019 | Saat: 11:55:00 | E-mail | Çapa göndər


Elmar Qasımov: “İndiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb”

Səkkiz il öncə respublikanın ali təhsil müəssisələri sırasına daxil olan Bakı Ali Neft Məktəbi bu gün ölkədə yüksək ixtisaslı peşəkar mühəndis kadrları hazırlamaq missiyasını uğurla yerinə yetirir.
Dövlət ali təhsil müəssisəsi statusunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunda dəyişiklik edilməsi haqqında” 29 noyabr 2011-ci il tarixli fərmanı ilə yaradılan Bakı Ali Neft Məktəbinin (BANM) nizamnaməsi 2012-ci il fevralın 29-da Ədliyyə Nazirliyində qeydiyyata alınıb.
2012-ci il aprel ayının 10-da Elmar Qasımov bu Ali Məktəbə rektor təyin edilib.
Bakı Ali Neft Məktəbinin yaradılmasının 8 illiyi münasibəti ilə müsahibimiz rektor Elmar Qasımovdur.

- Elmar müəllim, ilk olaraq, Bakı Ali Neft Məktəbinin yaradılmasının 8-ci ildönümü münasibəti ilə sizi və Ali Məktəbin kollektivini təbrik edirik. 8 il qısa bir müddət olsa da, rəhbərlik etdiyiniz Ali Məktəb bu gün ölkə ali təhsil müəssisələri arasında ön sıralarda yer alır. İstər tədrisin keyfiyyətinə görə, istərsə də bura qəbul olan tələbələrin intellektual səviyyəsinə görə. Gəlin birlikdə qısa tarixə nəzər salaq.

-Diqqətiniz və təbrikiniz üçün təşəkkür edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın yeni prinsiplər əsasında tənzimlənməsi məqsədilə son illər ölkəmizdə mühüm addımlar atılıb. Tarixən Azərbaycanın iqtisadiyyatının özəyini neft-qaz sənayesi təşkil edib və ölkəmizin ən böyük nailiyyətlərindən biri bu sahədə qüdrətli elmi-texniki və kadr potensialının, geniş infrastrukturun yaradılması olub. Məhz bu sahə iqtisadiyyatın aparıcı amilinə çevrilib və onun inkişafına daim xüsusi diqqət yetirilib. Bakı Ali Neft Məktəbinin yaradılmasında da məqsəd fəaliyyətini xaricdə genişləndirən SOCAR-ın, eləcə də ölkənin digər sənaye sahələrinin müasir tədris proqramları və təlim texnologiyaları əsasında təhsil almış ingilisdilli mütəxəssislərə olan ehtiyacını ödəməkdir. Bu məqsədə çatmaq üçün, ilk növbədə, Bakı Ali Neft Məktəbində müasir tələblərə cavab verən təhsil infrastrukturu yaradılıb, tədris prosesinə yüksək ixtisaslı professor-müəllim heyəti cəlb olunub, tədrisə dəstək məqsədilə zəngin kitabxana-informasiya fondu, çox funksiyalı laboratoriyalar qurulub.
2017-ci il mayın 1-də möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı ilə Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusunun açılışı olub.
Bu gün kampusda ən müasir texnologiya və zəngin maddi-texniki bazaya malik “Schneider Electric”, “ABB”, “Avandsis Group”, “Emerson proses management”, “Huawei” kimi şirkətlər tərəfindən hədiyyə edilmiş laboratoriyalar, müasir standartlara cavab verən tələbə şəhərciyi, yeməkxana kompleksi, beynəlxalq standartlara cavab verən iki idman zalı və hovuz fəaliyyət göstərir.
Bir sözlə, burada istər keyfiyyətli təhsil, istərsə də tələbələrin yaşaması, asudə vaxtlarını səmərəli keçirməsi üçün bütün şərait mövcuddur.
Statistik göstəricilərə nəzər salsaq, 2012-ci il mayın 31-də Təhsil Nazirliyi tərəfindən Bakı Ali Neft Məktəbinə “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə mütəxəssis hazırlanmasına dair lisenziya verilib. 2012/2013-cü tədris ilində bu iki ixtisas üzrə cəmi 116 nəfər qəbul olunub və hazırlıq mərhələsində tədrisə cəlb edilib. Həmin il BANM-in 11 tələbəsi Prezident təqaüdünə layiq görülüb . Onu da qeyd edim ki, həmin ildəki qəbul kampaniyasının nəticələrinə görə BANM ölkənin 51 ali təhsil müəssisəsi arasında birinci olub. 2015/2016-cı tədris ilində I qrup üzrə keçirilmiş test imtahanlarında 700 bal toplayan 7 abituriyentdən 3-ü BANM-ə qəbul olmuşdusa, 2017/2018-ci tədris ilində isə 700 bal toplayan 7 nəfərin 7-si də Ali Məktəbimizin tələbəsi olub. 2018/2019-cu tədris ilində isə Bakı Ali Neft Məktəbi I ixtisas qrupu üzrə Prezident təqaüdüçülərinin sayına görə ölkə birincisi olub.
Belə ki, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında 9 sentyabr 2019-cu il Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi bu təqaüdlərə layiq görülüb. Beləlikə, Ali Məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. Yeri gəlmişkən qeyd edim ki, indiyədək böyük rəqabətin qeydə alındığı I qrupda heç bir universitet Bakı Ali Neft Məktəbi qədər maksimal sayda Prezident təqaüdçüsü ilə təmsil olunmayıb.


- Bəs hazırda hansı ixtisaslar üzrə təhsil həyata keçirilir?

- “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, “İnformasiya təhlükəsizliyi” ixtisasları üzrə bakalavr, “Neft-qaz mühəndisliyi”, “Kimya mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” və “Biznesin idarə edilməsi” (MBA) ixtisasları üzrə magistr hazırlığı həyata keçirilir.
Bundan başqa, Bakı Ali Neft Məktəbi, BP və onun tərəfdaşlarının birgə əməkdaşlığı, həmçinin, Böyük Britaniyanın “Twenty Eight Strategy Execution” (STRATEX) şirkəti ilə birgə həyata keçirilən və ABŞ-ın Corc Vaşinqton Universitetinin magistr sertifikatı ilə təmin edilən təlim proqramı – Layihə İdarəetmə Məktəbi, Cenevrə Biznes Məktəbi ilə birgə əməkdaşlıq çərçivəsində Neft və Qaz Menecmenti üzrə MBA proqramı reallaşdırılır.

- Builki tədris ilində Bakı Ali Neft Məktəbinin iki ixtisası ümumrespublika üzrə ən yüksək keçid balı olan ixtisaslar oldu.

-Bəli, artıq bir neçə ildir ki, bu tendensiya davam edir. 2019/2020-ci tədris ilində də Bakı Ali Neft Məktəbi tələbə qəbulu imtahanlarında ən yüksək orta bal göstəricilərinə görə ölkə birincisi olub.
Belə ki, cari tədris ilində Ali Məktəbin təkcə 2 ixtisası - İnformasiya təhlükəsizliyi (682 bal) və Proseslərin avtomatlaşdırılması mühəndisliyi (674 bal) ixtisasları üzrə ən yüksək orta bal qeydə alınıb. Beləliklə, BANM növbəti dəfə ölkə universitetləri arasında ən yüksək orta balı olan ali təhsil müəssisəsi olub.

- Müşahidələrimiz göstərir ki, BANM yerli və xarici şirkətlərlə əməkdaşlığa böyük üstünlük verir.

-Bu əməkdaşlıq bizə yerli və xarici şirkətlərin peşəkar mütəxəssisləri tərəfindən tələbələr üçün təlim və mühazirələrin təşkilinə imkan yaradır. Tələbələrin təhsillə yanaşı, həm də müxtəlif ictimai layihələrdə iştirakı üçün töhfə verir.
Eyni zamanda, tələbələr transmilli, beynəlxalq neft-qaz şirkətlərində istehsalat təcrübəsi keçirlər ki, bu da onların gələcəkdə beynəlxalq standartlara uyğun kadr kimi yetişməsinə zəmin yaradır.

- Bakı Ali Neft Məktəbinin “Biz iş axtarmırıq, iş bizi axtarır” devizi diqqətimizi çəkir. Müasir əmək bazarında Ali Məktəbin məzunları işlə təmin oluna bilirlərmi?

-Bakı Ali Neft Məktəbi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz neft kapitalını insan kapitalına çevirməliyik” devizi ilə yüksək ixtisaslı ingilis dilli mühəndis kadrlarının hazırlanması ilə yanaşı, onların işlə təminatında da səylərimizi əsirgəmirik. Həyata keçirdiyimiz məqsədyönlü işlərin nəticəsidir ki, bu gün Ali Məktəbimizin bütün məzunları 100 faizlik işlə təmin olunublar.
Artıq üçüncü ildir ki, Bakı Ali Neft Məktəbi məzunlarının karyera uğurlarını “Məzunlarımız haradadır?” jurnalı vasitəsilə təqdim edir.
Məzunlarımızın böyük bir hissəsi artıq SOCAR-ın müxtəlif müəssisələrində, SOCAR Türkiyənin Star, “Petkim”, “Petrokimya Holdinq”, “BP-Azərbaycan”, “Schlumberger”, “Halliburton”, “Saipem”, “Maire Tecnimont”, “Emerson”, “Baker Hughes”, “Halliburton” və s. kimi transmilli şirkətlərdə çalışırlar. 2018/2019-cu tədris ilində də bütün məzunlarımız işlə təmin olunub.
Onu da qeyd edim ki, 5 il ərzində Bakı Ali Neft Məktəbində yüksək səviyyədə təhsilə, bilik və bacarığa yiyələnən gənclərimiz Azərbaycanın və dünyanın aparıcı şirkətlərində, ali təhsil müəssisələrində işlə təmin olunub, eləcə də beynəlxalq universitetlərdə təhsillərini davam etdiriblər.
Məzunlarımızdan Luiziyana, Stanford, Hamburq, Milan Politexnik, Kolorodo Mədənlər, Budapeşt Texnologiya və İqtisadiyyat, Xəlifə, Kyoto və Münhen Texniki Universitetləri kimi dünyanın nüfuzlu universitetlərində magistratura pilləsində təhsil alanlar var. Məhz 50-ə yaxın məzunumuz adlarını çəkdiyimiz universitetlərdə təhsillərini uğurla davam etdiriblər.
Bu göstəricilər Bakı Ali Neft Məktəbində tədrisin yüksək səviyyədə təşkil olunduğunu və məzunlara müasir biliklərin və səriştənin verildiyini sübut edir.
Məzunlarımızın uğurları bir daha sübut edir ki, bilikli və bacarıqlı mütəxəssis iş axtarmamalıdır, iş onu axtarmalıdır.


- Elmar müəllim, bu günlərdə Nazirlər Kabineti tərəfindən “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçim Qaydaları” təsdiq edilib. Bildiyimiz kimi, rəhbərlik etdiyiniz Ali Məktəbdə də ikili diplom sistemi tətbiq olunur. Hansı universitetlə əməkdaşlıq edirsiz?


- Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikası ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisas proqramlarının və təhsil səviyyələrinin seçimi meyarlarını və prosedurlarını tənzimləyir.
Qaydalarda beynəlxalq ikili diplom proqramının həyata keçiriləcəyi ixtisasların və təhsil səviyyələrinin seçimi meyarları dəqiq göstərilib. Bu meyarlarda ixtisasların Azərbaycan Respublikasının inkişaf prioritetlərinə uyğun sahələrə aid olması, ixtisas üzrə kadr hazırlığının aparılacağı yerli ali təhsil müəssisəsinin maddi-texniki bazasının təlim nəticələrinin əldə olunması tələblərinə cavab verməsi kimi məsələlər öz əksini tapır.
Bu gün Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavr və magistr pillələrində təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil alırlar. Tədris proqramının uğurla başa vuran məzunlara Bakı Ali Neft Məktəbi ilə yanaşı Heriot Vatt Universitetinin də diplomları təqdim olunur.

- Son illər Ali Məktəbdə əcnəbi tələbələrin də sayında artım müşahidə olunur. Hansı ölkələrdən tələbələr var?


-Beynəlxalq təhsil proqramı çərçivəsində tələbə mübadiləsi intensiv olaraq davam etdirilir. 2019/2020-ci tədris ilində Bakı Ali Neft Məktəbinə 179 nəfər qəbul olub. Bundan əlavə, cari tədris ilində 18 nəfər müxtəlif xalqlara mənsub əcnəbi tələbə də BANM-i seçib. Ümumilikdə, hazırda Ali Məktəbdə 26 nəfər əcnəbi tələbə təhsil alır.
Qeyd edim ki, 2019-cu il Ali Məktəb üçün daha bir önəmli hadisə ilə yadda qalıb. Belə ki, BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNITAR) Bakı Ali Neft Məktəbilə əməkdaşlığı çərçivəsində Nigeriyadan olan 7 seçilmiş tələbə BANM-də “Neft-qaz mühəndisliyi” ixtisası üzrə bakalavr təhsili almağa başlayıb. Bundan başqa, Türkiyə, Pakistan, Qazaxıstan, İran və Gürcüstan kimi ölkələrdən olan xarici tələbələrimiz də var.
Bundan başqa, 2018/2019-cu tədris ilində mübadilə proqramları çərçivəsində BANM-in 10 tələbəsi bir semestr ərzində Yunanıstan, İspaniya və Bolqarıstanda təhsil alıb.

- Müsahibə üçün təşəkkür edir. Uğurlarınızın davamını diləyirik.




 
Bölməyə aid digər xəbərlər
06.12.2019
Vidadi Rzayev: “Belə futbol, belə inkişaf olmur”
05.12.2019
“Karate həyatımın ayrılmaz bir hissəsinə çevrilib”
05.12.2019
“Fəxr edirəm ki, Gömrük Akademiyasında təhsil almışam”
04.12.2019
“Rusiyadakı Azərbaycan təşkilatları arasında birliyin olması bizim üçün ən vacib məsələdir“
03.12.2019
Şamil Tağıyev: “Rusiyadakı diasporun şəffaflığa ehtiyacı var”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11401

1 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı
2 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
3 Konstitusiya Məhkəməsi: Milli Məclisin buraxılması Konstitusiyaya uyğundur
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Prezident Administrasiyasında yeni şöbə müdiri təyin edildi


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info