Milli qəhrəmanlarımıza sonsuz ehtiramın nümunəsi
Tarix: 03.12.2019 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


Dekabrın 3-ü Ağsu rayonunun Rəhimli kəndində dünyaya göz açan Azərbaycanın Milli Qəhrəmanı, şəhid Yusif Əliyevin ad günü idi. Yaşasaydı, 50 yaşını özü qeyd edərdi. Ötən gün onun xatirəsi rayon rəhbərliyi, kənd sakinləri, məktəb kollektivi, əzizləri, dostları tərəfindən yad olundu.

AZƏRTAC -ın bölgə müxbiri xəbər verir ki, mərasim iştirakçıları əvvəlcə Milli Qəhrəman Yusif Əliyevin dəfn olunduğu kənd qəbiristanlığına gələrək məzarı üzərinə qərənfillər düzüb, ruhuna dua oxuyublar.
Sonra Rəhimli kəndindən olan Milli Qəhrəman Şamil Ramazanovun qəbri də ziyarət olunub.
Mərasim iştirakçıları kənd mədəniyyət evinin qarşısına gələrək, hər iki Milli Qəhrəmanın bayraqlarla bəzədilən büstləri önünə çiçəklər düzüblər.
Yusif Əliyevin vaxtilə təhsil aldığı Rəhimli kənd tam orta məktəbinin akt zalında davam etdirilən mərasimdə onun döyüş yolundan danışılıb. Bildirilib ki, 1990-cı ilin avqustunda polis sıralarına qəbul olunan Yusif Əliyev post-patrul xidməti alayının 3-cü rotasında xidmət edib. Bu, mənfur erməni təcavüzkarlarının Azərbaycan ərazilərinə ardıcıl hücumlarının intensivləşdiyi vaxtlar idi. 1991-ci ilin fevralında Yusif Əliyev Goranboyda ilk döyüşə qatılıb. Silahlı erməni quldurları Buzluq, Mənəşid və Erkəc kəndləri tərəfdən pusqu quraraq yolları kəsir, tez-tez basqınlar edirdilər. Fevralın 24-də sübh tezdən 500-ə yaxın erməni qulduru Mənəşid kəndinə hücuma keçib. Qüvvələr qeyri-bərabər olsa da, polis dəstəsi öz əlverişli mövqeyini qoruyub saxlamağa çalışmaqla yanaşı, planlı şəkildə düşməni yaxına buraxır, müxtəlif istiqamətlərdən onları hədəf alırdılar. Əvvəlcə hər şey nəzərdə tutulduğu kimi gedirdi. Lakin düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Dəstənin döyüş sursatı qurtarmaq üzrə idi. Bunu görən Yusif Əliyev 14 nəfərdən ibarət qrup yaradaraq əlbəyaxa döyüşə atıldı. Gözlənilməz hücumdan, dəstənin cəsarətli həmləsindən çaş-baş qalan ermənilər pərən-pərən düşdülər.
1991-ci ilin sentyabr ayının ortalarında Yusif Əliyevin son döyüşü oldu. Belə ki, düşmən yenidən böyük qüvvə ilə Buzluq kəndinə hücuma keçmişdi. Ölüm-dirim savaşına girən dəstəyə xəbər gəldi ki, əsgərlərin sursatı tükənib. Yusif güllə yağışı altında Buzluğa sursat çatdırmağa nail oldu. Lakin bu, onun həyatı bahasına başa gəldi. Ölümündən sonra, 1992-ci ildə Yusif Əliyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Çıxış edən rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mirqubad Orucov, Rəhimli kənd tam orta məktəbin direktoru Fəxrəddin Həsənov, rayon Polis Şöbəsinin rəis müavini Gündüz Bağızadə və başqaları torpaqlarımızın bütövlüyü, Azərbaycanın azadlığı uğrunda şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsinin heç zaman unudulmayacağını vurğulayıblar.
Milli Qəhrəmanın atası Əliyusif Əliyev, oğlu İsmayıl Əlizadə şəhidlərimizin ailə üzvlərinə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Azərbaycan xalqına, mərasim iştirakçılarına minnətdarlıqlarını bildiriblər.
Mərasimdə Milli qəhrəmanlarımızla bağlı rayon məktəbliləri arasında keçirilən yarışların qalibləri mükafatlandırılıb.
Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
Yeri gəlmişkən, Qaradağ rayonunda Azərbaycanın Milli Qəhrəmanı Yusif Əliyevin 50 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib ki, 195 nömrəli tam orta məktəbin təşkilatçılığı ilə keçirilən tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Tədbirdə çıxış edən BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 6 iyun tarixli Fərmanı ilə Yusif Əliyevin ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldüyünü söyləyib. Qeyd edib ki, bu gün dövlətin, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan siyasət şəhidlərimizə, milli qəhrəmanlarımıza, şəhid ailələrinə sonsuz ehtiramın nümunəsidir.
Bəşarət Məmmədov 195 nömrəli tam orta məktəbin şagirdlərini Yusif Əliyev kimi qəhrəmanın adını daşıyan məktəbdə təhsil aldıqları üçün çox şanslı olduqlarını vurğulayıb. Bildirib ki, məktəb təkcə təhsil vermir, eyni zamanda, şagirdləri hərtərəfli, vətənpərvər ruhda yetişdirmək vəzifəsini şərəflə daşıyır. Şagirdlər məhz Yusif kimi qəhrəmanı özlərinə örnək alaraq böyüyürlər.
Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova Yusif Əliyevin Azərbaycanın ilk milli qəhrəmanları sırasına daxil olduğunu bildirib. Torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canını qurban verən Yusif Əliyevin heç zaman unudulmayacağını bir daha diqqətə çatdırıb.
Milli Qəhrəmanın atası Əliyusif Əliyev övladının xatirəsinin əbədiləşdirilməsinə dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. Qeyd edib ki, milli qəhrəmanlara, şəhidlərə göstərilən yüksək ehtiram onların qurban getdikləri müqəddəs amalların dövlət və cəmiyyət üçün əsas meyar olduğunu bir daha sübuta yetirir.
Sonda isə Yusif Əliyevin adını daşıyan 195 nömrəli tam orta məktəbin direktoru Laçın Hüseynli, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov adına İnkişaf Fondunun sədri Ədalət Məhərrəmov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, Qaradağ Rayonu Çevik Polis Alayının əməkdaşı Fuad Bayramov çıxış edərək şəhidin ömür yolundan bəhs ediblər. Bildirilib ki, Yusif Əliyev döyüş sınağından həmişə qəhrəmanlıqla çıxıb, ermənilərin Goranboyun Buzluq, Mənəşli, Erkəç kəndləri istiqamətində hücumlarının dəf olunmasında xüsusi şücaət göstərib. 1991-ci il sentyabrın 14-də düşmənin Buzluq kəndinə hücumu zamanı köməksiz qalmış əsgərlərimizə sursat çatdırmaq Yusifin həyatı hesabına başa gəlib. Yusif kimi müstəqilliyimiz və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların gənc nəslə örnək olduğu vurğulanıb.
Sonra tədbirdə Milli Qəhrəman Yusif Əliyevin həyat yolundan bəhs edən film nümayiş olunub. Şagirdlər Milli Qəhrəmana həsr olunmuş şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar təqdim ediblər.

“Bitməyən əzab” sənədli filmində əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir”
“Avropa xalqları Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hadisələrdən birtərəfli xəbərdar olmamalıdır, onlar hər iki tərəfi dinləməlidirlər. Filmdə əsir və girov götürülmüş şahidlərin söylədikləri dəhşətdir. Qadınlara, uşaqlara verilən bu işgəncələr dözülməz və qəbuledilməzdir”. Bu fikri isə Rotterdamda “Bitməyən əzab” sənədli filminin təqdimatından sonra Yakob Meriin AZƏRTAC-a müsahibəsində söyləyib. Bildirib ki, filmdə mülki insanların ağla gəlməyəcək dəhşətlərlə üzləşdiyini görüb və çox mütəəssir olub.
“Soyqırımı və kütləvi qırğınlara son qoyulmalıdır. Qırğınlar, mülki şəxslərə qarşı işgəncələr təkcə II Dünya müharibəsində deyil, bu sənədli filmdə olduğu kimi XXI əsrin əvvəlində də olub. Bütün xalqlar diqqətli olmalı və belə dəhşətlərə bir daha yol verməməlidirlər”,-deyə Y.Meriin qeyd edib.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
09.01.2020
ATƏT sədri: “Minsk qrupunun səylərini dəstəkləyəcəyik”
07.01.2020
“Münaqişə ilə bağlı status-kvo qəbuledilməzdir”
26.12.2019
“Ermənistan Azərbaycanın ərazilərinə qarşı əsassız iddialardan əl çəkməlidir”
24.12.2019
“Bu il önəmli hadisələrdən biri də odur ki, danışıqlar formatı dəyişməz olaraq qaldı”
23.12.2019
Səfir: “Misir Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info