Kamran İmanov: “Məhkəmə-hüquq sistemindəki islahatların dərinləşdirilməsi hüquqların təminatında yeni üfüqlər açır”
Tarix: 05.12.2019 | Saat: 20:24:00 | E-mail | Çapa göndər


Bakıda Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi və Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (ÜƏMT) birgə təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işinə başlayıb.
Tədbiri giriş sözü ilə Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov və ÜƏMT-nin Hüquq İnstitutunun nümayəndəsi xanım Nahal Zebarcadi açıb.
Kamran İmanov tədbirin mövzusunun aktuallığını qeyd edib, seminarın Prezident İlham Əliyevin məhkəmə-hüquq sistemindəki islahatları ilə bağlı olduğunu, bir tərəfdən dövlət başçısının məhkəmə-hüquq sistemində, digər tərəfdən isə əqli mülkiyyət (ƏM) sahəsində apardığı islahatların dəstəklənməsi məqsədini daşıdığını bildirib. O, müstəqil inkişaf yollarını daim arayan və buna nail olan Azərbaycanın bu gün ölkə rəhbərliyinin təşəbbüsü ilə başlanmış və müsbət inkişaf üçün bütün imkanları optimallaşdırmağa yönələn islahatların yeni mərhələsindən keçdiyini, cəmiyyətin həyatının bütün sahələrini əhatə etdiyini vurğulayıb.
Qeyd edilib ki, islahatçı ölkələrin avanqardına daxil olan Azərbaycan “Doing Business-2019” reytinqinə görə 190 ölkə arasında 25-ci yerdədir, yeni dərc olunmuş “Doing Business - 2020” hesabatında isə ölkəmiz islahatçı 20 ölkə sırasına daxil edilib. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətqabiliyyətlilik İndeksi – 2019” hesabatında Azərbaycan “qanunvericiliyin effektivliyi”nə görə 13-cü, “hökumətin dəyişikliklərə olan reaksiyası”na görə 5-ci və “hökumətin gələcəyə yönəlmiş fəaliyyətə, uzaqgörənliyə” görə isə 10-cu yerləri tutur.
Agentliyin rəhbəri bu cür kardinal dəyişikliklərin Azərbaycanın yeniləşməsinin növbəti, dördüncü sənaye inqilabının fəal iştirakçısı, sosial-iqtisadi islahatların reallaşdırılmasına malik olmasının, innovativ inkişaf yolunun tərkib hissəsi kimi əqli mülkiyyət sahəsinin inkişafında və əqli mülkiyyətin qorunmasında da öz əksini tapdığını bildirib. Belə ki, son “Rəqabətqabiliyyətlilik İndeksi”nə əsasən, Azərbaycan 141 ölkə arasında “mülkiyyət hüquqlarının qorunması” üzrə 37-ci və “əqli mülkiyyətin qorunması” göstəricisinə görə isə 30-cu yerdə qərarlaşıb. Burada diqqəti cəlb edən odur ki, 2015-2016-cı illərdən, yəni islahatların yeni mərhələsindən başlayaraq, bu göstərici ardıcıl olaraq yaxşılaşır. “Rəqabətqabiliyyətlilik İndeksi”ndə 92-ci yerdən 2016-2017-ci illərdə 71-ci, 2017-2018-ci illərdə 37-ci, sonra 36-cı və nəhayət, 2019-cu ildə 30-cu yerdə qərarlaşıb.
Bütün bunlar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin islahatlarının dərinləşdirilməsinin qiymətləndirilməsidir, islahatların davamlılığına verilən beynəlxalq dəyərdir, bir tərəfdən dövlət başçımızın iqtisadi strategiyasının doğru yolda olmasıdır, digər tərəfdən institusional islahatların həyata keçirilməsinin nəticəsidir.
Dövlət başçısının göstərişlərindən irəli gələn çevik, daha yığcam və daha məqsədyönlü struktur vasitəsilə sahələrin idarə edilməsi, şəffaflığın, səmərəliliyin və cavabdehliyin təmin olunması məqsədilə Əqli Mülkiyyət Agentliyi yaradılıb, onun mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir. Agentliyin tabeliyində iki mərkəz – Patent və Əmtəə Nişanlarının Ekspertizası və Əqli Mülkiyyət Hüquqlarının Təminatı Mərkəzləri yaradılıb, Respublika Elmi-Texniki Kitabxanası onun tərkibinə verilib.
Beləliklə, aparılmış islahatlar nəticəsində özündə vəhdət təşkil edən üçlük formulu: koqnitivlik, kreativlik və kommersiyalaşmanı birləşdirən özünəməxsus idarəetmə modeli aktuallaşmışdır.
K.İmanov qeyd edib ki, bu ilin oktyabrında ÜƏMT-nin Baş Assambleyasında Azərbaycan Büdcə və Proqram Komitəsinə seçilib, Koordinasiya Komitəsində təmsil olunacaq və Azərbaycanın nümayəndəsi ilk dəfə olaraq, müəllif hüququ üzrə 1886-cı ildən qəbul edilən və 170 ölkəni birləşdirən məşhur Bern Konvensiyası Assambleyasının sədri vəzifəsinə layiq görülüb.
Bildirilib ki, əqli mülkiyyət sisteminin qarşısında duran vəzifələr ölkənin innovasiya siyasəti ilə müəyyən edilir və ölkədə həyata keçirilən iqtisadi islahatlara xidmət etməlidir. Müasir dövrdə Azərbaycanın inkişafı, o cümlədən əqli mülkiyyət sahəsində imkan verir ki, yeni paradiqma, yeni baxış mövqeyindən diqqətimizi zamana uyğun olan əsas məqsədlərdən birinə – hüquqların müdafiəsinin təminatına (enforcement) yönəldək. Bunun üçün dövlət başçısının təşəbbüsü ilə aparılan məhkəmə-hüquq sistemindəki islahatların dərinləşdirilməsi hüquqların təminatında yeni üfüqlər açır.

“Məhkəmə-hüquq islahatları məsuliyyətimizi artırır”
Kamran İmanov bildirib ki, ÜƏMT məhkəmə-hüquq sahəsində daha fəal olan dünya ölkələrinin ƏM sahəsindəki işlərə dair ən vacib məhkəmə qərarlarına həsr olunmuş yeni nəşrlərin ilk buraxılışını dərc etməyə başlayıb. “ÜƏMT-nin əqli mülkiyyət sahəsində məhkəmə qərarları Toplusu” adlı yeni nəşrlər seriyası təşkilatın Məhkəmə İnstitutu tərəfindən hazırlanır və müəyyən bir ölkə və ya mövzu nümunəsində ƏM-ə dair mübahisələrin həlli yanaşmalarını və tendensiyalarını təsvir etmək məqsədi daşıyır.
K.İmanov qeyd edib: “ÜƏMT-nin Baş direktoru Frensis Qarri yeni nəşrə aid bildirib ki, ƏM-in müasir vəziyyətində “ixtiraçılar və ƏM ekosisteminin digər iştirakçıları həll olunmamış problemlərin nizamlanması üçün məhkəmələrə daha çox müraciət edirlər, bu da məhkəmə sisteminin ölkələrin ƏM normativ-hüquqi bazasının inkişafında və qlobal iqtisadiyyat çərçivəsində getdikcə daha vacib rol oynamağa başladığını göstərir”.
O, hüquqların təminatı məsələsinin Əqli Mülkiyyət Agentliyinin diqqət mərkəzində olduğunu bildirərək Agentliyin 960 nömrəli “Qaynar xətt”i və ictimai əsaslarla fəaliyyət göstərən “Hüquq məsləhətxanası”nın il ərzində müəlliflərin, digər hüquq sahiblərinin və sahibkarların istifadəsində olduğunu, onların əqli mülkiyyət məsələləri üzrə orta hesabla hər il 1500-dən artıq müraciət və sorğularına baxıldığını, qaldırılan məsələlərin həllində, həmçinin iddia ərizələrinin tərtib edilməsində kömək göstərildiyini diqqətə çatdırıb.
Agentliyin nümayəndələri 2018-ci ilin sentyabr ayından 2019-cu ilin dekabr ayının 1-dək ümumilikdə 35 iş üzrə müxtəlif məhkəmə instansiyalarında keçirilmiş 120-dən çox məhkəmə iclaslarında iştirak edib, hər bir iş üzrə rəy bildiriblər. Deməli, Agentliyin hüquqşünaslarının kifayət qədər məhkəmə təcrübəsi vardır.
Bununla yanaşı, struktur islahatları çərçivəsində Agentlikdə kvazi məhkəmə - Apellyasiya Şurası yaradılıb və fəaliyyət göstərir. Bu ana qədər Apellyasiya Şurasına sənaye mülkiyyətinə aid 185 müraciət daxil olub, onlardan 164 işə münasibətdə artıq qərar qəbul edilib.
Kamran İmanov bildirib ki, məhkəmə-hüquq sistemində kardinal dəyişikliklər gözlənilir. Azərbaycan Respublikasının Prezidentinin məhkəmə-hüquq sistemində islahatların dərinləşməsinə aid fərmanının icrasına dair ilk qanunvericilik aktları paketi bu ilin iyulunda qəbul olunaraq, islahatların institusional komponentlərini əhatə edir və bu dəyişikliklər 2020-ci ilin yanvarın 1-dən qüvvəyə minəcək. İslahatlara əsasən, ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməli qoyulub. Bu dəyişikliklər ölkə Prezidentinin müvafiq sərəncamı ilə təsdiqlənib və qanunun tətbiqi ilə bağlı əlaqədar strukturlara tapşırıqlar verilib. Hazırda yeni korpus hakimlərin mərhələli seçimi gedir. Noyabr ayında isə hazırlanmış ikinci qanunvericilik paketinə baxılıb. Nəzərdə tutulan qanun layihələri “Məhkəmələr və hakimlər haqqında”, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunlardan başlayaraq, ümumiyyətlə 11 qanunu əhatə edir. Qanunlarda dəyişikliklərin əsas məqsədi – vahid məhkəmə təcrübəsinin yaradılması və ədalət mühakiməsi həyata keçirilərkən, məhkəmələr tərəfindən hüquq normalarının eyni cür tətbiqinin təmin edilməsidir.
Agentliyin rəhbəri xüsusi qeyd edib ki, dövlət başçımızın məhkəmə sistemində vahid hüquqi yanaşmanı təmin etmək tələbi, ilk növbədə, ədalət mühakiməsinin keyfiyyətini qaldıracaq. Bu eyni hüquqi yanaşmanın tətbiq edilməsində Ali məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini həm baxdığı ayrı-ayrı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, həm də Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırılmalıdır.
Novellalar çərçivəsində sənədlər paketinə daxil olan digər mühüm istiqamət məhkəmə prosesi iştirakçılarının məhkəmə ekspertizasının aparılması ilə bağlı hüquqlarının genişlənməsidir. Yeni bir hüquqi institut – özəl məhkəmə ekspertizası institutu yaradılır, mülki işlər, inzibati mübahisələr və inzibati xətalara dair işlər üzrə özəl məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olmaq üçün irəli sürülən tələblər müəyyən edilir. Bu qanun layihələrinin tətbiqinin də 2020-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulub.
Dövlət başçısının təşəbbüsü ilə məhkəmə-hüquq qanunvericiliyində həyata keçirilən novellaların əqli mülkiyyət sistemindəki məhkəmə mübahisələrində həddindən artıq vacib olduğunu vurğulayan K.İmanov qeyd edib: “Biz dövlət başçısının Fərmanının icrası ilə bağlı 2019-cu il aprelin 3- də keçirilən “Məhkəmə islahatları: məhkəmə-hüquq sisteminin əqli mülkiyyət hüquqlarının təminatında rolu” mövzusunda milli konfrans-təlimdə bu məsələlərə toxunaraq hakimlər tərəfindən fərqli yanaşma, xüsusi biliklərə malik olması, ekspertizanın vacibliyi haqqında konkret faktlara əsaslanaraq, bir sıra nümunələr gətirmişdik. Dövlət başçısı tərəfindən təklif olunan dəyişikliklərin mühümlüyünü nəzərə alaraq, əqli mülkiyyət mübahisələri sahəsindəki məsələlərə az sonra ediləcə kiçik məruzədə yenidən qayıdacağıq.”
O bildirib ki, məhkəmə-hüquq islahatları ilə bağlı qarşımızdakı vəzifələrin icrası yeni yanaşmalar tələb edir, məsuliyyətimizi artırır və mövcud olan imkanlarımızdan daha səmərəli istifadə etməyi tələb edir.
Giriş sözünün yekununda K.İmanov məhkəmələrdə əqli mülkiyyət sahəsinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasların statistikasından və mövcud olan problemlərdən söz açıb, işlər və adlar üzərində dayanmadan baxılan mülki işlərin təhlilinin bir neçə nəticəyə gəlmək imkanı verdiyini, özü də çatışmazlıqların ilk dəfə səsləndirilmədiyini, lakin təəssüflər olsun ki, problemlərin hələ də qaldığını qeyd edib. Tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri Gündüz Kərimov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Ədliyyə Akademiyasının rektoru vəzifəsini icra edən Elçin Xələfov mövzu ətrafında çıxış edib, seminarın işinə uğurlar arzulayıblar.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.01.2020
Azərbaycan diasporunun nümayəndələri Daşkənddə 20 Yanvar faciəsinin 30-cu ildönümünü qeyd ediblər
19.01.2020
XX əsrdə ikinci dəfə öz müstəqil inkişaf yolunu seçən Azərbaycan istəklərini qurbanlar bahasına gerçəkləşdirdi
18.01.2020
Prezident İlham Əliyev: Azərbaycanın vahid və dayanıqlı dünyada rolu
18.01.2020
Ermənistan silkələndi: Ard-arda iki zəlzələ
18.01.2020
Bakıda yeznə qayınanası tərəfindən döyülüb

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Ermənilərin “Arsax” yalanı
4 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info